Biz imzaları yox, əsərləri dərc edirik...

Vyanada "Min bir gecə"
517
06 Avqust 2020, 11:53
 Avropada klassik musiqinin beşiyi sayılan Vyana şəhərində ilin bütün mövsümlərində müxtəlif səpkili mədəniyyət tədbirləri, festivallar, konsert və tamaşalar təşkil olunur. Onların sırasında Vyana Şəhər Bələdiyyəsi önündə açıq havada təşkil olunan Vyana Film Festivalının özünəməxsus yeri var. Bələdiyyə meydanında quraşdırılmış böyük ekranda dünyanın müxtəlif ölkələrində istehsal olunmuş opera və balet tamaşalarından tutmuş klassik, caz və digər janrlarda ifa olunan konsertlər nümayiş olunur.
 
 

 Builki festivalda ilk dəfə olaraq təşkilatçılar Azərbaycan klassik musiqisinə müraciət ediblər. Festival çərçivəsində avqustun 5-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunub. Tamaşa həm melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə tamaşaçılarda böyük maraq oyadıb.
 Qeyd edilməlidir ki, festivalda təqdim olunan "Min bir gecə” baleti ötən il Bakıda Heydər Əliyev Sarayında Rusiyanın məşhur "Kreml baleti” teatrının quruluşunda təqdim olunub.
 İyulun 4-dən sentyabrın 6-dək davam edən Vyana Film Festivalının xüsusiyyətlərindən biri də Bələdiyyə meydanında qurulan kulinariya köşkləridir. Milli və beynəlxalq mətbəxin təqdim olunduğu həmin köşklər sayəsində festivala gələnlər həm musiqidən, həm də ləzzətli təamlardan zövq ala bilirlər.
 AZƏRTAC