artkaspi.az Şəfiqə Şəfanın şeirlərini təqdim edir:
Payız sətirləri
Qovur dəli küləklər
bulud dəstələrini.
səmanın kənarına,
Pıçıldar zülmət gecə
buz kəsmiş sevgisini
tək-tənha küknarına.
Alabəzək yarpaqlar
çaylarda cərgə tutub
üzür bilinməzliyə,
Səmanın göz yaşları
kürəyimi üşüdür
soyuq həsrəti ilə.
Zülmət bürüyüb tamam
həyatın ağ üzünü,
İlk baharın dərdidir
son baharı ağladan.
Yerə, göyə nə var ki?
Payız çəkir hüzünü...
***
Yağış yağır şırhaşır…
Sanki damlalar qaçır,
Bir-biriylə yarışır.
Elə bil yer ilə göy
həsrətli aşiqlər tək
göz yaşları axıdıb
bir-birinə qovuşur...
Səma dəli Kür kimi
yenə coşub çağlayır,
Bəlkə dərdə düşübdür,
O da insanlar kimi
qüssələnib ağlayır?!
Ya da qəzəblənibdir
bu dünyanın əlindən,
Leysanından, selindən
yağdırıb hər tərəfə
ildırımlar gücüylə
yaman hay-həşir salır,
Hirsini yerdən alır.
Yəqin yer də ölümlü
Adəm övladları tək
günahlarını yuyur.
Büllur kimi tərtəmiz
damcıların altında
təmizlənib paklanır.
Sonra qızıl günəşin
şəfəqində əks olub
yeddi rəngə boyanır,
Lap təzə gəlin kimi...
Gül-çiçəklə bəzənmiş
yatağında oyanır,
Uzun bir ömür boyu,
Sevinc, səadət dolu
sabahlara boylanır!
***
Sorağın da getdi səninlə birgə...
Sonuncu hal-xətir xəbərin belə
qarışıb Bakının qızmar yayına
əridi günəşin şəfəqlərində...
Minlər, milyonların içindən keçib,
Qanıma, canıma hakim kəsilən
gur səsin, hənirin, isti nəfəsin
sildi son qətrəni həndəvərimdən,
Yağdı yad torpağa ani yağış tək...
Əsdi külək kimi nəfəsin, ətrin,
O yerlər səsinlə səhəri açdı,
Bəlkə sığallayıb özgə saçları
qatdı, qarışdırdı qızıl payızın
coşan rüzgarına, ilk xəzanına...
Nə haqla?
Nə adla?
qoparıb məndən
bəxşiş apararsan yad ağuşuna!
O sənin səsindi,
Sənin nəfəsin,
Sənin rahiyəndi,
Ancaq unutma...
Səsinə səsimin ahəngi hopub,
Nəfəsin nəmlənib nəfəsim ilə,
Ətrinə qarışıb tənimin ətri...
Canımdan can alıb getsən də bil ki?
Hər nəfəs alanda, hər danışanda,
Səsin qoşalaşar avazım ilə,
Nəfəsin dadlanar xoş ətrim ilə...
Məndən qopardığın bir parçam ilə
Hayana getsən də, harda olsan da,
Ardınca gələrək öz kölgən kimi
Mənlə doğmalaşar yad torpağı da!
***
Payız yarpaqları...
Pəncərəmə sovruldu,
İslanmış, titrək
eynən dodaqların tək...
Şüşə kimi donuq qəlbimin çatlağından
evimin istisini, nəfəsimi sordu.
Yenə dizə gəldim,
Yenə təslim oldum payıza...
***
Hava boğmur, əzizim,
Şəhər məngənəsidi
səni boğan, daraldan.
Havanın nə günahı?
Havadan çox hava var
bu havalı şəhərdə...
Dəmir caynaqlarını keçirib boğazına
boğur, boğduğu qədər...
Bitən nəfəsin deyil,
O ruhundur qarsımış dodaqlarından çıxan.
Dözə bilsən, döz hələ,
Bacarırsan təzələ
Candan aralı qalan təni özgə məkanda.
Biz ki öyrəncəliyik
yad yurda, yad havaya...
Asılmasın gözlərin saatın əqrəbindən
Zamandı da... özüyçün axır,
axdığı qədər.
Sən şeytan yuvasında qablaşdır günlərini,
Dürmələ göy əsgiyə.
Şəhər lap havalanıb
Havasız zənn etdiyin gur küçə, döngələrdə
Dönüb olub baş-ayaq.
Dayanmır nə dəyirman,
Nə küləklər şəhəri.
Əlimizdən nə gəlir?
Sürünüb bir təhəri
Ömrümüzü yaşayaq.
***
Bir şeir yazdım gecə vaxtı...
Gecənin rəngindən,
vahiməsindən,
soyuğundan,
tənhalığından qatdım içinə,
Şeirdən çox qorxularım alındı...
Çoxdan hazırmış kimi
bir-bir sıralandı,
Rəqəmlərdən muncuq düzüb
gecənin boynundan asdım,
Yaraşmadı,
Sətirlərim ürpəndi,
Sözlər yuxuma qoşulub qaçdı...