Biz imzaları yox, əsərləri dərc edirik...

“Vətən mövzulu şeirlər” TÜRKSOY-da təqdim edildi
352
12 Noyabr 2019, 19:11
 Noyabrın 6-da Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ofisində Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Peşə Birliyinin (İLESAM) təşəbbüsü ilə "Vətən mövzulu şeirlər antologiyası” və "Fantasmagoria”  kitablarının təqdimat mərasimi keçirildi.
 
 

 İLESAM və Azərbaycan Yazıçılar Birliyinin birgə hazırladığı antologiyada  Azərbaycan və Türkiyənin 100 şairinin şeirləri türk və ingilis dillərində təqdim olunur.
 Tədbirdə TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Mədəniyyət Nazirliyinin qurumdakı nümayəndəsi Elçin Qafarlı, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksız, qurumun Azərbaycandakı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstandan olan şairlər, mədəniyyət nümayəndələri iştirak edirdilər.
 Açılış nitqi ilə çıxış edən Mehmet Nuri Parmaksız kitabların əhəmiyyətindən bəhs etdi: "Millətlərin və insanların həyatında önəmli dəyərlər var: Vətən, bayraq, müstəqillik, din, dil, mədəniyyət və s. Vətən olmadan digər dəyərlərin mənası da olmaz. Bu baxımdan "Vətən mövzulu şeirlər antologiyası” dili, dini, mədəniyyəti və düşüncəsi bir olan Türkiyə və Azərbaycanın - iki qardaş ölkənin dostluğunu və qardaşlığını daha da möhkəmləndirən bir kitabdır. Şeirlər yaşadıqca qardaşlığımızın davam edəcəyi də şübhəsizdir”.
 Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Allahverdiyev çıxışında tədbirin əhəmiyyətinə toxundu və bildirdi ki, insan həyatında ən önəmli məqamlardan biri də kitab oxumaqdır. Bu layihənin ərsəyə gəlməsinə görə TÜRKSOY və İLESAM-a təşəkkürünü bildirdi.
 
 

 Xəyal Rza öncə tədbir iştirakçılarını AYB sədri, Xalq yazıçısı Anarın adından salamladı. Sonra AYB ilə İLESAM arasında işbirliyinin gündən günə inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, İLESAM artıq yalnız Türkiyənin deyil, türk dünyasıın sənət birliyini ifadə edir: "Qarşıda önəmli layihələrimizi həyata keçirəcəyik. Bu layihələrdən biri də "Vətən mövzulu şeirlər antologiyası”nın eynisini Azərbaycanda nəşr etməkdir.
 
 

 "Fantasmagoria” kitabının müəllifi Akberen Elgezik isə son illər türk dünyasında ədəbi əlaqələrin inkişafına toxundu, müəllifi olduğu kitabla bağlı məlumat verdi.
 Tədbirin bədii hissəsində türkiyəli aşıq Səlahəddin Dündarın ifasında saz havaları səsləndi. Sonra iştirakçılara kitablar təqdim olundu, kollektiv şəkil çəkdirildi.