Biz imzaları yox, əsərləri dərc edirik...

Yaradıcı insan öz potensialını xərcləməyəndə xəstəlik tapır – Afət Sunun müsahibəsi
564
31 May 2018, 07:59
 Artkaspi.az Unudulmuşlar rubrikasının ilk qonağı bir zamanların sevilən aktrisası, hazırda peşəkar yoqa təlimçisi olan Afət Sunun müsahibəsini təqdim edir:


 
  İncəsənət hərdən çox vəfasız olur. Göz görməyincə könül sevmir, unudur... Sizə təqdim etdiyimiz "Unudulmuşlar” adlı yeni layihənin qonaqları kimi. Halbuki, onlar zamanında bu sənətdə külüng çalıblar, can qoyublar. Teatr, kino sənətində sözlərini deyiblər, ancaq bu gün sənətdən küsüblər. Çünki bu sənət onları sevgisiz qoyub, küsdürüb.
 
Rubrikamızın ilk qonağı bir zamanlar Akademik Milli Dram Teatrının, YUĞ Teatrının sevilən, dəyərli aktrisası Afət Sudur. Afət xanım Azərbaycan teatrının səhnəsində N.Gəncəvinin  "Sirlər xəzinəsi”, A.P.Çexovun "Sentimental vals”,  K.Abdullanın  "Bir-iki bizimki”,  R.Rövşənin "Gəl gedək”, Ekzüperinin "Balaca şahzadə”, R.Rövşənin "Gündogan”, Füzulinin "Şəbi–hicran” əsərlərinin tamaşalarında müxtəlif obrazlarla yaddaşlara həkk olub.
Afət xanım hazırda peşəkar yoqa mütəxəssisidir. Maraqlı yazıların müəllifidir. Həm də saz ifaçısıdır. Hər dəfə onu araşdıranda, yeni bir tərəfini kəşf edirəm. Müsahibələrini, yazılarını, təhlillərini oxuduqca, sanki onu daha yaxından tanıyıram. Ancaq bu gün biz Afət xanımı nə seriallarda, nə filmlərdə, nə də teatr səhnələrində görə bilirik. Səbəbini isə özündən soruşaq. 

  – Afət xanım, istərdik ilk olaraq sizi incəsənətə gətirən yoldan danışaq.
  – İncəsənəti sevməmək mümkün deyildi. Bu elə gözəl sahədir ki, gərək onu doğuluşdan sevəsən. Zərrə-zərrə, qram-qram. Bu sənətə sevgim gizlin-gizlin qığılcımlanırdı. Fikirləşirdim ki, ötəri bir hissdir, keçər. Amma keçmədi. Ələsgər Paşayev adında çox zəngin intellektə malik müəllim var idi. Məktəbimizdəki dərnəkdə onunla gözəl tamaşalar və pyeslər üzərində işləyirdik. Əlamətdar günlərdə tədbirlər hazırlayırdıq. Həmin tədbirlərin ən fəal iştirakçılarından idim. Müəllimim də fikirləşirdi ki, gələcəkdə ədəbiyyat üzrə dil mütəxəssisi olacam. Çünki nitq qabiliyyətim çox yaxşı idi. Ancaq atam elə düşünmürdü. O, çox ciddi biri idi. Mən maddi və mənəvi zənginliyi olan ailədə böyümüşəm. Atamın kəskin qərarları vardı. Evin sonbeşiyi və ərköyün qızı olduğum üçün fikirlərimi sərbəst şəkildə atama ifadə edə bilirdim. O mənə silahdan atəş açmağı, maşın sürməyi öyrətmişdi. Atama bildirdim ki, bir halda ki biz dostuq, ona yalan deməməliyəm və mən hüquqşünas olmaq istəmirəm. İncəsənət sahəsinə olan sevgimi boğa bilmirəm. Atam bundan çox təsirləndi. Tibbi istedadımın olmasından isə atam xəbərdar idi. Sonra...


 
  – Bəs sonra?
  – Arzularımın ardınca getdim. Məktəbi bitirdikdən sonra  sənədlərimi İncəsənət Universitetinə verdim, ancaq həmin il qəbul ola bilmədim. İkinci il Universitetə müraciət edəndə, mərhum sənətkarımız Həsənağa Turabov məni dəstəklədi. İmtahan zamanı Şəfiqə Məmmədovaya bildirdi ki, keçən il bu qızı sən kəsmisən (gülürük). H.Turabovun ruhu qarşısında baş əyirəm. Üçüncü kursda oxuyarkən mənim təyinatımı Akademik Milli Dram Teatrına verdi. Şekspirin "12-ci gecə” tamaşasında Mariya rolunu mənə həvalə etdi. Həmin ərəfələr mərhum rejissorumuz Vaqif İbrahimoğlu YUĞ Teatrını yaradırdı. Mən də Həsənağa müəllimə Akademik Teatrdan ayrılaraq Yuğ Teatrına getmək istədiyimi bildirdim. Dedi ki, sənin çox böyük imkanların var, sən daha yaxşı obrazlar canlandıra bilərsən. O zaman mən fərqli düşünürdüm. Düşünürdüm ki, YUĞ teatrına getsəm, rejissorlar məni fərqli ampluada kəşf edəcək. Anlamırdım ki, sənətin də öz spesifik xüsusiyyətləri var. O zaman çox özünə qapanan, fərqli xarakter sahibi idim. Kliniki ölüm mənim həyata baxışımı, xarakterimi dəyişdi. Qızım Şirin deyir ki, "sən ona görə qələbə çala bilmədin ki, həyatda aktrisalıq edə bilmədin. İnsanlar real həyatda oynaya bilənləri sevirlər. Sən səhnədə oynaya bildin, amma o istedadı həyatda da göstərə bilməliydin”. Mən anladım ki, bu da çox vacib imiş. İnsanı olduğu kimi sevmək ağır bir şeydir. Qadın daima formada olub, güclü görünməlidir, öz üzərində işləməlidir. 
 
  – Vaqif İbrahimoğlu sizə necə bir təklif etmişdi ki, ana teatrın səhnəsini qoyub, yeni açılan bir teatra üz tutdunuz?
  – O dövrdə ölkədə vəziyyət ağır idi. Müharibənin ən qızğın dövrü idi. Biz də cəbhə bölgələrinə gedirdik. Mən orada sazla dastanlardan parçalar ifa edirdim. Vaqif müəllim əslində mənim sazla ifama vurulmuşdu. Deyirdi ki, əslində sazla fərqli şeylər edərik. O zaman YUĞ studiya kimi fəaliyyət göstərirdi, heç dövlət statusu da almamışdı. Teatra gələndən sonra tamam fərqli üslubda "Gündoğan” adlı tamaşa hazırlamışdım. Biz o teatrda sıfırdan hər şeyi qurmağa başladıq. Hər çətinlikləri gördük. V.İbrahimoğlu yeni teatr açmışdı və biz də istəyirdik ki, öz istedadımızı göstərək. Burda təbii ki, ən çox qazanan müəllimimiz oldu. Bizim kimi gözəl dəliləri haradan tapacaqdı? (gülürük) Koroğlunu da Koroğlu edən onun dəliləri olub. Onun hər sözü bizim üçün qanun idi. Hətta bizə hərdən deyirdi ki, müəlliminizi bu qədər şişirtməyin. Biz Vaqif müəllimdən  Kafkanın, Füzulinin sirlərini öyrəndik. Dünya poeziyası, psixologiyaya fəlsəfi baxımdan baxmağı öyrətdi. Bütün teatr konsepsiyalarını bizə açdı. Bir prinsipim var, mənə hər gün bir cümlə öyrədən insanın qarşısında baş əyirəm. Günü bu gün mən müəllimlərimi görəndə əllərindən öpürəm. 
 
  – Ana teatrın səhnəsindən gəlib, kiçik bir səhnədə fəaliyyət göstərməyinizə görə peşmançılıq hissi keçirdinizmi?
  – Səmimi olsaq, hərdən peşmançılıq hissi keçirirəm. Mən seçimimi düz etməmişdim. İkili iş apara bilərdim. Ancaq mən konkret yolumu müəyyənləşdirdim. İndiki gənclər daha aktiv, gələcəyi görə bilirlər. Bizim baxışlarımız çox dar çərçivədə idi. Azərbaycanda Vaqif müəllim qədər istedadlı rejissor yoxdur deyə, qapanıb teatrda qalmışdım.
 
 – Sizi YUĞ Teatrından ayrı salan səbəblər nə oldu?
 – Ailə qurdum. Bir ildən sonra övlad dünyaya gətirəndə texniki ölüm yaşadım. Daha sonra  teatra geri dönmək istədim. Reabilitasiya dövrümdə onu heç cür həzm edə bilmədilər. Məni o cür qəbul etmək çox ağır idi. Mən sanki başqa adam olmuşdum. Bir cümlə belə danışa bilmirdim. Nə gözəllik, nə də baxışlar o baxışlar deyildi. Mənə çatmırdı ki, nə üçün insanlar məni qəbul edə bilmir. Başa düşürəm, teatrda həmişə formada olmalısan. Dinamikliyin, aktivliyin, sağlamlığın yerində olmalıdır. Mən özümə qarşı bu reaksiyanı başqa adamlardan gözləyirdim, ancaq Vaqif müəllimdən heç vaxt. Özümü toparlamaq üçün çox zaman lazım oldu. O mənə dedi ki, sənə zaman verirəm, özünü toparla. Bir müddətdən sonra teatrda Yuğ poetikası qeyri-səlis məntiqlə əvəzləndi. Vaqif müəllim bu üslubda tamaşaların hazırlanması ilə bağlı bizə məlumatlar verirdi.  Bu prosesi konseptual şəkildə izah etdi. Bizim onunla bir mübahisəmiz oldu. Qeyri-səlis məntiqi yaradıcılığa, xüsusən də teatra gətirməyin mümkünsüz olduğunu dedim. Kinoda hansısa janrda müəyyən qədər istifadə etmək olar. Ancaq teatrda əsla... Azərbaycan tamaşaçısı Yuğ poetikasını anlaya bilmirsə, qeyri-səlis məntiqi necə qavrayacaq? Müəllimə dedim ki, bizə yalnız teatrşünaslarmı, sizin professor dostlarınızmı baxacaq? Axı bu ölkənin yarısı o qədər də ziyalı deyil. Onlar bu məntiqi o qədər də anlamayacaq. Onlar Yuğun mənasını bilmirlər, nəinki qeyri-səlis məntiqi. Biz müəllimlə fikir ayrılığına gəldik. Mən dərk etmirdim ki, bunu rejissora demək olmaz. Axı fikir mübadiləsi etməyi, yaradıcı təxəyyülün formalaşmasını bizə Vaqif müəllim öyrədib. 
Bu mənim cavanlıq səhvim idi. Əslində susmalıydım. Özümə haqq qazandırmıram. Azərbaycanda belə bir qanun var. Heç bir rejissorla mübahisə etməməlisən. Rejissorlar mənim bu xarakterimi qəbul edə bilmirlər. Mənə hər hansı bir janra görə müraciət edəndə, belə sual edirəm ki, janr xarakter paradiqması haqqında məlumat verin.  
 

 
  –  Bəs teatrdan ayrılandan sonra nələr etdiniz?
  – Mənim üçün çətin oldu. Yaradıcı insanın işsiz qalmağı mənim üçün ölüm deməkdir. Yaradıcılığımın ən gözəl məqamı idi. Təsəvvür edin ki, ağacı böyüdüb yetişdirirsən, o, bar verəndə, sən ondan istifadə etmirsən. Bu çox dəhşətli haldır! Dayanmadan başqa teatrlara üz tutdum. 
 
  – Niyə Azdramaya getmədiniz?
   – Çünki o vaxt Azdramada Həsənağa müəllim artıq dünyasını dəyişmişdi. O mənə çox dəyər verirdi. Teatr elə yerdir ki, həmişə dəstəklənməlisən. İstedadın çözülənə qədər canın çıxır, yaşın gedir. Bəlkə Həsənağa müəllim sağ qalsaydı, rahat sözümü söyləyə bilərdim. Hər şey başqa cür olardı. Bu qədər potensialım var, ancaq mən evdə otururam... Digər teatrlara üz tutdum. Mənə dedilər ki, sən Vaqifin tələbəsisən. Onlar Vaqif müəllimi qəbul edə bilmirdilər. Təbii ki, hansı teatra getsəydim, onların öz şərtlərini qəbul etməliydim. Orada Yuğ poetikasını ortalığa qoymayacaqdım ki. İstənilən teatrın konsepsiyası ilə işləmək qabiliyyətim var idi. 
 
  – İrəvan Dövlət Dram Teatrına necə getdiniz?
   – Öz sahəm üzrə çalışmaq istəyirdim. YUĞ-a qayıtsam da artıq orda sistem başqa idi. Baxmayaraq ki, teatrı biz yaratmışdıq... Mən İrəvan Teatrının rəhbəri İftixar Piriyevə müraciət etdim. O, yeganə teatr direktoru idi ki, etiraz etmədən məni qəbul etdi və orada çalışmam üçün hər bir şəraiti yaratdı. Ancaq kollektivlə dünyagörüşümüz, həyata baxış tərzimiz uyğun gəlmirdi. İnsanlar teatrda fikirləşir ki, əgər o başqa teatrdan gəlibsə, burada fəaliyyət göstərə bilməz. Axı o dövlətindir, şəxsi mülk deyil. Təəssüf edirəm ki, orada işbirliyimiz uzun  sürmədi. Mən bu barədə İftixar müəllimə heç nə demədim. Yaradıcılıq mühiti olmadığı üçün o teatrı tərk etdim. 

  – Sizin yaradıcılığınıza baxsaq, maraqlı obrazların müəllifi olmusunuz.
  – O zaman Ramiz Mirzəyev məni "Nekroloq” televiziya tamaşasında kiçik bir rola dəvət etmişdi. Ümumiyyətlə aktyorla işləmək də bir səriştə, qabiliyyət tələb edir. Mən Ramiz müəllimdə bu  özəl keyfiyyətləri gördüm. Bundan əlavə, Əsgər Əsgərovun "Ölümə dəvətnamə” bir hissəli  televiziya tamaşasına dəvət aldım. Ssenarisi mənə yazılmışdı. İki müəllimim - Vaqif İbrahimoğlu və Elmira Şabanovla çəkilirdim. Mənə böyük xoşbəxtlik nəsib olmuşdu. Elmira xanımdan gördüyüm böyüklüyü heç bir müəllimdən görmədim. Onunla fikir mübadilələrində müəyyən fikir ayrılıqlarına gəlsək də, ancaq çəkiliş meydançalarında mənə o qədər dayaq oldu ki, böyüklüyü ilə məni utandırdı. Kiçik o zaman böyüyür ki, qarşısındakını böyük görür. Məni Elmira xanım böyütdü. 
 
  –  Bəs təbabətlə nə zamandan məşğul olmağa başladınız?
  –  Kliniki ölüm keçirdikdən sonra. Məni heç bir həkim xilas edə bilmədi. Özümdə olan dəyişiklikləri məndən başqa heç kim görə bilməzdi. Vəziyyət kritik  idi... Mən İbn Sinanın tibb elminə aid yazdığı elmi əsərləri oxudum. Yoqaya başladım və bunları kompleks şəkildə birləşdirdim. Hara gedirdimsə, mənə alternativ tibb təklif olunurdu. Sağlamlıqdan başlamalı idim və bunun da başında yoqa dururdu. Psixoloji-fizioloji idarəetmə təlimi və metodu. Yoqa qədər insanı ruh və bədən harmoniyasına gətirə biləcək ikinci bir metod yoxdur. Həyatdan aldığım uğursuzluqlar, faciələr öz işini görürdü. Nə qədər "güclü xarakterə malikəm” desən də, baxırsan ki, kiçik bir itki səni məhv edir. Situasiyalarda bilinir nəsən, kimsən, hansı gücün sahibisən... Çıxış yolu bu idi. Mən yoqa nəzəriyyəmi artırmağa başladım. Araşdırmalar etdim. İbn Sinanın tibb elminə verdiyi möhtəşəm biliklər, hikmətlər sayəsində qurtuldum. Həm də öz üzərimdə təcrübələr aparırdım. 
 

 
   – İndi çəkilən filmlərə, hazırlanan tamaşalara baxanda, içinizdəki o potensial yenidən alovlanırmı? "Bu tamaşada və ya filmdə mən də ola bilərdim” deyə düşünürsünüzmü? 
   – Mənim potensialım hər zaman olub. Yaradıcı insan öz potensialını xərcləməyəndə, xəstəlik tapır. Mən öz potensialımı, imkanlarımı xərcləyə bilmirdim. Buna özünü realizə də demək olar.  Və mən bu xəstəliyin çözülməsi ilə məşğul oluram. Tədris ocaqlarına üz tuturdum. Olumlu bir cavab ala bilmirdim. Nonsesdə olan insana hər adam elə-belə əl uzatmır. Bu ağır bir həqiqətdir. Mənsə Konfutsinin hikmətiylə desək, "həqiqət axtaranlar qaranlıqda dolaşar” vəziyyətindəydim... N.Gəncəvi dahiliyi  isə bir başqa rakursdan baxış bucaqları acdı, bilgilərimin  formalaşmasında... Mən dini də öyrəndim. 4 müqəddəs kitabı oxudum. Meydanda tək idim. Belə durumda ən doğma insanlar belə insanı anlamır. 
  – Bir çox çətinliklər arxada qalıb. Hazırda peşəkar yoqa mütəxəssisisiniz. 
  – Bəli. Artıq 25 ildir yoqa təlimçisiyəm. Əvvəlcə 5 il bu peşəni araşdırdım. Həm nəzəri, həm də praktiki cəhətdən. Hazırda müəyyən əlaqələr də qurmuşam. Hindistandan gələn yoqa mütəxəssisləri ilə görüşmüşəm. Bilgilərimi yoqa elmi ilə məşğul olmaq istəyən tələbələrə  öyrədirəm.
 
   Söhbətləşdi: Xəyalə Rəis