Biz imzaları yox, əsərləri dərc edirik...

Zaman və sevgi – Britaniya xalq nağılı
296
19 Fevral 2020, 09:03
 Artkaspi.az saytı "Zaman və sevgi" adlı  Britaniya xalq nağılını təqdim edir:

 Qədim zamanlarda dünyanın ən gözəl adalarından birində bütün duyğular və hisslər yaşayırmış: Sevinc, Kədər, Bilik, Arzu... Bir sözlə, insanlara aid bütün duyğular, o cümlədən də, Sevgi.
 Günlərin bir günü xəbər yayılır ki, ada yavaş-yavaş batacaq – sulara qərq olacaq! Bunu eşidən ada sakinləri əlhaya düşüb çoxlu qayıqlar düzəldir və adanı tərk edirlər. Bircə Sevgi adanı tərk etmir. Sevgi son ana kimi gözləmək, son anda bəlkə nəyinsə dəyişəcəyi ümidi ilə adada qalır. Ada tamamilə batmaq üzrə olanda, Sevgi qərara gəlir ki, kömək istəsin. Zənginlik mindiyi böyük qayıqla Sevginin yanından ötüb keçir. Sevgi onu çağırır:
 – Zənginlik, məni də qayığına götürüb, özünlə apara bilərsənmi?
 – Bağışla, Sevgi, amma bu mümkün deyil, – o cavab verir, – Qayığım qızıl və gümüşlə doludur, təəssüf ki, burada sənə yer yoxdur.
 
 

 Sevginin gözü Qürurun adadan yavaş-yavaş uzaqlaşan qayığına sataşır. Lakin Qürurun da Sevgiyə cavabı ürəkaçan olmur: 
 – Mən sənə kömək edə bilmərəm, Sevgi. Sən tamamilə islanmısan və mənim qayığımı çirkləndirərsən.
 Bir qədər sonra Kədərin qayığı yaxınlaşır. Sevgi yalvarış dolu bir səslə deyir:
 – Kədər, məni də qayığına götür!
 – Ah, Sevgi, bağışla. Mən çox kədərliyəm, tək qalmaq, rahat olmaq istəyirəm, – deyə, Kədər mısmırığını sallayaraq cavab verir.
 Ümidini Xoşbəxtliyə bağlayan Sevgi ondan da kömək görmür, çünki canını qurtardığı üçün onun başı öz xoşbəxtliyinə elə qarışmışdı ki, Sevginin haraylarını eşitmədi. 
 Bu dəm Sevgi başını qəfil gələn səsə tərəf çevirdi:
 – Gəl, Sevgi, əlini uzat. Mən səni özümlə apararam – deyə, Sevgidən çox-çox yaşlı görünən və onun tanımadığı bu sakin əlini uzatdı. Sevgi xilas olmağın sevinci ilə onun qayığına hoppandı və onun kim olduğu, haraya getdikləri ilə bağlı nəsə soruşmaq ağlına da gəlmədi. Uzun yol getdikdən sonra onlar quruya çatdılar, qoca xilaskar qayıqdan enib, öz yolu ilə irəlilədi. Onun necə yaşlı olduğunu indi anlayan Sevgi ondan böyük olan Bilikdən soruşdu:
 – Məni xilas edən o qoca kim idi?
 – Zaman idi, – Bilik cavab verdi.
 – Zaman?! – Sevgi düşünməyə başladı.
 Onun üzündəki dərin və mənalı ifadəni oxuyan Bilik gülümsəyərək cavab verdi:
 – Çünki bircə Zaman Sevginin nə qədər dəyərli olduğunu anlamağa qadirdir.

Xəbər lenti