Biz imzaları yox, əsərləri dərc edirik...

Yazıçı kredosu – Herman Hessenin essesi
1225
10 İyul 2020, 08:09
 Artkaspi.az saytı Xanım Aydının tərcüməsində Herman Hessenin "Yazıçı kredosu" essesini təqdim edir:

 Bizim dövrümüzdə yazıçı ilhamlanmış, ruhlanmış insan tipidir. O, havasız maşın dünyası ilə intellektual fəaliyyət dünyası arasında küncə qısılaraq boğulmağa məhkum olunub.  Axı yazıçı bizim dövrümüzün fanatik şəkildə  mübarizə apardığı  qüvvəni təmsil edir və qoruyur. Buna görə dövrü günahlandırmaq da axmaqlıqdır. Bizim yaşadığımız zaman o birilərindən nə yaxşıdır, nə də pis. Dövrünün məqsəd və ideallarıyla ayaqlaşa bilənçün o, cənnət, onlara qarşı çıxanlar üçünsə cəhənnəmdir. Beləliklə də, dövrümüz bizim üçün – yazıçılar üçün cəhənnəmdir. Əgər yazıçı öz adına, ideallarına sadiq qalmaq niyyətindədirsə, o, nə həyatı sənaye və təşkilatlarla fəth edən istelaçıların başdöndürən nailiyyətlərinə, nə də hal-hazırda universitetlərimizdə müşahidə etdiyimiz   mənəviyyatı rasionalizmə tabe edən  humanitariyaya qoşulmalıdır. Yazıçının yeganə vəzifəsi ruhun xidmətçisi, müdafiəçisi və cəngavəri olmaqdır. Və buna görə də bu gün, daha doğrusu, dünya tarixinin məhz indiki anında  o, hər kəsin tab gətirə bilməyəcəyi təkliyə və iztirablara məhkum olunub. İndi  Avropada çox az yazıçı var. Və trazgizmin əlamətlərindən və hətta donkixotçuluqdan məhrum olduqlarını  onların heç biri haqqında demək olmaz. Amma buna baxmayaraq, Avropa mütaliəçi bürgerlərin (şəhərlilərin) çox sevdiyi və öz istedad və zövqü ilə onların ideal və məqsədlərini tərifləyən "yazıçılarla” doludur. Bu, hal-hazırda müharibədir, sabahsa pasivizm (hər cür müharibəni, o cümlədən milli azadlıq müharibəsini və başqa ədalətli müharibələri inkar edən cərəyan) və s. olacaq.
 
 

 Lakin həqiqətən də, yazıçı olanların arasında Yer kürəsinin cəhənnəmində – havasızlığında susaraq məhv olub gedir. Digərləri isə yenidən ağrı-acıları qəbul edir, bunu öz kredoları kimi qarşılayaraq taleyə etiraz etmirlər. Onlara – məhz həmin yazıçılaradır sevgim. Mən onları sevir, onlara hörmət edir və onların qardaşı olmaq istərdim. Biz əzab çəkirik. Lakin nə etiraz edir, nə də müdafiə olunmaq üçün cəhd göstərmirik. Maşınlar dünyasında və ağıldankəm barbarlığın ağuşunda boğulub gedirik. Bu hava bizim nəfəsimizə uyğun olmadığına baxmayaraq, buradan qopub qaçmaq cəhdləri də göstərmirik. Bütün bu iztirabları, boğulmaqları və əzab-əziyyəti ümumi dünya taleyinin bizə düşən qisməti, missiyası və sınağı kimi qəbul edirik. Dövrümüzün heç bir idealına – nə general, nə siyasətçi, nə proffesorların ideallarına inanırıq. Lakin insanın ölümsüzlüyünə və insan obrazının bütün təhriflərdən, bütün korlanmalardan sonra yenilənərək, istənilən cəhənnəmdən təmizlənmiş, üzüağ çıxacağına inanırıq! Ağrılarını, yuxularını oxucu qarşısında  açmaqla biz müasirliyi nə doğrultmağa, nə öyrətməyə, nə də yaxşılaşdırmağa çalışırıq. Biz təkrar-təkrar ona obrazlar və ruh dünyasını açmaq istəyirik. Bu yuxular bəzən qorxulu, bəzən qəddar, obrazlar isə dəhşətli, hürküdücü olur. Və bəzi şeylər haqqında susaraq, yalan deməyə, nəyisə gizlətməyə ixtiyarımız yoxdur. Bu işlə yetərincə  brüger "yazıçıları” canfəşanlıqla məşğuldurlar. Biz insan ruhunun, mənəviyyatının təhlükədə olduğunu, uçurumun qırağında dayandığını gizlətmirik. Lakin biz ölməzliyə inandığımızı da gizlətmirik.
 
1927