Biz imzaları yox, əsərləri dərc edirik...

Ucalmışdı Xanın Şikəstə səsi – Əkbər Həmdi Əlyarın şeirləri
1560
19 Noyabr 2020, 14:21
 Artkaspi.az saytı Əkbər Həmdi Əlyarın şeirlərini təqdim edir:
 
 
***
 
Qeyrət atına toxtadı məhmiz Qarabağda,
Donquzların oldu tükü biz-biz Qarabağda.
 
Türk ordusu, Azər qoşunu seltək axışmış,
Çör-çöp sel önündə qalıb aciz Qarabağda.
 
Aslanlarımız itləri qovmuş evimizdən,
Yüksəldi zəfər bayrağı eşsiz Qarabağda.
 
Sağ-sol, qapı-qonşu hamı haqdan yapışarkən,
Yalqız deyilik indi daha biz Qarabağda.
 
Qorqut atamızdan bəri, can tapmada ruhlar,
Babək, Nəbi, Səttar ilə Çingiz Qarabağda.
 
Qan qardaşı, din qardaşı bilməz nədi sərhəd,
Bax, Ərdəbil, Urmu, Bakı, Təbriz Qarabağda.
 
Öz xalqıma, öz xaliqimə and içirəm mən,
Daşnak yağıdan qalmayacaq iz Qarabağda.
 
Haqsızlığın, Əlyar, başa çatmış qara ömrü,
Düşmən yenilib çökmədədir diz Qarabağda.
 

***
 
Vüsal yanğısıyla çırpınır ürək,
Dodaq vətən deyir, dil vətən deyir.
Otuz illik həsrət sona varmada,
Ayaq vətən deyir, əl vətən deyir.
 
Dəniz dalğalanır, torpaq sivrilir,
Külək qanadlanır, bulud qıvrılır.
İşıq zəfər çalır, zülmət devrilir,
Şimşək vətən deyir, sel vətən deyir.
 
Söykənib dağ-dağa, kürək-kürəyə,
bağlanıb can-cana, ürək-ürəyə.
And içib xalqımız duza, çörəyə,
Oba vətən deyir, el vətən deyir.
 
Şairin qələmi, hər yaratdıği,
Əsgərin tüfəngi, hər bir atdıği.
Adaxlı gənclərin əldə tutduğu-
çiçək vətən deyir, gül vətən deyir.
 
Haqqı qorumaqda utanma Əlyar,
Qoşul bu karvana, yubanma Əlyar.
İrəli addımla, dayanma Əlyar,
Cığır vətən deyir, yol vətən deyir.
 
 
***
 
Zəlimxan Yaqubun şeirinə nəzirə
 
 
"Bu gecə yuxuma girmişdi Şuşa",
Sevincdən dam-divar tam ağlayırdı,
Dönmüşdü qanadlı, azad bir quşa,
Vüsaldan alırdı kam, ağlayırdı!
 
Çökmüşdü şəhərə şadlıq həvəsi,
Cabbar mahnı deyir, yar oynayırdı.
Ucalmışdı Xanın Şikəstə səsi,
Kaman oynayırdı, tar oynayırdı.
 
Boylanıb Bakıya Murov tərəfdən,
"Halal olsun sizə, halal", deyirdi.
"Həzz aldım misilsiz qeyrət, şərəfdən,
Əbədi olsun bu cəlal", deyirdi.
 
Bu gecə yuxumda bəy idi Şuşa,
Sağdışı Ağdamdı, soldışı laçın.
Dünya heyran idi bu şux duruşa,
Tayın görməmişdi nə Çin nə Maçin!
 
Pənahxan baxaraq qürur duyurdu,
Natəvan bağında gülürdü güllər.
Vaqif gözəlləmə, tərif deyirdi,
Qədir oxuyurdu "Sona bülbüllər".
 
Bu gecə görürdüm "Daşlı qala"dan,
Əbülfət enirdi "Bulaqbaşı"na,
Deyirdi "Ay pəri" bircə an dayan,
Qoy çəkim əlimlə daraq başına!
 
Bağqıran başında od qalanmışdı,
Qırxqızda qartallar qıy vururdular.
Yağının var- yoxu tam talanmışdı,
Oğuz iyitləri hay vururdular.
 
Atlar şahə qalxıb Cıdır düzündə,
Kişnərti səsindən qulaq batırdı.
Qorxu yoxdu aslan iyit gözündə,
İti-qurdu çölə qovub dartırdı.
 
Üzeyir notaya düzüb yazırdı,
"Qarabağ iyidi" operasını.
Bülbül oxumaqçün durmuş hazırdı,
Qəhrəman ellərin macərasını.
 
Bu gecə coşurdu İsa bulağı,
Şəhidlər, suyunda qüsl edirdilər.
Məsciddə bağlayıb yaşıl qurşağı,
Yollara saçaraq nur, gedirdilər...
 
Məclis qurulmuşdu Turşsuyun üstə,
Məclisi aparan kimdi? Zəlimxan:
- Sara Qədimova, Kəsmə Şikəstə,
Eşq olsun xalqına, can Azərbaycan!
 
Şahmar da bu gecə məmnun qalmışdı,
"Kimsənin yerinə utanmayırdı!"
Bəxtiyar qəmə yox, dəmə dalmışdı,
"Axı dünya donmuş, fırlanmayırdı!"
 
Bu gecə Germanın Şuşa nisgili,
Açıldı Sədinin ifalarında.
Bu gecə ulduztək, Qarabağ eli,
Gəzirdi xoşbəxtlik səmalarında.
 
Şuşanın özü də şair olmuşdu,
Onu dinləyirdi baş-canla hamı.
O Əlyar şəklində zahir olmuşdu,
Göylərdən gəlirdi onun İlhamı!