Biz imzaları yox, əsərləri dərc edirik...

Yalanlar dünyası – Edqar Keretin hekayəsi
2832
11 Mart 2019, 12:25
   Artkaspi.az saytı Edqar Keretin "Yalanlar dünyası" hekayəsini təqdim edir:
 
 
  Robbi ilk yalanını danışanda yeddi yaşındaydı. Anası bir qutu uzun "Kent” almaq üçün əlinə qırışmış əskinaz verib dükana göndərmişdi. Robbi siqaret yerinə dondurma aldı. Pulun qalanını da yaşadıqları evin bağçasındakı böyük ağ daşlardan birinin altında gizlətdi. Anası nə olduğunu soruşanda qabaq dişlərindən biri olmayan yekəpər, sarı saçlı uşağın küçədə onu döyüb pulu əlindən aldığını dedi. Anası inandı... O gündən bəri Robbi yalan danışır.
 
 
 
 Bər-Şəbadakı xalasına xərçəng diaqnozu qoyulması yalanını uydurub məktəbdə direktor köməkçisini aldadaraq bütün bir həftəni Eilat çimərliyində günəşlənərək keçirmişdi. Fərarilik edəndə də xəyali xalasının qəfil gözləri kor oldu, onun başını böyük bəladan qurtardı. Cəzalandırılmadı, hətta ev dustaqlığına belə məhkum edilmədi. Heç bir şey. Bir dəfə də işə iki saat gec getməsinə bəhanə olaraq yol kənarında bir it tapdığını demişdi. İti maşın vurmuş, Robbi onu baytara aparmaq məcburiyyətində qalmışdı. Bu yalanda itin iki ayağı iflic olmuşdu, yalanı inandırıcı edən də məhz bu idi. Robbinin həyatında çox yalanlar var idi. Qolu, qanadı qırıq yalanlar, xəstə, zərərli, təhlükəli yalanlar... Ayaqüstü və ya sükan arxasında söylənilən yalanlar, yığcam ya da ayağı qırıq yalanlar... Nə vaxtsa qarşısına çıxacağını heç düşünmədən yalan danışırdı.

  Bir yuxu ilə başlamışdı hər şey. Artıq həyatda olmayan anasına aid qısa və dumanlı bir yuxu... Yuxuda hər ikisi nə əvvəli, nə də sonu olan ağ bir yerdə oturmuşdular. Yanlarında bir şirniyyat aparatı var idi; arasına qırışmış pul qoyub dəstəyini çevirəndə şəkər çıxan köhnə dəzgahlardan. Yuxusunda anası Robbiyə hər kəsin çox yaxşı olduğunu və siqaret tapılmadığı üçün o dünyanın onu dəli etdiyini dedi. Sadəcə siqaret deyil kofe, radio da yox idi. Heç bir şey yox idi.

   Mənə kömək etməlisən, Robbi,  dedi anası,  bir şirniyyat al, səni mən boya-başaçatdırmışam, oğlum. Bu illər ərzində sənə hər şey vermişəm, qarşılığında isə heç bir şey istəməmişəm. İndi də sən anan üçün bir şey et. Mənə şirniyyat al. Qırmızı olsun mümkündürsə, amma mavi də ola bilər.

  Robbi yuxusunda xırda pul tapmaq ümidilə ciblərini qurdaladı. Yox idi. Gözləri yaşarmış halda "yoxdur” dedi, "dəqiq bütün ciblərimə baxdım...” Oyananda ağlamağı heç hiss olunmurdusa da, yuxusunda ağlaması qəribə idi. "Daşın altına baxdın?” – deyə anası əllərini əllərinin arasına alaraq soruşdu. "Xırda pullar, bəlkə, hələ oradadır...”

  Oyandı. Şənbə səhəri, saat altının yarısıydı, hava hələ işıqlaşmamışdı. Robbi maşına oturub uşaqlıqda yaşadığı məhəlləyə getdi. Şənbə olduğu üçün yollar boş idi, çatması iyirmi dəqiqə belə çəkmədi. Binanın birinci mərtəbəsində, bir zamanlar Pliskinin xırdavat dükanının olduğu yerdə indi "Nə alsan, bir  şekel” mağazası var idi. Xırdavat dükanının yanındakı pinəçinin yerini isə son model mobil telefonların nümayiş etdirildiyi telefon mağazası tutmuşdu. Amma binanın özü dəyişməmişdi. İyirmi ildən artıq idi ki, Robbi buradan köçmüşdü. Binanın rəngi hələ də həminki idi. Bağça eyni idi; daha az çiçək, bir kran, paslı bir su saatı, otlar və küncdə, paltar zivəsinin yanında o ağ daş...

  Robbi əynində parka, əlində plastik əl fənəri və içində qəribə bir duyğuyla böyüdüyü binanın arxa bağçasında eləcə dayandı. Şənbə səhəri, saat altının yarısı. Qonşulardan biri çıxsa nə deyəcəkdi? Anamı yuxuda görmüşəm, məndən şirniyyat istəyirdi, buna görə pul axtarmaq üçün buraya gəlmişəm?

  Daşın neçə illərdən sonra hələ də orada olması qəribə idi. Belə baxanda daşların ayaq açıb getmək kimi bir qabiliyyətləri də yox idi. Daşı altında əqrəb olmasından qorxaraq yavaşca qaldırdı. Əqrəb filan yox idi. İlan da, heç pul da. Təkcə qreypfrut böyüklüyündə boş dəlik var idi, bir də dəliyin içindən parlayan işıq.

  Robbi dəliyin içinə baxmağa çalışdı, ancaq işıq gözlərini qamaşdırdı. Bir an tərəddüd etdi, sonra əlini içəri saldı. Yerə uzandı və qolunu çiyininə qədər dibində bir şeylərə toxunmaq istər kimi dəliyə saldı, amma dibi yox idi və əlinə gələn tək şey soyuq metal oldu, dəstəyi xatırladırdı. Qənnadı dəzgahının dəstəyini. Robbi dəstəyi var gücüylə çevirdi və fırlandığını hiss etdi. Bax elə o andaca şirniyyatın çıxması lazım idi. Şirniyyatın maşının metalik bağırsaqlarına fırlamasını səbirsizliklə gözləyən kiçik uşağın ovcuna düşməsi lazım olan an. Hər şeyin reallaşdığı o an. Amma bir şey olmadı. Robbi dəstəyi çevirməyi bitirəndə özünü burada tapdı.
 
 

  "Bura” fərqli bir yer idi, eyni zamanda da aşinaydı. Yuxuda anasını gördüyü yer idi, dümağ; nə divar, nə döşəmə, nə tavan, nə də günəş. Yalnız sonsuz ağlıq, bir də qənnadı dəzgahı. Qənnadı dəzgahı və tərli, çirkin, qırmızı saçlı bir uşaq. İlk anda nədənsə uşağın fərqinə varmamışdı. Gülümsəməyə ya da bir şey söyləməyə fürsət tapmamış uşaq var gücüylə onun ona bir təpik ilişdirdi. Robbi yerə yıxılıb qıvrıldı. Dizləri üstə düşəndə uşaqla boyları eyni oldu. Uşaq gözlərini Robbiyə dikdi. Onu o günə qədər görmədiyindən əmin olmasına baxmayaraq Robbiyə tanış gələn nəsə var idi.

   Sən kimsən?   deyə uşaqdan soruşdu.

  Ön dişlərindən biri əksik idi. Üzünə bic bir gülüş yığıb dedi:

   Mən kiməm  soruşdu uşaq,  mən sənin ilk yalanınam.

  Robbi çətinliklə ayağa qalxdı. Uşağın vurduğu yer möhkəm ağrıyırdı. Uşaq özüsə çoxdan yoxa çıxmışdı. Robbi qənnadı dəzgahını qurdaladı. Yumru şirniyyatların arasında içində sürpriz oyuncaqlar saxlayan yarı şəffaf toplar da var idi. Ciblərini eşələyib xırda pul axtardı, amma uşağın gedərkən pulqabısını da apardığını xatırladı.

  Hara getdiyini bilmədən axsaya-axsaya yeriməyə başladı. Sonsuz ağ səthdə tək istinad nöqtəsi qənnadı dəzgahı olduğu üçün ondan uzaqlaşmağa çalışmaqdan başqa əlindən bir şey gəlmirdi. Dəzgahın, həqiqətən, kiçildiyinə əmin olmaq üçün bir neçə addımdan bir dönüb arxasına baxırdı. Bir yerdə döndü və bir gözü taxma, qolsuz, cılız, yaşlı bir adamın yanında duran qurd itini gördü. İflic pəncəsini çəkməyə çətinlik çəkdiyini, qabaq ayaqlarının üzərində önə doğru yavaşca süründüyünü görəndə dərhal tanıdı. Yalanındakı avtomobil vurmuş it idi bu. Köpək həyəcandan təngnəfəs olmuşdu. Aydın idi ki, onu gördüyünə sevinmişdi. Robbi bu cılız adamı dəqiq xatırlaya bilmirdi.

   Mən Robbiyəm  dedi.

   Mən də İqor  Yaşlı adam Robbinin çiyinini əliylə oxşayaraq cavab verdi.

  Robbi bir neçə saniyə davam edən qəribə bir səssizlikdən sonra:

   Tanış ola bilərik?  deyə soruşdu.

   Xeyr, dedi İqor itin xaltasından dartaraq,  mən ona görə buradayam. Kilometrlərlə uzaqdan sənin qoxunu aldı və yerində dayana bilmədi. Gəlməyimizi o istədi.

   Yəni aramızda bir əlaqə yoxdur?  deyə Robbi soruşdu. Bunu söyləyərkən rahatlaşdığını hiss etdi...

   İkimizin arasında? Xeyr, xeyr, mən başqa birinin yalanıyam.

  Robbi az qala kimin yalanı olduğunu soruşacaqdı, lakin belə sualın hörmətsizlik olacağından qorxdu. Ona qalsa, oranın necə bir yer olduğunu, ondan başqa insanların ya da adamın öz deyimiylə, "yalanların” olub-olmadığını öyrənmək istəyərdi. Lakin həssas bir mövzu ola biləcəyini düşünüb hələ açmamağa qərar verdi. Danışmaq yerinə İqorun şikəst itini oxşamaqla kifayətləndi. Gözəl it idi və daha az ağrı və iztirab ehtiva edən bir yalan uydurmadığı üçün vicdanı sızlayan Robbi ilə qarşılaşdığına sevinmiş kimi görünürdü.
 
   Qənnadı dəzgahı neçəyə işləyir?  deyə İqordan soruşdu.

   Bir şekel,  qoca cavab verdi.

   Bir az əvvəl burada uşaq var idi. Pul qabımı apardı. Hərçənd aparmasaydı da, içindəbir şekel yox idi.

   Bir dişi olmayan oğlan?  deyə İqor soruşdu,  hamının malını oğurlayır balaca yaramaz. İtin südünü də yeyir. Mənim gəldiyim yerdə – Rusiyada onun kimi uşaqları üstlərində alt paltarlarıyla qara çıxarır və göyərməyincə evə buraxmırlar,  İqor arxa cibinə işarə etdi,  bu  cibimdə bir neçə şekel var, götür.

  Robbi əvvəl tərəddüd etdi, amma sonra İqorun cibindən bir şekel götürdü. Ona təşəkkür etdikdən sonra qarşılığında "Swatch” saatını verməyi təklif etdi.

  İqor başını yelləyərək:

   Təşəkkür edirəm,  dedi,  neynirəm mən plastik saatı? Heç hara tələsmirəm.

  Robbinin ona verə biləcək başqa nəsə axtardığını görən İqor mane oldu.

  – Mən sənə borcluyam,  dedi,  o it yalanını uydurmasaydın, burada tək olardım. İndi ödəşdik.

  Robbi axsayaraq sürətlə şirniyyat aparatına doğru getdi. Kürən uşağın təpiyi ucbatından axsayırdı, amma əvvəlki qədər deyil. Xırda pulu aparata saldı, dərin nəfəs aldı, gözlərini bağladı və dəstəyi çevirdi.
 
 

 
   ***

  Köhnə binanın bağçasında yerdə uzanmış haldaydı.  Dan yeri sökülmüşdü. Robbi qolunu yerdəki çuxurdan çıxardı. Yumruğunu açanda ovucunda qırmızı şirniyyat gördü. Getməmişdən əvvəl daşı əvvəlki yerinə qoydu. Orada  çuxurda nələr olduğunu əminləşdirə bilmədi. Avtomobilinə mindi, geri dəstəyi arxa sürətə çevirdi, küçəyə çıxdı və sürəti artırdı. Evə çatıb anası yuxusuna təkrar girər deyə qırmızı şəkəri yastığının altına qoydu.

  Robbi əvvəl olanlara görə çox baş sındırdı; o yer, it, İqor, söylədiyi yalanlar – yenidən qarşılaşmayacaq qədər şanslı olduğu yalanlar; məsələn, ailəsinin evində cümə yeməyinə gedə bilmədiyini köhnə sevgilisi Ruta söylədiyi qəribə yalan  Netanyada yaşayan qardaşı qızına dairdi, əri onu döyür və öldürməklə təhdid edirdi, buna görə Robbinin oraya gedib məsələni yoluna qoyması lazım idi. Bu günün özündə də o çaşqın yalanı uydurmağına səbəbin nə olmasına dair heç bir  fikri yox idi. Bəlkə də, o vaxt yalanı nə qədər çaşqın olsa, Ruta o qədər inandırıcı gələcəyini düşünmüşdü. Bəzi insanlar cümə yeməyi yemək istəməyəndə başlarının ağrıdığını söyləyər. Robbi üçün vəziyyət belə deyildi. Onun və yalanlarının üzündən indi yaxında bir yerdə, yerdəki bir dəliyin içində, pozğun bir qoca ilə onun zavallı arvadı fırlanırdı. Dəliyə dönmədi, lakin o yerə dair bir şeyi içində saxladı.

  Əvvəllər yalan söyləməyi davam etdirdi, lakin müsbət yalanlardı bunlar; kimsənin kimsəni döymədiyi, kimsənin axsamadığı ya da xərçəngdən ölmədiyi... İşə yubanmışdı, çünki Yaponiyadakı oğlunu ziyarətə gedən xalasının çiçəkləriNİ sulaması lazım idi. Körpənin ilk dəfə çimdirilməsi mərasiminə yubanmışdı, çünki bir pişik qapısının qarşısında doğmuşdu və balalarıyla maraqlanması lazım idi. Belə şeylər... Lakin bu müsbət yalanları uydurmaq daha çətin idi. Üstəlik inandırıcı olmalarını istəyirsinizsə, bu proses daha da çətinləşirdi. Ümumiyyətlə, pis nəsə uyduranda insanlar dərhal inanır, çünki adi gəlir. Lakin yaxşı bir şey uydursanız, şübhələnirlər. Buna görə Robbi getdikcə daha az yalan danışmağa başladı və zaman keçdikcə o yeri də daha az düşünməyə. Dəliyi...

  Mühasibatlıq şöbəsində Nataşanın müdiriylə etdiyi söhbəti eşidənədək. İqorun əmisi infakt keçirdiyi üçün Nataşanın icazə alması lazım idi.  Zavallı qadın dul idi və Rusiyada keçirdiyi bir qəzada, onsuz da, iki qolunu birdən itirmişdi. İndi də infakt. Çox tənha və çarəsiz idi İqor əmi.

  Mühasibatlıq müdiri heç bir sual vermədən icazəni dərhal verdi. Qız otağına gedib çantasını götürdü və binanı tərk etdi. Robbi onu avtomobilinə qədər izlədi. Qız çantasından açarlarını çıxarmaq üçün dayananda Robbi də dayandı. Qız arxaya döndü.

   Sən maliyyə hissəsində çalışırsan, deyilmi?  deyə soruşdu,  Zaqurinin assistentisən?

  Robbi başını yelləyərək:

   Bəli,  dedi,  adım Robbidir.

   Lap yaxşı, – deyə Nataşa əsəbi rus gülümsəməsiylə cavab verdi,  nədir? Bir şeyəehtiyacın var?

   Bir az əvvəl mühasibatlıq müdirinə söylədiyin yalanla əlaqədar,  deyə kəkələdi Robbi,  onu tanıyıram.

   Məni avtomobilimə qədər izləməyinin səbəbi yalançılıqda günahlandırmaqüçünüydü?

   Xeyr, - dedi Robbi,  səni yalançı kimi günahlandırmaq niyyətim yox idi əslində.

  Mənim dərdim yalan söyləməyin deyil. Mən də yalançıyam. Amma yalanındakı bu İqor var ha, onunla tanış oldum. Milyonda bir rast gəlinəcək bir tip idi. Kobudluğuma görə bağışla, sənin yalanın adamın həyatını, onsuz da, kifayət qədər çətinləşdirib. Buna görə, yalnız...

  Buz kimi bir səslə:

   Çəkil yolumdan,  deyə Nataşa onun sözünü kəsdi,  maşınımın qapısının qarşısındadayanmısan.

  Robbi get-gedə artan bir narahatlıqla:
 


  Boş-boş danışdığımı düşündüyünü bilirəm, amma sübut edə bilərəm,  dedi,  bu İqorun gözü yoxdur. Var, amma biri... Bir ara bir gözünü itirdiyi yalanını uydurmuş olmalısan, doğrudur?

  Nataşa avtomobilinə minmək istəyən anda birdən dayandı.

   Bunu haradan çıxartdın? Sən Slavanın dostusan?

   Slava adında birini tanımıram, – deyə Robbi dilləndi,  İqoru tanıyıram. İstəsən, səni onun yanına apara bilərəm...

  Binanın arxasındakı bağçada dayandılar. Robbi yaş torpağın üzərindəki daşı qaldırıb qolunu çiyininə qədər dəliyə saldı. Nataşa başının üstündə dururdu. Digər qolunu uzadıb, "möhkəm tut”, dedi. Nataşa ayaqlarının düz yanında uzanan adama baxdı.  Otuz yaşlarında, yaraşıqlı, əynində təmiz və ütülü ağ bir köynək hər nə qədər də təmiz və ütülü olmasa da, bir qolu dəliyin içində, yanağını yerə dayamış.

   Möhkəm tut,  dedi Robbi.

  Nataşa əlini ona uzadarkən ürəyindən "bütün ağıldankəmlər məni tapır”,  deyə keçirdi. Maşının yanında gəvəzələməyə başlayanda onunla tanış olmaq istədiyini düşünmüşdü, indisə bu utancaq gülüşlü adamın əməlli-başlı dəli olduğunu dərk edirdi. Kişinin barmaqları onun barmaqlarına kilidləndi. Bir dəqiqə qədər eləcə qaldı, Robbi yerdə, Nataşa başı üzərində, yüngülcə önə əyilmiş və çaşmış halda.

   Yaxşı,  Nataşa, demək olar ki, şəfqətli səslə pıçıldadı,  indi nə olacaq?

   İndi dəstəyi çevirəcəyəm.

  İqoru tapmaq üçün çox vaxt itirdilər. Əvvəl tüklü, donqar bir yalana rast gəldilər. Argentinalıydı, aydın səslə və yalnız ispanca danışırdı. Sonra Nataşanın bir başqa yalanı çıxdı qarşılarına - həddindən artıq çalışqan bir polis. Onları dayandırıb sənədlərini görmək istədi. İqorun adını belə eşitməmişdi. Sonunda Robbinin əri tərəfindən döyülən zavallı qardaşı qızı onlara kömək etdi. Son yalanındakI pişik balalarını bəsləyirdi. İqora bir neçə gün əvvəl rast gəlmişdi, itinsə harada olduğunu bilirdi. İti tapanda Robbinin əllərini və üzünü yaladı, sonra onları böyük bir sevinclə İqorun yatdığı yerə apardı.

  İqorun vəziyyəti pis idi. Üzü solğunlaşmışdı, həddindən artıq tərləyirdi. Onları görəndə o qədər həyəcanlandı ki, çətinliklə ayaq üstə durmasına baxmayaraq yataqdan qalxıb ona sarıldı. Nataşa ağlamağa başladı, çünki İqor onun yalanlarından biri idi və eyni zamanda əmisiydi. Uydurma bir əmi, amma yenə də... İqor ondan pis olmamasını xahiş etdi, hərçənd, onun üçün uydurduğu həyat hər zaman asan olmamışdı, amma yenə də hər anını kefinə vararaq yaşamışdı. narahat olmasına gərək yox idi, çünki Minskdəki qatar qəzası, Odessadakı soyğun, Vladivostokdakı ildırım vurması və Sibirdəki quduz canavar sürüsünün hücumuyla müqayisədə ürək çatışmazlığı, demək olar ki, heç nədir.

  Hamısı birlikdə şirniyyat aparatının yanına getdilər. Robbi cihaza bir şekel atdı, Nataşanın əlini tutdu və ondan dəstəyi çevirməsini istədi. Bağçaya qayıdanda Nataşa özünü əlində içində hədiyyə olan plastik top tutarkən gördü. Topun içində ürək şəklində, çirkin, qızılı bir tilsim var idi.

   Bilirsənmi, – dedi Nataşa,  bu gecə bir dostumla bir neçə günlüyünə Sina yarımadasına getməliydim. Amma, deyəsən, ləğv edəcəyəm. Sən də gəlmək istəyirsənmi?

  Robbi başını yellədi. Ona qatılmaq üçün işdəkilərə yalan uydurmaq məcburiyyətində qalacağını bilirdi. Necə bir yalan uyduracağından tam olaraq əmin deyildi. Bildiyi tək şey xoşbəxt yalan olacağı idi: işıq, çiçəklər və günəşlə dolu. Kim bilir, bir ya da iki körpə də ola bilərdi.

 
  Tərcümə: İlahə Eldarqızı