Biz imzaları yox, əsərləri dərc edirik...

Uşaqlar zəmanəyə oxşayırlar – Aynur Camalın müsahibəsi
1077
09 Oktyabr 2018, 09:35
  Can Yücəldən "niyə heç vaxt ananız haqqında heç nə yazmırsınız” deyə soruşanda, şair cavabında, "anama olan sevgimi yazacaq qədər şair deyiləm” deyib. Şeirləri ilə insanların qəlbinə yol tapan bir şair belə, anasını vəsf etməyə çətinlik çəkib. Ana gələcəyin şəxsiyyətini yetişdirir və ona görə də ailədə ana faktorunun nə dərəcədə mühüm rol oynadığı hamıya məlumdur. 
 
  Bu dəfə "Mənim balam” rubrikamızın qonağı bir media kapitanıdır. Müsahibimiz "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızıdır. Aynur xanıma bir qələm əhli kimi yaxşı bələdik, onun yaradıcılığı, fəaliyyəti ilə yaxından tanışıq. Aynur Camal jurnalist, bir kollektivin rəhbəri olmazdan əvvəl ilk növbədə anadır. Bu dəfə onu oxuculara məhz ana kimi təqdim edəcəyik. Belə ki, Aynur xanımın üç övladı var. Oğlu Aydının 10, böyük qızı Leylanın 7, kiçik qızı Dənizin isə 5 yaşı var.
 
 
 

 
  – Övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz və özünüzün xüsusi tərbiyə metodunuz varmı?
 
  – Uşaqların düzgün tərbiyə olunması, cəmiyyətə yararlı şəkildə yetişdirilməsi ilə bağlı internetdə kifayət qədər araşdırmalar mövcuddur. Mövzunu daha da əhatəli formada izah edən çoxsaylı kitablar da çap olunub. Bunların bir səbəbi tərbiyənin müxtəlifliyindədirsə, digər səbəbi fərdilikdir. Yəni hər bir uşaqla individual davranmaq, ona bir fərd kimi yanaşmaq lazımdır. Çünki hər birinin ayrı-ayrı xasiyyəti, maraq dairəsi var. Uşaqlarla məşğul olmaq valideyn üçün nə qədər əyləncəlidirsə, maraqlıdırsa, bir o qədər də çətindir. İndiki uşaqlar həddindən artıq kaprizlidir və onlar 15-20 il bundan əvvəlki uşaqlardan tamamilə fərqlənirlər. Hər bir uşaq öz zəmanəsinə oxşayır. Mən uşaq olarkən həddən artıq kitab oxumağa meyilli idimsə, baxıram ki, uşaqlarım, məsələn, planşetdə oyun oynamağa daha həvəslidirlər. Bir neçə il bundan əvvələ qədər cizgi filminə maraq göstərirdilərsə, indi fərqli onlayn oyunlar həmin cizgi filmlərinə olan marağı azaldıb.
 
  – Övladlarınızın internetdə nələri izlədiyi və hansı oyunlarla zaman keçirdiklərinə nəzarət edə bilirsinizmi?

  – Mümkün qədər nəzarət etməyə çalışıram. Mən işdə olanda onlar dərsdə olurlar. Axşamlar onlara internetdən saatla istifadə etməyə icazə veririk. Deyim ki, tamamilə nəzarət edirik, elə deyil. İnternetdə uşaqların psixoloji durumuna təsir edən, zərərli, qəddarlığı, şiddəti təbliğ edən oyunlar var. Hətta elə cizgi filmləri var ki, oradakı dialoqlar belə uşaqların təfəkkürünə təhlükəli dərəcədə təsir edir. Bunların qarşısını almaq tamamilə mümkün deyil, ancaq mümkün qədər qorumağa çalışıram.
 
 
 

 
  – Hansı daha çətindir: media kapitanı olmaq, yoxsa üç uşaq anası?

  – Üç uşaq anası olmaq daha çətindir. Uşaqla dil tapmaq, ona nəyin zərərli, nəyin xeyirli olduğunu izah etmək asan deyil. Təbii ki, kollektivi idarə etmənin də öz çətinlikləri var. Kollektiv elədir ki, orada formalaşmış, yetkin insanlar olsa da, hər ailədən bir fərd gəlir. Hər kəsin özünə görə kaprizləri, ərköyünlükləri var və xüsusilə yaradıcı mühitdə bu kaprizlər daha çoxdur. Ancaq mənə görə böyüklərlə dil tapmaq daha asandır, nəinki uşaqlarla.
 
  – Rəhbərlik etdiyiniz media orqanlarında işçi heyətinizi hər zaman "övladlarım” deyə qeyd edirsiniz. Hansı övladlarınızın qayğısı daha çoxdur – işdəki, yoxsa evdəkilərin?
 
  – Biz günümüzün çox hissəsini işdə keçiririk. İş yerim mənim ikinci evimdir. Komandamızın sevinci sevincim, problemləri problemimdir. Kollektivimiz böyükdür. Kifayət qədər qiymətli, peşəkar, insan kimi də çox ləyaqətli işçilərimiz var. Onların hər biri haqqında bunları demək mümkündür. İşdəki uşaqların kirayədə qalanı, sosial, hətta psixoloji problemləri olanları olur. Mümkün qədər çalışıram ki, onlara dəstək olum, ən azı, mənəvi köməyimi əsirgəməyim, müəyyən psixoloji məqamda güzəştlər edim. Yəni ailə deyiriksə, yetkin insanlar olmasına baxmayaraq, onların da problemləri olur və bacardıqca ailəmizə anlayış göstərməyə çalışıram. Hesab edirəm ki, hər şey qarşılıqlı anlaşmadan başlayır. 
 
 
 

 
  – Övladlarınızla məşğul olmağa vaxt tapa bilirsinizmi?
 
  – Mənim onda bəxtim gətirib ki, uşaqlarımın böyüməyində anam çox yaxından iştirak edir. Allah bütün anaları qorusun. Mən ona güvənərək işlərimi görə bilirəm. Onun dəstəyi olmasaydı, mən üç uşaqla işimi görə bilməzdim. 
 
   – Aynur Camal necə anadır?
 
  – Deyə bilmərəm ki, ideal anayam. Bəzən elə olur ki, önəmli hadisələr yaşanan zaman saytımızda səhvlər olmasın, operativlik qorunsun deyə, bir sutka oyaq qalmalı oluruq. Bu baxımdan, mən deyə bilmərəm ki, yaxşı anayam. İkisini bir arada ideal şəkildə görmək çox çətindir. Qadın ya yaxşı evdar xanım ola bilər, ya da karyerasında özünü təsdiqləmiş mütəxəssis. İkisini bir arada mükəmməl şəkildə aparmaq üçün mütləq sənə dəstək verən dostların, ailə üzvlərin olmalıdır. Bu baxımdan özümü şanslı hesab edirəm ki, mənim işdə də, evdə də belə dəstəkçilərim var.
 
  – Bəs mətbəxdə necə, əlinizin duzu varmı?
 
  – Deyilənə görə var. Deyə bilmərəm ki, hər gün mətbəxə girib yemək hazırlayıram. Günümüz işdə keçir. Nə fiziki, nə də psixoloji durum buna imkan vermir ki, hər gün mətbəxdə olum. Amma həftə sonları uşaqların yeməyini adətən özüm hazırlayıram. Uşaqlar da mənim bişirdiyim yeməyi bəyənirlər.
 
 
 

 
  – Sizcə, cəmiyyət üçün yararlı övlad böyütməkdən ötrü ilk olaraq haradan başlamaq lazımdır?
 
  – Bayaq qeyd etdim ki, əksər hallarda uşaqlar öz valideynlərindən daha çox zəmanəyə oxşayırlar. Onların çevrələrinin, məktəblərinin çox böyük təsiri olur. Bəzən görürük ki, gözəl valideynlərin normal həyat tərzinə uymayan övladları da var. İndiki zəmanədə savadlı, cəmiyyətə yararlı övlad böyütmək çətindir. Bunun üçün valideynlərin məsuliyyəti birə on artmalıdır. Televiziyalar bizim evimizin çağırılmamış qonaqlarıdır. Biz bütün günü televiziyaları izləyə bilmirik. Mən özümdən götürürəm. Mənim yetişməyimdə kitabların və müəllimlərimin çox böyük rolu olub. Yaxşı olardı ki, gənclər mütaliəyə həddindən artıq önəm versinlər. Kitab qədər ikinci tərbiyəçi tanımıram. Sevindirici haldır ki, son zamanlar yeni kitab mağazaları açılır, maraqlı kitablar çap olunur. İstər media, istər ailə, istər müəllim olaraq, var gücümüzlə uşaqlarımızı kitablara yönəltməliyik. Onlar kitablara yönəldikdən sonra ağı qaradan seçməyi bacaracaqlar. 
 
 
 
 
 

  – Aynur Camal necə bir uşaq olub?
 
  – Ucqar bir kənddə böyümüşəm. Oxumağa, mütaliəyə böyük həvəsim vardı. Dərslərimi hazırladıqdan sonra bədii ədəbiyyat mütaliə etməyə başlayırdım. Bir müddət qəhrəmanlıq mövzusunda olan əsərlərə böyük marağım yarandı. Öz yazıçılarımızı da həvəslə oxuyurdum. Bu məndə periodik şəkildə davam etdi və son illərə qədər də belə davam edir. İndi də imkan düşdükcə mütaliə etməyə çalışıram. Sakit təbiətli, qaraqabaq, ünsiyyətə meyilli olmayan biri idim. Bəzən eşidirdim ki, mənim bu xasiyyətimi yekəxanalıq, eqoizm kimi qiymətləndirirlər. Ancaq qətiyyən belə deyil. Bu xasiyyət məndə getdikcə azalmağa başlayır. İllər ötdükcə daha ünsiyyətcil oluram.
 
  – Övladlarınızın hansı sizə daha çox bənzəyir?
 
  – Üçündə də oxşarlıq var. Ancaq böyük qızım zahirən mənə daha çox oxşayır. Xasiyyətcə isə mənə heç biri oxşamır. Onlar səsli-küylü, hiperaktiv uşaqlardır. Bunda da zəmanənin böyük rolu var.
 
 
 

 
  – Bir müsahibənizdə qeyd etmisiniz ki, övladlarımı gələcəkdə yaradıcı sahəyə yönəldəcəm. Adətən yaradıcı insanlar övladlarını bu çətin yolda görmək istəmirlər.
 
  – Bu potensialı onlarda hiss edirəm. Əgər potensial və istedad varsa, bunun qarşısını almaq olmaz. Mən özüm də yaradıcı insanam, "bu əziyyətləri çəkmişəm” kimi fikirləri qəbul etmirəm. Çətinliyi olmayan sahə yoxdur. Mənim üçün hazırda ən çətin və fantastik görünən sənət həkimlikdir. Çünki təbabət hər saniyə inkişaf edir. Yeniliklər, kəşflər ildən-ilə artır. Təsəvvür edin ki, bir həkim ömrünün sonuna qədər oxumalı, araşdırmalı, öz üzərində işləməlidir. Bu baxımdan heç zaman istəmərəm ki, övladlarım həkim olsunlar. Son dərəcə əziyyətli, məsuliyyətli bir sahədir. Ancaq yaradıcılıq elədir ki, orada sənin özünüifadən, ruhun var. Orada özünü təqdim edə bilirsən. Övladlarım bu sahəni seçsələr, çox sevinərəm. Leylada rəssamlığa böyük həvəs görürəm. O, gələcəkdə rəssam ola bilər. Oğlum Aydının güclü müşahidə qabiliyyəti, maraqlı yanaşmaları var. O, rejissor ola bilər. Dənizdə musiqiçi istedadı müşahidə edirəm... Təbii ki, seçimi onlar özləri edəcəklər. Bu sadəcə mənim arzumdur. 
 
  – Artıq yeni dərs ili başlayıb. Uşaqların dərsləri ilə kim məşğul olur?
 
  – Aydın 4-cü, Leyla 2-ci sinfə, Dənizsə hələ hazırlığa gedir. İndiki məktəblərin bir yaxşı tərəfi də odur ki, uşaqların dərs hazırlığının böyük bir hissəsini elə məktəbdə həyata keçirirlər. Leyla ilə Dəniz Avropa-Azərbaycan məktəbində oxuyurlar. Onlar saat 4-ə qədər məktəbdə olurlar. Onlara tapşırıq yalnız həftə sonları verilir. Aydın Anadolu Türk liseyində təhsil alır. Hər iki məktəbin təhsil prosesini çox bəyənirəm. Onlar azyaşlıları həddindən artıq yükləmirlər. Elə uşaqlar var ki, onlar dərsdən evə gələndən sonra saatlarla vaxt lazımdır ki, tapşırıqlarını etsinlər. Uşaqları həddindən artıq yükləmək olmaz. Avropada müsbət qəbul olunan Hollandiya təhsil sistemidir ki, onlar aşağı siniflərdə uşaqları yükləmirlər. Hesab edirlər ki, uşaqlar aşağı sinifdə yazmağı və oxumağı öyrənirlərsə, bu, kifayət edir. Aşağı yaş dövründə uşaqları şəxsiyyət kimi yetişdirməyə çalışırlar. Elmin dərinliklərinə getmək yuxarı siniflərdə baş verir. Dünyanın ən inkişaf etmiş ölkələrindən olan Yaponiyada da təhsil sistemi belədir və uğurları da ortadadır.
 
  Söhbətləşdi: Xəyalə Rəis