Biz imzaları yox, əsərləri dərc edirik...

Yaradıcılıq həvəsim tükənmir – Tofiq Bakıxanovun müsahibəsi
716
17 Yanvar 2018, 15:03
  Artkaspi.az bəstəkar Tofiq Bakıxanovun müsahibəsini təqdim edir:

  "Artıq 88 yaşına qədəm qoyuram. Sözün düzü, yaşı hiss eləmirəm. Elə keçmişlə yaşayıram. Bu, yaradıcılıqla bağlıdır. Yazmasam da, hər gün nə etmək barədə  düşünürəm. Elə bilirəm ki, bu yaxınlarda Konservatoriyaya daxil olmuşam. İnanırsınız, bu, çox heyrətamizdir. Mənim üçün 50-60 və 70 il sürətlə keçib. İnanın, bunları danışmaqla təsvir edə bilmirəm. Təsəvvür edin, mənim əsərim 50 ildir ki, səhnədə oynanılır. Bu, bir insanın ömrüdür. Bu, mənə böyük bir mənəvi dayaqdır. Əsərlərim çalınır, yazılır, çap olunur...”. Bu günlərdə ömrünün 87-ci ili ilə vidalaşan görkəmli bəstəkar Tofiq Bakıxanovun yazıb-yaratmaq həvəsini minlərlə yaradıcı insana, xüsusən gənclərə örnək göstərmək olar. 
 
 

  Yaşadığı evin divarlarını bəzəyən keçən illərin fotoları  onun üçün təkcə şirin xatirə deyil, həmçinin yaşamaq, işləmək həvəsidir. Bu fotolardan Bakıxanov nəslinin tanınmış şəxsiyyətləri boylanır. Keçən əsrin məşhur ədəbiyyat, incəsənət insanları var bu şəkillər arasında. Divar boyu düzülən kitablarla dolu rəflər isə onun üçün təkcə nəzəriyyə deyil. Bu rəflərdə atasının, özünün, qardaşının, qızının yazıb yaratdığı, insanlara daim bilgi verən əsərlər var.
 
  – Sənət dostlarınızdan, yaşıdlarınızdan kimlərlə ünsiyyətiniz var?
  – Onların çoxu dünyadan köçüb. Təkcə Arif Məlikov sağdır. Onun da 84 yaşı var. Musa Mirzəyev, Nəriman Məmmədov rəhmətə getdilər. Yaxşı ki, korifeylərin əsərlərindən istifadə olunur. Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirovun əsərləri daim eşidiləcək. Çünki onların yazdıqları xalqın ruhuna uyğun olan əsərlərdir. Mən Qara Qarayevin tələbəsi olmuşam. Onun sinfi mənə yaradıcılığımda çox şey verib. İfaçılıq fakültəsini bitirəndən sonra və ondan da əvvəl marş, mahnı yazırdım. Qara Qarayev rektor olduğu zaman Konservatoriyaya getdim. "Bir-iki əsər yazmışam, mümkünsə baxın” – dedim. O, əsərlərə nəzər salan kimi "Mütləq bəstəkarlıqla məşğul olmalısan” dedi. Altı ay təmənnasız onun yanında dərs keçdim. Qara müəllim lazımi göstərişləri verəndən sonra Konservatoriyaya daxil olmaq üçün əsərlər yazdım. İmtahandan "5” aldım və məni Konservatoriyaya qəbul etdilər. Lazımi proqramları vaxtından əvvəl yerinə yetirərək 5 il əvəzinə 4 il oxudum və 2 diplom işi ilə təhsilimi başa vurdum. Tələbəlik illərində Azərbaycanın xalq mahnılarına böyük həvəsim olduğu üçün onları işləyirdim. Mahnıları Bəstəkarlar İttifaqına təqdim edəndən sonra onlar çap olunması üçün qərar verirdilər. O zaman MK-nın birinci katibi işləyən İmam Mustafayev xalq mahnılarının işıqlandırılması ilə bağlı göstəriş vermişdi. Mən də həvəsləndim və tədris ocaqları üçün xalq mahnıları üzərində işləyərək iki məcmuə hazırladım. Onları Bəstəkarlar İttifaqına təqdim etdim və qəbul etdilər. O vaxtdan tədris ocaqları həmin məcmuələrdən istifadə edirlər. Ona görə həmişə deyirəm ki, mənim yaradıcılığımın əsl səbəbkarı Qara Qarayevdir. O, həmişə "Köhnəlikdən əl çəkin, yeni axtarışlar edin” deyirdi. 
  "Uzaq sahillərdə” əsərim də uğurlu oldu. Mehdi Hüseynzadə haqqında çəkilən filmi gördükdən, Qara Qarayevin bu filmə yazılan musiqisini eşitdikdən sonra həmin poemanı yazmağa həvəsləndim. Mehdi Hüseynzadə qonşumuz idi. Mən onu görmüşdüm. Onun bacısı da tar çalırdı və atamın tələbəsi idi. Həmin əsəri Konservatoriyanın proqramına daxil etdik. Əsər ifa olundu və çap edildi. 55 il keçməsinə baxmayaraq, radionun orkestri o əsəri yenidən yazır. Yazdığım əsərlərin heç biri kənarda qalmayıb. 50-ci illərdən yazdığım əsərlər tədris ocaqlarında, konsertlərdə daim səslənir. Sənət adamının böyük sevinci odur ki, yazdığı əsərlər ifa olunsun. Bu, mənim üçün böyük şərtdir. Sevinirəm ki, yazdığım əsərlər bu günə qədər təravətini itirməyib. Bu yaxınlarda İrandan çoxlu məktublar almışam. Əsərlərimi İranda çap ediblər. "Biblioqrafiya” kitabım çapdan çıxıb. 32 fəxri adım var. "Şöhrət” ordeninə layiq görülmüşəm. Amerika, Rusiya, Türkiyə, İran və s. ölkələr tərəfindən mükafatlarım var. Bu günlərdə "Üzeyir Hacıbəyov adına mükafat”a layiq görülmüşəm. Bütün bunlar mənə fərəh verir.
  – Siz Üzeyir bəyi də görmüsünüz. Dahi bəstəkarla görüş yaddaşınızda necə qalıb?
  – Üzeyir bəy bizim qonşumuz idi. Atamla da çox yaxın dost idi. 1929-cu ildə o, atamı Konservatoriyanın muğam sinfində dərs deməyə dəvət etdi. Üzeyir bəy texnikumda Xalq çalğı alətləri şöbəsinin müdiri idi. Moskva dekadasında Stalin Üzeyir bəyin əsərlərinə yüksək qiymət verdi. Üzeyir bəy qayıdandan sonra SSRİ Xalq artisti fəxri adına layiq görüldü. Onu Konservatoriyaya rektor kimi dəvət etdilər. Üzeyir bəy çox sadə insan idi. O, balaca uşaqları görəndə başlarını tumarlayıb onlarla görüşürdü. Tələbələrindən qayğısını əsirgəmirdi. Məsələn, müharibə vaxtı dərsə gedən tələbələrinin rəngini solğun görəndə müavinini çağırıb onlara yemək verilməsini tapşırır, əyin-başla təmin olunmalarına göstəriş verirdi. Üzeyir bəy ətrafında olan gənc bəstəkarlara kömək edirdi. Onun dahiliyi təkcə yaradıcılığı ilə ölçülmürdü. O, həmçinin gözəl insan idi. Üzeyir Hacıbəyovun dövründə yaşamaq böyük xoşbəxtlik idi. Atam onunla da, Müslüm Maqomayevlə də işləyib. Müslüm Maqomayev Radio Komitəsinin bədii rəhbəri idi. Atam isə solist kimi çalışırdı. O, bir gün atamı çağırıb "Bir instrumental ansambl yaratsan yaxşı olar”  deyib. Atam yaxşı ifaçıları həmin ansambla cəlb edib. Qılman Salahov, Hafiz Mehrəliyev, Ağasi Məşədibəyov, Kor Əhəd kimi ifaçılarla işləyib. Firdovsinin 1000 illik yubileyi dünya miqyasında qeyd olunanda Ruhulla Axundov atamı çağıraraq "İranın mədəniyyət naziri Azərbaycana gələcək. Firdovsiyə uyğun bir proqram hazırlanmalıdır”  deyib. Atamın hazırladığı proqram yubileydə böyük uğurla səslənib. Üzeyir bəy də muğam proqramlarını hazırlamaq üçün atamı dəvət edirdi. Onların dostluğu ömürlərinin sonuna qədər davam etdi. Üzeyir bəyin məsləhəti ilə ailəmizdə mən də daxil olmaqla üç uşaq musiqinin arxasınca gedərək Konservatoriyanın nəzdində 10 illik musiqi məktəbində oxuduq. Bu, elə bil ziyalılar arasında da təbliğ olundu. Səməd Vurğun 3 övladını – Yusifi, Vaqifi, Aygünü həmin məktəbə göndərdi. Məmməd Rahim də oğlunu, Rəsul Rza övladı Anarı həmin məktəbə yönəltdi ki, musiqini Avropa alətlərində davam etdirsinlər. Üzeyir bəyin böyüklüyü onun uzaqgörənliyində idi. Deyirdi ki, xalq çalğı alətləri üçün kadrlarımız çoxdur, amma Avropa alətlərindən ibarət orkestrimiz yoxdur. Onun köməyi ilə bu cür orkestr də yarandı. Filarmoniyanın, radionun, Musiqili Komediya Teatrının, Opera Teatrının orkestrləri yaradıldı. Üzeyir bəyin atamla dostluğu da musiqidən başlamışdı. Bir gün Üzeyir bəy "Nəvai nüşabu” muğamı haqqında oxuyub. Bir neçə qocaman ifaçını, o cümlədən Cabbar Qaryağdı, Seyid Şuşinski, Qurban Primovu da çağıraraq "Ədəbiyyatda belə bir muğam var, bu barədə nə bilirsiniz” soruşub. "Biz bilmirik, bunu Əhməd Bakıxanov bilər”deyə cavab veriblər. Üzeyir bəy bir gün atama zəng vuraraq "Tarınla bizə gəl” deyib. Həmin muğam haqqında atamdan soruşanda atam muğamı ifa edib. Üzeyir bəy "Mən elə bunu istəyirdim” deyə sevinib. Bu muğam "Şur” muğamına yaxındır. Ona görə də Üzeyir Hacıbəyov "Koroğlu”nu yazanda uvertürasından başlayıb, "Şur muğamı”nın üzərində qurub. Atamla Üzeyir bəyin arasındakı dostluq yaradıcılıq dostluğuna çevrilmişdi. 37-38-ci ildə atamı həbs edəndə onların İran muğamlarını təbliğ etmələri ilə bağlı şaiyə yaymışdılar. "Humayun”, "Bayatı Şiraz”, "Bayatı kurd”, "Bayatı İsfahan” muğamlarını "iranlaşdırdıqları” deyilirdi. Bu ifalara görə atamgili həbs etmişdilər. Üzeyir bəy də Mircəfər Bağırovla eyni qatarla Moskvaya gedəndə bu barədə ona məlumat verir. Dekadadan qayıdandan sonra Mircəfər Bağırov atamı həbsdən azad edir. 

  – Siz Üzeyir bəyin əsərini dahi bəstəkarın qarşısında ifa etmisiniz. 
  – Mən konservatoriyaya daxil olanda Üzeyir bəyin "Arşın mal alan” fantaziyasını onun 60 illiyində orkestrlə canlı  ifa etmişəm. Dirijor Leo Ginzburqu da Moskva konservatoriyasından dəvət etmişdilər. Mən həmin əsəri ifa edəndə zalda Mircəfər Bağırov, Teymur Quliyev, Mirteymur Quliyev kimi rəhbər şəxslər oturmuşdu. Üzeyir Hacıbəyov da birinci sırada əyləşmişdi. İfa çox bəyənildi. 47-ci ildə Nizaminin 800 illik yubileyi keçirilirdi. Bu ifamı həmin proqrama da daxil etdilər. Mən Konservatoriyaya daxil olanda rektor Üzeyir bəy idi. Dahi bəstəkar dünyasını dəyişəndə adına təqaüd olması haqqında qərar qəbul edildi. 1948-ci ildə həmin təqaüdü mənə verdilər. Üstündən illər keçdi – indi də mənə "Üzeyir Hacıbəyov mükafatı laureatı” adını verdilər. Mən bununla fəxr edirəm. Mükafatlarım çoxdur, ancaq mən Üzeyir bəyin adı yazılan medalı yaxamda gəzdirəndə qürur hissi keçirirəm. O cür insanları yaddan çıxarmaq olmaz. 

  – Bəs atanızın sədəfli tarını qoruyub saxlamısınızmı?
  – Həmin sədəfli tar atamın ev muzeyində saxlanılır. Ümumiyyətlə, atamın çaldığı bütün alətlər o muzeydədir. Muzeydə Əhməd Bakıxanovun kolleksiyası qorunur. Sədəfli tar, kaman, saz, qaval var. Atamın yazdığı əsərlər – Azərbaycan xalq rəngləri, Azərbaycan zərb muğamları o zaman çap olunub və bu günə qədər öz əhəmiyyətini itirməyib. Bütün tədris ocaqlarında həmin əsərlərdən istifadə olunur. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın təşəbbüsü ilə 5 cilddən ibarət "Azərbaycan musiqisinin antologiyası” çap olunub. Orada da Əhməd Bakıxanovun yazdığı bütün muğamlar var. Mən atamın 5 muğamı üzərində işləmişəm. Əsasən, az ifa olunan muğamlara -"Humayun”, "Nəva”, "Şahnaz”, "Rahab”, "Dügah”a maraq göstərdim. Əhməd Bakıxanovun yaradıcılıq ənənələrinə söykənərək 5 simfonik muğam yazmışam. Bu, Azərbaycan simfonik musiqisində əlamətdar hadisədir. Həmçinin ifaçılar, musiqiçilər, bəstəkarlar üçün dəyərli töhfədir. Bu əsərlər də Mehriban xanımın təşəbbüsü ilə çap olunub. Bu əsərlər xarici ölkələrdə keçirilən muğam tədbirlərində sərgilənir. Yaradıcılıq işləri bitmir. Əsas odur ki, işləməyə həvəs olsun. Mənim yaradıcılıq həvəsim isə tükənmir.
 
  Söhbətləşdi: Təranə Məhərrəmova