Biz imzaları yox, əsərləri dərc edirik...

Yazarların yaradıcılıq evləri olarsa... – Sorğu
1133
16 Noyabr 2018, 10:37
 Artkaspi.az Təranə Məhərrəmovanın "Yazarların yaradıcılıq evləri olarsa..." adlı sorğusunu təqdim edir:
 
 
 Yaradıcı adamların istirahət məkanlarına göndərilməsi, yaradıcılıq evlərinə ezam olunması çox da uzaq olmayan tarixin söhbətidir. Sovet dövründə yazarlar bu tip istirahət və yaradıcılıq mərkəzlərində müəyyən müddət ərzində yaşayıb-işləyirdilər və bu, onların yaradıcılığına müsbət təsir edirdi. Hazırda isə onlar həmin günləri yalnız xatirə kimi yada salırlar. Gənc ədəbi nəsil isə belə xatirələri dinləməkdən savayı, həmin yaradıcılıq evləri və istirahət məkanları haqqında heç bir bilgiyə malik deyillər.
 İndi hər kəsin istirahət mərkəzlərinə əlinin çatdığı bir dövrdə yazarların bu tip istirahət şəraitinə və yaradıcılıq evlərinə ehtiyacları varmı? 
 

 
 Yaradıcılığın cilalanması üçün
 Xalq şairi Fikrət Qocanın sözlərinə görə, sovet dövründə təkcə ahıl yazıçı və şairlər üçün deyil, həmçinin gənc yazarlar üçün də yaradıcılıq evlərində istirahət etməyə şərait yaradılırdı: "SSRİ-nin hər bir respublikasında belə yaradıcılıq evləri fəaliyyət göstərirdi. O cümlədən, Şüvəlanda da yazıçılar üçün istirahət evi tikilmişdi. İndi həmin yaradıcılıq evini məcburi köçkünlərə vermişik. Əlbəttə, bu cür yaradıcılıq evinə yenə ehtiyac var. Gənclər üçün də yazıb-yaratmaq, işləmək üçün yaxşı stimul olar. Belə bir istirahət mərkəzi olsa, başqa respublikaların yaradıcı insanları ilə əlaqələr qurmaq, müştərək işlər görmək olar, ədəbi əlaqələr genişlənər”. Xalq şairi hesab edir ki, müstəqillik dövründə hər şeyi sıfırdan başladığımızdan, bu tip yaradıcılıq evlərinin də qurulması lazımdır: "Yaradıcı insanların belə istirahət məkanına ehtiyacı var. Fərqi yoxdur, yaşlı, ya cavan olsun – onlar bu tip istirahət məkanlarında həm dincələ, həm də yaradıcılıqla məşğul ola bilərlər. Bu, onların yaradıcılığının cilalanmasına təkan verər”. 
 

 
 Hər zamanın öz tələbi
 Şair Vaqif Bəhmənlinin fikrincə, gənclər istəsələr, yaradıcılıq evlərinə getmədən də istədiklərini yaza bilərlər. Yəni istirahət etmək şərti məsələdir: "Hər zamanın öz tələbi var. Deyə bilmərik ki, nə üçün o zamanlar yazıçı və şairlər üçün istirahət və yaradıcılıq evləri olub, bu gün yoxdur? Hazırda ölkədə şərait elədir ki, hər kəs öz istirahətini qura, onun çərçivəsində də öz yaradıcılığını yerləşdirə bilər. Hər bir insanın öz evi, kəndi-kəsəyi də var. Bu imkanlardan istifadə etməklə yaradıcılıqdakı boşluğu doldurmaq olar. Təki istedad, istək, həvəs olsun, ürəkdə söz qaynasın, insan yazmaq istəsin. Onda insan heç nəyə baxmayacaq”. V.Bəhmənlinin fikrincə, bizim bir çox böyük yazıçılarımız ən böyük əsərlərini mətbəxdə, kirayədə yaşadıqları evlərdə yazıblar: "Sənətkar həyatı tam fərqlidir. O, öz yaradıcılığını istədiyi vəziyyətdə qura bilər”. V.Bəhmənli 90-cı illərdən bəri vaxtilə fəaliyyətdə olan yaradıcılıq evlərinin mövcud olub-olmadığından xəbərsizdir: "Onlar xüsusi evlər idi. Orada yazıçılar bir-biri ilə təmasda olurdular. Bəzən müştərək ideyalar da yaranırdı. Bir yazıçının kitabı burada, bir şairin kitabı orada nəşr olunurdu. Bunla yaradıcı mühitin daha da aktivləşməsinə kömək edirdi”. Yaradıcı insanın rahatlığı üçün hər cür şəraitin əhəmiyyətli olduğunu deyən V.Bəhmənli hesab edir ki, yazarlar üçün yaradıcılıq evləri, xüsusi istirahət mərkəzləri olsa, təbii ki, bu, onların yaradıcılığına stimul olar: "Hazırda yazıçıların Şüvəlanda yerləşən evində məcburi köçkünlər məskunlaşıblar. O yaradıcılıq evi və ya digər yaradıcılıq evləri fəaliyyət göstərsə, əlbəttə, yaxşı olar. Təbiəti yaxşı olan yerlərdə yaradıcılıq evləri tikilib istifadəyə verilsə, gənc yazarlar da istifadə edərlər. Təbii ki, bu onların yaradıcılığına təkan vermiş olar. Amma bu tip mərkəzlər yoxdursa nə etmək olar? Bu, gəncləri həvəsdən salmamalıdır”.
 

 
 Hər kəsin öz istirahəti
 İstirahəti yaradıcı insan üçün vacib amil sayan yazar Aysel Əlizadə hesab edir ki, istirahətsiz işləmək yaradıcı insanın işinə, zehninə mənfi təsir göstərir: "Bu gün Azərbaycan yazarları çətin şəraitdə yaşayır. Təbii ki, sovet dövründə sistem fərqli idi. Yazıçı və şairlərin ayrı-ayrı ölkələrə gedib istirahət etmək, yaradıcılıq evlərində yaşayıb işləmək kimi şəraitləri var idi. Təəssüf ki, bu gün bunlar yoxdur. Bu gün istirahəti qurmaq hər kəsin öz üzərinə düşür. Müəyyən qurumların hər hansı öhdəliyi öz üzərinə götürməsi ilə bağlı sistem yoxdur. Ümumiyyətlə, yazıçının nəinki istirahəti yoxdur, hətta  bütün yaradıcı funksionallığı da öz üzərinə götürüb: o yazmalı, kitabını nəşr etdirməli, nəşriyyatla danışmalı, satışı ilə məşğul olmalı, öz piarını qurmalıdır. Xaricdə bu işlərlə bərabər, yazıçının istirahətini hansısa özəl şirkətlər təşkil edir. Bu, zəncirvari iş olur. Təəssüf ki, bu sistem bizdə yoxdur. Yazıçı bilmir ki, hansı işin qulpundan yapışsın. O yaşamalı, gündəlik maddi təminatını ödəməlidir. Yaradıcılıq cəmiyyətin inkişafı üçün önəmli sahədir. Onu başla-başına buraxmaq olmaz. Çünki bu sahə maarifçiliklə məşğul olur, toplumu yetişdirir. Onlar özləri qayğı içində boğulanda başqalarına nə faydaları dəyə bilər? Bu da cəmiyyətin inkişafına zərbədir". 

 
 
 Yenidən yaradıcılıq evləri tikilsə...
 Şair Musa Ələkbərlinin sözlərinə görə, sovet dövründə istirahətin təşkili baxımından yazıçılara daha böyük diqqət olub: "Yaradıcılıq evləri fəaliyyət göstərirdi. Yazıçı-şairlər istirahət evlərinə göndərilirdi. SSRİ Ədəbiyyat Fondu, onun respublikalarda filialları var idi. Bunlar yazıçıların yaşayışının, ovqatının xeyli yaxşılaşmasına səbəb olurdu”. M.Ələkbərli də vaxtilə bu imkanlardan yararlandığını deyir: "Mən də Yaltada və digər şəhərlərdə yaradıcılıq evlərində oldum. Hər dəfə bu yaradıcılıq evlərində olarkən, bir kitab yazıb ortaya qoydum. O zaman yazıçılar üçün xüsusi şərait var idi. Təəssüf ki, bu gün o imkanlar məhdudlaşıb. Ancaq o demək deyil ki, yazıçılar yaradıcılığından qalmalıdırlar. Yazmaq istəyən hər yerdə yazır. Təbii ki, rahat şərait yaxşı əsərlərin yazılmasına zəmin olur. İndi bizim gənc yazıçılar bundan məhrumdurlar. Bizim müstəqillik kimi bir nemətimiz var. Gənc yazıçılarımız da o müstəqilliyin ürəkdə doğurduğu duyğulardan, qürur hissindən bəhrələnməlidirlər. Təbii ki, istirahət evində olarkən yazıçı özünü rahat hiss edir. Ona dəyər verildiyini duyunca, daha yaxşı işləyir. Bir qələm sahibi olaraq onda ilham daha da coşur, qələminin qədrini daha çox bilir”. M.Ələkbərli deyir ki, yaxınlarda yazıçılar üçün yenidən yaradıcılıq evlərinin tikiləcəyi ilə bağlı söz-söhbət yaranıb: "Hətta, yaradıcılıq evinin Dəvəçi rayonu yaxınlığında tikiləcəyi də söyləndi. Sonradan hansı səbəbdənsə bu layihə təxirə düşdü. Ümid edirəm ki, gələcəkdə yaradıcı insanlar üçün bu cür evlərin tikilməsi nəzərə alınacaq”. 
 

 
 Yazıçı yazmaq istəyirsə...
 Yazıçı Eyvaz Zeynalov hesab edir ki, yaradıcılıq evlərinin olmaması, gənc yazarların istirahət məkanlarında dincəlməməsi onların yaradıcılığına müəyyən mənada təsir edir: "Gənc yazıçılar həmişə bir-biri ilə əlaqədə olsa, başqa xalqların yaradıcı insanları ilə ünsiyyət saxlasa, fikir mübadiləsi aparsa, bu, onların daxili aləmlərinin zənginləşməsinə, dünyagörüşlərinin artmasına, fikirlərinin cilalanmasına kömək edər”. E.Zeynalov xatırlayır ki, sovet dövründə yazıçılar istirahət məkanlarına getməklə zəngin ideyalarla yüklənir və dolu baqajla qayıdırdılar. Bu mənada istirahət mərkəzləri, yaradıcılıq evləri vacibdir: "Xüsusən ahıl yazıçı və şairlərdən bu cür məkanlar haqqında eşidirik. Onlar həmin yaradıcılıq evlərindən xoş xatirələrlə söhbət açır,  hələ də bu cür məkanları arzulayırlar. Təbii ki, bu cür yaradıcılıq evləri fəaliyyət göstərsəydi,  yazıçılara kömək olardı. Ancaq yazıçı yazmaq istəyirsə, bu imkanı hər yerdə tapa bilər. Yəni mıkan, onun yazması çün problem olmamalıdır. Əgər yaradıcı adamın fikri, planları varsa, bir sakit guşə tapıb gerçəkləşdirə bilər".
 

 
 Ədəbiyyatımız qazanar
 Yazar Səxavət Sahil sovet dövründə yazıçılar üçün olan yaradıcı şəraitin bu gün olmamağını təəssüflə qeyd edir: "O vaxtlar yazıçılar Rusiya, Ukrayna, Baltik ölkələri və Gürcüstanda olan istirahət mərkəzlərinə göndərilirdilər. Burda yazarlar həm istirahət edir, həm də yaradıcılıqla məşğul olurdular. Eyni zamanda, Azərbaycanda da belə istirahət mərkəzləri fəaliyyət göstərirdi və yazıçıların istifadəsində idi. Tanıdığımız yaşlı nəslin nümayəndələri olan yazarlar əsərlərinin çoxunu Yessentuki, Kislovodsk, Pitsunda kimi istirahət mərkəzlərində yazıblar. Yazaların bu cür imkanlardan istifadəsi olduqca əhəmiyyətli idi”. S.Sahilin sözlərinə görə, sovet dövründə bunlar planlı şəkildə təşkil olunurdu. Belə ki, yazıçıya yaradıcılıq ezamiyyəti verilməklə yanaşı, onun yazacağı əsərin qonorarı əvvəlcədən ödənirdi: "Belə olduğu halda yazıçı yalnız yazmaq haqqında düşünürdü. Bu gün də belə şəraitin yaradılmasına, yazarların yaradıcılıq potensialının artırılmasına ehtiyac var. Bunun üçün o qədər də böyük maliyyə tələb olunmur”. Məsələn, Yessentukidə bir yazıçının on beş günlük yaradıcılıq ezamiyyəti tərcümə kitabına verilən normal qonorardan dəfələrlə aşağıdır. Yazarlara əsər sifarişi verib onları belə istirahət və ya yaradıcılıq mərkəzlərinə göndərmək olar. Tutaq ki, hər hansı bir yazıçıya Azərbaycan tarixi və ya tanınmış şəxsiyyətlərin həyatından bəhs edən roman sifarişi vermək olar. Hesab edirəm ki, aidiyyəti qurumlar buna diqqət ayırsalar,  müsbət nəticələnər. Həm yazarlar istirahət edər, normal şəraitdə yazıb-yaradarlar, həm də yeni əsərlər ortaya qoya bilərlər. Nəticədə isə ədəbiyyatımız qazanacaq”.