artkaspi.az Yuri Gikin "Vizual poeziya, Nəzəriyyə və təcrübə" adlı məqaləsini təqdim edir:

(Məqalə "Müasir poeziyanın problemləri” mövzusunda keçirilən
seminarda-Rusiya Elmlər Akademiyasının Rus dili institutunda oxunmuşdur.
Moskva, 23 oktyabr 2001)
Məqsəd
a) XX əsrin ortalarının
şair-vizualistlərinin və müasir qərb şairlərinin işlərinin nümunəsində vizual
poeziyanın tərifini vermək
b) mənim 1994-cü ildən bu günə qədər
topladığım meyl-art (müasir təsviri
incəsənətin görüntüsü, poçt markaları və digər poçt materialları əsasında
tətbiq edilən təsvir vasitələri – X.N.)
arxivimə əsasən vizual-poetik əsərlərin tipologiyası haqqında məlumat vermək
I. Giriş
Vizual poeziya - ədəbiyyat və ənənəvi
təsviri yaradıcılığın (rəssamlıq, qrafika) qovşağında yerləşən incəsənət janrıdır. Biz bu
təzahürü Rusiyada XX əsrin 90-cı
illərindən başlayaraq maraqla izləyirik: bunu vizual poeziya yaradan yeni
şairlərlə bərabər bu mövzuda dərc olunan çox saylı məqalələr də sübut edir.
Belə maraqlı məqalələrdən mən Sergey Biryukovun "Zevqma. Rus poeziyası” (Zevqma
- əlaqə, nitq forması, sözlər arasındakı eynitipli sintaksis əlaqələr. Bu zaman
sözlərdən ancaq birinin uyğunlaşmasından istifadə olunur, digərləri nəzərə
alınmır – X.N.) kitabındakı Rusiyanın müasir vizual şairlərinin ardıcıl
yaradıcılıq fəaliyyətini sübut edən XX əsrin başlanğıcının Rus avanqard
ustalarının əsərlərini, eləcə də "Fiqurlu şeirlər” bölməsini və ayrıca vizual
poemalar şəklində yerləşən "Vizual irəliləyiş” bölməsində M.L.Kasparovun "XX
əsrin əvvəllərinin Rus şeiri şərhlərdə” (M.2001) məqaləsini qeyd etmək istərdim.
II. Vizual poeziyanın tarixi
Mətnə qrafik elementlər münasibəti
ideyası qədim köklərə malikdir. Bizə məlum olan ilk fiqurlu şeirlər hələ
İsgəndəriyyə məktəbinin qədim yunan şairləri tərəfindən yazılmışdır. Mətnin
inteqrasiyası və qrafik təsvir nümunələri orta əsrlər və yeni dövr əlyazma
kitab müəllifləri tərəfindən yaradılıb. Bu cür mətnlərdə söz və hərflərdən istifadə
əvəzinə rəssamlıq və qrafik əsərlərin elementlərindən fransız kubistləri,
italyan futuristləri, rus kubofuturistləri, Dada hərəkatının (Birinci dünya
müharibəsi zamanı İsveçrədə yaradılan modernist cərəyan - X.N.) üzvləri
istifadə etmişlər.
III. 1950-60-cı illərdə vizual şairlərin nəzəriyyəsi və praktikası
Vizual poeziya həqiqi kütləvi xarakterə
1950-60-cı illərdə "konkret poeziya”nın meydana gəldiyi, bütün dünyada vizual
şairlərin sayının artdığı dövrdə malik oldu. (Konkret poeziya vizual poeziyanın
janrıdır). Bu gün biz vizual poeziyanın ənənəvi poeziya ilə rəqabət aparması
mənzərəsinin şahidi oluruq. Xarakterik olaraq,
qərb ədəbi saytlarının əksərində bir qayda olaraq ənənəvi şeir bölməsi
kimi, vizual şeir bölməsini də görmək
olar.
Vizual və ya konkret poeziya - müxtəlif
texnikaların rəngbərəng dünyasıdır, onlara vahid qayda tətbiq etmək mümkün
deyil. Bu səbəbdən də gəlin, bu mürəkkəb hadisə haqqında adekvat təsəvvürün
yaranması üçün şair-konkretistlərin 1950-60-cı illərdəki təcrübəsinə və
nəzəriyyəsinə müraciət edək.

Şvet Oyvind Falstrem "Konkret Poeziyanın
Manifesti” əsərində (1952-1955) qətiyyətlə deyir ki, simvolik tərkibə malik
olmadan da bu cür strukturlardan ibarət şeir yazmaq olar (Şəkil 1.)
Poeziya təkcə
analiz edilməməli, həm də ona struktur olaraq yanaşılmalıdı. Özü də təkcə ideya
məzmununu önə çıxaran yox, həm də konkret struktur kimi. Beləliklə, qaydalı və
qaydasız, psixoloji, müasir, mədəni və universal problemlərlə vidalaşırıq.
Birmənalı olaraq, sözlər simvollar olaraq qəbul edilməlidir, lakin onlardan
poeziya yaratmaq və dil üzərində konkret material kimi eksperimentlər etmək
üçün səbəb yoxdur. Onun "Cədvəldən yaranan detal” işinə hansısa heroqliflərdən
quraşdırılmış struktur kimi baxmaq olar.

İsveçrəli Yucin Qomringer "Konkret poeziya”
məqaləsində (1956) konkret poemalar və onların linqvistik strukturunun
İzomorfizmi (izomorfizm - müstəlif obyektlərin
oxşarlığı – X.N.) haqqında danışır (Şəkil 2.)
"Poemalar çılpaq linqvistik
strukturlardır və konkret poeziyanın görünən forması memarlıqda olduğu kimi onun
da strukturunda tam oxşardır”. Sonralar "Poema
funksional obyekt kimi” (1960) məqaləsində, o, hadisənin dinamikliyi və
müxtəlif xarakterli olmasına əsasən, konkret poeziyanın yaranma tarixindən bəhs
edərək onu "müxtəlif prosedurların işçi hipotezi” adlandırır: "Bir neçə il
əvvəl mən yeni dövr poemalarını funksional obyekt kimi müəyyənləşdirdim. Bu müəyyənləşmə
bəziləri tərəfindən gəncləri çaşdıran zamanın əlaməti, digərləri tərəfindən isə
prosedurların inkişaf ehtimalı kimi qəbul olundu.
Həmin vaxtlar Cənubi Amerikada və ya
daha dəqiqi San-Pauluda poemaları mənim kimi araşdıran qrup formalaşdı. Mən
keçmiş dövrün müxtəlif şairlərinin bu cür adlandırılan poemaları haqqındakı
xatirələrini ön plana gətirərək öz poemamı "Bürclər” adlandırdım. Sonralar, yəni
müxtəlif formalar yarandıqdan sonra, San-Pauludakı dostlarım və mən eksperiment
üçün "Konkret poeziya” adlı qrup yaratdıq. Bu adla biz Sürixdə 40-cı illərdən
başlayaraq təkanları bütün dünyada yayılan konkret rəssamlara
"borcumuzu" qaytarmaq istəyirdik. 1942-ci ildən mənim "Bürclər”
əsərim qəti şəkildə bu qrupun təsiri altına düşdü. Bu gün "konkret poeziya”
poetik-linqvistik eksperimentlərin böyük həcmini özündə birləşdirən, bürclərlə xarakterizə olunan, materialın və onun
strukturunun öyrənilməsi baxımından bizim yaratdığımız poemaların işarələrinin
məcmusunu ifadə edən ümumi termindi” – Yucin Qomringer
yazırdı.
Onun "Sükut” əsəri konkret poemaların
ən məşhurlarından biridir. Burada susmaq fenomeni məkan müstəvisinə keçmiş,
sözlərin yoxluğu sıfıra bərabər olmuşdur.

Braziliya konkretistləri iddia edirdilər ki,
şeirlərin zaman seriyasını müvəqqəti məkanla dəyişdirmək zamanı gəlib ("Konkret
poeziyanın pilot planı” məqaləsində 1958). (Şəkil 3)
"Hecanın
formal-ritmik vahid olaraq tarixi rolunun bitdiyini qəbul etsək məlum olar ki,
konkret poeziya qrafik məkanın varlığını etiraf edir. "Məkan-zaman"
strukturu sadəcə müvəqqəti dövrü əvəz edir. Ardıcıl olaraq ideoqrammanın
(ideoqramma yazı işarəsi və ya şərti təsvir. Məsələn, müəllifin fonoqramdan
fərqli müəyyən ideyaya müvafiq rəsmi. Heroqliflər ideoqramdan ibarətdir –
X.N. ) konsepti məkan və ya vizual
sintaksis mənasında olduğu kimi, kompozisiyanın metodunun xüsusi mənasında da
vacibdir”.
Harold de
Kamposun "Nümunə 2" poeması "Danışmaq gümüşdürsə, susmaq
qızıldır" atalar sözünün məkan variasiyasını özündə əks etdirir. Söz-gümüşdür.
Sükut-qızıl. Əvvəl -gümüşdür. Son – qızıl. Söz –susmaqdır. Söhbət–qızıl.
Aydınlıq. Burada, biz atalar sözünün intellektual anlayış prosesini görürük.
Müəllif sözün normativ sərfindən absurda gəlib çıxır: atalar sözünün məğzi də elə
burada açılır.

Pyer Qranye (Fransa) "Beynəlxalq Hərəkatın
mövqeyi” (1963) məqaləsində konkret, vizual və obyektiv poeziyanı bölüşür.
(Şəkil 4)
Poeziya
incəsənətdən hərəkətə keçdi, natiqlikdən bürclərə. Frazadan struktura,
musiqidən energetik mərkəzə... Konkret poeziya – dil materialı ilə işləməkdi, onun
köməyi ilə strukturun yaranması və estetik informasiyanın faydalanması
vasitəsilə ötürülməsidir. Obyekt poeziyası qrafika, heykəltəraşlıq və ya musiqi
müşayiəti, rəssam, heykəltəraş, musiqiçi və naşirlərin əlbir fəaliyyəti
sayəsində yaranan rəsmdir. Vizual poeziya vizual enerjinin obyekt və mərkəzinin
bərabər götürülən sözü və ya onun
elementləridir.
İlya və Pyer
Qarnyenin birlikdə yaratdığı "Kino” poeması kino kadrlarının növbələşməsi kimi
ritmlə xarakterizə olunur. Yucin Qomringer kimi Mallarme də onu müasir
memarlıqla müqayisə edir. Serjio Bessa konkret poeziyanı D.Bartanın "konkret poeziyanın əsasını köhnə "İlmələr
nəşriyyatı”nda tapmaq olar...” ifadəsi
vasitəsi ilə Stefan Mallarmenin əsərlərinə əsasən izah edir. "Braziliya
məktəbinin şairləri üçün konkretlik konsepti memarlıq anlamında izah olunur: "sonsuz
ekspressiv imkanlar” struktur materialı memarlıq sənətinin dilini təkcə tiranlıqdan azad
etmir, həm də onu sosial ehtiyaclar üçün əlçatan edir” Maks Bene (Almaniya) "Konkret
poeziya 2” (1965) məqaləsində konkret poeziyanı linqvistik mahiyyətin köməyi
ilə izah edir. "Əgər Konkret poeziya”nı, ədəbiyyatın linqvistik strukturunu
nəzərdə tutan (səs, heca, söz, sözardı, sözün paradiqması) qolu adlandırsaq və
ilk növbədə linqvistika aləminin təqdimatı kimi yanaşsaq o, maddi poeziyanın
stilidir. Bundan başqa maddi poeziyanın dili qrammatika və məişət (lakin unikal, vizual və strukturu
istiqamətləndirilən modeli) nitqinin şərti
qaydalarına əməl etmir”. Beləliklə, biz görürük ki, vizual (həm də
konkret) poeziya müstəviyə qarşı qrafik element münasibətini, texnika və
üsulları özündə birləşdirir.
IV. Vizual poeziya və meyl-art
Vizual poeziya
və meyl-art (müasir
təsviri incəsənətin görüntüsü, poçt markaları və digər poçt materialları
əsasında tətbiq edilən təsvir vasitələri
– X.N.) XX əsrin sonu, XXI əsrin əvvəlində bir-biri ilə sıx
təmas yaratdı. Əksər meyl-artistlər vizual şairlərdir və ya əksinə. Vizual
poeziyaya müxtəlif meyl-art proyektlər həsr olunub, bir çox məşhur vizual
şairlər isə öz əsərlərini meyl-art şəbəkəsi vasitəsilə genişləndirir, məsələn,
Pyer Qarnye kimi.
V. Müasir vizual poeziyanın tipologiyası
Vizual
poeziyanın daha bir təyinatını 1960-cı ildən bu istiqamətdə çalışan müasir
Uruqvay şairi Kliment Padın yaradıcılığında gözdən keçirək. Qrafik və vizual
poeziyanın bölgüsü haqqındakı bu gərgin
diskussiyanın gedişində belə bir müəyyənlik yarandı: "Vizual poeziya
eksperimental poeziyanın janrıdır, deməli, başqa ədəbi janrlar arasında müzakirələrə
səbəb ola bilər”. Vizual poeziyanın
universal əlaməti olaraq, əsərdə verbal (şifahi – X.N.) komponentlərin
aşkara çıxmasının şahidi oluruq (hərf, heca, ifadə və s.).
Bu mövqedən
çıxış edərək mən vizual-poetik işləri öz meyl-art arxivimdən götürərək müasir
vizual-poetik texnika və üsulların tipologiyasını təsvir edirəm:

5-cı şəkil.
Mətnin müstəvi üzərində qeyri-standart yerləşməsi
(Barrı Edqar Pilçer, İrlandiya, 1997) Yuxarı,
sağ küncdəki Bird (tərcümədə -
Quş) sözünə fikir verin. Bu söz təşkil edir fiqurlu poemanı.

6-cı şəkil.
Mətndən və ya onun elementlərindən təşkil olunmuş fiqurlar. (Henning
Mitlabdorf. Almaniya, 1998) Burada isə Dada sözlərindən təşkil olunmuş ürək
şəkilli poemanı görürük.

7-ci şəkil.
Hərflər rəsmin kompozisiyasının əsaslı elementidir. (Clemente Padin. Uruqvay,
1999) Kompozisiyanın sağ tərəfindən Yuqoslaviyada bombalamanı saxlayın.

8-ci şəkil. Mətn fonu əvəz edir və ya işin
fonunun bir hissəsini (Oronzo Livzi, İtaliya,2001)

9-cu şəkil. Mətn rəsmin dekorativ elementidir (Mətni
dizaynda) (Hochi linosi, İtaliya, 2001)

10-cu şəkil. Palimpsest (Bartek Novek, Polşs, 1996)

11-ci şəkil. Mətndən seçilmiş abstrak kompozisiya və
ya onun tərkibi (Keuchi Nakamura, Yaponiya, 2001)

12-ci şəkil. Mətnin destruksiyası və metamarfozası
(Henninq Mittendorf, Almaniya, 1995)

13-cü şəkil. Söz və ya sözün bir hissəsinin şəkli
(Rebus) (Keith Bates, Böyük Britaniya, 1997) Burada Moscow (Moskva) sözü şifrələnib.

14-cü şəkil. Mətn sxemin, strukturun, diaqramın
elementi kimi (Andrea Massaro, İtaliya, 1999)

15-ci şəkil. Anaqram (Hans Fricker, Avstriya,1999)
"Anna Blyum" - XX əsr başlanğıcı Kurt Şvittersin vizual poeması -
"Menu Banal" (adi menyu) sözünə çevrilir.

16-cı şəkil. Müəllif əlifbası elementləri (Yuri Gik,
1995)

17-ci şəkil. Kitablar - vizual poemalar (Brend
Rechern, Belçika və Keuchi Nakamura, Yaponiya,2001)

18-ci şəkil. Mətnin müstəvi üzərində qeyri-standart
yerləşməsi - mətn rəsmin, şifrəsini açır (Brend Rechern, Belçika və Keuchi
Nakamura, Yaponiya, 2001)
Məqalə
"Çernovik” (Qaralama) jurnalının 2004-cü il, 19-cu nömrəsində dərc olunub.
Rus dilindən
tərcümə edən: Xatirə Nurgül