Biz imzaları yox, əsərləri dərc edirik...

Azadlıq kimi gözəlsən - Xosrov BARIŞAN
587
14 Dekabr 2016, 14:48
 
Xosrov Barışan 
 

     Xosrov Barışan 29 yanvar 1983-cü  ildə Təbriz şəhərində dünyaya göz açıb. Şəbüstər universitetini bitirib. Təbrizdə və Şəbüstərdə fəaliyyət göstərən ədəbi birliklərin üzvü olub. İlk şeir kitabı "Yağış saniyəsi” adlanır. İndiyə qədər uşaqlar üçün yazdığı dörd kitabı yayımlanıb.  Hazırda "Yaşar qələm Təbriz” adlı nəşriyyatın rəhbəridir.
 
 

QƏBİRİSTAN
 

Sənin eşqini də
quyladım ürəyimə.
Ah... ah,
Necə də yaman
ağrı verir insana
bir qəbiristanlığı öz içində daşımaq.
 
 

SƏN GETDİN
 

Sən getdin –
bir pianoçunun barmaqları qırıldı,
Sən getdin –
bir hambalın beli büküldü.
 
Sən getdin –
bir sürücünün kor oldu gözləri,
Sən getdin 
bütün bu olanlar adiləşdi –
və kimsə artıq şair olmadı.
  
 

HƏLƏ DEMƏ... 
 

Hələ saçlarını demə...
Saçların Təbrizin küçələridir!
Pərişan, tikanlı, dolaşıq və qara...
Dolayıram saçlarını ayaqlarıma.
Mən adam olmadım ki!
Küçələrdə yalqız gəzən həsrətəm!
Ah... mənim şeirim 
küçələrin ortasında yaradılır bağrılaraq.
 
Hələ gözlərini demə...
Sənin o silah gözlərin...                         
Gözlərin qatilim olacaqdır!
Söylə hansı fəlsəfə zənginlətmiş nifrətlə gözlərini!?
Ömrümü xərclədim gözlərini sevgiylə doldurmağa!
Nə yazıq ki yaşamaq o göy gözlərində göyərmədi.
Nə yazıq ki gözlərin dolacaq torpaqla.
Ah... baxışların bomb.., bomb.., bomb.., bomba!
Ürəyim partlayır vaxsey!
Sanki kainat yaradılır.
 
Hələ burnunu demə...
Məhkum olduğum dünyamdır burnun!
Əməllə gözəlləşən
Genetik çirkin bir burun!                   
Anlamadın, qanmadın, qavramadın
Çirkinliklər gözəllikləri anlamaq üçün yaradılıb.
Üstümə asqırma.
Neft asqırırsan, neft!
Püfff... nəfəsin kapitalist qoxuyur sənin.
Məni yandırıb yaxarkən qazancın nədir? 
Söylə.
Alov... alov... aydınlanıb, aydınladıram.
Şairəm axı.
 
Sanma sənsiz yaşayıram, sevgilim,
Çuğlanıram təkcə günlərə kəfən kimi
Və dalğalanıram qurudulan Urmu gölü tək.
Ah... hər yerişimdə 
sevgimin daşı ağır olub düşür başıma!
Daşdır ürəyin, daş!
Başa düşüb qana bilməzsən!
Addımlar altında əzilən ürəyim  kimi
Qanaya bilməzsən!
Burax məni diriltməyin səf-səfəsinə
Davranışların divardır, divar!
Bu kimsəsiz, ucsuz gecələrdə
yol göstərən ulduzum ola bilməzsən.
 
 

YÜK
(Leylaya)

 

Bir ruhu
iki bədəndə
daşıyacağıq demişdim.
Demə bəs
o
ruhsuz idi!
İndisə  yüküm ağır –
bir bədəndə
iki ruhu
daşıyıram!
  

AZAD GÖZƏL

 

Bilirəm hər şair
ən gözəl şeirini yazmadan
Ölümə mübtəla olub
şair olar
Ancaq sən
azadlıq kimi gözəlsən,
gözəllik kimi azad.
Sən yaza bilmədiyim
şeirim qədər gözəlsən,
Və düşünə bilmək qədər azad.
Mən isə yalnız şairəm – 
Hər an səni yaradıram
Səndən yaranaraq.
Və yalnızlıq odur ki,
Yazdığın şeirləri yalnız özün oxuyasan...