Biz imzaları yox, əsərləri dərc edirik...

Uşaq yazarı Reyhan Yusifqızı ilə onlayn görüş təşkil edilib
57
06 Aprel 2021, 10:37
 Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Uşaq yazarı Reyhan Yusifqızı ilə onlayn görüş təşkil edib.
 AZƏRTAC xəbər verir ki, kitabxananın 12 saylı filial müdiri Vəsilə Məmmədova əvvəlcə şagirdlərə uşaq ədəbiyyatı və uşaq mütaliəsinin faydaları haqqında məlumat verib. O, uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi haqqında danışıb. Bildirib ki, aprelin 2-də məşhur nağıl yazan Hans Xristian Andersenin anadan olması ilə əlaqədar, 1967-ci ildən etibarən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə həmin tarix bütün dünyada Beynəlxalq Uşaq Kitab Günü kimi qeyd olunmağa başlayıb.
 
 

 Sonra Reyhan Yusifqızı haqqında hazırlanan videoçarx nümayiş olunub, şagirdlər yazarın bir neçə hekayəsini söyləyərək müzakirələr aparıblar. Şagirdlər sevimli uşaq yazarı, fantastik məzmunda əsərlər müəllifi Reyhan Yusifqızı ilə görüşdüklərinə görə çox seviniblər.
 80 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülanə Əliyeva çıxışında bildirib ki, bu gün Reyhan Yusifqızının uşaqlar üçün yazdığı əsərləri maraqla oxunur və şagirdlər tərəfindən sevilir. Uşaqlar üçün onların başa düşəcəyi dildə əsər yazmaq xüsusi bacarıq tələb edir. Bu baxımdan Reyhan Yusifqızı çağdaş dövrümüzdə uşaqların, xüsusilə də şagirdlərimizin sevə-sevə mütaliə etdiyi müəlliflərdəndir.
 Qeyd edək ki, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi kitablar seriyasının müəllifidir.