Biz imzaları yox, əsərləri dərc edirik...

Yandırıram mənzilimi, üstəgəl xatirələri – Hajnal Silla Neqinin şeirləri
526
18 May 2018, 13:39
  Artkaspi.az macar şairi Hajnal Silla Neqinin şeirlərini təqdim edir: 
 
 

 
  Mən onu – macar şairi Hajnal Silla Neqini (Hajnal Csilla Nagy) ötən il Türkiyədə X Beynəlxalq İstanbul Şeir Festivalında tanıdım. Festivala dünyanın müxtəlif ölkələrindən şairlər, yazıçılar təşrif aparmışdılar, aralarında çağımızın Jordi Sierra i Fabra kimi böyük söz ustaları da var idi. O günlər ərzində festivalda çox şeirlər oxundu, səsləndirildi, şairlər arasında dostluq əlaqələri yarandı, mənəvi, yaradıcı körpülər quruldu, ancaq şübhəsiz ki, bir-birinin yaddaşına istedadın, poeziyanın gücüylə hopanlar da oldu. 

  Macarıstanın gənc şairləri arasında bu gün öz azad ruhlu poeziyası ilə seçilən Hajnalla bir həmkar olaraq tanışlığımızın əsası da orada qoyuldu. Tədbirdə oxuduğu "Yerin Cazibə Qanunu" şeiri festival iştirakçıları, dinləyicilər tərəfindən çox bəyənildi. Bu poetik nümunə inam və ehtiramın vəhdətinin parlaq ifadəsi idi. Hətta deyərdim, səmimi, amma yanlış bir inamın da haradasa həqiqətə bərabərliyi məsələsi şeirdə nəzərəçarpan boyalarla əks olunmuşdu.
Hajnalın şeirlərində hisslər əksərən üstüaçıq elektrik naqilinə bənzəyir, müəyyən məqamlarda isə gizlədilmiş və yeri unudulmuş xəzinə kimidir. O həqiqətləri bəzən həddən artıq gizlədir, al-əlvan sirr pərdəsinə bürüyür, bəzənsə düz üstümüzə "göndərir" – bizi özünə poetik səmt seçir... 
  Əlavə olaraq qeyd edim ki, Hajnal Silla Neqi Slovakiya doğumlu macar şairi və yazıçısıdır. O, 1992-ci ildə anadan olub. İlk kitabı– "Biz dəlisov yaşamaqdan niyə qorxuruq?" 2016-cı ildə işıq üzü görüb. Neqi "Müqayisəli ədəbiyyat" üzrə ixtisas təhsilini yenicə tamamlayıb. Hazırda "İrodalmi szemle" onlayn dərgisində ədəbi redaktor kimi fəaliyyət göstərir.
 
  Fərid Hüseyn
 
 
 

 
 
  Yerin cazibə qanunu
 
Yerin cazibə qanunu boş şey sayan
bir dostum var idi.
Onu inandırmaq üçün
heç bir sübutum yox idi.
Qüllədən onu aşağı itələyəndə
sadəcə güldü, 
başqa heç nə eləmədi.
Sonra onun dəfnində
ağacların yarpaqları
yuxarı doğru "düşürdü”.
Artıq hər şeyə inamımı itirmişəm.
 
 Bu da axırı
 
Elə ki əllərini ciblərindən çıxarırsan,
o saatca onların aynasında
özünü bütün korşalmış duyğularınla bərabər
daha aydın görürsən.
Gözlərin otaqda 
bu çağacan diqqətini çəkməyən 
bir nöqtəyə zillənir.
Elə bil divar da 
xəcalətdən qızarmış üzünə heyrətlə baxır.
Sanki o da 
sənə bu vaxtacan belə zəndlə baxmayıb
və öz-özünə deyinirsən:
"And olsun, özümü bir də heç vaxt
bu qədər çox sevməyəcəyəm”.
 
  İkea
 
İkeada gəzinə-gəzinə düşünürük:
Biz evimizin əşyalarını
öz adları ilə çağıra bilərdik,
onda bir-birimizi adımızla 
çağırmağa ehtiyac qalmazdı.
 
Zərif, qu boğazlı badələrdən
təmiz hava içərdik.
Qırmızı kresloda oturub
bütün cütlüklərin 
necə də bir-birinə bənzədiyini
seyr edərdik.
Kimin hünəriydi bizi qova ordan?
Heç əllərini toxundurmağa da
cürətləri çatmazdı.
Çünki biz özümüz də
bir-birimizə toxunmağa ürək etməmişdik.
Heç vaxt eyni otaqda iki gündən artıq qala
və düz-əməlli yola getməmişdik.
Bəhsə-bəhs eləmişdik hər şeyi,
hətta səhvlərimizə görə
bir-birimizə verdiyimiz 
saysız-sanasız şansları da. 
 
Bala-bala bütün mebellərimiz
satışa çıxarıldı.
Bizdən daha xoşbəxtləri alacaqdı
mənim ilk dəfə qadın olduğumu
hiss etdiyim yatağı.
 
Və ikimizi də polad bir rəfin üstünə qoyub
yanımızdakı lövhəcikdə yazacaqdılar:
"Bağlanış qiymətlərilə…”
Bizi su qiymətinə satacaqdılar.
 
Bəlkə də, o gün bir-birimizə, 
həqiqətən sahib çıxmaqçün
satın alacaqdıq birimiz  o birimizi –
ikimiz də pulsuz qalacaqdıq.
 
Axırda cavanca bir cütlük 
səni götürüb səbətinə qoyacaqdı:
"Buna bax, məşhur şair, –
bir vaxtların əlçatmazı,
gəl, sənət xatirinə onu satın alaq!”.
Və bütün bunları düşündükcə, 
mənim üçün çoxdan bitmiş 
zamanın ən son anında, 
işıqları sönmüş bu otaqda
sinəm qabarır yenə.
 
 

 
  Heteroxromiya iridum 
 
Uzun müddət araşdırdım 
və nəhayət
özümdəki səfehliyin
səbəbini tapdım.
Uşaqkən "krallığım”ın 
yarısını gizlədərdim
və deyərdim:
gizlətdiyim yarısını kim tapsa, 
bütün krallığı ona bağışlayacağam. 
Sonra xəbər tutdum:
mənim gizli məkanımın yolunu 
çox adam tanıyırmış.
Sonra da krallıq dediyim yerin 
bir cığır olduğunu başa düşdüm.
Həmin cığırdan əl uzadıram, 
səslənirəm bu gün sizə.
Dar yola yamaq olmuş 
üçüncü göz kimiyəm. 
Ya da keçənlərə depozit rəqəm,
bura yox olmağa başladığım yerdir.
Kanadanın sahillərindən  tutmuş
dünyanın hər yerinə yayılır yoxluğum.
Sonra dayanır, – yatağına yığılır,
elə özü öz ətrafında qaynayır, daşır.
Davamçıları ilə güclənən, çoxalan
Dənizanasını xatırladır.
Sonra birdən həyəcan içində
məni özü ilə aparmadığını xatırlayır.
Sən isə sərhədləri xaricindəsən bu yoxluğun? 
səninlə dəmir konstruksiyalar
və filosoflar haqqında danışırıq.
Sanki real bir keçid yolu yoxdur
dünyalarımız arasında.
Sanki heç bir-birimizin dilində danışmırıq.
Sanki mən də 
sərhəddi keçmək üçün lazım olan pasportu
bilərəkdən evdə qoymuşam.
 
  Boşluq
 
Qarşılığı olmayan sözlər var
Bəzən onları tərəvəz 
mağazasının piştaxtası qarşısında
qucaqlaşan bir cütlüyün son vidasında,
dəfn bürosunda,
kəndiri dolaşıq düşmüş 
yelləncəkdə görürük.
İki addımlıq yeri 
bir ayağını götürüb, 
o birini qoyub yuya-yuya,
ya da müəyyən bir anı
təsvir etmək üçün 
nəsə demək xatirinə nəsə deyirik
və bir də həyatımız 
boyu təkrarlamırıq da bəlkə.
Bilirik ki, biz o sözü
həmin an sadəcə 
dodaqlarımızı açıb nəsə demək,
gözlərimizi dizlərimizə dikib 
mənasızca gülümsəmək xatirinə demişik.
 
 
***
Gözlərim önündə canlanır 
iyirmi il sonrakı halımız:
İllər sonra bir dəfndə görüşürük yenə,
əvvəlcə özümüzü elə aparırıq
guya bir-birimizi tanımadıq.
Belə daha yaxşıdır, çünki...
Sonra qəfildən mənə baxırsan
və artıq 
özümüzü görməməzliyə vura bilmirik,
yaxınlaşıb əlüstü qucaqlayırsan məni.
Neçə ilin ayrılığı var aramızda,
bu hərcayi, 
amma mənası dərin uzaqlıq belə
hislərimizi söndürə bilməyib.
Heç nə artmayıb, 
heç nə azalmayıb.
Sən mərhumun ölümünə inana bilmirsən,
elə mən də.
Bir neçə həftə əvvəl görmüşdüm onu.
Ahhh, demək, sən də...
Necə qəribədir.
eyni xəstəxanada olmuşuq,
amma bir-birimizi görməmişik.
Bu fikrə gülümsəyirsən,
izin ver deyim ki, 
gülüşündəki bu ağır kinayəni tanıyıram…
Xanımınla tanış edirsən məni,
qeyri-ixtiyari düşünürəm,
necə də gözəldir, 
dişləri inci kimi düzülüb, – 
eynən səninkilərtək.
Sonradan öyrənirəm ki, 
aranızda dörd yaş fərq var.
Nəyimə lazımdır axı bunu bilmək? 
Onu da bilmirəm…
Günlər keçir
mənsə yadımdan çıxara bilmirəm
sənin balaca qızın mənə necə bənzəyirdi.
Bunu hiss edirsən?
Hərçənd indi bunun bir mənası yoxdur. 
– Xeyr, ailə qurmamışam! – dedim, 
hər zamankı səmimiyyətimlə.
Halbuki, onsuz da, bilirdin,
çünki həmişə tək ölmək istəmişdim mən.
Özüm və boşluq – 
beləcə əbədiyyətlə baş-başa qalmaq istəmişdim. 
Tanımadığımız adamlara
az qala ordakı hamıya başsağlığı verdik.
Əminəm ki, heç vaxt istəməzdin 
məndən uşağın olsun.
Heç mən də istəməzdim… 
Bəlkə də, bu görüş, 
odu sonsuzadək içimizi yandıracaq
yeganə doğulmamış körpəmiz idi.
Bəlkə də planetimizin bütün sakinləri arasında
bircə o, həqiqətən, bu dünyaya gəlib
işığı, günəşi görmək istəyirdi. 
Amma bunun da bir mənası yoxdur artıq. 
Bir saniyəlik də yoldan saxladın məni,
sağollaşdıq,
dedin mütləq zəng vuracaqsan
sonra tələsik əlavə elədin ki, 
böyük zövqlə oxumusan sonuncu kitabımı.
Mən də sənin kitabını…
Maraqlıdır, görəsən, hələ də yazdığım hər sözü
əvvəlkitək maraqla oxuyursan?
Həvəslə özünü yazdığım hər sətirdə
tapmağa çalışırsan?
İcazə ver, bu dəfə özüm də kömək edim. 
Təbəssümünlə 
ikinci səhifədəsən hələ də
və həm də digər bütün səhifələrdə –
yazdığım hər şeydə.
Bütün bunları yazarkən 
bircə gözlərim dumanlanır,
Çünki sevginin əzabı ilk günkü kimi ağrıdır.
– "Görüşərik!” – ikimiz də eyni vaxtda deyirik.
Hə, sən sevirsən həmişəki tək şişirtmələri. 
Gəlirəm evə, 
yandırıram mənzilimi, üstəgəl xatirələri.
 
 
2
 
Qaçıb Kubaya gedə bilmədik bu gün də,
ikimiz də bilirik ki, 
belə şeyləri eləməkçün 
şənbə günləri var.
Artıq saat səkkizi keçir,
artıq dörd saatdır 
aramızdakı uzaqlıq 
udqunmağa imkan vermir. 
Hələ ən azı bir həftə gözləməli olacağam,
əvvəlki vəziyyətimə qayıtmaqçün.
15 il sonra bu əkizlərın 14 yaşı olacaqdı.
Onlara sahib olmaq üçün 3 ay, 
üsyanın ortasında yaşayacaq,
yanımızdan başqaları yel kimi ötüb keçəndə –
maşının arxa oturacağında qucaqlaşacaqdıq.
Bəlkə də, mən yenə zamanı
başqa bir şeylə qarışıq salıb
hesablayıram.
Bəlkə də, gözlərimizi yolda qoyan on beş il,
ötüşən bu dörd saatdan daha azdır,
və bəlkə heç aramızdakı bu boşluq da,
kosmik zaman qədər nəhayətsiz deyil. 
Mənim bu həqiqətlərdən 
sənə sarı uzanmış sağ qolum
ürəyinin qarşısına keçib, 
onu dayandıra bilərmi?
Yoxsa…
sağ qolum ürəyinin arxa divarını da keçib 
boşluğa düşəcək?
Bəlkə, biz bir həftə sonra 
Kubaya getsəydik,
sol tərəfin olmazdı.
Bundan on beş il sonra isə
Kubanın təmiz küçələrinin pilləkənlərində
sərxoş əkizlərin nəğməsi eşidilərdi.
Birinin saçları düz, sarı,
o birininki qıvrım, qəhvəyi.
Birində göz adına bir cüt qəhvəyi nöqtə 
digərinin rəngi dəyişən gözləri,
heç görməyiblər onlar valideynlərini.
Çünki valideynləri 
hələ onlar dünyaya gəlməmişdən
havada partlamışdılar.
İndisə üsyanın ortasında
yanından üsyançıların yel kimi əsib keçdiyi
bir maşının arxa oturacağında
iki bədbəxt insan kimi qucaqlaşıblar.
Səsləri partlayışdan daha ucada…
 
  Tərcümə edənlər: Fərid Hüseyn, Günel Şamilqızı, Elcan Salmanqızı