Biz imzaları yox, əsərləri dərc edirik...

Hüseyn Cavid haqqında təyyarədə yazılan şeirlər
4019
24 Oktyabr 2018, 08:25
 Bu gün - 24 oktyabr Azərbaycanın görkəmli söz ustası, dahi Hüseyn Cavidin doğum günüdür.  Bu şeirlər Naxçıvanda Hüseyn Cavid məqbərəsinin açılışı vaxtı, bədahətən yaranıb, təyyarədə qələm adamlarının bir-birinə ötürdükləri qoşa vərəqə yazılıb.
 
 
 

 
Kamal Abdulla:
 

Möhnəti ata bilsəydim,
Sənə qovuşa bilsəydim,
Səndən soruşa bilsəydim,
Ata, indi rahatsanmı?
 

Qabil:
 

Məqbərən mərmər, ay atam,
Sözlərin gövhər, ay atam,
Bəxtsiz bəxtəvər, ay atam,
Fərəhsənmi, fəryadsanmı?
 

Musa Yaqub:
 

Bu Naxçıvan diyarındır,
Mərmər türbə hasarındır,
Atəşi-eşq məzarındır,
Sən əbədi həyatsanmı?!
 

Cabir Novruz:
 

Anamla yan-yana uyuyan ata,
Anamdan xəbərsiz, məndən xəbərsiz.
Oğluyla bir yerdə baş qoyan ata,
Anamdan xəbərsiz, məndən xəbərsiz.
 

Zəlimxan Yaqub:
 

İlk qismətin qarlı Sibir,
Dayaqların dözüm, səbir.
Bir idi, üç oldu qəbir,
Dustaqsanmı, azadsanmı?
 
 


Fikrət Qoca:
 

Cərgələrə düzülməyən,
A dünyası düzəlməyən,
Dövranıyla düz gəlməyən,
Yenə həmin inadsanmı?
 

Sabir Rüstəmxanlı:
 

Ulu Turan, ulu niyyət,
Haqqa varan bəşəriyyət.
Üçuş yerin əbədiyyət,
Mərmərləşən qanadsanmı?
 

Rafael Hüseynov:
 

Həsrətiniz – özün yaşlı,
Dərdləriniz – sözün yaşlı.
Qəbrin, ömrün, gözün yaşlı,
Ərimədin – poladsanmı?
 

Nəbi Xəzri:
 

Cəlladların zamanında,
Qaldın Allah amanında.
Hüseyn Cavid ümmanında
Sən coşan Batabatsanmı?
 
 
Bəkir Nəbiyev:
 

Ürəyində oğul dağı,
Ahın yandırdı sazağı.
Axır ki, tapdın oylağı,
Oğuzsanmı, Bayatsanmı?
 

Mikayıl Mirzə:
 

Atam, anam – məhəbbətim,
Sənsiz nəydim? – Vallah yetim.
Mənim qəbir səadətim –
Turandan xəbərdarsanmı?
 
 
 
 
 

Salam:
 

Çox əzaba tuş oldu can,
Gözlərini bürüdü qan.
O boyda ağır yaradan,
Hələ sağ-salamatsanmı?
 

Rəfiq Zəka:
 

Türklük sənin qanındadır,
Ruhundadır, canındadır.
Atam, anam yanındadır,
Torpağında rahatsanmı?
 

Fərəməz Maqsudov:
 

Ölümsənmi, həyatsanmı,
Ümidsənmi, nicatsanmı,
Bir keçilməz Siratsanmı,
Bir aşılmaz Fıratsanmı?
 

Mahir Qarayev:
 

Oxunmaz, Turan oxunmaz,
Yasinin, surən oxunmaz.
Sibirdə Quran oxunmaz –
İncilsənmi, Tövratsanmı?
 

Musa Urud:
 

Axır güldü kor baxt, ata!
Nə yumşaqdı torpaq, ata!
Mişkinazdan toxtaq ata,
Turandan narahatsanmı?
 

Şahmar Əkbərzadə:
 

Mişkinazın yana-yana,
Nur ələdin qubarına.
Gəlin köçdü məzarına,
Kama yetən bir adsanmı?
 

Məmməd Araz:
 

Bu torpağın ürəyinə çəkildin,
Ürəyinə, bəbəyinə çəkildin,
Dən-dən olub sinəsində əkildin,
Bitmək üçün azadsanmı, əfəndim?
 
 
Mənbə: Rafael Hüseynov "Əbədi Cavid” kitabı