Biz imzaları yox, əsərləri dərc edirik...

Yarımçıq teatr mövsümü
372
10 İyul 2020, 08:00
 Mütəxəssislər başa çatan mövsümün əyər-əskikliklərini sadalayır
 
 Bir teatr mövsümünü də beləcə yola salırıq. Hər yeni mövsümə ümid, həvəs, istək, arzularla başlasaq da, mövsüm sonunda bir illik fəaliyyətimizə nəzər saldıqda, ümidlərimizlə arzularımızı yan-yana qoyub nəticənin heç də ürəkaçan olmadığını görürük. Bunun isə müxtəlif səbəbləri var. Ekspertlərimiz də geridə qoyduğumuz 2019-2020-ci il teatr mövsümündə yaradıcı hadisələrin az olduğunu qeyd edirlər. 
 
 Əməkdar artist, Pantomima Teatrının direktoru Elman Rəfiyev bildirir ki, teatr ili ərzində ən çox yaddaşında qalan teatrın onlayn doğum gününün qeyd edilməsi olub: "Hər yeni il teatr aləmi üçün fərqli hadisələrlə yaddaşlarda qalır. Bizim üçün mayın 16-da Pantomima Teatrının onlayn doğum gününü qeyd etməyimiz əlamətdar hadisə kimi yaddaşımıza həkk olundu. Bu, bir ilk idi. Hər zaman tamaşaçı qarşısında çıxış edən və doğum gününü tamaşaçıları ilə birlikdə qeyd edən Pantomima bu dəfə fərqli formatda ad gününü qeyd etdi. Teatrın yaradıcı heyət üzvləri gözəl əlbisələr geyinərək kamera qarşısına keçdi, bir-birlərinə ürək sözlərini ünvanladılar. Digər teatrlara gəldikdə isə, bir çox yaradıcı işlərlə tanış olduq. Belə ki, teatrlarımızın repertuarında fərqli əsərlər və yeni tamaşalar hazırlandı. Ancaq teatr mövsümünün ikinci rübündə pandemiya ilə əlaqədar olaraq onlayn fəaliyyətə başladıq. Mən bir aktyor kimi bu onlayn görüşlərdə bir ilkə imza atdım. Belə ki, məktəb şagirdləri ilə onlayn görüşlər keçirib, onlara teatrın və kinonun bu günündən, tarixindən bəhs etdim. Bir neçə məktəblə danışdıq, hər məktəbdən müxtəlif siniflərlə onlayn görüşlər keçirildi. İnanıram ki, bu görüşlər onların yaddaşında maraqlı xatirə kimi qalacaq və unudulmaz izlər buracaq". 
 E.Rəfiyev bu mövsümdə aktyorların və teatrda çalışan yaradıcı heyətin maaşlarının artırılmasını böyük hadisə kimi qiymətləndirir: "Bundan başqa, 2019-cu ildə iki teatra "Akademik” statusu verildi ki, bu heç də kiçik məsələ deyil". 
 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovlasöhbətimizdə o, 2019-2020-ci mövsümün Azərbaycan teatrı üçün bir çox hadisə ilə yadda qaldığını bildirdi: "Təbii ki, bu illərdə keçirilən dövlət islahatları göz önündədir. Bir çox aktyorlar fəxri adla və prezident mükafatı ilə təltif olundu. Bundan başqa, bu bir il ərzində mən Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar "Dəli yığıncağı" əsərinə səhnə həlli verdim. Bu mənim üçün bir teatr hadisəsi idi. Bundan başqa, xalq yazıçısı Anarın "Şəhərin qış gecələri" əsərini hazırlamışam. Əsər 20 Yanvar hadisələrinə həsr olunmuşdu. Bu işlərimdən sonra bildiyiniz kimi, karantin başladı. Əslində bizim teatrın mövsüm sonu üçün bir çox planları var idi. Ancaq karantin imkan vermədi ki, təmtəraqlı bağlanış edək. Repertuarımızda maraqlı tamaşalar vardı, onların yarısı yarımçıq qaldı, tamaşaçılara göstərə bilmədik".
 
 

 Sənətşünas Ənvər Börüsoy isə qeyd edir ki, bu mövsümdə heç bir teatrımızda elə də böyük bir uğura rast gəlməyib: "Səbəb isə Mədəniyyət Nazirliyi və köhnə düşüncəli teatr rəhbərlərinin idarəçilik sistemidir. Hazırda teatrlarımız təməlsiz və durğunluq dövrünü yaşayır. Teatrda o zaman uğur olur ki, orda şəffaflıq və yaradıcı işlər olsun. Bilirsiniz ki, bu il dövlət başçımız İlham Əliyev teatrlara əlavə maddi yardım ayırdı. Belə ki, bu yardım əsnasında teatrlarımızda yeni tamaşalar qurulmalı, texniki avadanlıqlar alınmalı idi. Ancaq biz o yeni avadanlıqları görmədik".
 Ə.Börüsoy bildirdi ki, ötən ilin sentyabrında Bakıda Beynəlxalq Teatr Festivalı başladı və bir teatr hadisəsinə çevrilməyi bacardı: "Sentyabrın 1-dən Bakıda Rusiyanın E.Vaxtanqov adına Akademik Dövlət Teatrının qastrol səfəri başladı. Bu festivalın özü göstərdi ki, Avropadan gələn tamaşalarda dünyada mövcud olan teatr estetikası mövcuddur. Festivallara gəlincə, bizim ana teatrımız olan Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə getdi. Ölkəmizi Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalında təmsil etdilər. Ölkənin bir nömrəli teatrı "ən yaxşı kütləvi səhnələrə görə" mükafat aldı. Bu "Azdrama”ya bir töhmət idi. Hələ bu, okeanın o tayında keçirilən nüfuzlu, say-seçmə festival deyil, qonşu ölkənin keçirdiyi bir festival idi. Və bizi məhz kütləvi səhnələrə görə mükafatlandırdılar... İl ərzində rejissor işinə görə Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovanın hazırladığı tamaşalar  yeniliyin xəbərçisi idi. Yerdə qalan rejissorların fəaliyyətində mədəni hadisəyə çevrilən bir işin şahidi olmadım".
 Sənətşünas, qanuna görə, teatrların nəzdində studiyalar fəaliyyət göstərməli olduğu halda, paytaxt teatrlarında belə studiyalara rast gəlmədiyini də vurğuladı: "Hansı ki, bu studiyalarda yeni nəsil aktyorlar yetişir. Bu da ayrı bir problemdir. Ümumilikdə götürdükdə isə, bu il heç bir teatr ortaya yeni yaradıcılıq konsepsiyası qoya bilmədi. Teatrlarda çalışanların maaşları 50 faiz qaldırılsa da, sənətdə heç bir yüksəliş gözə çarpmadı. Müəyyən sənət adamlarına mənzil, mükafatlar verilməsi, teatrlara maliyyə ayrılması dövlət səviyyəsində qayğının göstəricisi olsa da,  yaradıcılıq işlərində bunun heç bir əksini tapa bilmədik. Bu da düzgün teatr siyasətinin aparılmamasından qaynaqlanır. Rejissorlara yaradıcılıq sərbəstliyi verilsə, uğurlu tamaşalardan danışmaq olar. Bəzi teatrşünas dostlarımız xırda, epizodik xarakterli problemlərdən danışıb, yaxalarını kənara çəkirlər. Əgər onlar gördüklərini olduğu kimi tənqid etsələr, teatrlardakı problemləri desələr, o dramaturqlar, rejissorlar  utanıb normal işləyərlər. Teatrşünaslar indi tərifşünaslıqla məşğuldurlar. Ədəbi tənqidlər deyil, ədəbi tərif yazırlar". 
 Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov deyir ki, bütün dünyada, o cümlədən Azərbaycanda pandemiyanın qarşısının alınması məqsədi ilə həyata keçirilən karantin tədbirləri ilə əlaqədar bir çox fəaliyyət sahələri kimi, teatr müəssisələri də işlərini yarımçıq dayandırmalı olub: "Pandemiyaya və ölkədəki karantin rejiminə görə teatrlar virtual rejimdə mövsümü tamamlamağa məcbur oldular. Ona görə də mən bu mövsümü yarımçıq qalmış hesab edirəm. Məhz bu səbəbdən cari mövsüm ərzində yaradıcı hadisələrin çox olmamasını təbii qarşılayıram. Mənə görə, mövsümün ən maraqlı və əlamətdar işi YUĞ Dövlət Teatrında yazıçı İlqar Fəhminin pyesi əsasında Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmış "Mənəm mən" tamaşası oldu. Bu tamaşanın hazırlanması ilə yanaşı, həmin səhnə əsərinin dövlət mükafatına təqdim olunması mənim üçün əlamətdar idi".

 "525-ci qəzet”in mədəniyyət yazarı Şahanə Müşfiq bu il teatr sahəsinin diqqətdə olduğunu dedi: "2019-2020-ci il teatr mövsümü haqda ilkin xatırladığımız, yəqin ki, Xalq artisti Afaq Bəşirqızının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sənət adamlarıyla görüşündəki çıxış idi. Doğrudur, bu görüş ötən mövsümə aid olsa da, teatr cameəsi onun nəticələrini bu mövsümdə gördü. Cənab Prezidentin sərəncamı ilə aktyorların maaşı qaldırıldı, bir çox sənətçi evlə təmin olundu və sair. Eyni zamanda, Afaq Bəşirqızının Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovla olan qalmaqalı da yadımızdadır. Xüsusən İttifaqın konfransını boykot edərək yarımçıq tərk etməsi və səsləndirdiyi ittihamlar uzun müddət mətbuatın mövzusu olmuşdu. Yaradıcılıq məsələlərinə gəldikdə, bu mövsüm üçün iki əsas tamaşanın adını çəkə bilərəm. Biri YUĞ Dövlət Teatrının böyük şair, mütəfəkkir Nəsiminin 650 illik yubileyinə həsr etdiyi "Mənəm, mən...” tamaşasıdır. Bu tamaşa son illər Azərbaycan teatrında bir hadisə hesab olunmağa layiq iş idi. İlqar Fəhmi və Mehriban Ələkbərzadənin birgə işi olan əsər həm tematika, həm rejissor işi, həm də aktyor oyunu baxımından ən uğurlu tamaşalardan biri idi. Ondan başqa, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyun” teatrının "Solğun sevgilər” tamaşasının adını çəkə bilərəm. Bu tamaşa iştirak edən aktyorlar fərqli və yaddaqalan idi. Belə ki, Cəfər Cabbarlının "Solğun çiçəklər” faciəsi əsasında Səidə Haqverdiyevanın səhnələşdirdiyi və quruluş verdiyi əsərdə peşəkar aktyorlarla bərabər, sağlamlıq imkanları məhdud həvəskarlar da rol almışdılar. Onların uğurlu çıxışı tamaşanı daha yaddaqalan etdi. Mart ayından bu tərəfə isə teatrlarımız bir çox sahələrdə olduğu kimi, onlayn fəaliyyət göstərir. Biz COVİD-19 pandemiyası sayəsində teatrlarımızın bu cür ekstremal şəraitə hansı səviyyədə hazırlığını da öyrəndik. Canlı ünsiyyət sənəti olan teatrın onlayna keçidi, aktyorların məşqləri "ZOOM” proqramı ilə davam etdirməsi xeyli çətinliklər yaratdı. Bu dövrdə evdə bekar qalan aktyorların qiraətə göstərdikləri marağı da xüsusi vurğulamalıyıq. Bunun sayəsində bəzi aktyorların bədii qiraətdə də bacarıqlı olduqlarını öyrəndiksə də, bizi xəyal qırıqlığına uğradanlar da az olmadı. Ümumən 2019-2020-ci il teatr mövsümünü uğursuz adlandıra bilmərik. Arzu edirik ki, yeni mövsümə qədər pandemiya və karantin bitsin, biz də aktyorlarımızı canlı-canlı səhnədən izləyək”.
 
Xəyalə Rəis