Biz imzaları yox, əsərləri dərc edirik...

Tom Volf əbədiyyətə qovuşdu
296
18 May 2018, 18:29
 "Dəyərsiz şeylərin atəşfəşanlığı” ("Bonfire of the vanities”) romanı ilə dünya ədəbiyyatında nüfuz qazanmış amerikalı jurnalist Tom Volf dünyasını dəyişib.
 

 
 "Guardian”ın xəbərinə görə, 88 yaşlı publisist-yazar uzun müddətdir Manhetten xəstəxanasında ağır infeksion xəstəlik diaqnozu ilə müalicə alırmış. Bazar ertəsi həkimlərin müsbətə doğru irəliləyiş olmadığı rəyindən sonra doğmaları yazarı Nyu-Yorkda yerləşən evinə aparıblar. Cəmi bir gün sonra Volf əbədiyyətə qovuşub. Onun ölüm xəbərini mətbuata ədəbi agenti Talese təsdiqləyib: "O, inanılmaz dərəcədə humanist adam idi. Bəzi adamları nəinki təkrarlamaq, hətta imitasiya belə etmək olmur. Onun qədər maddi və mənəvi gücü, nüfuzu olanlar üçün bir çox şey yolverilməzdir. Amma o hər səhər çörək almağa da özü gedərdi. Deyirdi ki, o mağazanın sahibi dünyanın ən müqəddəs adamıdır – çörək bişirir”.
 1973-cü ildən ədəbiyyatla aktiv şəkildə məşğul olan jurnalist ömrünün son illərini "Qeyri-bədii ədəbiyyat nümunəsi ilə araşdırma, bioqrafiya və jurnalistikanın sərhədləri” mövzusunda mühazirələrə həsr edib. Volfun bu mövzudakı məqalələr və mühazirələri həm bioqrafiya və qeyri-bədii ədəbiyyat nümunələrinə həvəsli yeni yazarlar, həm də ədəbiyyata meyl edən jurnalistlər üçün mükəmməl bir bələdçiyə çevrilib.
  Filip Kofman "Guardian”a verdiyi açıqlamada Amerikada nəzəri-praktiki ədəbiyyatın böyük bir dövrünün bağlandığını deyib: "Beş il kino və ədəbiyyat haqqında film çəkmək üçün araşdırma aparmışam. Tomun səsi, təcrübəsi mənim üçün bir işıq yolu olub. İndi qərar verə bilmirəm, Tom Amerika ədəbiyyatının, yoxsa dünya jurnalistikasının xəzinəsinin itkisi sayılır”.
 Volf 17 bədii və qeyri-bədii kitabın müəllifidir. Onun sonuncu kitabı "Natiqliyin hökmranlığı” ("The Kingdom of speech”) 2016-cı ildə işıq üzü görüb.