Artkaspi.az saytı Müşfiq Abbasovun müsahibəsini təqdim edir:
O, yazdıqları ilə hər kəsi güldürməyə çalışır. Məqsədi
yalnız güldürmək deyil, problemi gülərək göstərməkdir. Deyir ki, həyat davam
edirsə, zarafat da, ağlamaq da, problem də olacaq. Mühüm olan, insanların öz
qüsurlarına gülməsi və gülərək düzəltməyə çalışmasıdır.
Azərbaycanda ən məşhur gülüş səhnələrinin ssenari
müəllifi olan insanın Neft Akademiyasını bitirdiyi, satıcı işlədiyi yəqin ki,
heç kimin ağlına gəlməz. Bəlkə də bu müxtəliflik insanların xarakterini peşəkarcasına
üzə çıxarmasına kömək edib.
Müsahibimiz "Bu şəhərdə” yumoristik teatrının
ssenaristi, prodüser, aktyor Müşfiq Abbasovdur.

– Çörək
mağazasında satıcı, plastik qapı-pəncərə sexində menecer, "Neftbaza”da
inspektor, redaktor, prodüser, ssenarist... Fərqli karyera yolunuzdan
danışaq...
– Yaxşı məqamlar da olub, pis məqamlar da. Amma mən
o yolu unutmuram. Frank Sinatranın "My way” (mənim yolum) mahnısını çox bəyənirəm
və özümə aid edirəm. Hətta bir dəfə peşəkardan bu mahnının tərcüməsini öyrəndim
və bir daha ona vuruldum. Bu, mənim yolumdur. Yaxşısı da, pisi də mənimdir.
– İlk
qazancınız uşaq yaşlarınızda olub. Nə qədər olduğunu xatırlayırsınız?
– Bəli, ilk qazancım 9-cu sinifdə olub. Krossvord
doldurub, redaksiyaya verib, pul qazanmışdım. Kim birinci doldurub gətirirdisə,
ona pul verirdilər. İlk qazancım o zamankı pulla 5 min manat idi. O, mənim həyatımın
ən şirin pulu idi. Daha sonra Azərbaycan Neft Akademiyasını bitirdim, "Neftbaza”da
işlədim. Paralel olaraq, akademiyada KVN komandasının rəhbəri idim. Hələ
universiteti bitirməmiş Anar Məmmədxanov məni "Parni iz Baku”-ya dəvət etdi.
Bununla yanaşı, institut vaxtlarında çörək dükanında gecə növbəsində satıcı işləyirdim.
– Hər bir sahə
insanda müəyyən vərdişlər yaradır. O dövrkü "yolunuz”dan bu günə qədər gətirdiyiniz
vərdişiniz varmı?
– Çörək dükanında sərgüzəştlər həddindən artıq çox
olurdu. Gecə hər bir sahədə işləyən insan macəralarla üzləşir. Çörək dükanından
qalan ən gözəl təcrübə tələbəlik illərində mənə verilən "çaevoy” idi. O, məndə
vərdiş halını alıb. Hətta bəzən olub ki, xarici səfərlərdə mağazalarda,
restoranlarda artıq pul vermişəm. Orada bunu yaxşı başa düşmürlər. "Çaevoy”un
satıcı üçün olan şirinliyini, ləzzətini məndən yaxşı heç kim bilməz. Kimisi
bunu israfçılıq kimi anlayır, amma bu, belə deyil. Mən ondan həzz alıram. Bəzən
olub ki, aldığım malın məbləği qədər "çayevoy” vermişəm. "Çayevoy”un miqdarı
mala, əhval-ruhiyyəyə, maddi duruma və xidmətə baxır. Amma mütləq istər
restoranda ofisianta, istərsə də xidmət sahəsində işləyən hər kəsə qalıq pul
verməyə çalışıram. Hər dəfə verdikcə, öz "çaevoy”um yadıma düşür və bundan zövq
alıram.
– Parodiyalarınızda
daha çox cəmiyyətdə olan neqativ halları işıqlandırırsınız. Heç düzələn
neqativlər olurmu?
– Parodiya qəhrəmanı etiraf etmir, amma düzəlir. Bəzən
hansısa müğənnini parodiya edəndə, o müğənni etiraf etmək istəmir. Yaxınlaşıb
deyir ki "bozbaşlar”ı yaxşı parodiya etdiniz. Halbuki mən onun özünü parodiya
edirəm. Öz üzərindən atır. Amma sonra baxıram ki, artıq parodiyada
vurğuladıqlarımı etmir. Əslində ürəyində başa düşür ki, onu parodiya edirdim.
Elə aparıcılar olub ki, biz parodiya edəndən sonra hərəkətlərini dəyişiblər.
Kimisə parodiya etdikdə, əgər zal gülürsə, deməli, sən düz deyirsən, yalan
danışmırsan. Yox, əgər zal gülmürsə, deməli sən yalan danışıbsan və səhnədə
olan düz deyil. Parodiya qəhrəmanlarının özlərini zala dəvət edirik. Şər atsan,
yalan desən, tamaşaçı gülmür. Ona görə, bəzən reaksiyalar olur. Bəzən kiminsə xətrinə
dəyir, ya dəymir. Normal insan heç bir reaksiya verməli deyil. Sabah məni də
kimsə parodiya edə bilər, əgər insanlar gülürsə, deyəcəyəm ki, deməli, mən beləyəm
və düzəlməliyəm.

– Müşfiq müəllim,
məşhurlarla bərabər, sadə insanları da parodiya edirsiniz. Heç olubmu ki, kimsə
sizə desin ki, sizin parodiya etdiyiniz insan mənim qohumudur.
– Bu yaxınlarda qonşumla liftin qarşısında
rastlaşdım. Xanım mənə dedi ki, siz mənim baldızımı haradan tanıyırsınız? Dedim
tanımıram. Nəinki baldızını, heç qonşum olan xanımını adını da bilmirdim. Deyir
sizdə filan səhnəcik var, Coşqun qadın obrazındadır. O, eynilə, mənim
baldızımdır. Deyirəm ay xanım, tanımıram. O, ümumiləşmiş, cəmləşmiş bir
obrazdır. Yəni o baldızdan tək səndə yoxdur. Deyir yox e, geyimi, saç düzümü də
elə idi. Birtəhər izah etdim. Məsələn, mənim 7 bibim var, hamısı klassik azərbaycanlı
bibilərdir. Bütün bibilər bir-birinə oxşayırlar.
– Ən çox gülüş
doğuran səhnəciklərdən biri də gəlin-qayınanadır. Bir müsahibənizdə vurğulayıbsınız
ki, bunları yazarkən ananızın fikirlərini öyrənirsiniz.
– Bəli, daha çox qadınlarla bağlı səhnəcik yazarkən
anamdan fikirlər alıram. Məsələn, iki qadın obrazı olur. Hansısa yeməklə bağlı
anamın fikirlərini alıram. Deyirəm ay ana, dovğanı bişirəndə, hansı göyərtilər
qatılır. Kimsə baxanda deməsin ki, dovğanın içinə cəfəri atmaq olmaz. Anamla,
qayınanamla, ofisdə olan qadınlarla məsləhətləşə bilərəm. Anam yoldaşımın qayınanası
olduğu üçün bəzən mənə deyib ki, belə şey olmur, sən bunu çox qabardıb,
şişirdibsən. Üstündən illər keçir.
Hansısa qohumdan, qonşudan o hadisəni eşidəndə, deyirəm ki, bəs
deyirdiniz olmur? Gördünüzmü, həyatda betəri də olur. Ssenari yazanda heç vaxt uydurmuram. Nə qədər
təbii olsa, bir o qədər tamaşaçıya doğma olacaq. Nə qədər doğma olsa da, o
tamaşaçını sən qazanırsan. Tamaşaçı sənə inanır və etibar qazanırsan. Süni,
uydurma, təbiilikdən uzaq olan səhnəciklər izlənilmir.
– Bəs bu
parodiyalar bir gün bitəcək, yaxud ideya tükənəcək deyə heç düşündünüzmü?
– Hər konsertdən sonra düşünürəm ki, bitdi. Bundan
sonra mən səhnəcik yaza bilməyəcəyəm. Baxmayaraq ki, institut illərindən
ssenari yazıram, hər dəfə bunu düşünürəm. Amma növbəti konsertə hazırlıq başlayanda
elə bilirəm ki, hələ heç nə yazılmayıb. Hər şey qabaqdadır. Çünki həyat davam
edir. Nə qədər ki, həyat davam edir, zarafat da, ağlamaq da, problem də olacaq.

– Öz
yazdığınıza özünüz gülürsünüz?
– Gözüm, yalnız öz səhvlərimi axtardığına görə, gülmək
yadımdan çıxır. Rahat baxa bilmirəm. Hər dəfə baxanda özümdə yeni səhv tapıram.
Tamaşanın həm ssenarisini yazıram, dekoru, musiqisinin yazılışı ilə
maraqlanıram. Bütün bunlar bitəndən sonra montajda da otururam. İllər keçir
köhnə konserti verirlər. Yenə də baxanda səhv tapıram. Özümü tənqid edirəm.
Hələ cavan olanda, mənə müdrik insanlar deyirdilər
ki, nə qədər ciddi informasiya alsan, ciddi məqamları izləsən, yumor bir o qədər
yaxşı alınar. Yəni yumor yazan insan, yaxşı olar ki, komediyaya, ümumiyyətlə,
baxmasın. Yaxşı bir ifadə var, deyir ki, komediyanı nə qədər ciddi etsən, bir o
qədər gülməli alınar. Gülməli hadisəyə parodiya etmək olmur. Onsuz da gülməlidir,
mən onu parodiya edib gülünc edə bilmərəm. Ciddi problem daha gülməli alınır.
Problemi gülərək göstəririk.
– "Azərbaycanlı
qızlar iki cür ailə qurur. Ya deyirlər filankəs ərə getdi, ya da qızını verdi.
Birinci variantda daha çox özü gedən qayıdır. İkincidə filankəslər imkan vermir
qayıtsın”. Yəqin ki, bu fikirlərinizi xatırladınız. Maraqlıdır, Müşfiq müəllim
üçün normalı nədir? Azərbaycan xanımlarını necə görmək istəyərdiniz?
– Orta statistik rəqəmlərlə götürsək, qızlar 20-25
yaş arası ailə qurur. Təcrübəli insan olmaq üçün bu yaş kifayət etmir. 30
yaşdan sonra insan öz təcrübəsini bölüşə və tətbiq edə bilər. Mənə elə gəlir
ki, qıza seçim oluna, variantlar təklif edilə bilər, qız özü də kiminləsə ailə
qurmaq istəyər, amma mütləq valideyn halallığı olmalıdır. Valideynin təcrübəsi
uşaqdan daha çoxdur. 20 yaşında olan qız aldana bilər. 20 yaşındakı şəxsin ən
azı 45 yaşında valideyni olur. Mütləq valideyn məsləhəti olmalıdır. Övladın
seçimi ilə valideynin məsləhəti üst-üstə düşməlidir. Müasir zəmanədə 99 faiz
hallarda ailə qurduqdan sonra ayrı yaşamaq dəb halını alıb. Gəlin və qayınana
bir yerdə yaşamırlar. Gənc ailə kirayədə də olsa, ayrı qalır. Əslində hər iki tərəf
üçün bu rahatdır. Amma mən hesab edirəm ki, həyat təcrübəsi toplamaq üçün gəlin
qayınana ilə ilk 3-5 ili bir yerdə yaşamalıdır. Hər şeyi anası evindən öyrənib
gələ bilər. Amma ailə tam başqadır. Təsəvvür edin, 5-6 nəfər dostumuzla birlikdə
İranda yaşamağa gedirik. Biz beynəlxalq qanunlara riayət edirik. Amma bu, kifayət
etmir. Hər dövlətin öz konstitusiyası var. İranda ictimai yerdə spirtli içki qəbul
edə bilmərik, onun cəzası var. Bunu İranda yaşayan bilər. Hər bir ailənin də öz
konstitusiyası var. Gəlin də, gəldiyi ailənin konstitusiyasını öyrənmək üçün
qayınana ilə bir yerdə yaşamalıdır. Konstitusiyanın maddələrinə riayət etsə, o
gəlinin cəzası olmayacaq. O gəlinə o evdə fəxri vətəndaş adı veriləcək (gülür).
– Bəzən
ağıllı olmaq insana mane olur deyibsiniz. Məsələn, belə deyim də var ki, ağıllı
fikirləşənə qədər, dəli vurdu çayı keçdi. Siz bunu necə tənzimləyirsiniz?
– Çox vaxt ağıllı qərarların peşmançılığını da çəkirəm.
Mən Rusiyada elə bir adam görmüşəm ki, təsadüfən tanış olmuşuq, həddindən artıq
imkanlı olub. İnsan nə rus dilini bilir, nə qanunları bilir, nə də dünyagörüşü
var. Sadəcə olaraq, bilir ki, stəkanı filan yerdə 2 manata satırlar. O şəhərdən
alıb gətirib 2 manat 50 qəpiyə satacağam. Bundan 1 milyon satsam, qazanıram.
Amma mən, yaxud ali təhsili olan hər bir insan düşünür ki, bu stəkanı ordan
alsam, birdən əlimdən düşüb qırılsa, borca düşərəm. 1 milyon yox, 100 dənə
alım. Qırılsa, çox ziyana düşmərəm. Mən 100 dənə alıram, o isə 1 milyon gətirir.
Mənim 100 stəkanım satılmır, qalır. Çünki mən fikirləşənə qədər artıq bazara 1
milyon stəkan gəlib. Çox hallarda həyatda ağılsızlıq kömək olur. İnsanın savadı
o qədər az olur ki, riski başa düşmür və bu, ona uğur gətirir. Eyni zamanda da
dünyagörüşü kasad olan insan milyardlarla pulu olsa da, alverçi stereotipini
formalaşdırır. Elə insanlar da var ki, gəliri o alverçidən qat-qat azdır, amma mədəniyyətinə,
savadına, dünyagörüşünə görə, onun zənginliyindən həzz alırsan. Dünyagörüşü,
ağıl yaşamaq üçüm lazımdır, amma qazanc üçün yox.
– Vurğuladınız
ki, cəmiyyətdə ciddi problem kimi gördüyünüz insanları parodiya edirsiniz. Yəni
ciddi, sizi incidən məsələni gülüşlə çatdırırsınız. Bəs gənclərlə bağlı müşahidələriniz
necədir?
– Uğurlu gənclərimiz çoxdur. Amma bəzilərinin
cılızlığı məni narahat edir. Bunun da səbəbkarı sosial şəbəkələrdir. Bəzən istəyirəm
ki, sosial şəbəkələr bağlansın. Eyni zamanda da anlayıram ki, bu, mümkün deyil.
Mənə elə gəlir ki, sosial şəbəkələrdən istifadə, uşaqlara elm kimi öyrədilməlidir.
Çünki gələcəyimiz birbaşa bunlara bağlıdır. Uşaq böyüyəndə, ondan istifadə etməsin.
Çünki o, bədbəxtçiliyə aparır. Gənclərin sosial şəbəkələrdən düzgün istifadə
etməməsi, savadının kifayət qədər olmaması ifrat istifadəyə gətirib çıxarır. Məktəbdə
oxuyanda Azad Mirzəcanzadənin bir sözü var idi, deyirdi ki, uşaqlar, mən həmişə
çalışmışam alınsın, alınmasa, siz çalışarsınız ki, orta məktəb və ali təhsilə
seksologiya və islamşünaslıq əlavə olunsun. Bu iki məqama insan elm kimi
yanaşmasa, uçuruma aparacaq. Həqiqətən, dünyada bu iki elmin kasadlığından,
ikisində də radikallıq çoxalıb. Sosial şəbəkələr də tədris kimi öyrədilməlidir
ki, yaxşı ilə pisi fərqləndirə bilsinlər.
Söhbətləşdi: Aygün Əziz