Biz imzaları yox, əsərləri dərc edirik...

Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqə
98
30 Noyabr 2020, 12:18
 Dekabrın 1-dən 4-dək Ukraynanın kurort paytaxtı sayılan Truskavetsdə Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqəsi keçiriləcək.
 AZƏRTAC xəbər verir ki, bu unikal müsabiqədə həm opera, həm də estrada musiqisini eyni dərəcədə uğurla ifa edən vokalçılar aşkar ediləcək, onlar Ukraynanın və dünyanın musiqi ictimaiyyətinə təqdim olunacaqlar. Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər. Onun repertuarına daxil olan "Mən göyə baxıram” adlı Ukrayna xalq mahnısı müsabiqədə hökmən ifa edilməlidir.
 Müsabiqəyə 16-40 yaşlarında, musiqi üzrə ixtisas təhsili almış peşəkar müğənnilərlə bərabər, musiqi təmayüllü ali məktəblərin və kolleclərin tələbələri də qoşula bilərlər.
 
 

 İştirakçılar ilkin mərhələdə qiyabi seçimdən keçiblər. Bu mərhələdə ən çox bal toplayanlar final seçiminə dəvət olunublar.
 Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Beynəlxalq Müsabiqənin mövcud olduğu illərdə bu yarışda Ukrayna, Moldova, Niderland, ABŞ, Özbəkistan, Litva və Qazaxıstandan olan vokalçılar iştirak ediblər.
Bu il iştirakçıların peşəkar səviyyəsi çox yüksəkdir: xaricdə kontrakt üzrə işləyən gənc opera müğənniləri koronavirus karantini səbəbindən Ukraynaya qayıdıblar və onlar da bu müsabiqədə iştirak edəcəklər. On beş nəfər finalçı arasında "Ölkənin səsi” teleşousunun iştirakçıları və populyar aktyorlar da var.
 Epidemiyaya qarşı mübarizə tələblərinə uyğun olaraq, müsabiqə qarışıq formatda keçiriləcək: ifaçılar, münsiflər heyətinin üzvləri və prodüserlər seçim turlarında canlı iştirak edəcəklər, tamaşaçılar isə müsabiqəyə onlayn rejimdə qoşula biləcəklər. Seçim turları və qala-konsert müsabiqənin rəsmi internet səhifəsində nümayiş etdiriləcək. Efirin texniki təminatı "Truskavets-onlayn” saytına həvalə edilib.
 Müsabiqənin təşkilatçıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Truskavets Şəhər Şurasıdır. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. AZƏRTAC bu müsabiqənin media-tərəfdaşıdır.