Artkaspi.az "Yaradıcı insan kimi fikir
yorğunluğu keçirdiyiniz dönəmlər olurmu və həmin zaman kəsiyindən necə xilas
olursunuz?" adlı sorğunu təqdim edir:

Qismət: Əlbəttə, fikir yorğunluğu olur, iş rejimim elədir ki, bu
qaçılmazdır. Xilas üçün konkret düstur bilmirəm, amma yüngül filmlərə baxıram
- detektivlərə, komediyalara, video game-lər oynayıram, çalışıram elektron
vasitələrdən maksimum az istifadə eləyim, yaxınlıqdakı parkda asta templə
uzun-uzun gəzirəm...

Elşad Ərşadoğlu: "Əlbəttə, çox olur. İndi insanların o qədər
qayğıları, problemləri var ki, yaradıcı olmayan adamlar da fikir yorğunluğu
keçirir. Qaldı ki, mənə, bu məsələdə xilaskarım əlahəzrət zamandır. Məncə,
bütün ağrıların dərmanı vaxtdır...”

Əkbər QOŞALI: Yaradıcı olsun olmasın insan
insandır və yorulmaq, digər canlılar kimi insana da xasdır, əlbəttə. Ancaq sualın içində məhz "fikir
yorğunluğu" olunca, məsələ bir qədər başqa rəng alır.
"Fikir yorğunluğu” bəlkə bir qədər
dartışmalı ifadə də sayıla bilər; əslində, fikir özü yaşamın
bir parçasıdır; yönləndirilə, yönəldilə bilməyən fikir, elə fikrin özünün
destruktallaşmasına, bəlkə başqa fəsadlara səbəb ola bilər.
Deyək ki, yazarlar, ümumən yaradıcı insanlar üçün
gecə vaxtı çalışmaq "gələnəyi”, "şakəri”
var, bu da normal yuxu ritmindən uzaqlaşmağa
gətirib çıxarır. Digər tərəfdən yarımçıq qalmış əsər, özəlliklə irihəcmli
əsərlər tamamlanmadan rahat yuxu
yaradıcı adam üçün xəyal kateqoriyasında bir olaydır…
Yorğunluğu aradan qaldırmaqçün fikrin ruha, bədənə
hakim olmasından deyil, bəlkə, daha çox, ruhun, bədən gücünün fikrin özünü
aydınlatmasından, "tərbiyə etməsi”ndən danışmaq yanlış olmazdı. Yəqin, "sağlam
bədəndə sağlam ruh olar”, "Sağlam ruh, sağlam bədəndə olar” və b. şəkildə
oxuduğumuz, eşitdiyimiz kəlamların bir xətti də, fikir istehsalının şəklini də
özündə ehtiva edir…
Necə deyərlər, hər kəsin fikir daşıma, fikri
qəbuletmə gücü vardır; bəlkə bir çox hallarda, özümüz də bilmədən bu
fikirdaşıma, qəbuletmə gücünü aşırıq...
Yaradıcılıq, duyğudan, düşüncədən
başlayıb, fikirdən keçir, nəhayətdə əməli müstəvi üzərində maddiləşir.
Yorğunluq olunca, fikir dağınıqlığı, toparlana bilməmək halları olur, təbii;
təki fikir darlığı olmasın, qara fikirlilik olmasın. İçi-dışı işıqlı adamın
fikri yorucu olmaz, sözü-söhbəti dolaşıq olmaz.

Qan Turalı: Hər bir insan, ələxsus yaradıcı
insanlar həyatın bir yerlərində, istiqamətində, dövründə fikir yorğunluğuna düşürlər. Bir nəfər gəlib
Buddaya deyəndəki, meditasiya edərkən
fikrimi cəmləşdirə bilmirəm. Fikrim başqa yerlərə şaxələnir. Budda ona cavab vermişdir ki, narahat olma keçəcək. Bir müddətdən sonra həmin
adam gəlib Buddaya "bəli, doğurdan da keçdi, indi daha rahat meditasiya edə
bilirəm” deyəndə o, cavab verir ki, "Narahat olma bu da keçəcək”. Yəni həyatda
hər şey dövr edir. Yaradıcı böhranlar
da, fikir yorğunluqları da. Hər şey bir-birini əvəz edir. Həyatda xoşbəxtlik
də, iztirab da əbədi deyil. İnsan məhz buna alışmalıdır. Yalnız bu zaman o
özünün ruhən yüksəlişinə nail ola bilər.

Alpay Alpay: Belə hallar olur. Məsələn,
indinin özündə eyni vaxtda iki hekayə yazıram və görürəm ki, primitiv alınır,
birində sonluğu heç cürə tapa bilmirəm. Səbəbi beyin yorğunluğundadı. Çıxış
yolunu başqalarının yazdığı əsərləri oxumaqda görürəm, hiss edirəm ki, onda
beynim bir az dincəlir.
Hazırladı: Aysu Kərimova