Biz imzaları yox, əsərləri dərc edirik...

Yazıçılıq sənətini seçməsəydim falçı olardım – Ali Smit
523
23 Noyabr 2017, 11:46

 Ali Smit: "Roman üzərində işləyəndə qəribə hisslər keçirirəm”.

 



 Dünya ədəbiyyatının son illərinin adı tez-tez eşidilən imzalarından Ali Smit bu il üçüncü dəfə "Man Booker” ədəbiyyat mükafatının qısa siyahısında yer alıb. Əvvəlki illərdə son mərhələdə mükafatı əldən verən müəllif, bu il də qalib olmaq məsələsində o qədər israrlı deyil.  Hazırda bütün diqqətini payızda işıq üzü görəcək romanına yönəldib.
 İngilis əsilli yazar Ali Smit 1962-ci ildə Ann və Donald Smitin ailəsində, İsveçin İnvernes şəhərində dünyaya göz açıb. Valideynlərinin hər ikisi işlədiyindən Ali konsulluğun nəzdindəki evdə böyüyüb. İbtidai və orta təhsilini İsveçdə alan Ali Smit ali təhsilini də İsveçin Aberden  Universitetində, amma ingilis dili və ədəbiyyatı üzrə alıb. İlk ədəbi mükafatına da elə universitet illərində yazdığı şeirə görə layiq görülüb.
 O, 1985-ci ildə Nyuham Kollecində Amerikan və İrland ədəbiyyatında modernizm mövzusu üzərində işləyir. Dram əsərləri yazır və ədəbiyyata daha çox vaxt ayırdıqca elmi fəaliyyətindən uzaq düşür.
 Ciddi şəkildə ədəbi fəaliyyətə "Guardian”, "Scotsman”, "New Statesman” və "Times Literary Supplement” kimi dərgilərdəki yazırları ilə başlayıb. İlk kitabı "Azad eşq və başqa hekayələr” ("Free love and other stories”) hekayə toplusu 1995-ci ildə işıq üzü görüb. Həmin topluda yer alan "Sonuncu” ("Last”) hekayəsinə görə, "Scottish Arts Council Book Award” mükafatı ilə təltif olunub.
 Smit "Bütün hekayə və digər hekayələr” ("The whole story and other stories”), "Birinci şəxs və digər hekayələr” ("First person and other stories”), "İctimai kitabxana və digər hekayələr” ("Public library and other stories”) topluların, "Rəqs” ("The dance”), "Amazonlar” ("Amazons”), "Komediya” ("Comic”), "Kahin” ("The seer”) və s. dram əsərlərinin müəllifidir. Amma onu dünya ədəbiyyatında uğurlu müəllif kimi məhz romanları tanıdıb. "Zövq” ("Like”), "Hotel dünyası” ("Hotel world”), "Təsadüfi” ("Accidental”), "Hər ikisi olmaq” ("How to be both”), "Payız” ("Autumn”) və s. romanları ilə "Folio”, "Book of the Year”, "Goldsmiths”, "Baileys”, "Costa” kimi nüfuzlu mükafatların qalibi olub.

 

 


 


 Müəllifin müxtəlif dərgilərdə dərc olunmuş müsahibələrindən hissələri oxuculara təqdim edirik.
 – Artıq üçüncü dəfə "Man Booker”in qısa siyahısına düşmək necədir?
 –Sevimli və xoş sürpriz. Hər ikisində olduğu kimi sevindim, fərəhləndim, ümidləndim. Belə bir nüfuzlu, seçici heyətin ilk baxışından keçmək xüsusilə qürurvericidir.
 – Yazdığınız dönəmdə qiraətlə də məşğul olursunuzmu? Nə oxuyursunuz?
 – Simone de Beavuarın 1947-ci ildə dörd ay yaşadığı Amerikadan bəhs edən "Günbəgün Amerika” ("America day by day”) romanını oxuyuram. "Amerikan ideologiyası haqqında məndə həmişə müəyyən bir qənaət olub. Bu ölkənin taksi sürücülərinə, qəzet paylayanlarına, ayaqqabı parıldadan uşaqlarına qarşı içimdə nədənsə ilıq bir sevgi bəsləmişəm. Və buranın sakinlərində sevdiyim üz mimikası deyir ki, kişilər hər an müttəfiq orduya çevrilə bilər”. Müharibədən çıxmış bu nəhəng ölkənin vətəndaşlarının incəsənətə, musiqiyə olan marağından, abstrakt sənət növlərini araşdırmalarından yazır. "Bu ölkədə adamlar birmənalı şəkildə sivilizasiyanı inkişaf etdirən əlamətlərə, yeniliklərə köklənirlər.  Ən sevimli sözü "abstrakt” məfhumudur. Mənim də dilimə yapışdı. Bilmirəm niyə?
 – Ən sevdiyiniz "Man Booker” qalibi əsər hansıdır?
 – Biri artıq aramızdan ayrılıb – Ancela Karterin "Ağıllı uşaqlar” ("Wise children”) romanı. Və Müriel Sparkın yazıçı kimi ulduzunu parıldadan "Sürücü oturacağı” ("The driver’s seat”) romanı. Əgər Ceyn Ostinlə eyni dövrdə yaşasaydı, Müriel birmənalı şəkildə "Man Booker” siyahısına düşməyəcəkdi. Çünki onun yaradıcılığı, üslubu, dili Ostininkindən o qədər də fərqləmir. Ədəbiyyatda qələbə bir qədər nisbidir. Bu iki romandan başqa, məsələn, Marqaret Etvud "Kor qatil” ("The blind assassin”), Penelopa Ftizcerald "Ofşor” ("Offshore”), Ceyms Qordon Farrel "Əzablar” ("The troubles”), Aravind Adiqa "Ağ pələng” ("White tiger”) və Arundati Roy "Xırda şeylərin Tanrısı” ("The God of small things”) romanı ilə qalib seçiləndə, öz əsərim uğur qazanırmış kimi sevincimdən otaqda hoppanıb-düşmüşəm.
 – Bu il müsabiqəyə "Payız” ("Autumn”) romanı ilə qatıldız. Gənc qadınla yaşlı bir adamın arasındakı dostluğu qələmə almısız. Niyə bu tip münasibətlərin nadir rast gəlinən olduğunu düşünürsüz?
 – Yox elə düşünmürəm və elə də deyil. Ola bilər ki, kənardan baxanda bu ədəbiyyatın çox da müraciət etməyəcəyi bir mövzu kimi görünür. Buna görə də istər-istəməz gözlənilməz, dəbdə olmayan, ya da ciddi hekayə deyilmiş kimi qəbul edildi. Bu münasibət nadir deyil, amma mövzu ədəbiyyat üçün nadirdir. Elə bir dövrə gəlmişik ki, yaşlı nəslin təcrübəsini, duyğularını, ağlını, nəsihətlərini bədii əsərə gətirmək əvəzinə, onların olmadığı hekayələr yazırıq, onları həyatın və ədəbiyyatın kənarında saxlayırıq. Halbuki, bizim gəncliyimiz, vərdişlərimiz, instinktiv davranışlarımız onların keçdiyi ömür yolu ilə birbaşa bağlıdır.
  


 
 
 – "Payız”ın Britaniyanın ilk ciddi romanı kimi təqdim olunduğunu görmək sizi məmnun etdi?
 – Məmnuniyyətdən çox fərqli bir duyğudur. İncəsənətin gözü ilə baxa bilməmək, nəyin yerinin hara olduğunu görməyimizə mane olur. Bütün roman boyu Dikkensin yaradıcılığından öyrəndiyim geri qayıtmaq texnikasından istifadə etmişəm. Oxucuya harada olduğunu görməsi, düşünməsi üçün bir yer vermişəm.
 – "Hər ikisi olmaq” ("How to be both”) romanı ilə mükafat komissiyalarının, dünya mətbuatının diqqət mərkəzinə çevrildiniz. Bu romanı yazmağa sizi nə vadar etdi?
 – Haqqında düşündüyüm üslubun nəsr əsərində necə işləyəcəyini görmək istəyirdim. İkincisi, mağazada bir dərginin üz qabığında qədim və sevincdən yeni bir şəkil gördüm. 500 il əvvələ getdim. Və elə oradaca qərar verdim – zaman və zamansızlıqdan yazmalıyam. Həyatın və sənətin strukturunu birləşdirməliyəm.
 – Əsərlərinizdə öz yaşadıqlarınız, təcrübələriniz nə qədər əks olunur?
 – Heç nə qədər. Hamısı təxəyyül məhsuludur.
 – Bir roman üzərində işləyərkən necə bir rejimə uyğunlaşırsınız? Yaradıcı maneələrin öhdəsindən gəlmək üçün yararlandığınız xüsusi bilgilər varmı?
 – Roman üzərində işləyəndə qəribə hisslər keçirirəm. Sanki roman nəhəng bir məxluqa çevrilir, qravitasiya mərkəzi kimi hər şey özünə çəkilir. O yoxmənim yox, mən onun gündəlik rejiminə uyğunlaşıram. Əksinə, özümü işdən ayırım deyə, yollar axtarıram – yatmaq, yemək, qab yumaq, çimmək kimi təbii ehtiyaclar üçün.
 – Oxuduğunuz kitablar arasında sizə dərindən təsir edən, uzun müddət unutmadığınız varmı?
 – Toni Morrisonun "Tanrı uşaqlara kömək ol” ("God help the child”) romanı. Diqqətlə redaktə olunmuş, qədim və müasir dövrün macəralarını birləşdirən güclü süjetə malik kitabdır. İşin ən ürküdücü tərəfi isə mövzunun və üslubun mükəmməl formada birləşməsidir.
  
 


 – İşləmək üçün sevimli bir yeriniz varmı?
 – Evim, iş otağım.
 – Səbəbi?
 – Çünki orada olanda bütün bədənim, ruhum rahat olur, həqiqətən, işləməyimin nəticəsi olur
 – Heç öz-özünüzə sual vermisinizmi – Əgər yazar olmasaydım…?
 – Kolleksioner olmaqdan imtina edərdim. Musiqili əsərlər üçün şeirlər yazardım, ya da ikinci əl kitabların satıldığı mağazada işləyərdim, falçı da ola bilərdim. Ya da əməkçi olardım, məsələn, otbiçən.
 – Elə bir qadın yazar varmı, onun daha çox diqqətə layiq olduğunu düşünürsünüz?
 – Klaris Lispektor, braziliyalı eksperimental yazar.
 – Niyə?
 – Bu qadının yazdığı hər şeyin keyfiyyəti, yeniliyi, fərqliliyi, orijinallığı insanı valeh edir. Duyğunu və ruhu intellektlə birləşdirir. İnsanı heyrətə salır...


 Mənbə: "Man Booker Foundation”, "Art & Culture”, "Culture Whisper”
 İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI

 

Xəbər lenti