Biz imzaları yox, əsərləri dərc edirik...

Yuxuda özümü Leyli obrazında görürdüm – Aygün Bayramovanın müsahibəsi
1600
19 Mart 2019, 08:57
  Artkaspi.az saytı Aygün Bayramovanın müsahibəsini təqdim edir:
 

  – Muğam həyatınıza necə daxil oldu?
  – Məndən öncə qardaşım Murad Rzayevin "Qarabağ bülbülləri” ansamblında oxuyurdu. Amma o sonradan bu sənətin arxasınca getmədi. Mən isə evdə hərdən özüm üçün oxuyurdum. Bir gün qardaşım məni rayonumuzdakı  "Pionerlər evi” nə apardı. Murad müəllim pianoda  "Qarabağ şikəstəsi”ni ifa etdi, mən də oxudum. O gördü ki, uşaq səsi də olsa bu səsdə nəsə var. Çünki müəyyən yaş həddində səs dəyişir. Xeyir-duamı da o vaxt elə Murad müəllim verdi. "Pionerlər evi”ndə "Qarabağ bülbülləri”ndə oxudum. Bakıda, rayonlarda, Moskvada konsertlərdə hər zaman öndə çıxış edirdim.
 
 
 

  Həmin heyətin tərkibində Şövkət Ələkbərova, Arif Babayev, Vasif Adıgözəlov kimi sənətkarlarımız bir-bir rayonlarımızı gəzib gənc istedadları seçirdilər. Mən Ağdam rayonunda səhnəyə çıxdım. Məni üç il dalbadal Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul etdilər. Üçüncü il mən Ağdamda səhnəyə çıxanda Vasif Adıgözəlov dedi: "Ay qızım, bir dəqiqə dayan, oxuma. Sən hər il çıxıb qarşımızda oxuyursan, amma təhsil almaq üçün Bakıya gəlmirsən. Özün gəlmirsən, yoxsa evdən qoymurlar?” Dedim ki, evdən qoyurlar, Allah qoysa, gələrəm. Sonra Arif Babayev rayonda bizimlə qonşu olduğunu və tədbirdən sonra valideynlərimlə danışmaq üçün evimizə gələcəyini söylədi. Elə həmin il də Bakıya gəldim. Artıq məni Bülbцl adına orta ixtisas məktəbinə deyil, Asəf Zeynallı adına musiqi kollecinə qəbul etdilər və mən Şövkət Ələkbərovanın tələbəsi oldum. İlk dəfə səhnəyə "Qarabağ şikəstəsi” ilə çıxmışam. 
                                             
  – Bir xanəndə kimi yetişməyinizdə, uğur qazanmağınızda hansı müəlliminizin əməyi daha çoxdur?
  – İlk addımlarımı Murad Rzayevin sinfində atmışam. Məktəb illərində onun üzərimdəki zəhməti çox olub. Sonra Şövkət Ələkbərova dörd il əziyyətimi çəkib. Daha sonra Musiqi Akademiyasında Arif Babayevin tələbəsi olmuşam, ondan dərs almışam. Qarşıma belə insanlar çıxdığına görə çox xoşbəxtəm. Onların zəhmətini heç vaxt unutmaram. Heç birini də bir-birindən ayırmıram. Hamısının da əziyyəti üzərimdə böyükdür.                                           
  – Uzun illər opera səhnəsində  "Leyli” obrazının ifaçısı olmusuz. Bu gün isə həmin səhnədən uzaqlaşmısınız. Opera üçün darıxırsınızmı?        
  – "Asəf Zeynallı”da təhsil aldığım illərdə "Muğam teatrı” yaradılmışdı. Bu teatrı Arif Qazıyev, Ramiz Mirişli və İslam Rzayev üçü birlikdə yaratmışdılar. O zaman Şövkət xanım mənə dedi ki, qızım, "Muğam teatrı” yaradılıb, məndən də istedadlı tələbələr istəyiblər, sən bir ora get. Onda bir az kapriz etdim, getmədim. Sonra Şövkət xanım bir gün dərsdə mənə dedi ki, axı mən sənə söz tapşırmışdım (gülür). Dedim, Şövkət xanım, mütləq gedəcəyəm. O teatra gedəndə İslam Rzayev dedi ki, Aygünün oxumağına ehtiyac yoxdur. Mən bu qızı tanıyıram. Onu biz seçib gətirmişik, amma ürəyi istəyirsə, bir şey oxusun. Mən də oxudum. Və beləcə  "Muğam teatrı”nda fəaliyyətə başladım. Teatrda işlədiyim dövrdən məni operaya dəvət edirdilər. Sadəcə mən istəyirdim ki, bu sənətdə bir az püxtələşim. Çünki opera fərqli səhnədir. Bir var üçlüklə – tar, kamança ilə, xalq çalğı alətləri ansamblı ilə çıxış edəsən, bir də var ki, sən Opera teatrında çıxış edəsən! Opera teatrında həm aktrisa olmalısan, obrazı yaratmalısan, həm də ifaçı olmalısan. Çox çətindir. Bu səbəbdən də o zaman gələn təklifləri bir az gec qəbul etdim. Konservatoriyada təhsil alanda Arif müəllim mənə deyirdi ki, qızım, səsin, bacarığın, xarici görünüşün buna imkan verir. Sən əsl «operalıq»san. Mənə söz ver ki, operaya gedəcəksən. Mən də, – yaxşı, Arif müəllim, o səhnələrə, tamaşalara baxım görüm öhdəsindən gələ bilərəmmi? – deyirdim.  Məni operaya qəbul edəndə dedilər ki, sən bu rola hazırlaş, nə vaxt hazır oldun, onda da biz premyeranı elan edərik. Yeddi ay "Leyli” obrazı üzərində məşq etdim. Yuxuda özümü hörüklərlə  Leyli obrazında görürdüm. Baş rejissorumuz Hafiz Quliyevin, sağ olsun, üzərimdə çox böyük zəhməti oldu. Bilirsiniz, məni xalq ifaçı kimi qəbul etmişdilər. Mən belə tanınırdım, sevilirdim.  Ona görə də düşünürdüm ki, görəsən, bu obrazla məni sevəcəklərmi? O məsuliyyəti hiss etdiyimə görə "Leyli”ni yaratmaq üçün gecəmi gündüzümə qatdım. Mənsum İbrahimov, musiqiçilər Elçin Həşimov, Elnur Əhmədov mənə çox dəstək oldular. Əsas premyera üçüncü tamaşa hesab olunur. Üçüncü tamaşada sən özünü az da olsa tapa bilirsən. Çünki çətin səhnədir, orkestr, xor, solistlər çox fərqlidir. Səhnədə mikrofondan istifadə olunmur. Elə yerdə dayanmalısan ki, səsin axırıncı cərgədə oturan tamaşaçıya da çatsın. Bunlar da müəyyən təcrübədən, səhnəyə alışdıqdan sonra olur. Operada səhnəyə çıxanda otuz yaşımı keçmişdim. Deyilənə görə, Leylinin 13 yaşı olub. O yaşda bir ifaçı o hissləri verə bilməz. İlk tamaşam anşlaqla keçdi. Tamaşaçılar da, opera teatrı da məni qəbul etdi. "Leyli”ni oynamaq istəyən ifaçılar olub, onlara şərait yaradılıb, amma bacarmayıblar. Və təbii ki, işə də qəbul olunmayıblar. Amma məni elə ilk ifamdan sonra operaya qəbul etdilər. Artıq dörd ildir ki, operadan ayrılmışam. Bu gün də operada işləməyə səsim və xarici görkəmim imkan verir. Amma müəyyən səbəblər üzündən operada işləmək istəmirəm. O səbəblər də Opera teatrına aiddir.
                                      
  – Bəzən ifa zamanı tamaşaçını görəndə mənfi enerji alırsan, bütün tamaşaçılarda müsbət enerji ola bilməz, deyirsiniz. İfanızı tamaşaçıya təqdim edərkən çətinlikmi çəkirininiz?    
  – Belə hallar operada olmur. Çünki, obrazda olursan. Heç imkan da olmur ki, kiminsə simasını, gözünü görəsən. Konsert salonlarında bəzən elə tamaşaçı olur, adama elə bir pis enerji ötürür ki, o adama tərəf baxmaq istəmirsən. Belə pis auralı, mənfi enerjili insanlar da var. Mən onlara qətiyyən fikir vermirəm. Peşəkar ifaçı gərək o məqamlara əhəmiyyət verməsin, öz ifasını davam etdirsin. Sənət adamları arasında da belə insanlar var.  

  – Muğam ifaçılığının bugünkü mənzərəsini necə görürsünüz?                          
  – Muğam müsabiqələrindən sənətə yaxşı ifaçılar gəlir. Amma bir çoxları öz üzərində işləmirlər. Hamısına aid deyil, amma əksəriyyəti pulun arxasınca qaçır. Onlar gəncdirlər. Bilmirlər ki, səslərindən toylarda, şənliklərdə belə çox istifadə etsələr, müəyyən bir yaşa gələndə artıq onu itirəcək, axtarsalar da tapmayacaqlar. Bizim dövrümüzdə təhsil alan gənclərin amalı sənətə xidmət etmək di. Mənə o vaxtlar hansısa məclisə dəvət edəndə, deyirdim ki, mən hələ öyrənirəm. Toya da getmək lazımdır, amma hər toyun arxasınca qaçmaq olmaz. Gərək səsini qoruyasan. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, onlardan sonra gələnlər Əbülfət Əliyev, Yaqub Məmmədov, İslam Rzayev, Arif Babayev kimi dahi sənətkarlar sənəti necə qoruyublar, ona necə hörmətlə yanaşıblar... Sənətə biganəlik halları görəndə təəssüf hissləri keçirirəm. Müsabiqələrin birində gənc xanəndələrin yekun konserti idi. Orda Əlibaba müəllim çox gözəl bir söz dedi mənə ki, qızım, Aygün, bu oxuyan qızlar sənə, Nəzakətə baxıb oxuyurlar. Amma onların sabahkı taleyi bilinmir. Bir dəfə də ayrı müsabiqədə canlı efirdə Əlibaba müəllim dedi ki, mən çox xanəndələrə inanırdım, güvənirdim, deyirdim, onlardan sözün əsl mənasında yaxşı xanəndə olacaq. Amma çox təəssüf ki, hər bir şeyləri oldu, amma xanəndə ola bilmədilər. O sözdə böyük bir hikmət var. Elə bil tez bir mahnı  oxumağa oxuyub toya çağırılmağa tələsirlər. Sanki hər şeyin – evin, maşınının ən bahalısını əldə etmək istəyirlər. Belə olmaz. Əvvəl bu sənətə yiyələnin, onun sirlərini öyrənin. Gənc muğam ifaçılarından az qismi əsl sənətlə məşğuldur.
                           
 
 

  – Siz hər zaman müəllimləriniz haqqında sevgi ilə danışırsınız. Özünüz bir müəllimsiniz, sizcə, tələbələriniz də sizin haqqınızda belə məhəbbətlə danışarlar?    
  – Artıq 20 ildir ki, Asəf Zeynallı”da dərs deyirəm. Kollecin o vaxtkı rəhbəri Rasim müəllim məni bu təhsil ocağına dəvət edəndə elə həyəcan keçirirdim ki... Dedim, mən axı hələ öyrənirəm. Dedi, sizin müəlliminiz Şövkət xanım da bu kollecdə dərs deyib. Xahiş edirəm, təklifimi qəbul edəsiniz. Amma sonralar Rasim müəllimə buna görə təşəkkür edirdim. Tələbələrimə sənəti, muğamları öyrədirəm. Həm də müəllimlərim Şövkət Ələkbərova, Arif Babayevin tələbələrinə qarşı qayğısını mən də tələbələrimə göstərməyə çalışıram. Tələbələrimin ehtiyacları ilə maraqlanıram. Onlarla dost münasibəti qurmuşam. Kolleci bitirən tələbələrim var, məni unutmurlar, hər zaman zəng edirlər, sinfimə gəlirlər. Düşünürəm ki, mən o sevgini verə bilmişəm. Mən də tələbə olanda valideynlərimdən uzaq idim. O sevgini müəllimlərimdən görürdüm. Şövkət xanımın evinə gedirdik, soruşurdu ki, evdən gəlirsiz, yoxsa dərsdən? Dərsdən gəldiyimizi biləndə əvvəl yeməyə dəvət edirdi. "Yox” deyəndə də razılaşmırdı.  Mən müəllimindən belə münasibət görmüşəm. Ona görə də mən o ənənəni davam etdirirəm.
                             
  – Müəlliminiz Arif Babayev sizin haqqınızda danışarkən deyib ki, Aygünün ifası insanı ovsunlayıb əsrarəngiz bir dünya ilə qovuşdurur. Sizin haqqında belə ifadələr işlədə biləcəyiniz qeyri-adi səsə malik olan tələbəniz varmı?                                                                                             
  – Arif müəllim xoşbəxt adamdır ki, onun çoxlu sayda Xalq artisti, Əməkdar artist adına layiq görülən tələbələri var. İlk tələbələrimdən biri Sara İsmayıllı rayonunda müəllimə işləyir. Onun çox gözəl səsi var. Həmişə mənə deyir ki, sizdən öyrəndiklərimi mən də rayonumuzdakı uşaqlara öyrədirəm. O, ”Asəf Zeynallı”nı bitirdi və rayona qayıtdı. Mən ona burda Konservatoriyaya qəbul olub oxumağı təklif etdim. Amma o, ailə qurdu. Sənət dostlarım da o qızın necə gözəl, ipək kimi səsi olduğunu deyirdilər. Çox təəssüf ki, o getdi rayona və üzə çıxmadı, görünmədi. Bəlkə də, Bakıda qalsaydı, o, indi ən tanınmış ifaçı olardı. Özünə də deyirəm ki, heyf, sənin kimi gözəl səsli bir xanım üzə çıxmadı. Deyir, neyləyim müəllimə, belə alındı. Saranın səsi fərqli səs idi. Arif müəllim hər zaman mənə deyirdi ki, sənin səsin şəlalədən axan suyun səsini xatırladır. O qızın səsi də elə idi. İnsanı incitməyən, qulağa xoş gələn səs idi. İstedadlı tələbələr var, amma o səsdən yoxdur.                                                     
  – Bildiyimə görə həyat yoldaşınız da sənət adamıdır, doğrudurmu?                     
  – Yoldaşım gənclik illərində ən çətin musiqi aləti olan ud ilə məşğul olub, onun dərsini keçib. Amma sonralar özünə iş qurub, başı biznes sahəsinə qarışıb. Son 15-20 ildə daha çox təsniflər üzərində işləyir. Elə təsniflər var ki, həm sözü, həm də musiqisi ona aiddir. Hüseyn Cavidin sözlərinə və öz sözlərinə yazmış olduğu bir neçə bəstəsi var. Yoldaşımın valideynləri Bakıdan Tehrana köçüblər. Yollar bağlanandan sonra isə Bakıya gələ bilməyiblər. Deyir, anam Bakıda yaşadığı günlərdən çox danışırdı, o məhəbbət məni bu şəhərə gətirdi. Bakıda küçə ilə gedərkən yaşlı qadın görəndə elə bilirəm anamı görürəm. Yoldaşım – Fərəməz Germrudi  "Bulaq üstə”, "Vəfasız”, "Naz eləmə” , "Qarabağ maralı” , "Bizə gəl”, "Niyə getdin”,  "Çarə nədir”, "Neyləyə billəm”  kimi təsniflərin söz və musiqi müəllifidir. Onun təsniflərini mənimlə yanaşı, Nəzakət Teymurova, Səkinə İsmayılova, Gülyanaq və Gülyaz Məmmədova bacıları, Səbuhi İbayev, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Almaz Orucova kimi  xanəndələrimiz ifa ediblər.                                                                      
 
Söhbətləşdi: İntizar İsmayıl