Biz imzaları yox, əsərləri dərc edirik...

XXI əsrin aforizmləri – Rahid Ulusel
2075
26 Fevral 2020, 09:40
  Artkaspi.az saytı Rahid Uluselin aforizmlərini təqdim edir:

  Beşinci hissə
  
  Dünyagörüşlü və məsuliyyətli vətəndaşlar doğru siyasətin xeyirxah əlləridir. 
 
  ***
 
  Siyasətin strategiyası ilə diplomatiyanın taktikası bir-birini tamamlayanda, onlar birlikdə cəsarətlə addımlaya bilir.
 
  ***
 
  Siyasətçi – əks-sədanın yaranmasından bitincəyədək bütün dəyişmələrini, yeni informasiya yüklənmələrini və boşalmalarını bilən adamdır.  
 
 
  ***
 
  Diplomatiya: hətta suyu da içəndə çeynəmək lazımdır.
 
  ***
 
  Siyasətçilər ortaq məxrəci diplomatik məcrada tapırlar.
 
  ***
 
  Diplomatın təbəssümü – qəlbin karikaturası.
 
  ***
 
  Siyasət – həyatın bir parçasıdır: əgər insan ona qarışmırsa, deməli, həyata qarışmır.
 
  ***
 
  Hiyləgərlik vasitəsinə çevriləndə sözlər qarmaq şəklini alır.
 
 

  ***
 
  Siyasətçilərin bəzən bir-birinin qarşısına atdığı əlcəkləri öpüb gözünün üstünə qoyması onların daha amansız duelini istisna etmir.
 
 
  ***
 
  İkiqütblü, yoxsa, ikibuynuzlu dünya?!
 
 
  ***
 
  Hazırkı dünyanı idarə etməyin ən yararlı canlı qlobal aləti – "beynəlxalq kütlə”.
 
  ***
 
  Virtual dünyada qanadlarsız da uçmaq olar.
 
  ***
 
  Axır ki... insanlar da quşlar və balıqlardan, ilanlar və bö­cəklərdən, sular və buludlardan... sonra sərhədsiz yaşamağı öyrənməlidir!
 
  ***
 
  Təhlükəli planet: idrakın və atomun koordinatlarında meteor çarpıntılarından keçir.
 
 ***
 
  Bəşəriyyət özünə qarşı iki böyük təhlükənin heç birindən qorxmasın: qlobal istiləşmə dünyanı su ilə dolduracaqsa da, nüvə silahları ilə onu buxarlandırıb qurutmaq olacaq.
 
  ***
 
  Şərq öz inkişafında yarımçıq qaldı. İndi Qərb də öz inkişafında yarımçıq qalır. İki yarımçıqdan bir bütöv yaratmaq olarmı?!
 
  ***
 
  Şərqin yerində Qərb əkmək istəyirlər. Amma, bilirsiniz, nə bitəcək: kol-kos. 
 
.  
  ***
 
  Klassik mahiyyətinə çatır  – Pulu Qızıla çevirəndə.   
 
  ***
 
  İctimai fikir – çoxluğun monoloqu.
 
  ***
 
  İnsanlar bəzən özlərindən böyük saydıqlarının dalınca birnəfəsə qaçanda əvvəlcə onların tozunda boğulur, sonra da təngnəfəs olub ayaqları altına yıxılırlar.
 
  ***
 
  İctimai rəyi onun fərdlərinə bölmək olsaydı, ortada heç nə qalmazdı.
 
  ***
  
  Ədalətsizliyi ədalətsiz yolla aradan qaldırmağa çalışmaq – onun daha dolaşıq kələfini ortaya atmaq deməkdir.
 
 

  ***
 
  Güc və Zor yağıdır: çünki biri – ədalətin, o biri – ədalətsizliyin  silahıdır. 
 
  ***
 
  Risk etməkdən qorxmaq çox zaman ondan da təhlükəli uduzmalarla nəticələnir.
 
  ***
 
  Dünyanın tarixi-siyasi xəritəsi – küpəgirən qarının üzündəki qırışlar kimi dəyişib səyrişir. 
 
 
  ***
 
  Zənciri qıran – ondan qopan bir halqadır.
 
  ***
 
  Dünyada ən çox istənilən də odur, ən çox tapdanılan da odur – Ədalət! 
 
  ***
 
  Bütün təhlükələrə sinə gərərkən – təntənəsinə çatır Həqiqət!