Biz imzaları yox, əsərləri dərc edirik...

"Özbəkistan" jurnalında Nəsimi ili
298
28 Yanvar 2020, 15:01
 2019-cu ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə "Nəsimi ili” elan edilməsi ilə əlaqədar, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin il ərzində Özbəkistanda dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş silsilə tədbirlər keçirilib, çoxsaylı layihələr reallaşdırılıb.
 
 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ölkənin nüfuzlu "Özbəkistan" jurnalında Nəsimi ili və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi silsilə tədbirlər, çoxsaylı layihələr barədə geniş məqalə dərc edilib.
Jurnalın 2019-cu ilin son dekabr buraxılışında yayımlanan "Şair Nəsimi – əbədiyyət üfüqlərində doğan eşq günəşi” adlı məqalədə dahi Nəsiminin həyat və yaradıcılığna və 2019-cu ildə bu mövzuda Özbəkistanda həyata keçirilən layihələrə geniş nəzər salınıb. 
 
 

 Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Nəsimi ili” çərçivəsində dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin qəzəlləri ilk dəfə olaraq özbək dilinə tərcümə edilmiş,  "Жононни севарман” adlı kitab Daşkənddə çap edilib. Kitabda Nəsiminin çoxsaylı qəzəlləri, habelə Nəsimi irsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nadir əlyazmaların surətləri, Nəsiminin rubailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniaturların surətləri yer alıb. Lirik şeirlər fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edilir, onlar uzaq vətəndən kənarda məşhur olmuşdur.
 Məqalədə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Nəsimi ili” çərçivəsində Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat,  Dil və Folklor İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı "Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans barədə geniş məlumatlar yer alıb, ötən ilin aprel ayında başladılan və hər iki ölkənin şairləri arasında elan edilmiş "Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi haqqında məlumatlar öz əksini tapıb. Müəllif vurğulayır ki, müsabiqə əsasında Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanmış və  "Məndə sığar iki cahan” adlı kitab Daşkənddə çap edilib, habelə "Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamı Özbəkistan ədəbiyyatsevərlərinin qəlblərini fəth edib. 
 Jurnalda Nəsimi yaradıcılığına geniş yer verilib, şairin əsərləri, qəzəlləri haqqında fikir və mülahizələr, onun dünya ədəbiyyatının inciləri sırasına daxil edildiyi qeyd olunur. 
 Nəşrdə Nəsimi poeziyası fəlsəfəsinin təbiətin gözəlliyinin, işıqlı insani hisslərin, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulduğu, türk xalqları ədəbiyyatının daha da zənginləşdirilməsinə xidmət etdiyi vurğulanıb.  Onun poetik irsi təkcə Azərbaycan deyil, həm də qədim köklərə və çoxəsrlik ənənələrə malik olan digər xalqların ədəbiyyatına da təsir etdiyi yazılır.