Biz imzaları yox, əsərləri dərc edirik...

Vədud Müəzzinin fərdi sərgisi Bakıda
141
24 May 2019, 10:02
 Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış rəssam və heykəltəraş, musiqiçi Vədud Müəzzinin fərdi sərgisi açılıb.
 AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə dəstəyi ilə gerçəkləşib.
 
 

 Sərginin açılışından öncə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, rəssamın ölkəmizdə ilk sərgisi 2002-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi və iştirakı ilə təşkil edilib. Daha sonra fırça ustasının 2013 və 2018-ci illərdə də Bakıda sərgiləri açılıb: "Budəfəki sərgidə Vədud Müəzzinin realist üslubda yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş olunur. Bu nümunələr içərisində qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər yer alır. İnanıram ki, bu sərgi paytaxtımızın mədəni həyatında hadisəyə çevriləcək. Çünki bu əsərlər böyük zövq və yüksək ustalıqla ərsəyə gəlib”.
 Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov deyib ki, sərginin açılışı əsl sənət bayramıdır. Çünki burada həm rəssamlar, həm də musiqiçilər bir araya gəlib: "Vəduz təkcə rəssam deyil, həm də gözəl müğənnidir. Bu gün biz musiqi ruhlu əsərlərin yer aldığı sərgi ilə tanış olmaq imkanı qazanacağıq”.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın özünəməxsus üslubundan söz açıb. Deyib ki, sərgidə qrafika əsərləri üstünlük təşkil edir: "Vədud Müəzzin miniatür rəssamlığın geniş yayıldığı Ərdəbildə dünyaya gəlib və modernist ruhlu Türkiyədə təhsil alıb. Amma o nə miniatürə, nə də modernizmə meyl etdi. Realizmə üstünlük verən rəssamın əsərləri həmişə böyük maraqla qarşılanır”
 Sonra qonaqlar sərgi ilə yaxından tanış olub.
 Qeyd edək ki, Vədud Müəzzin 1960-cı ildə İranın Ərdəbil şəhərində anadan olub. Rəssamlıq təhsilini Tehran İncəsənət Universitetinin dekorativ incəsənət fakültəsində alıb. Daha sonra Türkiyənin Memar Sinan Universitetində təhsilini davam etdirib.
 Rəssam İranın bir çox şəhərləri ilə yanaşı, bir sıra Avropa ölkələrində, ABŞ və Kanadada fərdi sərgisini təşkil edib, qrup sərgilərin iştirakçısı olub. İranda onun rəsm əsərlərindən ibarət dördcildlik albom-kataloq nəşr edilib. O, rəssamlıqla yanaşı, musiqinin sirlərini də tələbələrinə öyrədir.
Sərgi mayın 26-dək ziyarətçilər üçün açıq qalacaq.