Biz imzaları yox, əsərləri dərc edirik...

Yağmaladı ruhumu... – Südabə Ağabalayeva yazır
386
27 Noyabr 2020, 10:00
 Artkaspi.az saytı Südabə Ağabalayevanın "Yağmaladı ruhumu..." adlı yazısını təqdim edir:
 
 Unudulmaz Nisə Bəyimin... xəbərinə
 
 ...Sonra sözlər dağıldı, sonra hərflər qarışdı.
 Sonra islaq sükut bir qom qara çevrildi.
 Sonra bu bir qom qar bərkiyib-düyünlənib qəhər oldu.
 Düyünlənmiş kal qəhər ilişib qaldı gözlə ürək arasında, nə gözdə suya qarışdı, nə ürəkdə aha keçdi. Durdu, durdu, yenə sözə döndü:
 
 

 Yaşım qədər yaşamadım.
 
 Bir az onu vaxt qopartdı, bir az sevdalar yuxulatdı. Nə tələsən arzuları, nə gecikən ümidləri isindi. Çox-çox sonralar biləcəkdi:
 
 Ürəksiz gecələrdə ümidlər də yaşanmır.
 
 Bilənəcən... Yanından axan ömrə, yaşamağa yazılmayan səadətə qərib-qərib, qəmli-qəmli baxdı eləcə...
 
 Bilməm, kimə calanım,
 Bilməm, kimə qalanım?
 
 Yorğundu... yaman yorğundu. Bir özü bilirdi: Olanları danmaqdan, olmayanları arzulamaqdan, keçənləri anmaq­dan, gələnlərə yanmaqdan... yorulmuşdu.
 
 Sən bilərsən, qoca adam,
 Yuxunun dadı olurmu?
 Ayrılığın halı bəlli,
 Vaxtın fəryadı olurmu?
 
 Qoca adam göydə tutmuşdu qınağı:
 
 Bizi harda itirdiyi
 Düşürmü vaxtın yadına?
 
 Qoca adam... çox şey bilirdi. Bildiklərini təsbehə çəkirdi. Eləsinə də çəkirdi, beləsinə də şaqqıldadırdı dənələri. Yenə heç nə dəyişmirdi. Guya nə dəyişəcəkdi ki?
 
 Dünyanın eşqdən savayı
 Özgə muradı olurmu?
 
 Uddu sözünü, uddu. Əlacsızlığın təntidiyini duyub, vaxtın üzrxahlığını elədi.
 
 Görüb-görmədiyin vaxt yaddaşında
 Nə varsa Allahdan aşağı-dərddi.
 
 ...Ay dili-qafil, heç yeridi?! Unutmusanmı, vaxtla köhnə haqq-hesabdı onunku?! Bir yana baxanda, haqlıydı da, balam, yalan demirdi ki... Fələyin diliydimi, Allahın əliydimi, ya şeytanın feliydimi, ömründən oğurlayıb, taleyindən üzüb, Vaxt onu şeirə yazmadımı?
 
 Mən uddum könlümün ağrılarını,
 Mən udan ağrını könlüm udmadı.
 
 Qaldı iki yol arasında.
 
 

 At getsin deyirsən bu dərdi, Bəyim.
 Atmayım neyləyim, atım neyləyim.
 Məni bu dünyada saxlayan dərddi,
 Onu da bir ömrə satım, neyləyim?
 
 Bilmədi nə desin. Bildiyi oydu ki, ürək artıq öyrəşib bu yükə. Atsa, boşluqlara davam gətirməz. Bir də ki, çox da yaxa ələ vermirdi, bazarmı tapardı dərdi satmağa?
 Getmişdim, dərddən gəlirəm,
 Dərdə yoluxub susuram.
 
 Susmayıb neylədiyidi, dinsəydi, başqa nə deyəcəkdi? Günahkar sükut qınağın yükünü çəkə bilmirdi, üzünə çırpılan bu ağırlığı hara qoyacağını hardan biləydi?
 
 Gözümə görünməyə
 Vaxtın da üzü gəlmir.
 
 Deyilməyən töhməti "eşidib" qəbul etmək lap ağır! Bəhsə giriblərmiş kimi, söz güləşdirirdilər, odun üstə su çiləyirdilər guya.
 
 Arsız nə bilir dərd nədi,
 Dərdin davası Mərdnəndi.
 
 Bunda deyirlər e, üzrü günahından betər.
 Bu, ömür deyildi ki, yükü boşalmamış dopdolu göydü, bu göyün gözünün içinə baxmağa hünər gərəkdi. Yaddaşın­dan misralar süzülürdü.
 
 Göylər hələ yerindəsə
 O ah mənim ahım deyil.
 
 Bu asilik nədəndi, niyə göyün günəşinə, asimanın ul­du­zuna, çiçəklərin şəbnəminə, qarının bəyazına, otunun ya­şı­lına... nəğmə deməliykən, gecikəni də, tələsəni də taledən küsüb ağlayır?
 
 Nə dilədim, haqq dilədim,
 Vermədi qurban olduğum.
 
 ... Görən eşitmədi ki, kaş eşitməyəydi, fikir vermə­yəy­di. Ümidi gözündə
 Üzünü tutdu Allaha,
 Səda gəldi; başdı hələ.
 
 Ayağı altından Yer qaçdı, gözü göylərə, heysiz-halsız inlədi:
 Mənimçün sən hər şey oldun dünyada,
 Səninçün mən heç kəs ola bilmədim.
 
 ...Anmı keçdi, ilmi ötdü, bilmədi. Qoca adam bu yaralı ağıya, bu ağının dalınca sürünən sızıltılı sükuta dözməyəcəyini duyub, boylandı. Nə düşən yerdə vardı, nə itən yerdə tapıldı. Hövlləndi...
 - Ay adam, bu ömrün yiyəsi hanı?..
 
  ***
 
 Nə bir kimsə dilləndi, nə də özü səsləndi. Həm bur­day­dı-yaxınlıqda, həm də çox-çox uzaqlarda. Dünyanın niza­mın­dan çıxdığı ucalıqda, durub, buluddan yağan yağı­şa baxır, baxırdı... Dünyanın nizamında buluddan yağan yağış onun dünyasına düşə bilmirdi, onun dünyasında yağış çoxdan yağırdı, amma buluddan yox...
Dalğın-dalğın yağışa baxır, baxır, yalnız özünün eşidə biləcəyi səslə, yalnız xəyalının görə biləcəyi kəslə pıçıl­da­şır­dı...
 "...Tanıdınmı bu yağışı?
 Ayağımızın altına yağırdı, gözlərimiz yağışa baxırdı. Gözlərimiz ayağımızın altını görmürdü...
 Sonra əllərimizə yağdı – ovuc-ovuc yığdıq, ovuc-ovuc içdik onu...
 Elə həmin yağış deyildimi gözlərimizə yağan? 
 Göz-göz udduq, göz-göz yağdıq biz yağışı.
 Sonra... ruhumuza yağdı o yağış, sonra da ayrılıqlara…
 Ayrı-ayrı yığdıq, ayrı-ayrı yağdıq.
 Ayrı-ayrı dağıldıq, ayrı-ayrı... yığıldıq...
 Doğrudanmı yığıldıq?
 Tanıdınmı bu yağışı?
 Bir vaxt buluddan yağırdı,
 İndi... Günəşdən yağır..."