Biz imzaları yox, əsərləri dərc edirik...

Unutdular, məni unutdular – Vaqif Bayatlının ilk kitabı
1176
01 Oktyabr 2018, 12:28
  Artkaspi.az saytı "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri oxucuların könlünə yol tapan şairlərin ilk kitabları haqqında məlumat və həmin nəşrdən bəzi şeirlər dərc olunacaq. Bu gün həm də Vaqif Bayatlı Odərin 70 yaşı tamam olur, bu münasibətlə onu təbrik edir yeni uğrurlar arzulayırıq.
 


  Bu dəfə sevilən şair Vaqif Bayatlının ilk şeir kitabından nümunələr və şəkillər oxucuların ixtiyarına verilir.  Cəbrayılzadə Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər) 1948-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alan şairin ilk şeir kitabı "Tənha ulduz altında” 1982-ci ildə "Yazıçı” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru Adil Cəmil, rəssamı K.Quliyev, bədii redaktoru A.Məmmədov, texniki redaktoru G.Bəşirova, korrektorları isə İ.Əhmədov və Z.Hüseynova olmuşdur. 52 səhifədən ibarət olan kitab 7000 tirajla çapa gedib. Qiyməti isə 25 qəpik olmuşdur.

 

 
Dəniz kimi adamlar

Bu dünyada dərd də, qəm də
Könülümün nəşəsidi,
Ağlamalar, sızlamalar
Arvadın peşəsidi.
 
Göz yaşları dəyməmiş,
Daş ürəklər yuxalır,
Nə deyirsən, qardaşım,
Seviləsi adamlar,
Günü-gündən çoxalır.
 
Kürəyinə kürək,
Köksünə baş qoyulası adamlar,
Dəniz kimi, göy kimi
Hara getsən
İçində duyulası adamlar
Günü-gündən çoxalır.
 
 
Unutdular məni, unutdular...
 

könül bağladığım adamlar,
sirr verib sirrini saxladığım adamlar,
yanlarında ağladığım adamlar, dünya gələ, gedə
çıxmaz yadımdan.
əlim əllərindən çəkilməmiş,
yıxıq könüllər tikilməmiş
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular, məni unutdular...
görünmədim gözlərinə,
görünmədim gözlərinə
göz görmədi
könül unutdu...
görünmərəm gözüm dörddü,
bu dünyada yaman dərddi
görünməzsən, unudarlar.
 
düşünürəm öz dalımca,
gözüm dolur.
hamı səni unudanda
bu yalanlı dünyada
ölümlər gerçək olur...

 

 
Onda,onda

Bir gözəl şairin
qəfil yorulduğu, qəfil durduğu.
səsinin içində burulduğu
üzündə görükəndə,
 
bir acı, tağ atar
mənim qəlbimdə,
onda, onda
bir söyüd ağacı bitə salonda,
hər acı yanında
bir tut ağacı
atlaz-atlaz yarpaq tökə.
onda, onda 
ay işığı sularda gəzəntək –
bir gözəl əl gəzə əllərim üstə,
yarpaqtək bir ovuc alnıma qona.
 
onda, onda –
səsim ürəyimlə düz gəlməyəndə,
qəlbim istədiyi söz gülməyəndə–
bir gilas çiçəyi aça könlümdə,
aça, başlaya sonra –
saralmağa, solmağa,
mən də birdən,
birdən baş alam qaçam –
bir tənha dənizə yoldaş olmağa.
 
 
Bir uşaq əllərinə
Dünya səndən bezəndə
sən də dünyadan bezib
endirəsən başını.
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını,
qırış-qırış üzünü
qıyma-qıyma gözünü
itdən-qurddan,
qəmdən-dərddən,
dostan-tanışdan
dastan-dastan alın yazını
bir uşaq əllərinə.
nə göz yaşı bilinər,
nə alın yazısı silinər.
endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
böyük andlar içməyə.
günahlardan keçməyə
endirərsən başını
haqq qapısın açmağa,
qanadlanar mələyin,
bəlkə də
bağışlandı günahın
qəbul oldu diləyin.
ancaq hələ...
dünya səndən bezəndə
sən də dünyadan bezib
fit çala-çala gəzib
endirərsən başını
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını
bir uşaq əllərinə
saxlarsan göz yaşını
bir uşaq əllərindən.
 
  Hazırladı: Cahan Seyidzadə