Biz imzaları yox, əsərləri dərc edirik...

Yazmağın intellektlə əlaqəsi azdır – Mari Li Setlin müsahibəsi
393
04 Sentyabr 2018, 08:00
 Mari Li Setl (Mary Lee Settle) dünya ədəbiyyatında "Baulah beşliyi” ("Beulah Quintet” – Beulah İsraildə yer adıdır, bu adın konkret haraya şamil edildiyi məlum olmasa da, "İncil”də adı keçir. – red.) adlanan beş silsilə romandan ibarət nəhəng  epopeya müəllifi kimi tanınır. 28 illik araşdırma və yazı zəhməti hesabına başa gəlmiş bu monumental əsər XVII əsr İngiltərəsindən bu günün Qərbi Virciniyasında yaşayan müasir insana kimi bəşər övladının keçdiyi evalusiya mərhələsinə işıq tutub. "Baulah beşliyi” – "Məhbəslər” ("Prisons”), "Baulah torpağı” ("O Beulah Land”, "Heç nə bilməmək” ("Know Nothing”), "Qapazaltı” ("The Scapegoat”) və "Öldürən yer” ("The Killing Ground”) romanlarından ibarətdir.
 

 
 Lakin müəllifə məşhurluq və uğur gətirən əsərlər sadəcə beşliyin silsilə romanları deyil. 1978-ci ildə işıq üzü görmüş "Qan bağı” ("Blood tie”) romanı Mariyə "National Book Award” və "Kafka” mükafatını qazandırıb.  Yazarın İkinci Dünya müharibəsi illərində qadınlardan ibarət hərbi hava qüvvələrində xidmət göstərdiyi zamanlarla bağlı xatirələrini qələmə aldığı "Bütün cəsarətli vədlər” ("All the Brave Promises”) dünya ədəbiyyatında "heç yerdə təkrarlanmayan müharibə təcrübələrinin ən canlı təsvir olunduğu nümunə” kimi təqdim edilir. Marinin digər romanları "Eşq acları” ("The Love Eaters”), "Kinin öpüşü” ("The Kiss of Kin”), "Sakit görüntü” ("The Clam Shell”), "Qeydetmə” ("Celebration”) də dünya ədəbiyyatının yüksək göstəricilərlə xatırlanan inciləridir. Bu romanlar müəllifə bir çox mükafatlar qazandırıb. 
 Mari Qərbi Virciniya ştatının Çarliston əyalətində anadan olub. Uşaqlıq illərini Kentukidə, Paynvildə keçirib. İlk təhsil illərinin iki ilini yenidən Qərbi Virciniyada keçirsə də, ömrünün qalan hissəsi dünyanın hər yerində keçib – London, Paris, Roma, İstanbul və s. Uzun müddət hər yerdə az-az yaşayaraq ömür sürsə də, son illərini anadan olduğu Çarlistonda keçirib.
1978-ci ildə Uilyam Teyzvil ilə ailə qurub. Teyzvil hazırda təqaüdə çıxmış redaktordur, sadəcə ictimai mövzulu köşə yazıları yazmaq və Virciniya Universitetində yaradıcı yazarlıq dərsləri verməklə məşğul olur. Cütlüyün yeganə övladı Kristofer Uithersbi isə Texasda yaşayır.
 
 
 – "Baulah beşliyi” – sizin ən məşhur əsəriniz – Qərbi Virciniyada, anadan olduğunuz Çarlistonda bitir. Oranı Kanona adlandırırsınız. Çarliston uşaq yaddaşınıza necə həkk olunub, o illərə necə təsir edib? Onu əsərlərinizdə belə tez-tez xatırlamağınıza səbəb nədir?
 – Çarlistonu xatırladığım illərdə mən artıq uşaq deyildim, haradasa yeniyetmə idim. Konrad deyir ki, dünyada maraq və mərhəmət oyandıran baxışlarla seyr edilməyə layiq olmayan əzəmətli məkan və ya qaranlıq ucqar yer yoxdur. Elə Konradın özü kimi mən də uzun müddət sürgün həyatı yaşadım, özümə dörd qitədə yer axtarmağa başladım. Mən İngiltərə, Türkiyə, Afrika, Honq Konq haqqında da yazmışam. Bura elə yerlərdir ki, zaman-zaman ən adi şeylər belə işıltılı, parlaq görünür, özümü tapıram, hər zaman nə isə məni təəccübləndirən bir hekayə rastıma çıxır. 
 Kanona Çarlistondan daha böyükdür və hər zaman onu təsvir etmək daha çətindir. Somerset Moem deyir ki, bir bədii obrazı yaratmaq üçün ən azı altı insanı birləşdirmək lazım olur. Bu, məncə, məkanlar üçün də keçərli müddəadır. Öz peyzajımızı yaratmaq üçün küçələri dəyişir, döngələr salır, yeni çıxışlar əlavə edir, nələrisə yenidən tikir və ya yerlə-yeksan edirik, əgər lazım gələrsə, bəzən zamanı, bəzən isə hətta təbiəti belə dəyişirik.
 
 – Çoxları iddia edir ki, sizin məşhur beşliyin "Məhbəslər”-dən "Öldürən yer”-ə qədər olan hissəsi xronoloji ardıcıllıqla yazılıb. Mən bilirəm ki, belə deyil. Beşliyin quruluşu haqqında danışa bilərsinizmi? Mən bilən bir mərhələdə bu proses dayanıb, yəni onun ilkin forması trilogiya olub.
 – Deyəsən, başlayanda nə isə müasir roman formatına uyğunlaşmağa cəhd edirdim. Hansısa hadisə beynimə işıq salmırsa, əsla yaza bilmirəm. Sonra isə suallara cavab tapmağa çalışıram, Folkner kimi. Beşliyə başlayanda beynimdə bircə dənə sadə səhnə var idi, şənbə gecəsi küçədə səndələyərək irəliləməyə çalışan iki sərxoş adam var, birdən onlardan biri digərini itələyərək yıxır. Beynimdəki mənzərə bu idi, sonradan yarı-şüurlu suallara cavab axtararaq, hadisələrin necə dəhşətli bir yerdən başlayıb, necə qorxulu yerə doğru irəlilədiyini tapdım. Amma bunu xüsusilə vurğulamaq istəyirəm ki, bu heç də intellektual proses deyil. Ümumiyyətlə, yazmağın intellektlə əlaqəsi çox azdır. Yazdıqca birinci baş verənin səbəbini, qəzəbin nədən qaynaqlandığını, niyə qısqanclıq yarandığını, niyə birinin digərinə nisbətən daha irəlidə olduğunu göstərməlisən. Bunun üçün də mən başlayanda çox qədimə getməyə məcbur oldum. XVIII əsrə uzanmalı oldum. Başlayanda nəhəng bir şey gözləyirdim, amma trilogiya və ya epopeya haqqında düşünməmişdim. Bu işdə yeganə səhvim orda oldu ki, "Heç nə bilməmək”-də mən dövrü çox qabağa gəldim. Yəni müasir dövrün insanına keçid çox sürətli oldu.
 
 

 
 – Epopeyanın janrını müəyyənləşdirməyə çalışdım, məncə, psixoloji-tarixi roman adlandırmaq olar. Siz özünüz beşliyi hansı janra aid edərdiniz?
 – Psixoloji-tarixi roman! Əsl etiket! Biz buna niyə cəmiyyəti öz dövrünün obrazı kimi canlandırmaq və göstərmək cəhdi deməyək ki?! Mənim məqsədim hər dövrün şahidi kimi yaza bilməkdir. Mən beynimdəki intellekti və biliyi nümayiş etdirməkdən çox, insanların kim olduqları haqqındakı düşüncələrini, həyat və dünyagörüşlərinin niyə və necə dəyişdiyinə münasibətlərini göstərməyin həvəsində olmuşam. Bu janr deyil, bu yoldur. Biz bu gün yaşadığımız dünyada hər şeydən xəbərdar olduğumuzu düşünürük, amma neçəmiz ümumi mənzərəyə baxa bilirik?! Nə qədər insan hər şeyi bəşəriyyətin tablosuna dəyən ilk rəngdən bu tərəfə analiz edə bilir?! Əgər epopeyanın əsərlərini ardıcıllıqla oxusanız, görəcəksiniz ki, bu günün insanının etdiklərində öz əməyindən çox keçmişin əməyi, yeri var. Keçmişi oxuduqca insanın gələcək haqqındakı təsəvvürləri də aydınlaşır, parlaqlaşır. 
 
 – Yazmağa necə başladınız?
 – Bax burada qeyd edilməlidir ki, mənim çap mediasına aid gördüyüm və oxuduğum ilk nümunə "The Paris Review” olub. Amma özümü mümkün olduğu qədər sakit aparmalı idim, çünki ətrafda hamı yazdıqlarını nəşr etdirməyin dərdində idi və hamı bu işin yerini-yatağını bilirdi. Ona görə uzun müddət bağlı qapılar arxasında, gecələr yalnız otağımın pəncərəsindən görünən evlərin damına danışmalı oldum hər şeyi!
Yazmağa başladığım ilk zamanlara aid birinci təcrübəm redaktə olunmaqla bağlıdır. Peter Mathyessen mənə üslubla bağlı uzun bir məktub göndərmişdi. O uzun məktubdan mən cəmi bircə professional məsləhəti xatırlayıram – "shit” (nəcis) və "sumac” (məbləğ və ya sumağı) sözlərini eyni paraqrafda işlətmək olmaz, elə o vaxtdan onları heç vaxt eyni paraqrafda işlətmirəm. 
 İlk kitabım "Kinin öpüşü” ədəbi agentim tərəfindən Nyu-York və Londonda bədii ədəbiyyat nümunələri çap etdirən bütün əsas nəşriyyatlara göndərildi və hamısından rədd cavabı gəldi. Bütün bunlar baş verərkən mən artıq ikinci romanım "Eşq acları” üzərində işləyirdim. Nə hikmətdirsə, o da bütün müraciət edilən yerlərdən rədd cavabı ilə geri qayıtdı. Mən də araşdırma ilə məşğul olmağa başladım və "Baulah torpağı”-nın birinci nüsxə əlyazması üzərində işlədim. Onda Londonda yaşayırdım. Orada bir qadınla tanış oldum və həmin xanım "Eşq acları”-nı Londonda fəaliyyət göstərən "Heinemann” nəşriyyatına təqdim etdi. Nəşriyyat əsəri qəbul etdi və nəhayət ki, on ildən sonra ilk kitabım işıq üzü gördü.
 
 – Kimlərin sizə ədəbi redaktorluq etməsini çox arzulamısız?
 – Çox istəyirdim ki, Robert Giroks (Robert Giroux) ədəbi redaktorum olsun, əsərlərim onun əlindən keçsin. Bu gün isə bu arzu yox, reallıqdır. Arzusunda olduğum və bir yerdə işlədiyim digər bir uğurlu ədəbi redaktor isə Rob Kouli olub. Adını çəkmədən keçə bilməyəcəyim üçüncü belə adam – Roger Şattukdur. "Öldürən yer”i o redaktə edib. Əsəri birinci dəfə oxuyandan sonra mənə dedi ki, Mari Li sənin "Madam Bovari”dəki kimi böyük səhnəyə, bütöv portretə ehtiyacın var. Elə mən reklam olunmağa da onunla işləməyə başlayanda sonra girişdim. Epopeyanın bütün əsərlərinin qısa məlumatını o hazırlamışdı, əsərlər işıq üzü görməmiş artıq ölkənin hər yerində ədəbi klublarda onun əsərlərim haqqında hazırladığı təqdimatlar nümayiş olunurdu.
 
 

 
  – Bir qədər də yazı prosesi haqqında danışaq. Yazmaq üçün əsas şərt nədir? Pis və yaxşı vərdişlər nələrdir?
 – Uzun müddət əvvəl Ernest Heminquey "Paris Review” jurnalına verdiyi müsahibədə demişdi ki, yazmaq üçün sağlam və yanılmayan redektorluğa ehtiyac var. Həqiqətən də elədir, amma bu qabiliyyəti istifadə edəcək enerjin və həvəsin yoxdursa, bir işə yaramaz. Yazmaq üçün heç nə ilə qarşısı alınmayacaq istək olmalıdır. Əgər enerjiniz azalsa, bu qabarıq şəkildə işinizdə özünü büruzə verəcək. Əgər həvəsi itirsəniz, onda bir müddət sonra əvvəlki əsərlərinizin oğrusuna çevriləcəksiniz. Məncə, enerji, həvəs və özünəinam yazmağın əsas şərtidir. Vərdişlər isə hər insana görə dəyişir, bunu işinin peşəkarı olduqca insan özü müəyyənləşdirir.
 
 İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı