Biz imzaları yox, əsərləri dərc edirik...

Uşaq musiqi məktəbi şəhidlərimizin xatirəsinə həsr edilmiş onlayn konsert keçirib
182
22 Yanvar 2021, 11:33
 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi yanvarın 19-da Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin anım gününə həsr olunmuş onlayn konsert keçirib.
 İdarədən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifası ilə başlayan konsertdə məktəbin şagird və müəllimləri fəal iştirak ediblər. Şagirdlər Əmir Bəbirovun ifasında "Xudayar təsnifi", beynəlxalq müsabiqələr laureatı Anisa Karmel Əsgərlinin ifasında Q.Qarayevin "İnsan məskən salır" kinofilmindən musiqi, Zeynəb Abbasovanın ifasında "Sarı gəlin" mahnısı, Nuray Quliyevanın ifasında Qandelin "Fransız pyesi”, Zəhra Bağırzadənin ifasında "Çalı quşu" filmindən musiqi, Ləman Hüseynovanın ifasında şeir parçası konsertboyu səslənib.
 
 

 Vokal ixtisası üzrə müəllim Briliant Şükürovanın, konsertmeysterlər Röya Rəhimova və Məsmə Mehdiyevanın birgə tərtib etdiyi kompozisiyada tar ixtisası üzrə şagird Tunar Haqverdiyevin və vokal ixtisası üzrə şagird Ayan Şükürlünün ifası xüsusilə təsirlidir.
Anım gününə həsr olunmuş videoçarx qarmon ixtisası üzrə IV sinif şagirdi Amin Bünyatovun ifasında V.Adıgözəlovun "Qərənfil” əsəri ilə tamamlanıb.
 Konsert məktəb kollektivinin şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramla onlayn təşkil edilərək məktəbin "YouTube” kanalında yayımlanıb.