Biz imzaları yox, əsərləri dərc edirik...

Vicdanınızı təmiz saxlayın – Madelin Lenqlinin müsahibəsi
2613
05 Aprel 2018, 14:59
  Amerikalı yazıçı Madelin Lenql 1918-ci ildə Nyu-Yorkda anadan olur. Jurnalist ata ilə müəllim ananın ailəsində göz açan balaca Madelinin ilk məktəb illəri çox uğursuz keçir. Bu uğursuzluqlar isə onu mühitdən uzaqlaşıb, kitabxana künclərinə sığınan uşağa çevirir.
 
 

  Madelinin istedadı kollec illərində üzə çıxır. Şeirlər, qısa hekayələrlə müəllimləri və yaşıdlarının diqqətini çəkməyə başlayan Mado sürətini azalda bilmir. Qısa zamanda yeni ədəbi çevrə kəşf edir. Nənəsinin adı verilmiş Madelin ədəbi mühitdə də Mado kimi tanınır. Ailəsindən ayrılıb özünə yeni həyat qurduğu illərdə çox əziyyətlərlə üzləşir. Məcbur qalıb xalq teatrlarında aktrisa kimi çıxış edir. Bu iş də onda çox uğurlu alınır. Lakin buradan qazandığı pulu Mado yaradıcılığa xərcləyir və zəhmət öz bəhrəsini verir. Ard-arda nəşr olunan hekayələr, şeirlər olduqca uğurlu alınır. Cəmi bir il sonra yazıçı həyatını ədəbiyyatdan gələn gəlir hesabına təmin etməyə başlayır və teatrdan uzaqlaşır. 
 
  Daha çox uşaq və yeniyetmələr üçün yazdığı roman və hekayələrlə məşhurlaşmış yazıçının əsərləri elmi-fantastik janrın püxtə nümunələrindən sayılır. "Zamanın qırışı” ("A wrinkle in time”), "Yolumu gözləyən küləklər” ("A wind in the door”), "Sonsuz su” ("Many water”), "Qəbul edilmiş zaman” ("An acceptable time”), "Bir az yağış” ("The small rain”), "Gecənin ayı” (The Moon by Night”), "Günəşin başqa üzü” ("Other side of the Sun”), "Sevgi məktubları” ("The love letters”) və s. kimi romanları ilə auditoriyanın qəlbində taxt qurmuş yazıçı 2007-ci ildə dünyasını dəyişib. 
  "World Fantasy Medal”, "National Humanities Medal”, "Library of Congress Honor Medal” da daxil olmaqla bir çox lokal və beynəlxalq mükafatın sahibi olmuş müəllifin müsahibəsini təqdim edirik.
 
 


  – Uşaqlıqda hansı kitabları oxuyurdun? Uşaqlığının sevimli kitabı hansıdır?
  – Lusi Maud Montqomerinin "Yeni Ayın Emilisi” ("Emily of New Moon”) əsərini çox sevirdim, sevimli, başucu kitabım idi. Baş qəhrəman Emili yazıçı olmaq istəyirdi. Emili ilə o illərdəki Madelin arasında o qədər ümumi, ortaq cəhət var idi ki. Mən Manxetten adasında yaşayırdım, o da mənim kimi başqa bir adada Şahzadə Eduard adasında yaşayırdı. Onun atası ağciyərindəki pis bir xəstəlikdən dünyasını dəyişmişdi, mənim atam da. Emilinin heç vaxt anasının və onun yanında olmayan çoxlu qohumu var idi. Mən isə qohumlarımın az, ya çox olduğunu bilməyəcək qədər tanımırdım onları.

  – Neçə yaşında qərar verdin ki, artıq yazmalısan?
  – Hərfləri tanıyıb, qələm tutmağa başlayandan. Yazmağa çox tez başladım, çünki mənim böyüdüyüm yerdə çox kitab yox idi. Daha çox kitab oxumağın yolu onları yazmaq idi.

  – Necə anladın, aydınlaşdırdın ki, yazar olmaq istəyirsən?
  – Evimizdə kitab bolluğu idi. Valideynlərim hər axşam bir-birlərinə yüksək səslə ya şeir, ya hekayə oxuyurdu. İstədiyim kitabı oxumağıma icazə verirdilər, maraq məni dəli edirdi. Ömər Xəyyamın "Rübailər”-i o yaşdakı uşağı məftun etmişdi. Çünki çevrəmdə məni məftun edən başqa heç nə yox idi. O uşaqdan ancaq yazar ola bilərdi.

  –  "Zamanın qırışı” ("A wrinkle in time”) romanının ideyası hardan gəlir?
  – Mənim fizika və kvant mexanizmi haqqındakı mülahizələrimdən. Riyazi elmlərdən həmişə əziyyət çəkmişəm, amma bu əsərin arxasında məhz dəqiq elmlər haqqında araşdırmalarım dayanır. 1942-ci ildən Eynşteyn, həyatı və nəzəriyyələri haqqında oxumağa başladım. 1961-ci ildə bu romanı yazdım, 1962-ci ildə bu romana görə "Newberry” medalı ilə təltif olundum. 

  – Meqin itləri kimi müxtəlif zamanlar arasında səyahət etmək istərdinizmi?
  – Əlbəttə! Janis Vos kimi bir astronavt mənə gələcəkdən məktub yazır. Dövrün uşaqlarının onun ilham mənbəyi ilə maraqlandığını deyir. Uşaqlara deyir ki, "Zamanın qırışı” romanını oxuyandan sonra astronavt olmağa qərar verib. Məndən cavab məktubu ilə birgə romanın bir neçə nüsxəsini istəyir. Mən də sevə-sevə qəbul edirəm. (Gülüşlər). 
 
 

  – Sən də uşaqlıqda Meq kimi idin? Yoxsa uşaqlığının olmasını istədiyin formasını yaratmısan?
  – Uşaqlıqda olmaq istədiyim obrazı yaratmışam. Meq riyaziyyatı əla bilirdi, ingilis dilini zəif. Məndə isə tərsinə idi. Qalan hər şeyimiz demək olar ki, oxşardır. O da mənim kimi saçlarını səliqəli saxlaya bilmir, qəşəng deyil, çətin uşaqdır.
 
  – Burada yazdığınız bəzi faktları məktəb illərində öyrənmisiniz?
  – Məktəb vaxtı elmi şeylərdən uzaq durmağa çalışırdım. Elmə yaxın olan kəşfiyyatçı, ixtiraçı, təxəyyülə yaxın olan yaradıcı olur. Mən yolumu seçmişdim.

  – Bu romanın hansı janra aiddi – elmi, yoxsa fantastik?
  – Kateqoriyalaşdırmağı sevmirəm. Bu kitabdır. Hansı janrda yazılmasının bir fərqi yoxdur. Yeni elmi-fantastik janrın nümayəndəsidir.

  – Kitabların bir dərs vermək, nəsə öyrətmək məcburiyyəti var?
  – Mənim kitablarım dərs keçmir, hekayə danışır. Qaranlıq və işığın var olduğu bir dünyada böyüyən uşaqlara yaxşını göstərir. Onlar bilməlidir ki, bizim qarşımızda hər zaman seçimlər olur, insanın doğru seçimlər etməsi onun kamilləşməsinin göstəricisidir.

  – Necə kitablar oxumağı sevirsən?
  – Bu məsələdə seçiciyəm. Hekayə oxumağı daha çox sevirəm. Hazırda dedektiv-triller oxuyuram, çünki çox yorğunam və bu janrı oxumaq asandır. Fizika, kosmonavtika sahəsindən alimlərin bioqrafiyasını oxumağı sevirəm. Beynimdə bir hekayə konstruksiyası ilə məşğulamsa, daha çox əyləndirən, fikrimi dağıdacaq nümunələrə üz tuturam. Yığcam portret yazıları da diqqətimi çəkir. Yatmadan əvvəl oxumaq üçün xüsusi nümunələr ayırıram. Əlimin altında oxumağa bir şey olmayanda telefonun kitabxanasından yararlanıram. Bir dəfə Şimal-Qərbi Kanadada səfərdə idik, telefonun enerjisi bitmişdi. Səhərə kimi yata bilmədim. Bütün gün oxumağa nəsə axtaran tiplərdənəm. 

  – Sizi bir müddət aktrisalığa vadar edən nə idi?
  – Burada gizlədilməli bir şey olduğunu düşünmürəm. Yaşayışımı təmin etməli idim. Başqa yolum olmadı. Yaza bilmək üçün də pul lazımdır, yazarlığın xərcini aktrisalıq hesabına ödəyirdim. Amma etiraf etməliyəm ki, o dönəmin yazıçı kimi formalaşmağımda rolu əvəzsiz oldu.

  – Yenidən səhnəyə qayıdarsınızmı?
  – İndi onun sadəcə sevdiyim tərəfləri naminə bəli. Amma yazılar,görüşlər, müsahibələr, mühazirələr, səyahətlər… Fiziki baxımdan buna zaman qalmır. Üstəlik konkret bir işlər qarşıma keçən də olmayıb. 

  – Uşaqlar üçün yazdığınız hekayələr C.S.Levisin yazdıqları ilə müqayisə edilir.
  – Bəli. Mən də çox yaxınlıq, uyğunluq görürəm. Bircə fərqimiz var – onun qəhrəmanlarının cavabları, mənimkilərin sualları çoxdur. Bu da məncə dövrə uyğunluq məsələsi olduğu üçün fərqlidir. 

  – Ən çətin yazılan kitab hansıdır?
  – Hamısı çətin başa gəlib. Uşaqlarıma da, tələbələrimə də deyirəm – "Yazmağa, yaşamağa dəyər bir şey varsa, o mütləq və mütləq çətin olur”. Hər kitab yazılır və yenidən yazılır. Xüsusilə də, ona görə ki, mən yoxlamanı, düzəliş aparmağı sevirəm. 
 
 


  – Kitaba başlamazdan nə kimi "yazıöncəsi” tədbirlər görürsən?
  – Belə tədbirlərlə vaxt itirmirəm. Masa arxasına keçir və yazmağa başlayıram. Başlanğıc üçün hər şey beynimdə planlanmış olur, amma heç vaxt sonluq planladığım kimi alınmadığı üçün uzun müddət sonluq haqqında düşünmürəm. Obrazlar hekayənin inkişafı boyu özlərini daha yaxşı tanıyır, müəllifə yol göstərirlər.

  – Həvəskar, gənc yazarlara nə məsləhət görə bilərsən?
  – Bütün yaşda olan yazarlara elə eyni məsləhəti verə bilərəm – vicdanınızı təmiz saxlayın. Şəxsi kisənizi sahib olduğundan çoxunu təmin etməsi üçün zorlamayın. Yazıçı olmaq üçün oxumalısınız. Hər gün nəsə oxumalısınız. Yazmaq istədiyiniz ideya, hekayə ilə bir müddət bir yerdə yaşayın, fikrinizdə onu yazıb-pozun. 

  – Kitablarının sərlövhəsi çox maraqlı olur. Kitabı başlamazdan əvvəl tapırsan adını, yoxsa yazıb qurtaranda?
  – Əvvəl, sonra, yazı prosesində - ümumiyyətlə, başlıq haqqında düşünmürəm. "Zamanın qırışı” adını anam verdi bu kitaba. Mən "Xanım Nə, Xanım Kim və Xanım Hansı” ("Mrs.What, Mrs.Who and Mrs. Which”) qoymuşdum bunu naşir bəyənmədi. Naşir də "Çarlz Uallasın dünyaları” ("The worlds of Chares Wallace”) başlığı verdi, onu da mən bəyənmədim. Sonra anam bir gün əlində qəhvəsi yazı otağıma girib, dedi: "Deyəsən, mən sənin əsərinin mahiyyətini daha yaxşı əks etdirən bir şey tapmışam”. Vəssalam, romanın adı tapıldı.

  – Yazıçı olmağın ən çox hansı tərəflərini sevirsiniz?
 – Güzəranımı yazdığım hekayələrdən gələn pul hesabına keçirməyi. Yazarlığın ən sevdiyim tərəfi budur, ədəbiyyatın haqqını verənləri başqa sahəyə möhtac qoymur. Bir də hər gün yüzlərlə heyranlıq, sevgi sözləri ilə dolu məktublar almağı sevirəm.

  – Yazıçı olmasaydın, səncə, ikinci ixtisasın nə olardı?
  – Musiqişünas, pianist.

  – Yazmağa başlayanda içində bu işin öhdəsindən gələ bilməyəcəyinlə bağlı qorxuların var idi?
  – Yox. Mən həmişə öz daxili kisəmə bələd olmuşam. Ədəbiyyat üçün yaradıldığımı həmişə hiss etmişəm. 

  – Səni yazarlığa kim həvəsləndirib?
  – Orta məktəb müəllimlərinin bir məqsədi olur – proqramı mənimsətmək, tapşırıq vermək və onları yoxlamaq. Deyirdim yazıçı olacam, mənimlə dəli kimi davranırdılar. Ona görə də, orta məktəbdə heç nə öyrənə bilmədim. Tapşırıqlarım səhv olanda mənə qışqırırdılar, pis hiss edirdim özümü. Amma kollec və universitet illərində dünyanın ən möhtəşəm pedaqoqlarını tanıdım. Və yola onlarla başlamağın müsbəti nəticələrini bugün də görürəm.

  İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
  Mənbə: "Scholastic Students” dərgisi