Biz imzaları yox, əsərləri dərc edirik...

Türk Ədəbiyyatı Vəqfi Rahid Uluselin kitabını nəşr etmişdir
579
22 Yanvar 2020, 13:18
  Türkiyənin həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatına, onun öyrənilməsinə, nəşrinə və təbliğinə diqqətlə yanaşan Türk Ədəbiyyatı Vəqfi Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin aforizmlər kitabını özünün "Turay” nəşriyyatında çap etmişdir.
 
 
 
  Azərbaycan, Rusiya və İrandan sonra Türkiyədə çap olunan "Düşüncə Vahəsi” adlı bu kitab təkmilləşdirilmiş, yeni aforizmlərlə zənginləşdirilmişdir. Tərcüməçisi yeni çağ Azərbaycan ədəbiyyatının bir sıra dəyərli nümunələrini türkcəyə çevirən, milli ədəbi örnəklərimizi Türkiyədə tanıdan, iki qardaş ölkə arasında humanitar-mədəni əlaqələrin qırılmaz körpüsünü yaradan İmdad Afşardır. 10 bölümdən, 1000 aforizmdən ibarət "Düşüncə Vahəsi” XXI əsrin min bir sualı qarşısında qalmaqdan çəkinmir, yaşadığımız çağın – "kapital sivilizasiyası”, yoxsa "dəyər sivilizasiyası” dilemmasına cavab axtarır, üçüncü minilliyin adi fiziki "zaman”, yoxsa "epoxa” kimi  öz mahiyyətini necə tapacağının köklərini arayır, kosmik erada insanın kainata "toxum” kimi, yoxsa "qəlpə” kimi yayıla biləcəyinin fərqini anladır, "körpə uşaq kimi yıxıla-yıxıla böyüyən həqiqətləri” dilə gətirir. Kitabın əsas paradiqması belədir: "Aforizm – mütəfəkkirin strategiyasıdır”.