Biz imzaları yox, əsərləri dərc edirik...

Günah çarmıxı
2873
02 Aprel 2018, 12:40
  Artkaspi. az Fərid Hüseynin Per Lagerkvistin "Varavva” romanı barədə "İnam sığınacağı" adlı yazsını təqdim edir:

 
 Peyğəmbərin cəzalandırılıb, oğrunun azad olduğu dünyadan ədalət ummaq sadəlövhlükdür. "İsa Məsihi, yoxsa Varavvanı  (məşhur oğru) azad edək? Bu suala yerbəyerdən Varavvanı qışqıran insanların ədalətli bəşər umması nə dərəcədə doğrudur? Biz kimlərin günahkar xələfləriyik? 
 

 
 İsa Məsih çarmıxa çəkilir, bəs azad olunan oğru –  Varavvanın taleyi necə olur? Per Lagerkvistin "Varavva” romanı məhz bu məşum sualların cavabı sayıla bilər. 
 Varavva dünya ədəbiyyatında, əfasanələrdə və din tarixində çox vaxt sadəcə adı çəkilən qəhrəmandır, fraqmentar yadda qalır, çünki hamını peyğəmbərin aqibəti düşündürür, oğrunun yox. Varavva isə nə din tarixi üçün, nə də bəşəriyyət üçün adi qəhrəman sayılmalıdır. Çünki o, İsa Peyğəmbərin ölümü nəticəsində azadlığını qazanmışdı. İsanın xilaskarlığı ölüm ayağında da təsdiqini tapır – Varavva azadlığa qovuşur...
 
 Paralel:
 
 Əsərdə İsa Məsih sadəcə Allahın oğlu, xilaskar kimi xatırlanır və onun çarmıxa çəkilməsi olduqca sadə, məlum-məşhur həqiqət kimi yada salınır. Roman isə azad olan Varavvanın sonrakı taleyindən bəhs edir. Yazıçı olduqca maraqlı bir xətti romanın əvvəlindən müəyyənləşdirir və son məqama qədər də həmin xətt davam edir. Nədir o xətt? Əsərdə İsa Məsih – dinin, inancın, işığın, Varavva isə ateizmin, inancsızlığın, qaranlığın təmsilçisi kimi əks olunur. Onların hər ikisi tutduqları yolda mətindirlər, hər ikisi bağışlanmır və nəhayətdə hər ikisi çarmıxa çəkilir. Sadəcə İsa Məsih qəlbindəki İlahi təsdiqə, inanca görə çarmıxa yüksəlir, Varavva isə qəlbindəki inkar və şübhənin nəticəsi kimi aqibətini qaçılmaz edir. 
 
 Paradoks: 
 
 Əsərdəki qütblər –  peyğəmbərlə oğrunun xarakterik fərqləri olduqca aydın boyalarla əks etdirilib. Romanın əvvəlində İsanın çarmıxa çəkilməsində Varavvanın heç bir rolu olmadığı, günahsızlığı aydın əks etdirilir: "İsanı apardılar ki, çarmıxa çəkələr, Varavvanın isə zəncirlərini çıxarıb azadlığa buraxdılar.  Onluq bir şey yox idi. Qərarı özləri vermişdilər”.  Ancaq necə ki, İsa etmədiyi günahlara görə cəzalandırılır, Varavva da eləcə günahsızlığına görə cavabdehdir – O, bütün ömrü boyu "Səni azad edib İsanı çarmıxa çəkiblər” günah yükünü çiynində daşıyır. Burada bir məqam xüsusi diqqət çəkir: Xilaskar da, Oğru da seçilmiş kəslərdir. Xilaskar Allah tərəfindən seçilir, Oğru isə xalq və günahlandırılan tərəfindən...
Ancaq müəmmalı – "İncil”ə zidd məqam da romanda vurğulanır: "Bunlar ağzını qoyublar boşa: ay nə bilim, bizim əvəzimizə, bizim yerimizə öldü. Nə demək olar? Ola da bilər. Amma dəqiq olan bircə budur ki, o Varavvanın yerinə ölmüşdü İsa, bunu heç kəs inkar edə bilməz”. 
 
 

 
 Paralel: 
 
 Varavva azad olandan sonra heç yanda özünə yer tapa bilmir, nə köhnə tanışların yanında, nə də taleyin rast saldığı insanların əhatəsində. Hətta İsa Məsihi çarmıxa çəkib onu azad etdiklərinə görə bəzi adamlar tərəfindən qovulur. Münasibəti olan qadın da ona tam isinişə bilmir, onun yaşamı cəmiyyətdə İsa Məsihin ölümünə səbəb kimi qıcıq doğurur. İsa Məsih müqəddəsliyinin, Varavva isə azadlığının zülmünü çəkir...
 
 
 Paralel:
 
 Varavva adi insandır, inamsızdır, onun üçün müqəddəs bir nəsnə yoxdur deyə cismani mənada elə peyğəmbərlə eyni səviyyədədir – yəni hər ikisi insandır və Allah tərəfindən yaradılıblar. Ancaq Varavva bu dünyanı sevir deyə qalır, yaşayır, İsa Məsih göylər səltənətinin sakini olmağı daha üstün hesab edir deyə çarmıxa çəkilir. Allah dünyanın ədalətliliyinə, yaxud  cəfəngliyinə məhəl qoymadan onların hər ikisini arzusuna çatdırır. Romanda bu məqam açıq mətnlə yazılır: "Varavva ölümü sevmirdi. O ölümə nifrət eləyirdi, o, ümumiyyətlə, ölmək istəmirdi, bəlkə elə buna görə belə alınmışdı hər şey. Bəlkə elə buna görə seçilmişdi – ölümdən qurtulması üçün? Əgər çarmıxa çəkilən, həqiqətən, Tanrı oğludursa, deməli, hər şeydən xəbərdardır və əgər xəbərdardırsa, deməli, gözəl bilirdi ki,  Varavva ölmək istəmir – nə ölmək, nə də əzab çəkmək. Odur ki, Varavvanın yerinə öldü”.

 Paradoks:
 
 Yazıçı Varavvanı çox şeyə biganə, soyuq, həyatdan təcrid olunmuş insan kimi qələmə verir. O, çox şeyə biganədir, ancaq bircə şeyə – İsanın çarmıxa çəkilməsinə – öz azadlığına biganə deyil. Özünün əldə etmədiyi, bəxş olunan azadlıq, ona baha başa gəlir. İnsan xislətinə xas bir məqam var: İnsan bütün günahlarına haradasa bəraət qazandıra bilir, bu hiss insanın mahiyyətin İlahidəngəlmə saflığın sonacan məhv olmadığındandır. İsa Məsih də bəlkə həmin saflığın qurbanı olur. Odur ki, Varavva İsanın çarmıxa çəkilməsini labüd hesab edir. 
 
 Paradoks:
 
 Varavva hesab edir ki, İsa müqəddəs deyil, əsərdə xilaskarın peyğəmbərliyinə inamsızlığı göstərən bariz nümunələr bunlardır:
  "İsanın həvariləri müəllimlərini oğurlamışdılar ki, sonradan özünün vəd etdiyi kimi qayıtdığını söyləyə bilsinlər. Qəribə bir şey baş verməmişdi, daşı Varavva bura gəlməmişdən kənara çəkmişdilər. Tabut da artıq o gələndə boş idi. Daşı kimin yığışdırdığını, meyiti kimin apardığını fərz eləmək heç çətin deyildi. Şagirdləri eləmişdilər bunu, gecə eləmişdilər. Gecənin qaranlığında onlar öz sevimli müəllimlərini oğurlamışdılar ki, sonradan özünün vəd etdiyi kimi, dirildiyini söyləyə bilsinlər. Bunu qanmaq üçün fövqəladə ağıl da lazım deyil”. 
  "Əşi o hardan oldu Tanrının oğlu, hər şey gün kimi aydındır. O, öz gücündən çox qəribə şəkildə istifadə elədi, çox qəribə, elə bil heç istifadə eləmədi, imkan yaratdı ki, qərarı başqaları versin, necə istəyirlərsə, elə də eləsinlər, özü də guya heç bir şeyə müdaxilə eləmədi, ürəyində seçim hazır idi: Onu çarmıxa çəkəcəklər, Varavvanı buraxacaqlar”. 
 İsanı çarmıxa çəkənlər də məhz onun özü üçün möcüzlər etmədiyinə – çarmıxdan xilas olmadığına görə onun müqəddəsliyinə şübhə edirdilər. Peyğəmbərlər isə insanlığı xilas etmək üçün gələnlərdir, özünü düşünən, onsuz da, peyğəmbər olmur. Ona görə də İsa çarmıxda azadlığa yüksəlir, Varavvanın məhkumluğu isə çarmıxdan sonra başlayır.
 
 
 Paradoks:
 
 Yazıçı iki xətti bir-birinin içində "azdırır”:
 ·  "İncil”də danışılanların doğruluğu.
 ·  "İncil”in uydurma olması.
 Bu iki bir-birinə daban-dabana zidd məqam inamla inamsızlığın sərhədini müəyyənləşdirir. Heç kəs sübut edə bilməz ki, "İncil”dəki əhvalatlar həqiqətə uyğundur, yoxsa yox. Yazıçı isə şübhəylə həqiqəti paralel göstərir, situasiyalar həm "İncil”dəki məqamları yenidən qabardır, həm də dərkolunmaz məqamları diqqət mərkəzinə çəkir. Oxucu inamla şübhənin izinə salan yazıçı, onu, yəni oxucunu özü də bilmədən həm İsanın, həm də Varavvanın düşüncələri ilə barışdırır, bir az da irəli getsək, fərqli məqamlarda onların tərəfdarına çevirir və bununla da oxucunun timsalında insanın həm ədalətin, həm də nahaqqın yanında olması aşkara çıxır...
 
 

 
 
 Paralel:
 
 Varavvanın inamsızlığı sona qədər davam edir. İnsanlıq uydurduğu yalanları, eləcə də, yaşadığı reallıqları daim bəşəriyyətə sübut etmək istəyir. Bütün inanclar hansısa sübutlardan, qətiləşmiş qənaətlərdən sonra tam qəbul edilir. Varavva isə inamı özünə yaxın buraxmır.  Onu müqəddəsə inansın deyə İsanın diriltdiyi adamın yanına aparmaq istəyirlər. O isə getmək istəmir və qəlbinin dərinliyində düşünür: "Təbii ki, o bilirdi ki, bütün bunlar təxəyyülün məhsulundan, xoşniyyətli yalanlardan başqa bir şey deyil və dirilmiş dedikləri adam da, əslində, ölməyibmiş”. 
 İsa Məsih üçün aqibəti bəlli olduğu kimi, Varavva üçün də aqibəti və inancı bəllidir. Ona görə onlar üçün nələrinsə sübutu naminə əlləşib-vuruşmağın mənası yoxdur.
 
 Paradoks:
 
 İsa Məsihi günahsız çarmıxa çəkən dünya təkcə peyğəmbərə qarşı deyil, elə oğruya qarşı da eyni dərəcədə ədalətsizdir. Çünki daim başqaları tərəfindən günahlandırılmaq nəsibini Varavva özünə seçməyib. Onun İsaya nifrətinin kökündə İsaya görə insanların onu günahlandırması, ədalətsiz davranması dayanır, əks təqdirdə bəlkə də, o da müqəddəsə (Allah, İsa) ehtiram bəsləyərdi. Qəribədir ki, İsanı çarmıxa layiq bilən də kütlədir, Varavvanı günahlandıran da... 
 
 Paralel:
 
 Varavvanın üzündə çapıq, bıçaq yarası var. Bu Eliaxuanın bıçağından yadigar çapıqdır. "Varavva Eliaxuno onun gözünün altına çapıq qoyana qədər ürəksiz olmayıb. Ona hücum edən Eliaxunu mağaranın ağzından uçuruma atmışdı. (..) Ümumiyyətlə, heç kəs bilmirdi ki, yaxşı xatırladıqları Eliaxu, əslində, Varavvanın atası idi. Bunu heç kəs bilmirdi və bilə də bilməzdi. Onun anası Moava qızı idi, İerixona gedən yolun üstündə karvanı talayanda onu da əsir götürmüşdülər və quldurların hamısı əməlli-başlı kefinə baxandan sonra qızı Yerusəlimə, fahişəxanaya satmışdılar. Orada da görəndə ki, o doğasıdır, saxlamaq istəməmişdilər, küçədə doğmalı olmuşdu və meyitini də elə küçədən tapmışdılar. Uşağın kimliyini heç kəs bilməzdi, heç özü də bilməzdi, bircə onu deyərdi ki, körpə hələ bətnində olarkən lənətləmişdi və göyə də, yerə də, bu göyü-yeri Yaradanın özünə də nifrət yağdıraraq, öz bətnindən rədd edilmişdi”. 
 Burda bir incə məqam var, İsada Tanrı işarəsi var – o Allahın oğludur. Varavva da quldurun oğludur, onda da atasının izi var. Yazıçı Varavvanın dilindən də olsa, onların hər ikisinin atasının naməlumluğuna gizli-aşkar işarə edir. Və həm İsanı, həm də Varavvanı lənətlənmiş kimi qələmə verilir.  Bir paralel isə odur ki, İsadan da, Varavvadan da dünyada heç bir iz (övlad – yadigar) qalmır...
 
 Paradoks:
 
 Bu romanı oxuyub yek nəticəyə gəlmək çətindir, yazıçı romanın ideyasını fikir təlqini ilə çatdırmır, müxtəlifliklə, yozumluluqla göstərir. Və sanki o göstərmək istəyir ki, dünyanı dərk etdikcə, bir-birinə zidd həqiqətləri araşdırdıqca insan inamsız olur, çaşbaş qalır. Ya bütün bunlara inanmalısan, ya da tamamilə inkar eləməlisən. İnsan oğluna dünya tarixindən dəqiq heç bir miras qalmayıb, ona görə də zaman-zaman dinlər, dövlətlər, insanlar ağıllarına, dünya görüşlərinə uyğun həqiqətləri meydana atıb, onları istinadgaha çevirib yaşamalı olublar.
 
 Paralel:
 
 Romanda ironiyalı məqamlar da diqqət çəkir: 
 · "Varavva münasibətdə olduğu dovşandodağı (qadın) ittiham edib daşqalaq edirlər, o, onu öləndən sonra quyudan çıxarıb körpəsinin yanına gətirir və istehzayla İsanın sözlərini deyir – "bir-birinizi sevin”. 
 · Əsərdə İsanın ruhunun Varavvada yaşaması ehtimalı da irəli sürülür. 
 · Meşşan qadınların dilindən deyilir: "Qadınlardan üçüncüsü dedi ki, İsa yoxsullarla dostluq edirmiş, onlara vəd eləyibmiş ki, İlahinin dərgahına gedəcəklər, hətta fahişələrə də deyirmiş: bu yerdə qadınlardan üçü də ürəkdən gülüşdü, yekdil rəyləri belə oldu ki, əgər fahişələrə də bunu deyibsə, onda əladır ki”.
 Yazıçı, bununla da göstərir ki, əslində, Varavva olan hər yerdə İsa da var. Onların taleləri bir anlıq görüşsə də, bəlkə də İsaya ən yaxın insan elə Varavvadır. İsa Məsihin bəşəriyyətə ünvanlı məşum fikri: "Mən sizin yerinizə əzab çəkirəm”, həm də Varavvaya aiddir. O da İsaya görə əzab çəkir...  
 
 Paralel: 
 
 Sonra Varavva Pafosdakı Roma canişinin əvvəl mədənində, sonrasa şəxsi qulu olur.
 Mədəndən sonra Saak adlı erməni ilə Varavva qul kimi işləyir. "Qulları lap əvvəldən bir-birinə zəncirləyirdilər, elə o vaxtdan bəri onların ikisi də bir yerdə işləməyə məhkum idi. Daha ayrıla bilməzdilər və bu əkiz qullar bir-birini lap əzbərləmişdi, tez-tez aralarında dəli bir nifrət baş qaldırırdı. Hərdən heç bir səbəb olmadan vəhşi kimi bir-birinin üstünə atılırdılar, yalnız ona görə ki, bu cəhənnəmdə onları bir-birinə zəncirləmişdilər”.  Saakın boynundan asdığı lövhədə İsa Məsihin adı və bu sözlər yazılıb: "Saak Tanrı oğluna məxsusdur, onun quludur”. Adətən, isə o lövhədə qulların sahibinin adı yazılmalıydı.
 Qul olmağın qaçılmazlığını bu nüansla aydınlaşır. İsa Allahın, inananlar İsanın, Varavva isə sahibinin quludur. Kim kimə inanırsa, onun "quluna çevrilir”.
 
 Paradoks:
 
 Belə bir düşüncə zaman-zaman müxtəlif mənbələrdən və ya ayrı-ayrı insanların dilindən gəlib bizə çatıb ki, zaman-zaman insan öz gücsüzlüyünə görə ya təbiətə, ya fövqəlgücə, ya da Tanrıya inanmalı olub. Əgər insan güclü bir varlıq olsaydı, o heç bir gücə inanmazdı. Bu fikrin özündən sonrakı mübahisəli davamı belədir ki, dinlər daha çox əlacsız adamların sığınacaq yeridir. Avropada ateist düşüncənin daha çox yayğınlaşdığı XX əsrdə bu təlqin hökmran olub. Yazıçı qul obrazın – Saakın diliylə bu məqamı göstərir. "Saak necə arzulayırdı bunu! Hər dəfə onları yeməyə səsləyəndə şeytanın quyusundan yuxarı baxırdı ki, bəlkə, möcüzə baş verib artıq. ...lakin belə bir şey həqiqətən olsaydı, Xilaskar zühur etsəydi, təbii ki, onları da çağırardı. Onları unutmazdı, özününküləri yaddan çıxarmazdı, ölülər səltənətini mütləq azad edərdi”. Bununla da yazıçı göstərir ki, İsanın yolunu ancaq zülm çəkənlər gözləyir və onlar bunu öz xilasları üçün istəyirlər. Kef-damaqda olanlar, indiki ədalətsiz dünyada karlı çıxanlar qiyaməti – axirət dünyasını gözləmirlər və İsanın gəlişini arzulamırlar, çünki bu qayıdış onların səltənətinin sonu deməkdir. 
 
 

 
 Paralel:
 
 Bir gün onları – hər iki qulu prokuratorun yanına çağırırlar və  Saak Allahından dönmür. Dövlətin yox, Tanrının oğlunun qulu olduğunu dediyinə görə onu cəzalandırlar. Varavva isə Allaha inanmadığına görə azad olur. Saakı edam edirlər. Saak öləndə: "Varavva dizləri üstə düşsə də, dua edə bilmirdi. Üzünü tutub dua edəsi kimsəsi yox idi”.
 Sonradan Varavva tək qalır. Nəhayət, getdiyi şəhərdə yanğın baş verir. Və ona öz aləmində elə gəlir ki: "Çarmıxa çəkilən həmin o Qolqofadakı (İsa Məsih) qayıtdı. İnsanları xilas etmək üçün. Vəd vermişdi axı! Dağıdacaqdı, odlar içində məhv edəcəkdi. Söz vermişdi. Nəhayət ki, öz gücünü əyan elədi. İndi Varavva da ona kömək etməlidir. Yazıq Varavva, xilaskarın Qolqofadakı yazıq qardaşı onu bir daha peşman etməz. Bir də aldatmaz!”. 
 Varavvaya elə gəlir ki, Romanı yandırmaqda (yanan talaşaları götürüb evlərə atır və yanğını böyüdür) o yenidən zühur edən İsaya kömək edir. Onu həbs edirlər. Və həbsdə bir Qoca onu tanıyır və bilir ki o kimdir, Qoca ona izah edir ki, şəhəri xaçpərəstləri şərləyib cəzalandırmaq üçün Sezar yandırtdırırmış, Varavva bilmədən ona kömək edirmiş: "Sən bu dünyanın hökmdarına xidmət edirdin. Boynundakı lövhənin üstündə adı sənin sahibin kimi yazılmış birisinə, adı pozulmuş Tanrıya yox. Özünün də xəbərin olmadan, qanuni sahibinə xidmət göstərdin”. 
 "Sonra Varavva anladı ki qismətindəki lövhə elə budur və onu ömrünün sonuna kimi daşımalıdır, başqa heç bir şey eləmək olmaz”.
 Qoca isə Varavvaya məzəmmət etmək istəyənlərə deyir: "Bizim ixtiyarımız yoxdur ki, kimisə Tanrısı olmadığına görə ittiham eləyək”. 
 Sonra Varavvanı şəhəri yandırdığına görə çarmıxa çəkirlər: "... onu daim qorxudan ölümün yetişdiyini hiss edəndə, üzünü zülmətə çevirdi və ona müraciət edirmiş kimi pıçıldadı: – Ruhumu sənə tapşırıram. – Sonra ruhunu göylərə buraxdı”.
 Burda bir xüsusi detala isə xüsusi diqqət yetirmək lazımdır: Qulları çarmıxa aparanda iki-iki zəncirləyirlər. Varavvayla bir zəncirə bağlanmağa adam qalmır. O, iki dəfə Allaha inananlarla  – İsa Məsih və Saak – eyni zəncirə bağlanandan sonra, üçüncü dəfə tək qalır... Çünki çarmıxa yüksəlmək üçün mütləq tək olmalısan...
 
 Üslub:
 
 Lagerkvistin bir çox əsərlərində olduğu kimi bu romanı da təhkiyə üzərində qurulub.  O, müəllif dili ilə həqiqətləri qarışdırır, obrazların taleyi ilə isə müəmmalı məqamları açır. Obrazlar Tarixi, müəllif isə Metatarixi yaradır. Yazıçı hadisələrin məğzini açmır, geniş təsvirlərə yer ayırmır, belədə əsərin hissələri "İncil”in hissələri kimi bitir. Bəzi hallarda, hadisələrin qəfilliyi də bununla izah oluna bilər. Əgər belə olmasaydı, detallara varmaq romanı ən seçkin keyfiyyətlərdən məhrum edəcəkdi. Yazıçı İsa Məsihin müqqəddəsliyinə qarşı iki qütb seçir:  Varavva və cəmiyyət. Onların vasitəsi ilə müqəddəs dəyərlərə fərqli kontekstdə ironiya edə bilir. Və qəribə bir alternativlik yaranır: "İncil”də Varrava necə fraqmentar obrazdırsa, bu əsərdə də İsa Məsih elə fraqmentar obrazdır. 
 Tarixi boyaları yazıçı qətiyyən tündləşdirmir, bir-iki geyim aksesuarı və təbiət təsviri ilə biz əslində, İsa Məsih və onun zamanı barədəki təsəvvürlərimizə əsasən romanda əks olunan dövrü və mühiti gözümüzün qarşısına gətiririk. Yazıçının belə bir metoddan istifadə etməsinin də əsasları var, o mənada ki, bu roman, onsuz da, yalnız "İncil”i oxuyanların "yemi”dir. Yazıçı roman boyu "aysberq üsulu”ndan əl götürmür və biz daha böyük mətləblərlə mətinaltıda qarşılaşırıq, üst qatda isə xatırlamalar əsas götürülür. Bu isə tarixi-psixoloji aspektlərin önə çəkilməsini asanlaşdırır. Peşəkarlıq isə bu sinxronun sona qədər "incəlməməsində” özünü daha aydın göstərir. 
 
 Qayə:
 
 Əsərdən bizə qalan aşkar ideyalar bunlardır:
 Hər kəs öz inancı yolunda yaşayır. İnancsızlıq da inancdır. Bu dünyada günah hamını cənginə alıb, çünki ədalət yoxdur, ona görə də peyğəmbəri də, oğrunu da günahlandıranlar tapılır. Dünya durduqca onun yalanları daha da çoxalır, tarixlə bağlı əsl həqiqətləri bilə bilmirik. Çoxsaylı mənbələr bizdə inancsızlıq yaradır, biz əsl həqiqəti tapana qədər minlərlə yalanın əlinə düşürük. Hər yalanla gerçək ömrümüz həqiqətdən uzaqlaşır, çirkaba batır. Yaşamaq inancının qarşısında, əslində, hər ölüm, çarmıxa çəkilmək deməkdir. Bizim günahlarımız bizdən əvvəl doğulub, çünki günah anlayışı bizdən daha qədimdir, Varavva da İsa da ona görə xilas ola bilmir. Günah varsa, günahkar mütləq tapılacaq...