Biz imzaları yox, əsərləri dərc edirik...

"Yeniyetmə"də iki qadın obrazı yazır – Məmməd Qocayev
867
22 Oktyabr 2018, 09:32

Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Yeniyetmə"də iki qadın obrazı haqqında" (Katerina Nikolayevna və Sofya Andreyevna) adlı esseni təqdim edir:

 
 Onlardan biri gözəl və sonsuz qadın, digəri isə mehriban və cəfakeş anadır. Qadının qadınlıq mahiyyəti, bəlkə də, gözəllikdə deyil, məhz analıqda tam tə­za­hür tapır. Sofya Andreyevna əsərdə, əksərən, adı və atasının adı ilə deyil, sadəcə olaraq ana kimi qeyd olunur. O, sözün əsl mənasında anadır, təkcə öz uşaqlarının anası deyil, ümumiyyətlə, anadır. Onun qadınlıq mahiyyətinin özü elə ana deməkdir. Sofya fədakarlıq mücəssəməsidir, hərçənd onun həyatı elə gətirmişdi ki, o həm qanuni ərindən, həm də doğma övladı Arkadidən ayrı yaşamışdı. O, bütün həyatını Versilova həsr etmişdi və onun Versilova qarşı olan məhəbbəti adi ehtiras deyildi, sanki yüksək rahiblik dərəcəsi idi. Onun Versilova olan müna­si­bə­tində qadının  kişiyə olan məhəbbətindən savayı sanki hansısa bir müqəddəs, mənəvi, dini borcu yerinə yetirmək istəyi vardı. Sofya Andreyevna kimi qadın xarakterləri Dostoyevskinin əsərlərində kifayət qədərdir. Nataşa İxmeneva ("Alçaldılmış və təhqir olunmuşlar"), Sonya Marmeladova ("Cinayət və cəza"), Daşa Şatova ("Şey­tanlar") və s. bu tipli qadınlardandır. Sanki onların həyat amalı, dünyaya gəlmə­lərinin məqsədi və mənası ondan ibarətdir ki, öz həyatlarını kimin üçünsə, nə üçünsə qurban versinlər. Onlarda bir rahiblik xisləti vardır. Fərq yalnız ondadır ki, onlar monastırda Allaha deyil, həyatda insanlara xidmət edir və həyatlarını onlara həsr edirlər. Sofya Andreyevna da Versilovu görən kimi özünü tamamilə onun ixtiyarına verdi, onun qarşısında, onun istəkləri qarşısında tam mütiliklə tabe oldu. Ərli və dindar qadının bu hərəkəti, əlbəttə, mənəviyyatsızlıqdan deyildi, bəlkə də hansısa anlaşılmaz, gizli və yüksək səviyyəli bir mənəviyyatdan irəli gəlirdi. Onun sonrakı həyatı, Versilovla birlikdə keçirdiyi həyat bir daha göstərdi ki, onsuz bu insanın aqibəti çox acınacaqlı və faciəli ola bilərdi. Versilov nə qədər də Sofyanı atıb xaricə və ya başqa bir qadına üz tuturdusa, o yenə Sofyanın yanına qayıdırdı. Sofya onunçün sanki vətənin ruhunu, Rusiyanın milli ruhunu təmsil edirdi ki, Versilov da özünün qərbçilik meyllərinə baxmayaraq, bu milli zəmindən ayrıla bilmirdi, həm də ona görə ayrıla bilmirdi ki, Rusiyada onu daim Sofya gözləyirdi məzəmmətsiz, iddiasız, ittihamsız-filansız, saf və fədakar bir məhəbbətlə gözləyirdi. Sofyada bu fədakarlıq, özünü qurban vermək ehtirası olmasaydı, o heç kəsi adi bir ehtirasla sevə bilməzdi. Onun məhəbbətinin məğzini fədakarlıq ehtirası, özünü qurban vermək əzmi təşkil edir. Bu istək o dərəcədə güclü idi ki, Sofya Andreyevna hər şeyi – ismətini də, ad-sanını da, analıq duyğusunu da, övladını da ona qurban vermişdi. Versilov sanki onunçün taleyin göndərdiyi ali bir varlıq idi. Onun Versilova olan məhəbbəti səcdə dərəcəsinə, onun qarşısında öz mənliyini və öz varlığını unutmaq dərəcəsinə çatır. Sofya analıq və vətən simvoludur. Versilov isə sərsəri ər və sərsəri vətən övladıdır ki, Sofyanın məhəbbəti və fədakarlığı, onu səbirlə gözləməsi sayəsində əvvəl-axır sevdiyi qadının yanına və doğma vətən torpağına qayıdır.
 

 
 Sofya Andreyevnanın portretinin təsvirində müəllif əsasən ruhun ifadəsinə çoxlu yer verir. Onun vücudu sadəcə olaraq bu ruhi mahiyyəti özündə ehtiva edən və qoruyub saxlayan bir maddiyatdır. Ona görə də Sofya Andreyevna vücudda öz ifadəsini tapmış ruhanilikdir. Əgər Katerina Nikolayevna­nın sifətindən təbəssüm əskik olmurdusa (yeri gəlmişkən bu təbəssüm L.Tolstoyun Anna Kareninasında da dönə-dönə təkrarlanır), Sofyanın sifətini bir həyəcan hissi (başqaları üçün narahatlığı ifadə edən həyəcan hissi) heç vaxt tərk etmirdi. Katerina Nikolayevnanın gözəlliyi cəzb edir, qurban tələb edir, onu görən kişilərin iradəsi üzərində hökmranlıq edirdi, Sofya Andreyevnanın gözəlliyi özünü qurban vermək istəyir və verirdi də. Ona görə də Sofyanın portretini şərh edən Versilov onun batıq yanaqlarını göstərərək deyir ki, bunlar da mənə qurban verilmiş gözəllikdir.
 Sofyanın öz sevdiyi adama qurban verilmiş gözəlliyi barəsində danışarkən Versilov belə bir haşiyə də çıxır və rus qadınlarının gözəlliyinin ötəriliyini belə izah edir: rus qadınlarının gözəlliyi tez ötüb keçir, bu da təkcə etnoqrafik xüsusiyyət deyildir. Bunun səbəbi ondadır ki, rus qadınları fədakarcasına sevməyi bacarır və hər şeyi, o cümlədən gənclik gözəlliyini də sevdiyi adama qurban verirlər, özləri üçün heç nəyi saxlamırlar, onların gözəlliyi sevdikləri adama sərf olunur. Bu ümumiləşdirməni bir kənara qoysaq, Sofya Andreyevnanın gözəlliyi və onun fədakar məhəbbəti məhz beləydi.
 Sofya Andreyevna zahirən çox zəif, çox müti və fağır görünsə də, Dosto­yevski onun xarakterində qəti bir mətinlik, bir qüvvət olduğunu qeyd edir. Bu cür ilk baxışdan zavallı xarakterlərdəki bu gizli dəyanət məhz ondan irəli gəlir ki, onların qəlbində, ruhunda güclü, əsaslı, ali bir istinadgah vardır ki, bu da onların Allaha, İsaya olan dönməz etiqadı və sönməz məhəbbətidir. Məhz bu intəhasız inam onları son dərəcə güclü edir və onları uçurumun qaşında belə ümidsizliyə qapılmağa qoymur. Sonya Marmeladova da, Sofya Andreyevna da məhz bu cür həm zavallı, həm də mətin xarakterlərdəndirlər. Bu da son məqamda onlara qalib gəlməyə imkan verir. Sonya Raskolnikovu, Sofya Andreyevna isə Versilovu öz fədakar məhəbbətlərilə ram edə bildilər. Ona görə də Dostoyevski dönə-dönə təkrarlayırdı ki, məhəbbət çox böyük qüvvədir. Əlbəttə, burada söhbət ehtirasdan deyil, mərhəmətdən gedir, özü üçün sevməkdən deyil, özgə üçün sevməkdən gedir.
 Sofya Andreyevnayla Versilovun qeyri-qanuni ailə həyatı və məhəbbəti bir növ rus dvoryanlığı ilə rus xalqının birləşməsi, bir vəhdət, bir ailə halına gəlməsi ehtiyacını ifadə edir. Sofya Versilovun səviyyəsinə yüksəlir, Versilov Sofyanın səviyyəsinə enir və bir məqamda onlar birləşirlər, yəni əbədi olaraq qanuni ailə qurmaq ərəfəsinə çatırlar. Burada Rusiyanın yüksək təbəqəsilə onun aşağı təbəqəsi vəhdət halına gəlir. Sofya Versilova səcdə edir, Versilovun Sofyaya rəhmi gəlir. Sofyanın Versilova olan məhəbbəti səcdədir, aşağıların yuxarılar qarşısındakı səcdəsidir. Versilovun Sofyaya olan məhəbbəti rəhmdir, yuxarıların aşağıdakılara qarşı olan rəhmidir. Versilov axır-axırda Sofyanın yanına qayıdır və burada məhəbbətin mistikası sona yetir, real ailə həyatı başlanır. Belə bir ailə həyatı bütün Rusiya miqyasında başlamalıdır, yəni xalqla dvoryanlar vahid bir ailədə birləşməlidirlər. Yalnız o zaman «təsadüfi ailə» qanuni ailəyə çevrilə bilər. Yalnız bu məqamda Arkadi «təsadüfi ailənin» övladı olmaqdan qurtulub öz atasının qanuni övladına çevrilə bilər. Allah-ataya çatmaq üçün Arkadi əvvəlcə öz real, doğma atasına çatmalıdır. Bu da Sofyayla Versilovun Makar Dolqorukinin ölümündən sonra qanuni şəkildə evlənmələrindən sonra baş verə bilər.
 

 
 Katerina Nikolayevna öz qənirsiz gözəlliyilə birlikdə ideal ola biləcək, amma bu ümidləri doğrulda və ideal səviyyəsinə yüksələ bilməyən bir qadın obrazını təmsil edir. Onu həm Versilov, həm də Arkadi məhz bu cür, yəni gözəllik idealı kimi görürdülər. Amma Arkadidən fərqli olaraq Versilov Katerina Nikolayevnanın bir qadın olaraq ideal ola biləcək gözəllikdən aşağı səviyyədə olduğunu hesab edir və heç də ona ideal kimi baxmır. Bununla belə ondan heç vəchlə ayrıla və imtina edə də bilmir. Arkadi isə Katerina Nikolayev­nanın gözəlliyi qarşısında səcdə edir və onu öz idealı hesab edir. Arkadinin təsvirində Katerina Nikolayevnanın gözəlliyində məğrurluqdan və əzəmətdən daha çox uşaq məsumluğu və sadəliyi vardır. Bu kübar qadında sadə bir kəndli qadınının gözəlliyi vardır. O, bir qədər şən, bir qədər də utancaq bir gözəldir. Arkadi düşünürdü ki, Katerina Nikolayevna kimi bir kübar qadını, general arvadı uşaq kimi utancaq ola bilməz, o, hökmən məğrur olmalıdır və sanki öz gözəlliyilə pərəstişkarlarını tərksilah etməlidir. Arkadi özü haqqında deyir ki, Katerina Nikolayevnanı görən kimi onun gözləri qamaşdı. Onun təbəssümü Arkadi üçün sanki cənnətdən gələn işıq şüası kimi bir sevinc və səadət mənbəyidir. Bu gözəl qadının surətində təbiilik, sadəlik, uşaqlıq xüsusiyyətləri xüsusi olaraq qeyd edilir. Ən vacibi də Katerina Nikolayevna kübar cəmiyyətinə mənsub olsa da, əksərən, xaricdə yaşasa da, sırf rus qadınıdır, öz vətəninə və torpağına bağlı bir insandır. O, kübar cəmiyyətində darıxır, daim kəndə, təbiətin qoynuna can atır, Rusiyanın aqibəti onu çox maraqlandırır.
 Daim mütləq dəyər, mütləq ideal axtaran Arkadinin qəlbində Katerina Nikolayevnanın gözəlliyi, yəni gözəllik idealı onun Rotşild olmaq ideyası ilə yanaşı dayanır, müəyyən mənada hətta onun qəlbindən bu ideyanı sıxışdırıb çıxarmaq da istəyir. Əgər Arkadinin qəlbi Rotşild ideyası ilə yanaşı gözəllik idealına da bu qədər həssas idisə, deməli, bu qəlb müqəddəslik axtarışındaydı və qadın gözəlliyini də o, müqəddəs bir dəyər kimi öz qəlbinə daxil etmişdi. "Axı siz müqəddəssiniz, siz müqəddəs olan bir şeyə gülə bilməzsiniz" - Arkadi belə deyir.
Gözəllik, Dostoyevskinin fikrincə, elə bir ali və ilahi dəyərdir ki, o, insanı bəsit və bayağı gerçəklikdən ayırıb, başqa bir aləmə, ilahi bir dünyaya apara bilir. Arkadi üçün əvvəlcə milyon, sonra isə gözəllik məhz bu cür onu reallıqdan ayırıb, adilik qiyafəsindən çıxarıb, qeyri-adilik zirvəsinə ucalda biləcək bir qüvvə kimidir. Versilov da bu gözəllik qarşısında öz iradəsini itirir, amma o, Katerina Nikolayevnanı ideal hesab etmir, hətta onu yaramaz bir qadın adlandırır. Versilovun fikrincə, Katerina Nikolayevna kamillik mücəssəməsi olmalıydı, amma ola bilmədi. Bu sadə rus qadını adi ailə səadəti barəsində düşünür. Ona görə də Versilovun ehtiraslı məhəbbətini qəbul etmir, ondan qorxur. Bu məhəbbətin romantik və faciəvi çalarından qorxur. O, sadəcə olaraq ailə səadəti, bəlkə də analıq səadəti arzusundaydı, amma bunların hər ikisindən məhrum olmuşdu.
 Katerina Nikolayevna müəyyən mənada Versilova vurulmuşdu. O, Versilovun şəxsiyyəti, savadı qarşısında pərəstiş edir, onu qeyri-adi bir şəxsiyyət kimi öz qəlbinə daxil edir. Versilovda nəsə bir fövqəlinsanlıq xisləti vardı və Katerina Nikolayevna bu fövqəlinsanı sevmişdi. Amma bu şəxsin yolunda özünü qurban verməyə Katerina Nikolayevna hazır deyildi, Versilovun əzəməti onu məftun eləmişdi. Əsl məhəbbət üçün isə əzəmət deyil, gözəllik gərəkdir, təkcə zahiri gözəllik deyil, həm də ruhi gözəllik, mərhəmət və hüsntəvəccöh gərəkdir. Katerina Nikolayevnada, Sonyadan fərqli olaraq, bütün bunlar yox idi.
 Katerina Nikolayevna barəsində romanda hər şeyi aydınlaşdıra biləcək, yekun müəllif sözü yoxdur. O gah Versilovun, gah da Arkadinin nöqteyi-nəzərindən təsvir və təhlil edilir. Ona görə də onun surəti ikili xarakter kəsb edir. Həm rus qadını, həm də kübar cəmiyyətin üzvü olan Katerina Nikolayevnanın surəti məhz elə belə də olmalıdır, yəni ikili səciyyə daşımalıdır. Xəlqilik və kübarlıq – bu, iki əks dəyərlər, iki əks kökdən və zəmindən qidalanan həyat formasıdır. Katerina Nikolayevnanı da ziddiyyətli edən, onu ikiləşdirən məhz bu rus qadının kübar cəmiyyətinə mənsub olmasıdır. Elə Versilovun da ikili xarakterə malik olmasının səbəbləri onun eyni zamanda iki zəminə: həm milli, həm də əcnəbi zəminə bağlı olmasındadır.
 Katerina Nikolayevnanın bütün ziddiyyətlərinin, onun aqibətinin bütün mürəkkəbliklərinin səbəbi ondaydı ki, o, öz təbii, milli axarından çıxmış və süni, yad bir zəminə düşmüşdü. Bir qadın olaraq o, özünün bütün məziyyətlərini, arzu və istəklərini iki şeydə reallaşdıra bilərdi: məhəbbətdə və analıqda. Amma onda nə   bu, nə də digəri vardı. Ona görə də Katerina Nikolayevna sadəcə olaraq müasir, ziyalı bir qadın kimi cəmiyyətin maraqları ilə yaşamaq və ona xidmət etmək istəyir. Bu isə qadınlıq mahiyyətindən uzaqlaşmaq demək idi. Hadisələrin gedişi onu göstərir ki, Katerina Nikolayevna da oddan-alovdan, çaşqınlıqlardan və sapmalardan keçərək öz təbii, qadınlıq mahiyyətinə qayıdacaqdır. Hələliksə  o da Versilov kimi həyatın və tarixin axarından kənarda qalmışdır. Nitsşenin təbirincə desək, Versilov tarixin yaradıcısı olmaq istəyirsə, Katerina Nikolayevna tarixin özü olmaq istəyir. Nitsşe deyirdi: "Kişi tarixi yaradır, qadın isə elə tarixin özüdür”. Amma həm Versilov tarixin yaradıcısı, yəni mütəfəkkir kimi, həm də Katerina Nikolayevna tarixin özü, yəni qadın və ana kimi öz təbii və ictimai missiyalarını yerinə yetirə bilmirlər.
 

 
 Arkadi deyir: anam səma mələyidir, Katerina Nikolayevna isə yerlər şahıdır. Sofya Andreyevna öz mərhəmətilə birlikdə dünyanın ruhudur. Katerina Nikola­yevna  isə öz gözəlliyilə birlikdə bu ruhun vücududur. Birinci qadın məhəbbət-mərhəmətə, ikincisi isə məhəbbət-nifrətə layiq görülür. Ona görə də  Sofya Andreyevna anadır, Katerina Nikolayevna isə sadəcə olaraq qadındır. Katerina Nikolayevnaya olan məhəbbəti Versilovu qəzaya gətirib çatdırır, Sofya Andreyevnaya olan məhəbbəti isə onu xilas edir. Əsərin baş qəhrəmanı Arkadinin  də axtarışları onunla yekunlaşır ki, Sofya Andreyevnanın simasında o, öz doğma anasını, Katerina Nikolayevnanın simasında isə sevdiyi qadını tapır. Bunun sonrası necə olacaq bilinmir. Dostoyevskinin bütün əsərlərində olduğu kimi, burada da sonluq  açıq qalır. Çünki həyatın heç vaxt sonluğu olmur.