Biz imzaları yox, əsərləri dərc edirik...

“Xalqın şairi” biabırçılığı
3709
25 Sentyabr 2017, 09:00

   artkaspi.az gənc yazar Səxavət Sahilin  "Xalqın şairi” biabırçılığı" yazısını təqdim edir: 

 


 

  Məlum "Xalqın şairi” adlı şeir yarışmasına münasibət birmənalı deyil. Təbii ki, şeir yarışması keçirilə bilər, şairlər də bu yarışmadada özlərini sınaya bilər. İntəhası necə keçirilməsi, meyarın necə olması məsələsi önəmlidir.

  Bir müddət əvvəl televiziyalarda ard-arda mahnı yarışması keçirildi. İştirakçılar müsabiqədə bəstəkar mahnısından tutmuş xalq mahnısına qədər ifa elədilər. Yəni müsabiqənin eləsi vardı ki, peşəkarlığa üstünlük verirdilər. İndi baxırsan ki, həmən o müsabiqədə iştirak eləyib, yer tutub ad-san qazananların səsi toylardan gəlir. Musiqinin necə bayağılaşdığını hamı bilir, indi sosial şəbəkələrdə ən çox baxılan, dinlənilən Üzeyir Mehdizadə kimi "manıs”ların musiqiləridir.

  Bunlar bilərəkdən və ya bilməyərəkdən yaranan tendensiyadır. Bunun necə və hansı məqsədlə yaranması tamam başqa yazının mövzusudur. Bu yazının mövzusu isə ədəbiyyatı, şeiri, şairi bayağılaşdırmağa xidmət edən "Xalqın şairi” adlı şeir yarışması haqqındadır.

  Yarışmanı dəstəkləyənlərin əsas arqumenti budur ki, şeirin, ədəbiyyatın gündəmə gəlməsi, populyarlıq qazanması baxımından "Xalqın şairi” layihəsi əhəmiyyətlidir.

  Mənə maraqlıdır ki, şeir yazan niyə populyar olmaq istəyir, gündəmə gəlmək istəyir? Yaxşı şeir hər zaman öz oxucusunu tapır. Fərq eləmir oxucunun az və ya çox olsun. Əsl sənətkar gündəm dalınca gedən deyil, öz işiylə məşğul olandı. O insan ki, şouya, populyarlığa meyillidi, onun ciddi olacağına inanmaq çətindi.

  Şeiri, şairi necə seçmək olar axı? Poeziya zövq məsələsidir. Burda seçim fərdi məsələdir. Beş nəfərin bəyəndiyi şeiri on beş nəfər bəyənə bilməz. Münsif şeirə necə qiymət verə bilər? Dörd-beş nəfərin zövqü, istəyi ilə ümumyayım televiziyasında kütləvi yarış necə keçirilə bilər?

  Üstəlik də yarışmasının adı, şeiri, şairi ələ salmağa, aşağılamağa yönəlib. Müsabiqənin anonsu isə daha bibarıçıdı: "Xalqın şairi”ni seçirik. Peşəsindən, sosial statusundan və elmi dərəcəsindən asılı olmayaraq bütün söz sahiblərini ARB bir araya toplayır. Yarışmaçıları Nizami, Füzuli, Nəsimi kimi dahi Azərbaycan şairlərinin prototipləri və 4 münsif qiymətləndirəcək. Fikrini şeirə, sözünü qafiyəyə ən gözəl şəkildə çevirə bilən şəxs möhtəşəm bağ evinin sahibi olacaq”/

  Çağırışda da qeyri-ciddilik var. Bir yandan Nizami, Füzuli, Nəsimi deyir, bir yandan da deyir ki, qalib şəxs möhtəşəm bağ evinin sahibi olacaq.

 


 

  Kim nə deyir desin, müsabiqə, məramının nə olmasından asılı olmayaraq ədəbiyyatın, şeirin bayağılaşması ilə, hörmətdən düşməsi ilə nəticələnəcək, ədəbiyyat şeir kütləviləşib ucuz meyxana, ucuz musiqi səviyyəsinə düşəcək. Nəticədə kütlənin "ədəbiyyatı”, "şeiri” yaranacaq. Necə ki, indi kütlənin öz "musiqisi”, öz "meyxanası” var.

  İştirakçıları şiddətli qınayıram. Siz hara getdiyiniz bəlkə də bilmirsiniz. Düyaya çıxmaq istəyən, ciddi şeir yazmaq istəyən şəxs belə ucuz və mənasız yarışmalara qatıla bilməz. Sən ya ağ olmalısan, ya da qara. İki rəngin qarışığı olmaq heç kimə uğur gətirməyib. Hamıya məlumdur ki, qalib üçün veriləcək evi hansısa bir iştirakçı qazanacaq. Yəqin qalanları da gündəmə, populyarlığa ümid edirlər ki, bunun adı təəssüfdür...

  Münsiflərin içində Elza Seyidcahanın olması müsabiqəsinin şouya, qalmaqala hesablandığı deməkdir. Elzakimilərin qarşısında şeir oxumağı kim özünə sığışdırırsa ona indidən "qəhrəman” demək lazımdır.

  Digərlərini deyə bilmərəm, amma Qulu Ağsəsin eyni jüridə yer alması heç xoşagələn deyil, sənətkar gərək hara getdiyini ölçüb-biçəydi....


Xəbər lenti