Biz imzaları yox, əsərləri dərc edirik...

"Ulduz" jurnalının noyabr sayı işıq üzü görüb
604
25 Noyabr 2020, 13:11
Xüsusi buraxılış şəklində, rəngli formatda nəşr edilmiş dərginin bu sayı ümümilikdə Qarabağa həsr edilib. Dərgi Xalq yazıçısı Anarın "Erməni mifinin süqutu" başlıqlı yazısı ilə açılır. Xalq yazıçısı Elçinin "Gecə pəncərədən görünən dağlar" adlı qısa pyesi, eləcə də Xalq yazıçısı Kamal Abdullanın "Sarı camış" hekayəsi taleyinə müharibə və köçkünlük yazılmış fərqli insanların ortaq ağrı-acılarından bəhs edir. Bu həssas məqam dərgidə yer alan Əjdər Olun "Qəbulda", Elçin Hüseynbəylinin "Gözünə gün düşür", Eyvaz Zeynalovun "O gün hamı xocalılıydı", Qulu Ağsəsin "Peyğəmbərin məqbərəsində qətl", Kamran Nəzirlinin "Qoca uşaq",  Hicran Hüseynovanın "Qaçqınçılıq", İlqar Rəsulun "Bizim evin pilləkəni", Sevinc Nuruqızının "Mələklə rəqs", Pərvanə Bayramqızının "İnsanlığın hekayəsi", Xalid Kazımlının "Canavar balasına rəhm edən amansız döyüşçü", Zemfira Məhərrəmlinin "Sevgimi neylədin, Daşaltı dərəsi" kimi hekayələrində də aydın şəkildə özünü büruzə verir. Qeyd edilən bütün ədəbi nümunələr kədərli motivlər üzərində qurulsa da, Qarabağın azad olunacağına olan ümid qığılcımı diqqətli oxucunun nəzərindən qaçmır. Fərqli ədəbi formatlarda qələmə alınsa da, Rəşad Məcidin "Qələmsiz yazılanlar"ı Günel Anarqızının "Sərhədsiz səma" radio-pyesi, Mustafa Çəmənlinin "Cəbhə xatirələrim... İyirmi yeddi il sonra" xatirə yazisi da bu məntiqi ardıcıllığı, bu və ya digər şəkildə, davam etdirir. 
 

 
 Qarabağda dünyaya göz açmış mərhum naşir Bəhruz Axundovun illər öncə qələmə aldığı "Torpaqsız, obasız Qarabağlıyam" şeiri yuxarıda adı keçən nəsr nümunələri ilə harmoniya təşkil edir. Aqil Abbasın "Gamış bağa girdi, gəl" hekayəsi Qarabağın işğala qədərki qayğısız günlərinə işıq salırsa, Xəyal Rzanın "Kötük baba" hekayəsi təbiətin timsalında erməni təcavüzünün sona yetməsi təsvir edilir. Bundan əlavə, Tural Axundovun, İradə Musayevanın və Toğrul Axundovun Qarabağ zəfərindən doğulan təəssürat yazıları da diqqət çəkən və oxunaqlıdı. Cəlal Məmmədovun hazırladığı ənənəvi "Qısa fikirlər xəzinəsi"ndə isə Azərbayacan və Türk şairlərinin Qarabağa həsr edilmiş şeirlərindən parçalar təqdim edilib.

Xəbər lenti