Biz imzaları yox, əsərləri dərc edirik...

Yağışa salam de məndən Məhəmmədrza Şəfii Kədkəni
655
13 Sentyabr 2017, 14:29

  Dünyaca məşhur İran ədəbiyyatşünası Məhəmmədrza Şəfii Kədkəni (1939-cu ildə doğulub) həm də gözəl şeirlər müəllifi kimi tanınır. Onun "Yaxşı yol!” adlı kiçik həcmli şeiri ölkəsində xüsusi populyarlıq qazanmış, müxtəlif dillərə tərcümə olunmuş, mətninə mahnılar bəstələnmişdir. Həmin şeirin güneyli şair və tədqiqatçı Heydər Bayat tərəfindən Azərbaycan dilinə tərcüməsini oxuculara təqdim edirik.

 

 



YAXŞI YOL!


 

 

– Haraya, de, tələsirsən? -

Küləkdən soruşdu gəvən.

– Ürəyim sıxıldı burda.

Həvəsin yoxmu çıxasan

Bu çölün tozanağından?!

 


 

– Həvəsəm başdan-ayağa,

Ayağım bağlıdır amma!

Haraya, de, tələsirsən?

– Hara olarsa-olsun, ancaq

Bura olmasın, yoruldum.

 


 

– Sənə yaxşı yol, uğurlar!

Dəhşət ilə dolu çöldən

Salamat sovuşsan, ey dost,

Yağışa salam de məndən,

Çiçəyə salam de məndən!


 

Fars dilindən çevirən: Heydər Bayat