Biz imzaları yox, əsərləri dərc edirik...

Xalçaların izahlı lüğəti – Kənan Hacı yazır
1654
24 May 2018, 09:26
  Artkaspi.az Kənan Hacının "Xalçaların izahlı lüğəti" adlı yazısını təqdim edir:
 
 

 
 İnsanın xəyalları olmasaydı, içindəki sıxıntıdan, darıxmaq hissindən qurtula bilməzdi. İnsanın xəyalları olmasaydı, yer üzündə heç bir sənət olmazdı; şeir yazılmazdı, körpülər, yollar, şəhərlər salınmazdı. Şərq düşüncəsi zaman-zaman xalça üzərində pərvazlanıb, xalçanın çeşnisi kimi ilmə-ilmə xəyallarımızdan al-əlvan bir dünya toxuyub. Nağıllarımızdan, əfsanələrimizdən xalça obrazı əsas element kimi keçir. Xalça qədim əyyamlarda bizi gələcəyə aparırdısa, bu gün keçmişə qaytarır, dünənimizi bizə xatırladır. Göydən yerə "enən” xalçalar özündə zamanın yaddaşını qoruyub saxlayır. Qədim xalçalar şifrəli kitab kimidir, onların hər çeşnisi, hər rəngi bir mənanı simvolizə edir, ulu babalarımızın, nənələrimizin həyat tərzini, adət-ənənələrimizi bu xalçalardan oxuyub öyrənmək mümkündür. Yetər ki, o xalçaların dilini biləsən. Xalçaçılıq nəzəriyyəsini bilmədən xalçalar öz sirrini heç vaxt insana açmaz.

  Bu günlərdə Zirə Mədəniyyət Mərkəzi tərəfindən "Bakı xalçaları” adlı nəfis tərtibatlı kitab-kataloq nəşr olunub. Bu kitabda Bakı qəsəbələri, onlara tarixi rakursdan baxış və bu kəndlərə məxsus qədim xalça, kilim motivləri, həmçinin yeni yaradılmış Bakı qrupuna aid xalçalara stilizə edilmiş xalça çeşniləri haqqında geniş məlumat verilir. Kitabı "xalçaçılıq lüğəti” adlandırmaq olar. Burda xalçalar üzərindəki naxışların rəmzi mənaları haqqında geniş bilgilər verilir, hər bölgənin özünəməxsus naxış və kompozisiyası geniş izahlarla təqdim olunur.  Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın direktoru Xumar Əliyevanın kitaba yazdığı ön sözdə oxuyuruq:
  "Əsrlər boyu xalçaçılıq qadın sənəti kimi Azərbaycanın bütün bölgələrində inkişaf edərək geniş yayılmışdır. XIII əsrdə italiyalı səyyah Marko Polo Azərbaycanda olarkən buradakı ipək və yun parçaları, xalçaları və qiymətli daş-qaşları xaricə aparan tacirlərin çox böyük mənfəət götürdüyünü qeyd edir. 
  Bu gün də bu sənət Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi kimi yaşayır. Təsadüfi deyil ki, çiçəklənən Azərbaycanda dünyada ilk Xalça Muzeyi fəaliyyət göstərir. Bu muzeyin yeni binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. 
Bəllidir ki, bu sənət növünə tarixin bütün əksər zamanlarında xüsusi əhəmiyyət verilmişdir. XII əsrdə yaşamış dahi klassikimiz Nizami Gəncəvi öz əsərində istedadlı memar Simarı və Bakının (Güzdək) "Çiyi palaz”ını dönə-dönə vəsf edir”.
  Yazıda Zirə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalçaçılıq müəssisəsinin fəaliyyətindən geniş bəhs olunur, qeyd edilir ki, burada ilk növbədə xalqımızın qədim tarixindən üzü bəri günümüzə gəlib çıxan Bakı qrupuna aid xalçaların toxunması həyata keçirilir. 
  Keçmiş əyyamlarda evlərdə, saraylarda kompozisiya bütövlüyünə, rəng uyarlılığına xüsusi diqqət göstərilirmiş, xalça isə evin, sarayın iç dünyasının həlledici əşyalarından olub. Xalça evin bir növ, paltarı sayılır, xalçasız ev yalın, üryan görünür, xalça ev sahibinin milli mənsubiyyətini nişan verən emblemdir, atributdur. Bu baxımdan Şərq insanının həyatında xalça önəmli yer tutur. Şərqin mütəfəkkir şairlərinin, xüsusən də Nizaminin yaradıcılığı xalça ustalarının təxəyyülünü qidalandırıb. Nizaminin əsərlərinin motivləri əsasında toxunan xalçalar bu gün dünya muzeylərini bəzəyir. Tədqiqatçıların yazdığına görə Parisin Dekorativ Sənət Muzeyində saxlanılan XVI əsrə aid Kirman xalçasında təsvir olunan "Şirin çimərkən Xosrovun onu seyr etməsi” və "Leylinin səhrada Məcnunla görüşü” səhnələri xalçanın mərkəz oxu boyunca hər iki tərəfdən güzgü simmetriyası ilə təkrarlanır. Luvr Muzeyində saxlanılan XVII əsrə aid ipək Kaşan xalçasının künc ləçəklərində də "Leylinin səhrada Məcnunla görüşü” səhnəsi təsvir edilib. 
 
 

  Nizaminin "Leyli və Məcnun”, "Xosrov və Şirin” poemalarının motivlərinə Orta əsrlər ipək parçalarında, keramika nümunələrində, xüsusən də miniatür rəssamlığında rast gəlinir.  
  Zaman-zaman ölkəmizə gəlib-getmiş səyyahları ən çox heyrətləndirən də minbir naxışlı xalılar olub, onlar səfər qeydlərində xalçalarımız haqqında heyranlıqla yazıblar. Kitabda qeyd olunur ki, layihənin yerinə yetirilməsi ərəfəsində Zirə Mədəniyyət Mərkəzinin xalçaçı rəssamları Bakının ayrı-ayrı kənd və qəsəbələrini gəzərək orada memarlıq, bədii metal, qəbir daşlarının, qaya rəsmlərinin üzərindəki naxış və kompozisiyalardan istifadə edərək onların əsasında yeni xalça çeşnilərini hazırlayıb bu çeşnilərin əsasında yeni xalçalar yaratmışlar. 
  Kitabda bir maraqlı məqam da diqqəti çəkir. Məşhur rus şairi Anna Axmatovanın oğlu, şərqşünas-türkoloq Lev Qumilyov bu xalçaları üzərində tarix yazılmış abidə adlandırıb. XX əsrin əvvəllərində Qafqaz xalçalarını araşdıran ilk müəlliflərdən biri olan Piralov "Azərbaycan xalçalarının üzərindəki naxışların sayı göydəki ulduzların sayına bərabərdir” deyib.
  "Bakı xalçaları” kitabında Bakının bütün kənd və qəsəbələrinə məxsus olan xalçaların adı, toxunma tarixi və rəngli fotoşəkli təqdim olunur. Bu xalçaların hər birinin naxışlarında gizlənən mətləbi "oxuyuruq”, nənələrimizin gözəlliklə mütəmadi təması bizi həm heyrətləndirir, həm də duyğulandırır. Simvolikanın qrafik dəqiqliyi lazımi assosiasiyalar yaradır. Şərq ornamentləri ilə bəzənmiş bu xalçaların sonsuz sayda yozumları var, lap çoxqatlı, intertekstual mətnlər kimidir. Nənələrimiz ürəklərindəki pünhan istəkləri naxış vuraraq xalçaya pıçıldayıblar, butalar bəlkə də nakam qalan arzulardan, qəlb gizlinlərindən xəbər verir. Xalçalar keçmişin nişanəsi olsa da gələcəyi göstərə bilir. Xalçanın möcüzələrindən biri də budur. Bir zamanlar şifahi xal ədəbiyyatında "uçan” xalçalar insanları fərqli zamanlara, fərqli məkanlara aparmağı, xüsusi cazibə yaratmağı bacarırdı.
  "Bakı xalçaları” kitabında "Xilə əfşan”, "Novxanı”, "Fındıqan”, "Gədi”, "Göllü Fatmayı”, "Quşlu Zili”, Güzdək palazı, Qobu kilimi və digər xalçalar haqqında müfəssəl məlumatlar yer alır. Oxucular kitabda həmçinin qədim tikililər, İçərişəhərin xalçaçılıq sənəti, Qız qalası, Şirvanşahlar sarayı və digər memarlıq abidələri haqqında da ensiklopedik məlumatlarla tanış ola bilərlər. 
  Xalçalar dünənimizi özündə yaşadan yadigarlardır, onlara təkcə evləri bəzəyən əşya kimi baxmaq doğru deyil. Hər birimizin evində Azərbaycanın xəritəsi var. Xalça hər bir evin bəzəyi olmaqla bərabər həm də mənəvi dünyamızın xəritəsidir. Xalça torpaq kimi, yurd kimi müqəddəs olub. 
  "Bakı xalçaları” kitabı bizim mənəvi dünyamıza naxış-naxış, səhifə-səhifə güzgü tutur. Bu kitab da xalça kimi hər birimizin evində olsa, xalçaların dilini daha yaxşı biləcəyik, xalçamız Həzrəti Süleymanın xalçası kimi bizi bütün arzularımıza çatdıracaq.