Biz imzaları yox, əsərləri dərc edirik...

“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
291
20 Fevral 2020, 13:25
  Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Türkologiya” jurnalı və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb. 
  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Daşkənddə Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən "Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda iştirak edib. "Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov bu səfər çərçivəsində Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüşüb. Görüş çərçivəsində Mədəniyyət Mərkəzi ilə Jurnal arasında bir çox məsələlər müzakirə olunub.
 
 

 AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə görkəmli alim, akademik Kamal Abdullanın "Türkologiya” jurnalına baş redaktor təyin olunmasından sonra jurnal ənənəni davam etdirməklə yanaşı, rubrika və məzmun baxımından zənginləşmiş, stabil nəşr həyatını bərpa etmiş, beynəlxalq elmi mərkəzlərlə əlaqələrini genişləndirmiş və nəhayət, EBSCO başda olmaqla bir sıra nüfuzlu beynəlxalq indeksləşdirmə biblioqrafiyalarına (MLA, SAJI, SIS, TEI, SOBİAD, CIF) daxil edilmişdir. Akademik Kamal Abdullanın beynəlxalq əlaqələrə, elm və mədəniyyət mərkəzləri ilə əməkdaşlığa önəm verməsinin bir nəticəsidir ki, 2020-ci ilin fevral ayında "Türkologiya" jurnalı ilə  Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanmışdır. 
  Memorandumda tərəflərin ikitərəfli elm, mədəniyyət, təhsil sahəsində əməkdaşlığı, Azərbaycanın mövcud qanunvericiliyini, habelə bu sahədə müvafiq sazişləri, müqavilələri rəhbər tutaraq gələcəkdə əməkdaşlıq əlaqələrini daha da gücləndirməsi öz əksini tapıb. Memorandum sənədində elm, dil, tarix, folklor və ədəbiyyat sahələri üzrə gələcəkdə yeni-yeni tədbirlər, layihələr həyata keçirərək mövcud əlaqələri daha da inkişaf etdirmək, əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq kimi məsələlərin zəruriliyi vurğulanıb. 
    Sənəddə hər ilin əvvəlində birgə həyata keçiriləcək tədbirlərə dair məsləhətləşmələr aparmaq və əməkdaşlığa dair illik iş planı tərtib etmək, elm, dil, tarix, folklor və ədəbiyyat sahələri üzrə yeniliklərə dair nəşrlərin mübadiləsini həyata keçirmək, il ərzində Azərbaycan və Özbəkistanın ortaq dəyərlərinə, elm, dil, tarix, folklor və ədəbiyyat sahələrinə dair birgə tədbirlər keçirmək, hər iki ölkənin elmi jurnalları arasında əlaqələri dərinləşdirmək və bu nəşrlərdə qarşı tərəfə aid məqalələrin yayımlanmasına dəstək olmaq,  "Türkologiya" jurnalının Özbəkistanda daha da geniş yayılmasına, Jurnal öz nömrələrində Özbəkistan tərəfinə xüsusi yer ayırmasına, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirlərin jurnalın səhifələrində verilməsinə, Özbəkistanın ali məktəbləri, Azərbaycan ocaqları tərəfindən əldə edilməsinə dəstək olmaq və s. maddələrə yer verilib.
  Sənəd Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tərəfindən imzalanıb.