Biz imzaları yox, əsərləri dərc edirik...

“Xalq Əmanəti” Şamaxıda
759
21 Fevral 2017, 17:58
  2016-cı il dekabrın 16-da "Xalq Əmanəti” layihəsi çərçivəsində "Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomu təqdim olunmuş və bankın 'sas binasında heykəltəraşın əsərlərinin sərgisi açılmışdır. Şəhid-heykəltəraşın yaradıcılığına marağın yüksək olması səbəbindən yanvar ayının sonunadək fəaliyyət göstərən sərginin Samir Kaçayevin doğulub boya-başa çatdığı Şamaxı rayonunda təşkil edilməsinə qərar verilmişdir.
   

 
  2017-ci il fevral ayının 21-də bədii albomun təqdimat mərasimi və gənc heykəltəraşın əsərlərindən ibarət sərginin açılışı bankın "Şamaxı” filialında keçirildi. Şamaxı rayonunun ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, həmyerliləri və dostlarının iştirak etdiyi tədbirdə Samir Kaçayevin yaradıcılığı, onun qısa, lakin zəngin həyatı haqqında söz açıldı, xatirəsi yad edildi. Tədbirdə Şamaxı rayonu Ağsaqqallar şurasının sədri Mayıl Alcanov, mədəniyyət işçisi Rafail Tağızadə, Qobustan rayonu zayalıları adından Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi Güntəkin Hümmətov, Samirin dostları və atası çıxış etdilər.  Tədbirin sonunda qonaqlar sərgi salonunda  Samir Kaçayevin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazandılar. 
  ASC "Xalq” Bankının 2010-cu ildən həyata keçirdiyi "Xalq Əmanəti” layihəsi Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. 
   Samir Kaçayevin əsərlərinin sərgisi fevral ayının 22-dən mart ayının 20-dək Xalq Bankın "Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.