Biz imzaları yox, əsərləri dərc edirik...

Yada düşmək üçün ölmək
643
20 Fevral 2018, 10:38
  Artkaspi.az teatrşünas Aygün Süleymanovanın "Şöhrət və ya unudulan adam" adlı yazısını təqdim edir:
  Zərnigar Ağakişiyevanın xatirəsinə...

  Şəxsi təcrübəmdən bilirəm ki, (çox təəssüf!) çox zaman insanın dəyəri ya çarəsiz xəstəliyində, ya da ölümündən sonra verilir. Təsadüfi deyil ki, 50 ildən artıq yaradıcı bioqrafiyası olan bir sənətkar haqqında  yazılar  (monoqrafiya, portret) ölüm xəbərindən sonra yazılanlardan qat-qat az olur və ya heç olmur. Demək, yada düşmək üçün ölmək lazımdır. Qəhrəmanımız məşhur və ya unudulan Zərnigar Ağakişiyeva kimi...
  Digər önəmli fakt ondan ibarətdir ki, nə yaxşı vaxtında televiziya tamaşaları bu qədər aktual olub. Azərbaycanın tənbəl (teatra yol qət etməyə tənbəllik edən) seyrçisi  rahatlıqla evində oturub "Kökdən düşmüş piano”, "Atayevlər ailəsi”, "Mehmanxana sahibəsi” və s. televiziya tamaşalarına baxaraq Zərnigar Ağakişiyevanın sənətini tanıyıblar. 
 

 
  Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub. Beş yaşında ikən ailəsi ilə birlikdə Quba rayon mərkəzinə köçüb. Bakıda Ticarət-Kooperativ Texnikumunu və Moskvanın Kooperativ Texnikumunun nəzdindəki reklam işi üzrə dekorçu-rəssam kurslarını başa vurduqdan sonra 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.
 Təhsilini tamamlayandan sonra bir müddət Tədris Teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva: "O vaxt İncəsənət İnstitutunun tələbələrinin fəaliyyəti Tədris Teatrında başlayırdı. Mən də orada bir çox tamaşalarda iştirak etmişəm. "Aydın", "Qırmızı yaylıqlı qovağım mənim" və diplom işim olan "Günahsız müqəssirlər" tamaşalarında maraqlı rollarım var idi”.
  Sonrakı illərdə rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Z.Ağakişiyeva: "Nəhayət, gördüm ki, gözləməkdən heç nə çıxmır, qərara gəldim ki, baş rejissor Tofiq Kazımovun  qəbuluna gedib mənim haqqımda nə fikirdə olduğunu öyrənim. Tofiq müəllimi hamımız çox istəyirdik. Mızıldaya-mızıldaya, sıxıla-sıxıla dedim ki, eşitmişəm, məni ştata götürmək istəyirsiniz, tez də əlavə etdim ki, əgər belə bir fikriniz yoxdursa, deyin, başımın çarəsini qılım. Bunu çətinliklə də olsa, deyəndə başını qaldırıb soruşdu ki, neçə ildir gözləyirsən? Dedim, iki ildir. Dedi, get bir həftə də gözlə. Üç gündən sonra teatrın direktoru "İşdə məhəbbət macərası" tamaşasının mətnini mənə verib dedi ki, Katibə rolunu öyrən, üç gündən sonra bu tamaşa ilə Salyana qastrola getməliyəm. Qastroldan qayıdandan sonra ştata qəbul edildim...”
 

 
  Böyük səhnədə ilk dəfə çıxış edən Zərnigar Ağakişiyeva: "Ostrovskinin "Müdriklər” pyesində Leyla Bədirbəyliyə məni Mamayeva roluna dublyor kimi verdilər. Leyla xanım mənə yol göstərdi, imkan verdi və mən teatrda qaldım. Premyerada bu rolu mən oynamalı oldum. İlk dəfə tərəf müqabillərim İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Səməndər Rzayev kimi sənətkarlarla səhnəni bölüşdüm.” Bu dönəm 1973-cü il idi. Aktrisanın Akademik Milli Dram Teatrındakı növbəti işi  xalq artisti, rejissor Həsənağa Salayevin quruluşunda Nazim Hikmətin "Şöhrət və ya unudulan adam” tamaşasında Səfurə İbrahimovanın dublyoru kimi çıxış etmək oldu. 
Zərnigar Ağakişiyevanın teatr yaradıcılığında uğurlu rollarından biri Səməd Vurğunun "Vaqif” əsəri əsasında qoyulmuş eyniadlı tamaşadakı Xuraman obrazı idi. Zərnigar Ağakişiyeva: "Səməd Vurğun və onun "Vaqif" dramı mənim həyatımda ayrıca yer tutur. Məktəbli vaxtlarımda evdə tək olanda Molla Pənah Vaqifin ədəbiyyat müntəxəbatındakı portretindən təsirlənərək mən də başıma çalma bağlayıb pəncərənin qabağında bu dramı dönə-dönə oxumuşam. Özü də şah Qacarla Vaqifin dialoqu, çariça Tamaranın monoloqu olan hissələri dönə-dönə oxuyurdum.” Aktrisa özünəməxsus oyun tərzi sərgiləməklə Xuraman obrazını tamaşaçıya sevdirə bilmişdi.
  Aktrisa Cəfər Cabbarlının "Sevil” əsəri əsasında hazırlanmış tamaşada Dilbər obrazını yaratmışdı.  Z. Ağakişiyeva: "Dilbər çox qabarıq surətdir. Bir dəfə səhnədə Sevilin övladını qucağına aldığı Balaşın çıxılmaz vəziyyətdə qaldığı yerdir ki, Dilbər gəlib çıxır barmağını uzadıb Balaşa deyir rədd elə bunu burdan, at bayıra. Qabaq sıradan bir kişi özü də düz mənim iki addımlığımdan qayıdasan ki, nə yıxıb bunu yerə ağzını-ağzına döyəsən... Ürəyim düşdü, o, kişi həmin emosiya ilə ayağa qalxsa mənim ağzım onun ovcunun içində olacaq. İndi gözləyirəm ki, Sevil replikanı desin, mən səhnənin o başına keçməliyəm, keçim. Safurə İbrahimova ağzını açan kimi, tamamlamağın gözləmədən mən keçdim səhnənin o biri başına və xətadan sovuşdum”
  Lakin 1989-1992-ci illərdə teatrın repertuarında olan tamaşaların yalnız ikisində rol aldığına görə tamaşaçıların sevimlisi olan Z.Ağakişiyeva teatrdan uzaqlaşıb. Yeddi ildən sonra Mədəniyyət və Turizm nazirinin indiki müavini Ədalət Vəliyev onu yenidən teatra dəvət edib. Dəvəti böyük məmnuniyyətlə qəbul edən sənətkar həvəslə yeni rollarının məşqinə başlayıb. 2011-ci ilə qədər bu teatrın səhnəsində klassik və müasir əsərlərin tamaşalarında müxtəlif xarakterli obrazlar yaradıb.
 

 
  Z.Ağakişiyevanın kino fəaliyyəti də genişdir. Aktrisa C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Yol əhvalatı”, "Dantenin yubileyi”, "Yarasa”, "Hər şey yaxşılığa doğru”, "Təhminə”, "Özgə həyat”, "Yuxu”, "Gözəl-gözəl dünya” filmlərində rol alıb. Zamanında çox məşhur olan, ailələr tərəfindən qəbul edilməyən sevgi üzərində qurulan və birmənalı qəbul edilməyən "Təhminə və Zaur” filmində aktrisa Zərnigar Ağakişiyevanın yaratdığı Ana obrazı tamaşaçı tərəfindən bəlkə nifrətlə qarşılansa da, əsl Ana sevgisini, nəzarətini övladından əsirgəməyən sənətkarlıqla yaradılmışdır. Mübahisəsiz demək olar ki, Zərnigar Ağakişiyeva ən xarakterik ampluası – Ana obrazı idi. İstər qayğılı görkəmindən, istər övladına can yandıran, əzabkeş ana səsinin ruhundan, istərsə də gözlərində gizlənən, büruzə verməyə çalışmasa da açıq-aydın oxunan İnsanlığa olan sevgisindən  Ana–Zərnigar Ağakişiyevanın iç dünyası idi. Onun sənət portreti məhz Ana obrazının içində gizlənmişdi. Demək, belə nəticəyə gəlmək olar ki,  sevimli aktrisa xarakter etibarilə cəfakeş, qayğıkeş, mehriban eləcə də ciddi, qətiyyətli və birazca sərt idi.
  O, Azərbaycan Televiziyasının çəkdiyi teletamaşalarda yaddaqalan xarakterlər canlandırıb. "Bəyaz həyat”, "Bizim qəribə taleyimiz”, "Köhnə dəbli komediya”, "Kökdən düşmüş piano”, "Mehmanxana sahibəsi”, "Ötən ilin son gecəsi” televiziya tamaşalarında tamaşaçılar tərəfindən çox sevilən rollar yaradıb.
Aktrisa 1982-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 2000-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü idi.
  Şöhrət və ya unudulan adam Zərnigar Ağakişiyeva əsl aktrisa həyatı yaşadı. Həyatını şöhrət ilə yaşamış, lakin unudulan adam kimi bitirmiş Zərnigar Ağakişiyeva Azərbaycan teatr cameəsinə əlvida dedi. Ruhunuz şad olsun!!!