Biz imzaları yox, əsərləri dərc edirik...

Yuri Nikulin: "Tanklar üzərinə gələndə..."
591
20 Dekabr 2016, 17:14

Yuri Nikulin: "Tanklar üzərinə gələndə"
 
 

    GÜLÜŞÜN SİNONİMİ
 
    Dekabrın 18-də Yuri Nikulinin 95 yaşı olacaqdı. Ona inanırdılar, pərəstiş edirdilər, onun lətifələrini bütün ölkə danışırdı. Nikulini "İri planda kloun” adlandırırdılar. Kimsə belə təyinatla yanaşmanı xoşlamaya bilərdi, ancaq o, əlahəzrət Sirkə – manejə sadəcə, qulluq etməmişdi, bu işə 50 ildən artıq canını qoymuşdu. Təsadüfi deyil ki, həmin sirk indi Yuri Nikulinin adını daşıyır. Hamının sevdiyi Balbes rolunun gətirdiyi ümumrespublika şöhrətinə görə Nikulin məhz bu sirkə minnətdar idi. Onun populyarlığı dövrünün aktyorları ilə müqayisədə ölçüyəgəlməz idi. Nikulinin adı gülüşün sinonimi idi. İnsanları güldürmək, "kürən kloun” olmaq sadəlövh Nikulinin sadəcə, xoşuna gəlirdi. Balbes rolunu oynadığı Qaydayın komediyalarında Nikulini demək olar ki, qrimləməmişdilər – yalnız əyləncəli uzun kirpiklər yapışdırmışdılar. Düzdür, rejissor Aleksey Germanın çəkdiyi "Müharibəsiz 20 gün” filmindəki hərbi müxbir Lopatin rolu o qədər də yaxşı alınmamışdı. Onun Rolan Bıkovun "Müqəvva” filmində oynadığı Lena Bessolsevanın babası rolu, "Ağaclar böyük olanda” filmindəki kontuziyalı və sərxoş Kuzmiç, Andrey Rublyovda Potrikeya rolları kimi dramatik rolları da var idi. "Gülməli və faciəvi iki bacı bizi həyatda izləyirdi” – deyə Yuri Vladimiroviç öz gündəliyində yazırdı: "Ən dəhşətlisi tanklar sənin üzərinə gələndə nə edəcəyini bilməməyindir. Bundan əlavə, mən sağ qalmışdım, ətrafımdakı dostlar isə artıq yox idi. Etiraf edirəm ki, müharibə haqqında əsərdə oynamaq çətindir”.
 
     İstedadın açdığı qapılar
 
    Yuri Nikulinin ailəsi teatrla sıx bağlı idi. Atası Vladimir Andreyeviç hüquq fakültəsində oxusa da, ordudan qayıdandan sonra aktyor kimi kinoteatra işə düzəldi. Anası Lidiya İvanovna da teatr aktrisası idi. Yurinin valideynləri şəhərdə məhz komediya aktyorları kimi tanınırdılar ki, bu da uşağın gələcək taleyində öz təsirini göstərdi. Yurinin 4 yaşı olanda ailəsi Moskvaya köçdü. Atası iki qəzetə işə düzəldi, teatr və sirk üçün musiqi pyesləri yazmağa başladı. Vladimir Andreyeviç tez-tez oğlunu özü ilə sirkə aparırdı. 5 yaşlı Yuri oradakı ab-havadan zövq alırdı. Məhz o vaxt gələcək artist insanları şənləndirmək, onların güldürmək eşqi ilə alışıb-yanmağa başladı. O, adi sovet uşağının həyatını yaşayırdı. Vaxtının çoxunu dostları ilə keçirir, hətta arada bir dalaşırdı da. 7 yaşlı Yurini məktəbə göndərəndə bütün müəllimlər oğlanın davranışından narazı idilər. Onların sözlərinə görə, o, dərsdə özünü kloun kimi aparırdı. Ancaq Nikulin üçün bu cür xarakteristika kompliment idi. O, babat oxuyurdu, gülməli hadisələr və dialoqlar istisna olmaqla dərslərini yadında saxlaya bilmirdi, tez-tez töhmət alırdı. Yaxşı yaddaşı olmadığından nəyisə əzbərləmək Yuri üçün çətin idi. O, yerli dram dərnəyində istedadı ilə fərqlənirdi. Dərnəyin rəhbəri isə oğlunun komik istedadını açmaq üçün az səy göstərməyən atası idi. 7-ci sinifdən sonra bir çox uşaqlar müxtəlif ixtisas məktəblərinə getdilər. 
 


    Gələcək artistin döyüş yolu 
 
   Nikulin dostu ilə birgə hərbi məktəbə daxil olmağı arzulayırdı, ancaq valideynləri onu şən və qeyri-ciddi xarakterinə görə, hərbiyə yaramayacağını hesab edirdilər. Bununla belə, Yuri doğma məktəbi tərk edib qonşuluqdakı təhsil ocağına gəldi və 1939-cu ildə həmin məktəbi bitirdi. Məktəbdən dərhal sonra Nikulini 7 illik orduya çağırdılar. Arıq, hündür, yöndəmsiz gənc artilleriyaçı kimi iki müharibə keçdi. Fin müharibəsinin və Böyük Vətən Müharibəsinin iştirakçısı oldu. Öncə gələcək artisti zenit-artilleriya polkuna göndərdilər. Sonradan ciyərləri soyuqlandığı və kontuziya aldığı üçün onu topçular diviziyasına dəyişdilər. Yuri döyüş tapşırığı ilə Leninqrad blokadasında oldu. Onun döyüş yolu Pribaltikadan, Çexiyadan, Polşadan keçdi. Berlindən isə evinə qayıtdı. 1946-cı ildə Yuri 3 hərbi mükafatla ordudan tərxis olundu. Hərbi qulluğun axırıncı ilini komandirinin əmri ilə artist kimi yalnız yaradıcılıq özfəaliyyəti ilə məşğul olurdu. Əvvəlcə futbol komandasının məşqçisi seçildi. Amma komandanın məğlubiyyətindən sonra bu işdən azad olundu. Sonralar hazırlıq və konsertlərlə məşğul oldu. Məhz cəbhədə onun həyatının ən mühüm hadisəsi baş verdi: Nikulin də valideynləri kimi artist olmaq istədiyini başa düşdü. 
 
   Səndə nəsə var...

  Ordudan tərxis olandan sonra Nikulin Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmağı qərara aldı. O, qəbul komissiyasında təəssürat yaratmaq üçün bir neçə foto çəkdi və əsərlərdən parçalar ifa etdi. Puşkinin şeirlərindən oxuyanda komissiya üzvləri gülməkdən özlərini güclə ələ aldılar. Ancaq onun istedadına və artistlik qabiliyyətinə baxmayaraq, kino üçün yaramadığını bildirdilər. "Səndə nəsə var, amma kino üçün yaramırsan” dedilər. Ancaq istedad istedadlığında qalır. Yurinin istedadı onu teatr institutuna gətirdi. Onda Nikulin sənədlərini Moskva sirkinin nəzdindəki klounluq studiyasına verməyə məcbur oldu. 1949-cu ildə isə Nikulin sirkin klounu oldu. Əvvəlcə o, məşhur kloun Karandaşın assistenti kimi çıxış edirdi. Az sonra akrobat Mixail Şudinlə tərəfdaş kimi işləməyə başladı. Yuri sirk arenasında 50 ildən çox işlədi. Ancaq paralel olaraq kino çəkilişlərində də iştirak edirdi. 1981-ci ildə o, baş rejissor vəzifəsinə qədər yüksəldi. Bir il sonra isə direktor vəzifəsini tutdu. Məhz onun rəhbərliyi ilə Moskva sirki çiçəkləndi və özünün ən populyar dövrünü yaşadı. 
1969-cu ildə Yuri Nikulin öz əsərlərini çap etməyə başlayır. Rudolf Slavski və Oleq Popovla həmmüəllif olduğu "Klounluq sənəti” onun debüt əsəri idi. Daha sonra Nikulin özünün avtobioqrafik əsəri olan "Demək olar ki, ciddi...” kitabını nəşr etdirir. Nikulinin yumoristik istedadı onun televiziyada da karına gəlir. 1993-cü ildən 1997-ci ilə qədər o, İctimai Televiziyada "Ağ popuqay” teleproqramının aparıcısı olur. 1996-cı ildə isə aktyor gənc sirk artistlərinə kömək məqsədilə "Sirk və mərhəmət” xeyriyyəçilik fondunu yaradır. 
Nikulin kinoda çəkilməyə can atmırdı. Məhz sirkin ucbatından Bondarçukun "Hərb və sülh” və "Vaterloo” filmlərində çəkilə bilmədi – onu sadəcə, çəkilişlərə buraxmadılar. O, "Avtomobildən qorun” filmindəki Detoçkini oynaya bilərdi. Sirk qastrollara çıxdığından bu rolu Smoktunovski oynadı. Nəticədə Nikulinin baş rollarda çəkildiyi filmlərin sayı ondan azdır. Amma bütün ölkə ona pərəstiş edirdi. 
 

 

   "Trus, Balbes və Bıvalıy”
 
  1958-ci ildə "Gitaralı qız” filminə çəkilmək üçün Aleksandr Faynsimmerə komediya personajı lazım olanda Nikulini dəvət edir. Rolu o qədər əhəmiyyətli olmasa da, aktyor tamaşaçıların ürəyinə yol tapır. Onlar bu şən və gülməli oğlanı yadda saxlayırlar. Bu, Nikulinin karyerasında əsas amilə çevrilir. Ona sonradan bir neçə ekran əsərində oxşar rollar təklif edirlər. Onun istedadı təkcə kino rejissorları deyil, həmçinin kino rəhbərlərinin də diqqətini çəkir. Eldar Ryazanov aktyoru özünün "Malıy Teatr”ına dəvət etsə də Yuri imtina edir. Bununla bərabər Nikulin kinoda çox da böyük olmayan rollar oynamaqda davam edir. "Barboss köpəyi və qeyri- adi qaçış” qısametrajlı kinosu aktyorun taleyini həll edir. Balbes obrazını oynamağa razılıq verəndə bu rolun onu məşhurlaşdıracağına şübhə etmirdi. 1961-ci ildə ekranlara çıxan film tamaşaçılar və tənqidçilər tərəfindən rəğbətlə qarşılanır. O, bir anın içində əfsanəyə çevrilir. Film Kann festivalında "Qızıl Palma budağı” nominasiyasının qalibi olur. Yuri ekran ulduzuna çevrilir. İnsanlar istedadlı aktyorun oyunundan zövq almaq üçün kütləvi şəklində sirkə gəlməyə başlayır. İstedadı onun qarşısında başqa filmlərə də qapı açır. Tamaşaçı onu daha çox komediya rollarının ifaçısı kimi sevir. 1961-ci ildə "Trus, Balbes və Bıvalıy” (Qorxaq, Axmaq və Çoxbilmiş) üçlüyünün macəraları ekrana çıxanda film qeyri-adi uğur qazanır. Filmin hər seriyası Nikulinə şöhrət və məşhurluq gətirir. 1965-ci ildə Leonid Qayday filmin davamını – "I əməliyyatı” və Şurikin başqa macəraları”nı çəkir. Həmçinin onun dramatik ciddi rolları da aktyorun adını sovet kino tarixinə yazır. 1968-ci ildə Leonid Qaydayın "Briliant əl” filminin məşhurluğu sovet kinosunun canlı əfsanəsi Nikulinə minnətdar idi. Ekran əsəri sovet prokatının ən uğurlu əsərlərindən birinə çevrilir. 
   Nikulin ailə xoşbəxtliyini də sirkdə tapır. Atlarla işləyən Tatyana Pokrovskaya nömrələrin birində duet üçün onu köməyə çağırır. Nikulin atdan yıxılanda Tatyana onu xəstəxanaya aparır. Bir il sonra onlar evlənirlər və Maksim adlı oğulları dünyaya gəlir. Yuri Vladimiroviç bütün ömrünü sirkə həsr etdi, orada 50 il çalışdı. O, "Nəvələri üçün” sirk qurdu. Oğlu da valideynlərinin yolunu davam etdirdi. Nikulin həyat yoldaşı ilə ölən günə qədər – 1997-ci ilə qədər birlikdə yaşadı. O, ailə məsələsində həmkarları üçün sədaqət nümunəsi idi. Bu nümunəni də öz ailəsindən götürmüşdü. "Biz təkcə sənətimizlə insanlara zövq vermirik, həmçinin həyatımızla onlara nümunə göstəririk. Aktyorluq bizim sənətimizdir” – deyirdi. 
   Yuri Nikulini – keçmiş epoxanın ən məşhur aktyorunun həyatını bütün sovet xalqı yaxından izləyirdi. Ürəyindən qəfil əməliyyat olanda həkimlər onun həyatı uğrunda 16 gün mübarizə apardılar. Bu müddət ərzində televiziya və radionun bütün xəbər buraxılışları aktyorun səhhəti ilə bağlı məlumatla başlayır və o xəbərlərlə bitirdi. Ancaq həkimlərin əlindən heç nə gəlmədi. Keçmiş epoxanın sevimli artisti beləcə dünyadan köçdü...
 
Rusiya mətbuatından tərcümə edən:
Təranə MƏHƏRRƏMOVA


Xəbər lenti