artkaspi.az AzEuroNews.com saytının Azərbaycan bürosunun əməkdaşı Emil Salamoğlu və axar.az xəbər portalının yazarı Nigar İxtiyarqızının müsahibəsini təqdim edir:

Onlar universitetdə eyni qrupda oxuyublar, eyni
partada oturublar. Elə bir-birini tanıyandan dostluqları başlayıb. Tələbə
yoldaşları 4 ildə şübhələnirmiş, aralarında pıçhapıçla danışırmışlar ki, onlar
sevgilidirlər, ya yox... Hətta müəllimələrindən biri arada "o göy göz oğlan dərsdə
sənə yaman baxır, heç gözünü çəkmir” deyə eyham da vururmuş. Amma iki il bu
münasibət sadəcə dostluqdan ibarət olur, universitetin sonuncu illərində isə sevgiyə
çevrilir.
Bu gün onlar ailədirlər. Hətta deyirlər ki, onlar
sevgili olub evlənməsəydilər belə, uzun illərə dayanan dostluqları qalacaqdı.
Beləliklə, müsahiblərimiz AzEuroNews.com saytının Azərbaycan bürosunun əməkdaşı
Emil Salamoğlu və Axar.az xəbər portalının yazarı Nigar İxtiyarqızıdır (Bayan
Nigar).
"Nigar bütün
fanatlarımı "qətlə” yetirə-yetirə gedirdi”
Onların evinə üz tuturuq... Düz 19-cu mərtəbəyə
qalxırıq. Yaxşı ki, məşhur teletamaşada deyildiyi kimi, lift gecə-gündüz işləyir.
Söhbətə onların tanış olmağına səbəb olan tələbəlik
illərindən başlayırıq. Nigar deyir ki, 3-cü kursa qədər dost olsalar da, Emilin
ondan hələ lap əvvəldən xoşu gəlirmiş: "İkimiz də 2006-cı ildə Azərbaycan Beynəlxalq
Universitetinə qəbul olmuşduq. Tanışlığımız da orda yaranıb. Lap sonralar
deyirdi ki, hələ birinci kursdan səndən xoşum gəlirdi. Amma münasibətimiz 3-cü
kursdan sonra başlayıb. Qrupda oğlanlar arasında yaxşı yazanlardan biri idi,
qızlar arasında da mən... Həmişə aramızda bir rəqabət də olardı. Qrupumuzun
uşaqları adətən jurnal siyahısına əsasən yan-yana otururdular. Emillə siyahıda
adım yanaşı olmasa da, qaydanı pozub sonradan yanbayan oturduq”.
"Bəs əvvəldən xoşu gəlibsə, etiraf etməsi niyə 3 il
vaxt aparıb?” sualıma cavab olaraq Emil deyir ki, buna gözləmək demək olmaz:
"Bilirsiniz, bu o dövr idi ki, universitetdə məşhur idim, "Modern” adında qəzet
də çıxarırdıq, yazılarıma görə fanatlarım da çoxalmışdı (gülür). Nigar da bütün
fanatlarımı "qətlə” yetirə-yetirə gedirdi. Buna 3 il gözləmək deməzdim, sadəcə,
proses özü gedirdi. Yaxşı dost idik və yavaş-yavaş hər şey öz yoluna düşdü”.

"Qızlar gələndə, məndə
qısqanclıq yaranırdı”
Nigar isə deyir ki, dost olsalar da, Emili digər
qızlara qısqanırmış: "Qəzet çap olunan vaxt universitetdə bütün tələbələrə
çağırış etmişdik ki, kimin yazı qabiliyyəti varsa, bizim qəzetə yazı verə bilər.
Hamı da gəlib Emili axtarırdı. Qızlar gələndə, istər-istəməz, məndə qısqanclıq
yaranırdı. O özü də qısqandırmaq üçün qəsdən qız gələndə qarşılamağa məni göndərirdi.
O vaxt bir Nigar varıydı, Emilin ondan xoşu gəlirdi. Mən də ona "qara Nigar”
deyirdim. Deməli, bir dəfə təhsil haqqımı evdən göndərməmişdilər deyə, ödəyə
bilməmişdim. Dekan gəlib sinifdə dedi ki, ödəyə bilməyənlər sabahdan dərsə gəlməsin,
mən də pis oldum ki, qayıb düşəcək. Emil dedi ki, öz təhsil haqqımı gətirmişəm,
sənin yerinə ödəyərəm. Onda dost idik, dedim elə şey olmaz. Bu da telefonunu
stolun üstünə qoyub getdi kassaya ödəməyə. Bu vaxt telefonuna həmin "qara
Nigar”dan mesaj gəldi. Mən də Emilin adından onunla yazışmağa başladım. Bu
zaman təsadüfən onlar koridorda rastlaşırlar, qız deyir ki, bəs sən mənimlə
yazışmırsan?.. İşin üstü açılır və ondan sonra araları dəyir”.
"Benimle
evlenirmisin?”
...Və beləcə davam edən dostluq münasibəti zamanla
sevgiyə çevrilir və bir müddət sonra evlənmək qərarına gəlirlər.
"İkinci kursda, dekabrda tətilə gedəndə, axırıncı dərsdən
çıxıb ayrı-ayrı avtobuslara mindik. Mən həmişə pəncərə tərəfdə otururdum. Bu dəfə
o ayrı, mən ayrı avtobusda pəncərə tərəfdə oturmuşduq. Gördüm ki, avtobusdan mənə
baxır, əlində də kağız var, üstündə də "benimle evlenirmisin?” yazılıb. Mən də
mesaj yazdım ki, qayıdım, danışarıq. Bu, zarafatyana bir şey olsa da, artıq
Emil anons etmişdi” –deyə Nigar evlilik təklifini belə xatırlayır.
Emil deyir ki, xasiyyətləri oxşadığı üçün Nigar
onun diqqətini çəkib: "Həm də yazı-pozu işlərimə onun tərəfindən diqqət çox
olurdu. Bunun da rolu varıydı. Onun yazı-pozu işimə dəstəyi məni cəlb edirdi”. Nigar
danışır ki, Emil ona tez-tez özəl yazılar ithaf edirmiş.
2012-ci ildə nişanlanan, 2013-cü ildə toyları olan
cütlük jurnalist ailəsinin təməlini qoyur.
"Klaviaturanın üstündə
hər cür yemək qırıntısı tapmaq olar”
"Xasiyyətimizdə oxşarlıqlar çoxdur. Çox təmkinli
adamdır. Əvvəl də bunu bilirdim, amma evlənəndən sonra daha yaxşı gördüm. Onu əsəbiləşdirmək,
özündən çıxarmaq çətindir. Əgər əsəbiləşib qışqırırsa, deməli, həddindən artıq
nəsə böyük hadisə baş verib. Amma çox deyingən olmağını da deməliyəm”, –Nigar
evlilikdən sonra həmkarının bu cəhətlərini kəşf edib.
Emil özü də pis tərəflərini etiraf edir: "Evə girən
kimi, corablarımı çıxarıb hara gəldi tullayıram, bir də kompüterlə işləyə-işləyə
yemək yeyirəm, klaviaturanın üstündə hər cür yemək qırıntısı tapmaq olar. "Yeni
Müsavat”da işləyəndə də kompüterimin üstü başqalarından "fərqlənirdi”. İndi də
evdən yazıram, çox vaxt evdə tək oluram, ona görə yeməyi də kompüterin başında
yeyirəm. Nigar isə çox səliqəlidir. Yəni mən dağıdan olsam da, səliqə-sahman tələb
edirəm. Onunla istəklərimizə gəlincə, demək olar ki, eynidir. İkimiz də
operativliyi sevirik, harasa gediriksə, ikimiz də eyni anda hazır oluruq,
bir-birimizi çox gözləməyə ehtiyac qalmır”.

"Nigar əvvəllər çox
qısqanc idi”
Söhbətin bu yerində Nigar çay süzməyə gedir və fürsətdən
istifadə edən Emil onun qısqanclığından danışır: "Əvvəl çox qısqanc idi, hadisələrə
çox emosional reaksiya verirdi. Amma indi bir qədər azalıb, daha da azalması
üçün çalışıram.
Bizim bir yerdə rahat yaşamağımızın səbəbi zövqlərimizin
oxşar olmasıdır. Musiqi, geyim, film seçimində, insanlara baxış məsələsində
eyni düşünürük. İkimizin də səyahət etməkdən xoşumuz gəlir. Hətta az maaşla işlədiyimiz
dövrlər olub, bəzi xərcləri ixtisara salmışıq, amma əvəzində qarşımıza hədəf
qoymuşuq ki, filan istirahət yerinə getməliyik”.
Yalnız ikisinə məxsus
kitab...
Söhbət zamanı o da məlum olur ki, Emil onların şəxsi
münasibətlərinin təsvir olunduğu bir kitab yazıb. Kitab çap da olunub, ancaq
ikisindən başqa heç kimin oxumasına icazə vermirlər.
Emil jurnalist ailəsinin çətinliklərindən çox məsuliyyətinin
olduğunu düşünür: "Sadəcə, jurnalist ailəsi istər-istəməz, diqqət mərkəzində
olur, qohum-əqrəba nümunəvilik gözləyir, ev də ki gecə-gündüz redaksiyaya
çevrilir. Bir də görürsən ki, evdə qızğın siyasi müzakirələr gedir, hərəmiz bir
tərəfi tuturuq, yaxud mövzu təkliflərimiz olur. Yadıma düşəndə deyirəm ki,
Nigar, bax, bu mövzunu işləyə bilərsən. Yəni, bizim ev bir gün redaksiya, ertəsi
gün reportaj məkanı, səhər BMT-nin iclası, axşam Davos forumu olur. Yaxşı ki,
Ukrayna Radası olmur (gülür). Ən əsası odur ki, iki jurnalistin başı bir
qazanda qaynayır. Bunun da səbəbi tələbəlikdən təməli qoyulan münasibətlərin nəticəsidir.
Amma belə baxanda, hələ də subayam. Şəxsiyyət vəsiqəmdə
də "subay” yazılıb, dəyişdirmirəm də. Düzdür, ailə quranda azadlıqlar
yarıbayarı azalır. Sən də o azadlıqların buxovlanmağı ilə barışırsan. Amma harasa
tək səfərə getməliyəmsə, bizdə o problemlər olmur”.
"...üç dəfə demişəm
ki, yemək gətir, hələ soruşursan?”
Nigarın sözlərinə görə, Emil ən xırda bir məsələ
üstündə mübahisə yarada bilər: "Bəzən Emil ən adi bir şeyə elə reaksiya verir
ki... Məsələn, deyirəm ki, yemək yeyirsən? Deyir ki, fikirləşim deyərəm. Bir az
keçir, yenə soruşuram. Deyir ki, qoy görüm hələ. Bir az keçəndən sonra bir də
sual verirəm, deyir ki, bayaqdan üç dəfə demişəm ki, yemək gətir, hələ
soruşursan? Çünki mən hər dəfə soruşanda onun diqqəti yazıda olur, adama fikir
vermir”.
Emil deyir ki, indi bütün hadisələr iki jurnalistin
qızı - Emiliyanın ətrafında cərəyan edir: "İndi əsas məsələ Emiliyadır. Suyumuz
da odur, odumuz da...”

"Köynəyi cırıq da gəzə
bilər, amma səfər planını təxirə salmaz”
Emil Nigarın "əlinin duzu” olmasından danışmağa
başlayanda, həyat yoldaşının "məndən heç olmasa yaxşı nəsə danış” replikasını
eşidib cavabın trayektoriyasını dəyişir: "Özünüz də görürsünüz ki, bu suala təzyiq
altında cavab verirəm (gülür). Amma yeməkləri, zarafatsız, çox yaxşıdır. Mənsə
heç qayğanaq da bişirə bilmirəm”.
Pul məsələsinə gələndə, Nigar Emilin daha xəsis
olduğunu fikirləşir: "Onun pul xərclədiyi iki şey var: yemək və səyahət.
Ayaqqabısı, köynəyi cırıq da gəzə bilər, amma səfər planını təxirə salmaz”.
Emil etiraf edir ki, öz geyiminə pul xərcləməyi
sevmir: "Keçən dəfə anam gəlib şalvarlarımı qayçılayıb atdı ki, təzəsini alım.
Burdan Tiflisə 3 gün gedib gəzməyimizə pul tapıram, amma özümə ayaqqabı almağa
yox”.

Ailənin balaca "media
kapitanı”
"İki jurnalistin böyütdüyü övlad necə olmalıdır”
sualıma onların birgə cavabı belədir: "Uşağın tərbiyəsi ilə hər ikimiz məşğuluq.
Uşağı elə böyütmək lazımdır ki, özünə qapanmasın. Uşaq nə soruşursa, hökmən
cavab veririk. Emiliya həmişə özünü bu evdə ən vacib adam hesab edir. Üstəgəl,
elə bir mühitdə böyüyür ki, ətrafında uşaqlar çoxdur, deyib-gülən, mehriban bir
kollektiv var. Ona görə hansısa toya gedəndə, şadlıq evinə tamada kimi girib əl-qol
açıb oynamağa başlayır...”
"İstərdinizmi, Emiliya da peşənizi davam etdirsin”
sualına Nigar cavab verir ki, qızını həkim görür: "Amma seçim onun özünün
olacaq. İndiki vaxtda mətbuatda olmaq böyük perspektiv vəd eləmir”.
Emil isə deyir ki, işıqlı yazı adamı olmaq istedad
tələb edir: "Emiliya istedadlı olacaqsa, yolunu kəsə bilmərik. Onsuz da indidən
qələm, vərəq götürüb cızma-qara edir. Deyəsən, yeni media kapitanı gəlir...”
Söhbətləşdi: Aygün Asimqızı