Artkaspi.az saytı Xanım Aydının Vətən müharibəsində
qəhrəmancasına şəhid olmuş Cabarzadə Cavid Qorxmaz oğluna həsr etdiyi şeirləri
təqdim edir:
Cabarzadə Cavid Qorxmaz oğlu Vətən müharibəsinə
sentyabrın 29-da könüllü olaraq qoşulub. Peşəkar snayper-kəşfiyyatçı olan Cavid
Zəngilan, Cəbrayıl, Füzili, həmçinin də Laçın uğrunda gedən döyüşlərdə ön cəbhədə
döyüşüb, bir sıra kəndlərin və yaşayış məntəqələrinin
alınmasında yaxından iştirak edib. O, peşəkar snayper olduğundan düşmən mövqelərini
dəqiqliklə atəşə tutub, qarşı tərəf hərbi
texnika, həm də canlı qüvvə sarıdan böyük itkilərlə üzləşib. Oktyabrın 24-də
Laçın dəhlizi yaxınlığında qızğın döyüşlərdə düşmən tərəfindən açılan intensiv
atəş nəticəsində ayağından ağır yaralanıb, yerindəcə böyük qan itkisindən
dünyasını dəyişərək müqəddəs şəhidlik zirvəsinə ucalıb. İkinci Fəxri xiyabanda
dəfn olunub. Qeyd edək ki, Cabarzadə Cavid "Aprel döyüşləri”nin də iştirakçısı
olub. Orda da göstərdiyi şücayətə, mərdliyə görə seçilib.

CAVİDƏ
Anasının dilindən
Harda yaralı əsgər görsəm,
qaşında
çapıq gəzirəm,
Bir nişanə axtarıram,
Bir oxşarlıq axtarıram.
Bilirəm ki, tapacağam
Harda olsan...
Balam, bu qəbrin üstündə
Sənin öz adın yazılıb,
Sənin soyadın yazılıb,
Atanın da adı yazılıb.
Bilirəm mən indi burda
Bir başqa əsgərimizi
Ana kimi, bacı kimi
Ağlayıram...
Bəlkə, o da sənin kimi
Ucaboy, yaraşıqlı idi.
Sənin kimi gülər üzlü,
Hamıya dost, qardaş idi
Şəhadəti mübarəkdi!
Nə deyim? Bu da qismətdi...
Yoxdu anası yanında
Ağlayıram balam kimi,
Oxşayıram balam kimi...
Ay ciyərimin parası,
Səsin çıxar hardasansa
Yoxluğuna inanmıram.
Ümid yeməkdən yaxşıdı,
Vallah-billah bir qurtum da
Boğazımdan su udmuram –
Gözləyirəm...
Bu dünyada ən son günəş doğanacan,
Qiyamətlər qopanacan,
Bu kainat, bütün dünya
Ən son günün yazanacan.
Gözləyirəm...
QAYIDACAQSAN
Sən uca məqamdasan –
O ucalıq əbədi, o ucalıq zirvədir.
Sən açıq səmadasan –
O səma tərtəmizdir, o səma müqəddəsdir.
Sən təkcə mənim deyil,
Sən təkcə bizim deyil,
Sən elin, obanın
Vətən – Azərbaycanın
Bütün canlardan canlı
Dipdiri əfsanəsi!
Sən dastanlardan enən,
Sən nağıllardan gələn,
Dipdiri qəhrəmansan!
Sən uca məqamdasan!
Hicran əbədi olmur,
Mən yolda, sən yoldasan.
Ya mən sənə gələcəm,
Ya sən qayıdacaqsan...
UMUD
Sən dünyaya gələndə
Elə adi uşaqdın.
Hamı kimi yeridin,
Hamı kimi böyüdün,
Vaxtında diş çıxardın,
Vaxtında ayaq açdın,
Vaxtında da dil açdın.
Hər şey vaxtında oldu.
Sən ki belə dəqiqdin,
Heç yerə gecikmirdin,
Heç yerə tələsmirdin.
Bircə sənin gedişin
Niyə belə vədəsiz,
Vaxtsız-zamansız oldu?..
Bu gedişin adı yox,
Bu gediş müəmmadır.
Göz yaşımla suladım –
Umudum ovcumdadır.
Bəlkə, bir gün göyərdi –
Pənahım tanrımadır...

YOXLUĞUNUN BİR AYI...
Bir aydır ki, yoxsan...
Yoxluğuna "yox” deyirəm, inanmıram.
Hər səhər xörək asıram,
Hər axşam süfrə salıram,
Adına da pay qoyuram,
Gəlmirsən...
Bir aydır həyətimizdə
Ağ sülh göyərçinlərinə
Dən qoyuram, su qoyuram –
Ehsan kimi...
Qapımızda dalğalanan üçrəngli bayrağına
Boylanıram...
Küçədən adamlar keçir,
"Şəhid qapısı”dı deyir.
Qəhər, qürur – heç bilmirəm
Hansı daha üstə keçir...
Gözlərimi bərk yumuram,
Elə hey xəyal qururam,
Ümid üstə ümid yığıb
Ümidimdən ev qururam,
Ümidimlə
ovunuram.
Mən də inadkar adamam
Yoxluğuna "yox” deyirəm, inanmıram...
***
Sən səmanın
üzündə
Şəhidlik zirvəsində
Mən isə yer üzündə
Axtardım səni, balam...