Biz imzaları yox, əsərləri dərc edirik...

"Ulduz"un iyun sayı
359
01 İyul 2020, 09:17
"Ulduz"un  iyun sayı işıq üzü gördü. Jurnalın bu sayı Fərid Hüseynin özüylə söhbəti və müxtəlif illərdə qələmə aldığı esseləri ilə açılır. "Müzakirə saatı"nda  Rüstəm Kamal və Nərgiz Cabbarlının təqdimatında Əjdər Olun bir müddət öncə işıq üzü görmüş  "Lo" romanı müzakirəyə çıxarılıb. Fariz Yunislinin "Daş", Xəyalə Sevilin "Ağac ana", Nizami Adışirinin "Boğça" kimi hekayələri xüsusi maraq doğuran nəsr nümunələrindəndir.  "Şeir vaxtı"nda Vasif Zöhraboğlunun, Tural Turanın, Habil Rzanurun və Nigar Arifin şeirlərinə yer verilib. 
 
 Tənqidçi Cavanşir Yusiflinin Samirə Əşrəfin "Mənim üçün qızılgül" hekayəsi haqda qələmə aldığı "Bizim üçün qızılgül" adlı tənqidi məqaləsində yazarın sözügedən hekayəsi geniş təhlil edilmiş, dünya ədəbiyyatının fərqli nümunələri ilə paralellər aparılmışdır. Qəşəm Nəcəfzadənin şairə Nuranə  Nur yaradıcılığından bəhs edən "Sənə bir xəbərim vardı..."  adlı məqaləsi, Səhər Əhmədin Sehran Allahverdinin yaradıcılığına işıq tutan "Daşa divara, quma çizilmiş şeirlər" başlıqlı yazısı dərgiyə özünəməxsus rəng qatır. Bir neçə il öncə dünyasını dəyişmiş gənc yazar Orxan Adiloğlunun təqdim edilmiş şeirləri nakam yazarın qısa ömrünə sığan yaradıcılıq  nümünələrinin kiçik bir hissəsidir. Qürbətdə yaşayan həmyerlimiz Orxan Arasın qırğız yazıçısı Çingiz Aytmatovun "Dişi qurdun yuxuları" romanından bəhs edən yazısı əsərə fərqli baxış bucağı sərgiləyir. Cahangir Məmmədlinin  Bəhruz Axundovun əziz xatirəsinə həsr etdiyi "Qəlbimizin Bəhruz nisgili" adlı yazısında mərhum naşirin şərəfli ömür yoluna nəzər salınır. Mustafa Çəmənlinin "Gözə görünməz düşmən” adlı publusistik yazısı dünyanı cənginə alan koronavirus pandemiyasının bəşər övladının yaşam tərzinə göstərdiyi psixoloji və sosial təsiri bədii sitat və faktlarla təsvir edilib. Bundan başqa, dərginin bu sayında Furqanın tərcüməsində  türk şairi Canər Gökçəoğlunun şeirlərini, eləcə də "Debüt"də gənc yazar Ülvi Ələkbərzadənin şeirləri tanış ola biləcəksiniz.  Qulu Ağsəsin iki yaşlı İpək Məcidə həsr etdiyi şeiri rubrikanın adıyla səsləşir,  "Böyükdən uşağa" hər kəsin nəzər nöqtəsinə çevrilir. ”Tərcümə saatı”nda Rey Bredberinin oxucuları başdan-sonacan həyacan və maraq vəd edən "Dadli Stounun təəccüblü ölümü" hekayəsi yer alıb ki, nümunəni dilimizə Dinar Həmidova tərcümə edib. İlham Abbasovun Nobel mükafatçısı  Con Qolsuorsi yaradıcılığından bəhs edən "Məhəbbət nasiri" adlı yazısının sayəsində böyük naisirin yaradıclığı haqda geniş bilgi almaq imkan qazanacaqsınız. Son olaraq qeyd edək ki, "Dərgidə sərgi"nin bu sayının qonağı 11 yaşlı rəssam Gülay Məmmədlidir. 

 


















 Ответить
 Переслать

 Предложить звонок

Ок, хорошоПонятноОк, принято