Biz imzaları yox, əsərləri dərc edirik...

“Xəz paltolu Madonna”nın rejissoru baş rolu kimə həvalə edəcək?
271
18 May 2018, 09:26
  Bu yaxınlarda Səbahəttin Əlinin Türkiyənin 19 əyalətində teatr səhnələrindən düşməyən "Xəz paltolu Madonna” romanının ekranlaşdırılacağı ilə bağlı xəbər verilmişdi. Artıq ekran əsərinin rejissoru da məlum olub.
 
 
 
  Bu haqda Türkiyənin "Milliyyet” qəzetində xəbər verilib. Sina Koloğlunun xəbərində 2 dildə altyazı ilə çəkiləcək filmin rejissorunun Fatik Akın olacağını yazıb. Xəbərdə filmi maliyyələşdirəcək "Ay Yapım” şirkətinin sahibi Kərəm Çatayın "World Screen” dərgisinə müsahibəsindən mövzu ilə bağlı hissə də yer alıb. Çatay müsahibəsində ABŞ-da belə bestseller olmuş bir romanın mütləq ana dili ilə yanaşı, beynəlxalq bir dildə altyazı ilə təqdim olunacağını, çəkilişlərin Almaniyada baş tutacağını və filmə Fatik Akının rejissorluq edəcəyini bildirib. 
 Filmi iki dildə təqdim edib, Almaniyada çəkməklə və onun bütün yükünü "Qızıl Qlobus” almış bir rejissora həvalə etməklə "Ay Yapım”ın "Berlin” və "Cannes” festivallarına yol almağı hədəflədiyi də səslənən iddialar arasındadır. Romanın səhnə versiyasında Maria Puder rolunu böyük ustalıqla ifa etmiş aktrisa Tuğba Ünsalın filmdə də rol alıb-almayacağı izləyicilərin marağına səbəb olub. Amma Çatayın müsahibəsində verdiyi ipuclarına görə, rejissor bu filmdə yeni simalarla işləmək istəyir. Türkiyədə aktyor komandasının böyük hörmət bəslədiyi rejissor şirkətin qərarları ilə uzlaşıb, məşhur bir simanı da kamera qarşısına keçirə bilər.

  Hazırladı: Elcan Salmanqızı