Biz imzaları yox, əsərləri dərc edirik...

Yazarlar əsgərlik xatirələri – Sorğu
363
12 İyul 2018, 08:52
 
 Bu il Milli Ordumuzun 100 illiyi tamam olur. Ədəbiyyat adamları da Vətənin hərbi gücünə öz vətəndaşlıq borclarından əlavə, yaradıcılıqları ilə töhfə verməli olduqlarını düşünürlər.
 
 
 
 Xalqın, məmləkətin ağrılarını daha yaxından duymaq
 Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı hərbi xidməti kişilərin həyatının ən vacib dövrlərindən biri sayır: "İnsan müstəqil həyata hazırlaşmaq üçün müəyyən çətinliklərdən keçməli, özünü müəyyən intizama hazırlamalıdır ki, bunda da əsgərlik həyatının böyük rolu var. Həmçinin mənən yetişmək, özünə dost qazanmaq, həyatı anlamaqda hərbi xidmət dövrü böyük rol oynayır.  İnsan o dövrdə bir sıra çətinliklərdən keçməlidir ki, sonrakı həyatında üzləşəcəyi problemlərin öhdəsindən gələ bilsin”. Yazıçının fikrincə, yaradıcı adam həyatın o çətinliklərinə hissiyyat və münasibət göstərən insanlar olur. Belə ki, həyatlarının ilk dövrlərində həmin çətinlikləri görsələr, sonradan onlar üçün yaşamaq daha asan olur: "Mən 15 il həqiqi hərbi xidmətdə olmuşam. Universiteti bitirəndən sonra leytenant rütbəsi almışam və mayor rütbəsinə kimi yüksəlmişəm. Müdafiə nazirliyinin hərbi telestudiyasının baş redaktoru, "Hərbi birlik» jurnalının baş redaktor müavini kimi cəbhə bölgələrində, döyüşlərin getdiyi ən qızğın yerlərdə - Ağdam, Cəbrayıl, Tərtər bölgələrində olmuşam. Həmin vaxt döyüş bölgələrində çəkilişlər reportajlar hazırlayırdıq. Həyatımın mənəvi cəhətdən çətin günləri sayılsa, torpaqlarımız işğal olunsa, ölkədə çətinliklər yaşansa da, eyni zamanda o dövr həyatımın ən mənalı illəri idi. O dövr məni bir insan kimi intizama alışdırdı. Xalqın, məmləkətin ağrılarını daha yaxından duymaq kimi xüsusiyyətləri qazandım. Bu baxımdan yaradıcı adam olmaq bizdən ikiqat məsuliyyət tələb edir. Həm torpağa, xalqa arxa durmalısan, həm də öz əsərlərində o xalqın, torpağın dərdini əks etdirməlisən. Bu cəhətdən elə bilirəm ki, yaradıcı adamların məsuliyyəti daha ağırdır”. N.Əbdülrəhmanlı  həmin adamlardan biri kimi müharibəyə, Qarabağ mövzusuna ayrıca əsər həsr etməsə də, hekayə və povestlərində həmin epizodların yer aldığını deyir: "Əsərlərimdə müharibənin əlamətlərini öz qəlbində daşıyan adamların obrazları var. Özüm də Qarabağ müharibəsinin veteranı kimi bu missiyanın ağırlığını, məsuliyyətini həddən artıq çox hiss edirəm”. 
 
 
 
 Özünüdərk şüurunun formalaşmasına səbəb
 Tənqidçi Əsəd Cahangir hərbi xidmətini "Varşava müqaviləsi” əsasında Polşa Xalq Respublikasında keçirdiyini deyir: "Polşanın bir sıra şəhərlərində hərbi xidmət keçmişəm. Təsəvvür edin, qapalı sovet cəmiyyətindən başqa heç bir yeri görməyən bir yeniyetmə nəinki Azərbaycandan, hətta SSRİ-dən kənara çıxdı və Avropa ölkəsində hərbi xidmətə başladı. Mən hərbi xidmətdə olarkən orada SSRİ xalqlarının, eləcə də Sovet İttifaqında yaşayan azsaylı xalqların nümayəndələri ilə ünsiyyətdə oldum. Bu, mənim milli özünüdərkimə kömək etdi. Bildim ki, mənim millətimin başqa millətlərdən üstün və zəif cəhətləri nədən ibarətdir. Bu məndə milli qürur hissi oyatdı, özünüdərk şüurunun formalaşmasına səbəb oldu. Əsgəri xidmət mənim yaradıcı insan kimi dünyagörüşümün formalaşmasında, rus dilini mükəmməl surətdə mənimsəməyimdə kömək oldu. Sonradan ali təhsil alanda, daha sonra tənqidçi kimi fəaliyyətimdə rus dili mənim çox köməyimə gəldi. Bu dil vasitəsilə dünya ədəbiyyatının mədəniyyəti, ədəbiyyatşünaslığı, tənqidi ilə tanış ola bildim. Bu gün də bu dil vasitəsi ilə dünya ədəbiyyatında baş verən yenilikləri izləyirəm. Bu, mənim yazılarıma müsbət təsirini göstərir”. Tənqidçi hesab edir ki, hərbi xidmət gənclərin bir insan kimi xarakterinin formalaşmasına, yetkinləşməsinə kömək edir: "Tamam başqa millətlərin nümayəndələri içərisində, yad bir ölkədə baş çıxarmalı olursan. Hərbi xidmətin min bir çətinlikləri var. Bütün bunlar insanın xarakterini möhkəmləndirir, iradəsini formalaşdırır. Ola bilsin ki, gələcəkdə yazacağım əsərlərə hərbi xidmət zamanı şahidi olduğum hadisələr öz təsirini göstərəcək. Mən hətta, bəzi məqalələrimə əsgəri xidmətlə bağlı xatirələrimi qeyd etmişəm”. Ə.Cahangir Milli Ordu Gününə həsr olunan paradın onda qürur doğurmasını təbii sayır: "Mən də hər bir azərbaycanlı kimi fəxr edirəm ki, azərbaycanlıyam. Bizim hərbi gücümüz, ordumuz, aviasiyamız nə qədər güclüdürsə, bu millət və dövlət o qədər güclüdür. Biz müharibə şəraitində olan bir ölkəyik. Atəşkəs elan olunmasına baxmayaraq, 30 ilə yaxındır ki, Ermənistanla Azərbaycan arasında münaqişə davam edir. Bizim hərbi gücümüz, inkişaf edən texnikamız – ordumuzun qüdrəti düşmən sıralarına çaxnaşma salıb. Bu da, məni bir Azərbaycan vətəndaşı kimi qürurlandırır. Hesab edirəm ki, bütün yazıçı və şairlər, tənqidçilər öz yaradıcılıqlarında Azərbaycan ordusu, əsgər və zabitlərimiz, onların rəşadəti haqqında yazmalıdırlar. Onlar öz əsərləri ilə əsgər və zabitlərimizi torpağımızı qorumağa ruhlandırmalıdırlar. Müəyyən mükafat verən komissiyalar bu mövzuda müsabiqələr təşkil etməlidirlər, bu mövzuda əsər yazanları stimullaşdırmalıdırlar. İnanıram ki, Azərbaycan ordusu tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ problemini, ölkəmizin xeyrinə həll edəcək, Azərbaycan ədəbiyyatı da öz dövlətinin yanında olacaq”.  
 
 
 Lazım gəlsə, müharibədən də çəkinmirik
 "Heç nə, bu dünyada doğma Azərbaycanın əsgəri olmaqdan qürurlu deyil”- deyən şair Vasif Süleyman bildirdi ki, hərbi xidmətim 1983-85-ci illərdə, bəlkə də mülki həyatda heç vaxt gedib görə bilməyəcəyim Almaniyanın Drezden və Ordruf şəhərlərində keçib: "6 ay Drezden şəhərində tank mexanik-sürücülüyü oxumuşam, 1 il 6 ay isə  Ordruf şəhərində tank hissəsində  xidmət etmişəm. Eyni zamanda hissənin "Qvardiyaçı” qəzetində yazılarla çıxış etmişəm. O vaxt belə idi ki, universitetin jurnalistika fakültəsinə sənəd verəndə mətbuatda çap olunmuş yazılar da təqdim etmək lazım idi. Mən də istədim ki, əsgərlik illərində də mətbuatdan uzaq düşməyim. O qəzetin redaktoru var idi – mayor Dançenko. Bacardığı qədər mənə dəstək olurdu. Bir gün dedi ki, gəl, sənədlərini hazırla, göndərişlə səni göndərək Kiyev Dövlət Universitetinin jurnalistika fakültəsinə. Heç cür razılıq vermədim, dedim ki, mən ADU-nun (Azərbaycan Dövlət Universiteti 
 indiki BDU ) jurnalistika fakültəsinə daxil olacağam. Mən əsgərlikdən qayıdana kimi ADU-nun adı dəyişdirilərək BDU oldu. Jurnalistika fakültəsi  alınmadı, filologiya fakültəsində oxudum”. V.Süleyman deyir ki, əsgərlik illərini qısa bir sual-cavabda əhatə etmək çox çətindir: "Mənimki əsl əsgərlik həyatı olub, il yarım o zamankı sovet hökumətinin döyüş tanklarından birini idarə etmişəm. Sürücü-mexanik olduğumdan çox nadir hallarda bizi naryada aparırdılar. Bir dəfə həmin o nadir naryadlardan birinə-qarovula aparmışdılar. Mən də tankların saxlandığı qaraj kimi bir yerdə qarovul çəkirdim. Ağac dirəklərdən birinin lap yuxarısında radio qovşağının xətlərindən biri var idi. Gecə saat iki olardı. Qulağıma səs  gəldi. Hiss etdim ki, radio qovşağından gəlir, kimsə azərbaycanca oxuyur. Lap yaxınlaşdım, Teymur Mustafayev "Ey sarvan, ahəstə get, ruhi-rəvanımdır gedən” mahnısını oxuyurdu. Qarovulda olduğum yaddan çıxdı. Betonun üstündə oturub, silahı döyüş vəziyyətindən çıxarıb, qoydum yanıma. Bir də onda özümə gəldim ki, gecə növbəsini yoxlamağa gələnlər silahımı təhvil almaq istəyirlər. Birtəhər, o vəziyyətdən çıxa bildim. 
 Başqa bir ölkədə hərbi xidmətdə olmağın bir çox yasaqları da var idi. Başqa ölkədir, axı... Ətrafdan müşahidə edənlər sovet əsgərini hər sahədə gözü-könlü tox bilməli idilər... Nə isə... O vaxt biz hamımız bir ordunun – sovet ordusunun əsgərləri idik. Aradan illər ötəndən sonra bir əsrdə ikinci dəfə öz müstəqilliyimizə qovuşduq. Rejimindən, quruluş formasından asılı olmayaraq, Vətən Vətəndir. İgid ömrü  yaşayanların, uğrunda getdiyi Vətən müqəddəsdir, basılmazdır. Hər nə olsa da, bu dünyada doğma Azərbaycanın əsgəri olmaqdan qürurlu heç nə yoxdur”. V.Süleyman qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə əlaqədar paytaxtda keçirilən möhtəşəm təntənəli hərbi parad, əslində sülhməramlı Azərbaycanın dünyaya bir mesajı idi. Özü də haqlı mesajı: "Yəni müharibə istəmirik, amma lazım gəlsə, müharibədən də çəkinmirik”.
 
 
 Hər kəsin vətəndaşlıq borcu
 Hərbi xidmətin istənilən yaradıcı insanın həyatında böyük rolu olduğunu deyən yazar Emin Pirinin fikrincə, əsgərlik dövrü ilk növbədə həyat təcrübəsi baxımından yaradıcılıq üçün mənbə və qidadır: "Hər bir insana orduda xidmət etməyin təsiri olur. Dünyada istənilən prosesdə həlledici rolu ölkənin ordusu oynayır. Ona görə orduda xidmət edən insanların həyatında bu xidmətin əhəmiyyəti yaranır. Yaradıcı bir insan üçün isə ordu müəyyən mənbəyə çevrilə bilər”. E.Piri deyir ki, onun da yaradıcılığının qidası daha çox ordu ilə bağlıdır: "Səngər həyatı, keçirilən təlimlər, sərhədlər də yaradıcı insanın həyatında rol oynayır. Güclü dövlətlər bu sahələrdə psixoloji, təhtəlşüur baxımından genetik kodlarla böyük ədiblər ortaya çıxara bilir. Bu, teatra, incəsənətin digər sahələrinə, ədəbiyyata da aiddir. Zəif xalqların istisnalar olmaqla, heç vaxt böyük yaradıcı nümunələri ola bilməz. İstər Lələtəpə, istər Naxçıvan hadisələri olsun – bu döyüşlər insanda milli özünüdərk yarıdır. Nə qədər kosmopolit olsan da, yaşadığın cəmiyyətin güclü olması insana əlavə stimullar verə bilir. Əslində, yaradıcı insan dəstəklənməlidir. Cəmiyyət özünün daxilində həm də güclü xarakter yetişdirməlidir. O zaman əsər də güclü olur”. Yazar hesab edir ki, torpaqlar azad olunandan sonra Qarabağ ruhu ilə yazılan böyük əsərlər ortaya çıxa bilər: "Sovet dövründə müharibə vaxtı pafoslu şeirlər yazılırdı. Ancaq böyük əsərlər nəinki 1941-45-ci illərdə, daha çox qələbədən sonra yazıldı. Eləcə, xarici ölkələrin ədəbiyyatında da bu hallara rast gəlmək mümkündür”. İşindən və peşəsindən asılı olmayaraq, hər kəsin bir vətəndaşlıq borcu olduğunu deyən E.Piri, hesab edir ki, bu baxımdan yazarların üzərinə daha böyük məsuliyyət düşür: "Sən həm oğul, həm ata, həm qardaşsan, həm də bu ölkənin vətəndaşısan. Sənin müxtəlif borcların var. Başqa vaxt deyirik ki, şair və yazıçılar cəmiyyəti maarifləndirməlidirlər. Bizim də vəzifəmiz odur ki, cəmiyyətin haqlarını qaytarmasına dəstək olaq. Bu haqsızlıqlardan ən böyüyü Azərbaycan torpaqlarının işğalıdır. Qarabağ işğaldan azad olunmayana kimi Azərbaycan cəmiyyətində şair və yazıçıların kosmopolit sistemlə məşğul olması, yəni yalançı bəşəri ideyalar yürütməsi cəmiyyət üçün xəyanətdir. Pafoslar insanı vətənpərvərlik mövzusundan iyrəndirir. "Qarabağın bir qarışı əldən getsə, dünyanı dağıdacağam" kimi pafoslu sözlər torpağı qaytarmır. Çünki torpağımızın 20 faizi düşmən işğalındadır. Ancaq bu mövzuda bədii, ruhlandırıcı əsərlər yazmaq olar. Özüm də bu yaxınlarda belə bir əsər yazmağa başlamışam. Bizim şəhidlərimiz, milli qəhrəmanlarımız var. Onların həyatını bədiiləşdirib haqlarında filmlər də çəkmək olar”.  Yazar Ordu Günü ilə bağlı paradın onda qürur hissi yaratdığını deyir: "Mən ehtiyatda olan zabitəm. Ağdam bölgəsində taqım komandiri olmuşam. Bir vətəndaş, keçmiş hərbçi kimi, parad məndə qürur hissi yaratdı. Bu parad təkcə şair və yazıçılarda deyil, ümumən ölkə vətəndaşlarının hər birində qürur hissi yaratmalıdır. Ordu bizim ən çox güvəndiyimiz və qürur duyduğumuz sahədir. Biz bu paradın nəticəsini əməli bir hadisə ilə görməyi arzulayırıq. Əminəm ki, bu cür hadisələr  yaradıcılığa da öz təsirini göstərəcək!”
 
 Təranə Məhərrəmova