Biz imzaları yox, əsərləri dərc edirik...

Yaşamağa vaxt yoxdur – EL SEVƏRin şeirləri
1739
22 May 2020, 09:47
 Artkaspi.az saytı EL SEVƏRin şeirlərini təqim edir:

 Yol
 
yol uzun
bir hovur nəfəs
yaşamağa vaxt yoxdur
ölməyə həvəs
 
yol uzun 
yağış da yağır
ağır-ağır
iynə-iynə
kasıbın uçuğuna
 
yol uzun
lap başağrısı qədər
və bir də
nə isə
lənət şeytana
 

 
 Nostalji
 
qısılıb tənhalığın qucağına,
nə düşünürsən, iydə  ağacı?!
hər  axşam günəşi gözləmisən,
hər səhər ayı.
Zaman başının üstündən şütüyüb,
                         bilməmisən.
Eh, əl elə dalımca, iydə ağacı,
                          əl elə!
Bəlkə qayıtmadım!
 
 
Minə nənəyə
 
ölüm sözünü olum yazırdı həmişə
əli əsdiyindən
nöqtəsini qoya bilmirdi.
yüz beş il yaşadı Minə nənə. 
qızı şəhid oldu
oğlu fərari
basdırdılar əri qarışıq
AZİnin yataqxanasında
toyuq-cücələrini oğurladılar


şəhər uşaqları
bankalarını sındırdılar - mürəbbə dolu,
yazığı zorla öldürdü
hündürmərtəbəli binalar
indi hamı ondan danışır
yas yerlərində
qəhrəman qadın idi
deyirlər
bu qədər dərdlə yaşaya bildi.
quş oldu, uçdu Dəlidağ deyib…
belə yazdılar qəbrinin üstünə də
Minə Manaf qızı
Oldu - 1903
Oldu - 2008
                                                  
Gecikmiş
gecikdi dünyanın təzə vaxtına
bezdi özündən
saflığından bezdi
istədi özünü assın
sonra düşündü
hələ tezdi
getdi
getdi tanışlarıgilə
gördü tanışları da köhnəlib
yolları
kolları köhnələn dünyanın
insanları da köhnəlib
təzəlik axtara-axtara
endi köhnəliyin dərinliyinə
yuvasını itirmiş quş idi
çırpındı-çırpındı
gec də olsa ayıldı
özünə qəsd etdi
ölmədi
çünki ölümə də gecikmişdi
 
 

 Nekroloq
 
və  bir gün 
çıxıb gedəcəyəm
qarıyacaq yollara
dikilən baxışlar
arxamca hürəcək küçə itləri
dəfn edəcəyəm                                                                         
"və”yə qədərki zamanı
unudulmuşlar qəbiristanlığında
 
və bir gün
baxmayıb göz yaşlarıma
sındıracağam inadımı
adımı 
yazacağam
vətənsiz quşların qanadına
 
və bir gün
enəcəyəm qərib yuvalara
lələklərə qarışıb
məndən də yuva quracaq                                                        
qərib məmləkətin 
qəribə quşları
 
və bir gün 
gec də olsa
qayıdacağam verdiyin ünvana
əlimdə bir çələng nərgiz
nərgiz gülünü çox sevirdin