Biz imzaları yox, əsərləri dərc edirik...

Uşaqları mütaliəyə cəlb edən müsabiqələrin mənfəəti – Müzakirə
532
13 İyun 2018, 14:51
 Artkaspi.az əməkdar jurnalist Təranə Məhərrəmovanın "Oxu müsabiqələrinin keçirilməsi məktəblilər üçün nədərəcədə əhəmiyyətlidir?" mövzusunda keçirdiyi sorğunu oxuculara təqdim edir: 
 
 

"Müasir uşaqlar kitab oxumurlar”. Rusiyanın paytaxtında bu fikrə reaksiya verən şəhər Təhsil Departamentinin Metodiki Mərkəzi hər il uşaqlar arasında "Ən istedadlı oxucu" adlı müsabiqə keçirir. Hər il 1-6-10-cu sinifləri əhatə edən 18-20 min şagird sözün həqiqi mənasında bu layihədə mütaliəyə məhəbbətlərini sübut edirlər. Müsabiqə üçün maraqlı şərtlər düşünülüb: Məzmunlu və keyfiyyətli kitab seçmək, süjetə diqqətli olmaq, yazıçının fiquru ilə maraqlanmaq, ən əsası kitabın mövzusunu müxtəlif vasitələrlə başqalarına çatdırmaq. Yaş kateqoriyası üzrə bölünən şagirdlər üçün ev tapşırığı sevimli kitabın təqdimatını hazırlamaqdır. Hansı kitabı sevmələri ilə bağlı uşaqlara məsləhət verilmir. Ancaq təqdimatda onlara kitabxanaçılar, müəllimləri və valideynləri kömək edir. Kitab haqqında isə onlar şəkillər, əl işləri və kompüter slaydları vasitəsilə danışırlar. Yəni uşaqlar oxuduqları kitabların təsiri altında məzmuna uyğun görüntülər yaradırlar. Təşkilatçıların fikrincə, bu yolla uşaqların kitaba marağı həmyaşıdlarına keçir. Onların maraqlı kitablarını sonradan digər yoldaşları oxumağa həvəslənirlər. Bu il keçirilən müsabiqəni isə təşkilatçılar «Əsl oxu bayramı" adlandırıblar. Təqdimata mürəkkəb viktorina da əlavə olunub ki, orada sualları hər il dəyişən yerli və xarici müəlliflərin əsərlərinin siyahısı təşkil edib. Müsabiqəyə hazırlaşmaq üçün valideynlərdən kitab mağazalarından hansısa əsərləri almaq tələb olunmur. Siyahıdakı istənilən əsər kitabxanada var.  Münsiflər heyətinin üzvləri isə yazıçı, aktyor və Moskva kitabxanalarının əməkdaşlarından ibarət olub. 

  Bəs bizim ümumtəhsil məktəblərinin şagirdləri üçün necə, bu tip müsabiqələr təşkil olunurmu? 
  Müzakirəmizdə şagirdlər arasında mütaliə ilə bağlı müsabiqə və tədbirlərin zəruriliyi vurğulandı.  
 
 
 
  Oxumağı vərdişə çevirək! Və yaxud #hərgünoxu 

  Mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, bədii-estetik zövqünün formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini deyən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov kitab oxumaqla bağlı ötən illərdə qalan ənənəni xatırlayır: "Kitab oxumaqdan, mütaliə etməkdən söz düşəndə, yaşlı nəsil yaşadığı uşaqlıq, gənclik dövrünü belə xatırlayır: "Bir vaxtlar kitab əlimizdən düşməzdi. Hara gedərdiksə, yanımızda mütləq oxumaq üçün kitab olardı”. Xüsusən ictimai nəqliyyatda, metrolarda, avtobuslarda, parklarda mütaliə edən çoxlu sayda insan var idi. Onların arasında böyüklərlə yanaşı, uşaqlara da rast gəlinirdi. O zaman bu, bir ənənəyə çevrilmişdi və hansı sahədə işləməsindən asılı olmayaraq, hər bir kəsin evində kitabxana olardı. Hamı mütaliə edir, düşüncə tərzini, bədii təfəkkürünü formalaşdırırdı, özünü oxuduğu əsərin müsbət qəhrəmanına oxşatmaq istəyirdi. Nostalji hisslər yaşayan yaşlı nəslin xatirələri və yaşadığımız müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı... Təbii ki, yaşananlar, mövcud olmuş ənənə və hazırkı zamanın tələbləri heç də bir-biri ilə uzlaşmır”. İKT-nin artıq bizim həyat tərzimizə çevrildiyini deyən B.Məmmədov bugünkü yeniyetmə və gənclərin informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sələflərindən tamamilə fərqli tərzdə və ortamda böyüdüyünü etiraf edir: "Təəssüf ki, yeniyetmə və gənclərimiz bəzən vaxtlarını müxtəlif sosial şəbəkələrdə, sözün həqiqi mənasında, səmərəsiz keçirməklə məşğul olurlar. Əslində isə həmin vaxtı onlar daha maraqlı bir işə sərf edə - əllərinə kitab alıb oxuya və ya mütaliə etdiyi hər hansı bir əsəri öz yoldaşları ilə müzakirə edə bilərlər. Bu tendensiya təkcə bizdə deyil, əksər ölkələrdə mövcuddur. Elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ildən-ilə təkmilləşən informasiya vasitələrindən istifadə, eyni zamanda məlumatlanmaq imkanları genişlənsə də, mütaliə özünüinkişaf üçün ən klassik və səmərəli vərdiş olaraq qalmaqdadır. Çünki ölkənin inkişafı və çiçəklənməsi məhz ilk növbədə onun oxumuş və müvafiq olaraq inkişaf etmiş erudisiyalı əhalisindən asılıdır”. B.Məmmədovun sözlərinə görə, məsələnin aktuallığını nəzərə alan Təhsil Nazirliyi öz fəaliyyətində bu məqamı xüsusi diqqətdə saxlayır. Belə ki, TN-nin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli əmrindən sonra bu istiqamətdə mühüm addımlar atılıb və müxtəlif layihələrin icrasına başlanılıb. 2015-2016-cı dərs ilindən başlayaraq ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri” müsabiqəsinə start verilib ki, burada da əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir: "Şagirdlərdə mütaliə həvəsini daha da gücləndirmək məqsədi ilə hazırlanan digər maraqlı bir layihə "Məktəblilər üçün oxu”dur. "Təhsil” TV layihə çərçivəsində tanınmış şəxslərin iştirakı ilə dərsliklərdə yer alan, eləcə də sinifdənxaric oxu üçün nəzərdə tutulan onlarla əsərin video formatını hazırlayıb. Adıçəkilən layihədə millət vəkilləri, tanınmış ictimai xadimlər, yazıçılar, mədəniyyət işçiləri, jurnalistlər, idmançılar iştirak edərək Azərbaycan və dünya ədəbiyyatından müxtəlif əsərləri oxuyurlar. Mütaliə vərdişlərini daha da inkişaf etdirmək məqsədi ilə "Təhsil” TV-nin bu mövzuda hazırladığı digər veriliş isə "Qiraətçi”dir. Bu verilişdə şagirdlər müəllimlərinin, eləcə də mütəxəssislərin iştirakı ilə mütaliə etdikləri bədii əsər barədə fikir mübadiləsi aparırlar. Bu verilişlər "Təhsil” TV ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ilk uşaq televiziya kanalı "Günəş” ARB-də yayımlanır”. B.Məmmədovun sözlərinə görə, Təhsil Nazirliyinin yeni tədris ilindən, sentyabrın 22-dən reallaşdırdığı "Oxumağı vərdişə çevirək!” şüarı altında keçirilən növbəti layihəsi isə çox qısa bir zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən marağa səbəb olub: "Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönələn bu layihədə hər bir kəs oxuduğu kitabın fotosunu çəkərək #hərgünoxu haşteqi ilə sosial şəbəkələrdə paylaşım etməklə və dostlarını da oxumağa dəvət etməklə, bizim cəmiyyətdə də kitab oxumaq mədəniyyətini göstərmiş olacaq. Bir nüansı da unutmayaq ki, uşağın kitaba nə dərəcədə marağı olması birinci növbədə onun tərbiyə aldığı ailədən qaynaqlanır. Bunun üçün isə təkcə məktəblərdə deyil, evdə də valideynlər tərəfindən uşaqda kitaba maraq yaradılmalı, onlarda lap erkən yaşlarından mütaliəyə alışdırma mədəniyyəti formalaşdırılmalıdır”.
B.Məmmədov qeyd edir ki, Təhsil Nazirliyi növbəti uğurlu layihənin başlanğıcını qoymaqla, əslində, yaşlı nəslin indi nostalji hisslərlə xatırladığı gözəl bir ənənənin, bir zamanlar mövcud olmuş mütaliə mədəniyyətini, oxumaq həvəsini, kitaba marağı yenidən bizlərə qaytarır.
  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində təşkil olunan "Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsi də nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir. 
 
 
 
  Mətbuatda təbliğata ehtiyac

  "Altun" kitab nəşriyyatının direktoru Rafiq İsmayılov da şagirdlər arasında mütaliə ilə bağlı müsabiqə təşkil etdiklərini bildirir: "Biz müsabiqəni internet vasitəsi ilə keçirdik. Müsabiqə üçün maraqlı format seçilmişdi. Bir ay öncə 4 kitabın adı çəkilirdi və uşaqlarla onlayn işləməyə hazır olmaları məqsədilə sınaq keçirilirdi. Müəyyən bir vaxtda hamısı internetə qoşulurdu və  suallara onlayn rejimində cavab verirdilər. Kim suala birinci cavab verirdisə, bal qazanırdı”. Naşirin sözlərinə görə, bir neçə tur keçirilib və qaliblər mükafatlandırılıb. Sonradan müsabiqəni davam etdirməyə maddi vəsait olmadığından, dayandırılıb: "Bu, geniş miqyaslı müsabiqə idi və bir nəşriyyatın belə bir yarışmanın maddi tərəfini qarşılayacaq imkanı çərçivəsində deyildi". Naşirin sözlərinə görə, məktəblərdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə müxtəlif formatlı müsabiqələr keçirilir: "Hesab edirəm ki, bu cür yarışmalar uşaqların ədəbi əsərlərə məhəbbətini artırmağa, onların oxu vərdişlərini yüksəltməyə, mühakimə qabiliyyətini artırmağa və düşünməyə sövq edir. Fikrimcə, keçirilən müsabiqələr mətbuatda işıqlandırılmalıdır ki, təbliğat əhəmiyyəti olsun”. 
 
 
 
  Mütaliə məsələsi gündəmə qayıtmalıdır
  Mütaliənin məntiqi, təfəkkürü inkişaf etdirdiyini deyən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, hazırda uşaqların yazı, oxu və nitq vərdişləri yaxşı inkişaf etməyib. Oxu vərdişi isə vacib məsələdir: "Hazırda yüksək texnologiyalar inkişaf edib. Bunlar şagirdlərin oxuya olan münasibətini bir qədər dəyişdirib. Sovet dövründə uşaqlar məktəbdə ifadə, imla, inşa yazırdılar. Bu istiqamətdə müsabiqələr keçirilirdi. Yay pioner düşərgələrinə gedirdilər, qayıdandan sonra təəssüratları haqqında inşalar yazırdılar. Ali məktəbə qəbulda da inşa yazmaq tələb olunurdu. Testə keçməklə hər şeydə ifratçılığa yol vermək olmaz. Uşaqlar adi inşa yazmağa çətinlik çəkirlər. Biz orta məktəbdə oxuyanda hər hansı tarixi faktın tezisini çıxarırdıq. Dostoyevski, Drayzer, Cek Londonun əsərlərini oxuyur və hamısının haqqında inşa yazırdıq. İndi belə qaydalar yoxdur. Bu sahədə bir qədər boşluqlar əmələ gəldi. Artıq yenə də vəziyyətin düzəlməsi üçün müəyyən addımlar atılır. Şagirdlər arasında mütaliə vərdişlərini formalaşdırmaq üçün çalışmaq lazımdır. Bu, həm də keçmiş ənənələri qaytarmaqdır. Hesab edirəm ki, şagirdlərin mütaliə məsələsi gündəmə qayıtmalıdır”. 
 

 
  Kitabların gözəl aləmi
  Uşaq yazarı Reyhan Yusifqızı hesab edir ki, uşaqların mütaliəyə həvəsinin olması üçün onların yeni nəşrlər haqqında məlumatları olmalıdır: "Hər şey təbliğata bağladar. Əgər kitab nəşr olunubsa, ancaq onun haqqında danışılmırsa və uşağın xəbəri yoxdursa, o, həmin kitab haqqında məlumatı haradan alacaq? Hesab edirəm ki, mütaliə ilə bağlı tədbirlər keçirmək, müsabiqələr təşkil etmək çox vacibdir. Yəni kitabın məzmunu ilə bağlı suallar verəndə, oxumayanlar da onu eşidir və söhbətin nədən getdiyini bilirlər. Müsabiqənin hər turundan sonra çoxlu kitablar satılır. Uşaqların əlindən tutub onları kitabların bu gözəl aləminə gətirməliyik. Sonra onlar oradan çıxa bilməyəcəklər". 
 


  Oxu müsabiqələrinin keçirilməsi müsbət addımdır
 160 nömrəli klassik gimnaziyanın ana dili və ədəbiyyat müəllimi Məlahət Ələsgərova öz müşahidələrindən çıxış edərək şagirdlərin bədii ədəbiyyat oxumağa həvəslərinin artdığını deyir: "Bu il Azərbaycan bölməsində 5-ci sinfə dərs keçirəm. Demək olar ki, uşaqların yarıdan çoxu bədii kitab oxumağa meyllidir. Hətta, aralarında elə uşaqlar var ki, kitabı çox sürətlə oxuyur və bir-iki gündən sonra kitabxanaya qaytarır. Bu da ondan irəli gəlir ki, uşaqlar öz nitqlərini inkişaf etdirməyə çalışırlar. Təbii ki, uşaqların oxu həvəsi məktəbdən başlayır. Biz uşaqları oxumağa həvəsləndirmək üçün ya şeir müsabiqəsi, ya oxu həftəsi keçiririk. Sonunda onları tərifnamə və ya kitablarla mükafatlandırırıq. Bundan əlavə, dərslərimizdə sinifdənxaric oxulara çox yer veririk. Bəzi dərslərimizi muzeylərdə keçməyə çalışırıq. Bu, uşaqların həm dünyagörüşünü artırır, həm də onlar daha çox materialla təmin olunurlar". M.Ələsgərova F.Köçərli adına uşaq kitabxanası tərəfindən hər il "Ən yaxşı şeir" müsabiqəsinin keçirildiyini deyir: "Dərslərdə uşaqları bacardığımız qədər kitab oxumağa meylləndiririk. Çünki son illər uşaqlar testlərlə o qədər işləyirlər ki, onlarda öz fikirlərini ifadə etmək bacarığı zəifləyir. Biz onları oxuya meylləndirməklə fikirlərini mükəmməl ifadə etməyə yönəldirik. Buna da qismən nail oluruq. Onlar klassiklərlə bərabər, yeni yazarların əsərlərini oxumağa da meyillidirlər. Aralarında detektiv janra meyl edənlər də çoxdur. Ancaq məni qane edən odur ki, onlar oxuyur". M.Ələsgərova hesab edir ki, bütün uşaqları mütaliəyə həvəsləndirmək üçün bu tip müsabiqələrin miqyasını genişləndirməyə ehtiyac var: "Fənn olimpiadaları arasında Azərbaycan dili fənni yer alsa da, oxu ilə bağlı hər hansı olimpiadaya rast gəlməmişəm. Şagirdlər arasında müxtəlif formatlı bədii qiraətlər isə təşkil olunur. Rusiya səfirliyi tərəfindən isə rus sektoru üçün müsabiqə keçirilir. Şagirdlər həmin müsabiqədə onlayn iştirak edirlər və müsabiqənin  qalibi Moskvada müəyyənləşir. Hesab edirəm ki, şagirdlər arasında oxu müsabiqələri keçirilməsi çox müsbət addımdır. Bu, həm onların dünyagörüşünü, həm nitqini formalaşdırır, həm də düşünməyə sövq edir".   
 
 Hazırladı: Təranə Məhərrəmova