Biz imzaları yox, əsərləri dərc edirik...

Tərzi əfşar və onun "tərzi" – Məsiağa Məhəmmədi
844
08 Fevral 2019, 10:14
 Artkaspi.az Məsiağa Məhəmmədinin "TƏRZİ ƏFŞAR VƏ ONUN "TƏRZİ"" adlı məqaləni təqdim edir:
 
 
 

 
  Qədri-təlayi-xalisimi cövhəri bilir,
  Nadan yanında xakla gərçi müsaviyəm.  Kutəhnəzər görür məni yerdə günəş kimi,   
  Surətdə gərçi ərziyəm, amma səmaviyəm!
  Tərzi
 
  XVII yüzillikdə fars dilində Tə’sir Təbrizi, Valehi Ərdəbili, Cuya Təbrizi, Müti Təbrizi, Ziyadi Qarabaği, Naseh Təbrizi, İbrahim Ordubadi, Sabit Təbrizi, Məhvi Ərdəbili və başqa şairlərimiz yazıb-yaratmış, farsdilli ədəbiyyatın yayıldığı geniş regionda öz əsərləri ilə şöhrət tapmışlar. Bu gün həmin şairlərin adları və əsərləri əksər mütəxəssislərə belə məlum olmasa da, onlar öz dövrlərində ədəbi prosesin fəal iştirakçısı kimi müasirlərinin yaradıcılığına, bədii zövqlərin formalaşmasına təsir göstərmiş, mənəvi-estetik tələblərin ödənilməsində bu və ya digər dərəcədə rol oynamışlar. Onların ədəbi irsi, şübhəsiz, xalqımızın bədii mədəniyyətinin bir parçası, tərkib hissəsidir və həmin irsin üzə çıxarılması, nəşri, tərcüməsi və təqqiqi müasir ədəbiyyatşünaslıq elmimizin mühüm vəzifələrindən biridir.
  Bu dövrdə yaşamış sənətkarlar içərisində orijinal poetik istedadı ilə seçilən şairlərdən biri də Tərzi Əfşardır. Onun yaradıcılığı təkcə konkret ədəbi-tarixi dövrün faktı kimi deyil, həm də bir sıra xüsusiyyətləri baxımından nadir və hətta müstəsna hadisə kimi maraq doğurur. Və görünür, məhz sonuncu cəhətə görə Tərzinin irsi yuxarıda adlarını çəkdiyimiz müasirləri ilə müqayisədə diqqəti daha çox cəlb etmiş və onun tədqiqi sahəsində bəzi təşəbbüslər göstərilmişdir. Əlbəttə, təzkirəçilər ənənəyə uyğun olaraq, onun haqqında bir neçə cümləlik, çox vaxt olduqca az informasiya yükünə malik qeydlər və şerlərindən müəyyən beytlər verməklə kifayətlənmişlər. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı xəsis məlumatına istinad etmişlər.
  Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 20-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun  şerlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şerlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. H.Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir.
  Tərzinin divanı ilə tanışlıq   zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şerlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır. Məhz bunun sayəsində, yəni şerlərində olan məlumatları sistemləşdirməklə, onun bioqrafiyasının ümumi mənzərəsini bərpa etmək mümkündür. Əsərlərindən belə məlum olur ki, Tərzi Əfşar Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) müasiri olmuşdur. Elə bu da onun XVII əsrin birinci yarısında yaşayıb-yaratdığını söyləməyə əsas verir. Nəsrabadi təzkirəsindəki məlumat XVII əsrin 70-ci illərində şairin artıq həyatda olmadığını göstərir. İstər şairin adından, istərsə də əsərlərindəki çoxsaylı faktlardan onun qədim türk tayfalarından olan Əfşar elinə mənsubluğu aydınlaşır. M.Təməddün onun Urmiya yaxınlığındakı Tərzlu kəndindən olduğunu yazır. Lakin bu ehtimal yalnız ad uyğunluğuna əsaslanır. Y.E.Bertels buna şübhə ilə yanaşıb, öz növbəsində əsaslı bir dəlil gətirmədən şairin Təbrizdən olması ehtimalını irəli sürür. Lakin "Tərzi" təxəllüsü, bizim fikrimizcə, şairin "ixtira etdiyi" yeni "tərzlə"  ifadə manerası və üslubla bağlıdır.
  Tərzinin əsərlərindən aydın olur ki, onun mənsub olduğu tayfaya münasibəti o qədər də müsbət deyilmiş. Görünür, şairin təbiəti bu tayfada hökm sürən "vurub-yıxmaq" mühitini qəbul etməmiş, odur ki, gənc yaşlarında paytaxt İsfahana  köçə bilməsini özü üçün böyük uğur sanmışdır. Sonralar fars dilində yazdığı bəhri–təhvildə bu hissini açıqca bildirmiş, yalnız olduqca səmimi və emosional olan aşağıdakı parça ilə vətəndə qalmış qoca atasının həsrətini çəkdiyini ifadə etmişdir: "Ürəyimdə heç bir dərdim yoxdur, qoca atamdan ayrı düşməyimdən savayı. Görəsən, elə bir gün gələcəkmi ki, onun nurani simasını görüm, əlini öpüm və  üzr diləyim?! Ey səhər yeli, get, mənim salamımı  atama yetir və de: "Tərzi Əfşar sənin fərağından o qədər ağlayıb ki, göydəki buludları xəcil edib!".
 
 
 
 

  Şairin atası ilə görüşüb-görüşmədiyi əsərlərindən məlum olmur. Məlum olan odur ki, saraya yol tapa bilməyən Tərzi saysız-hesabsız səfərlərə başlayır. Bu səyahətlərin xəritəsi müasir oxucunu da heyran qoyur: şair demək olar ki, bütün İranı, Ərəbistanı, Qafqazı gəzmiş, Hindistana, Ruma (Kiçik Asiyaya), hətta Avropaya da gedib çıxmışdır. Bütün bu səfərlər, onlardan alınan təəssüratlar, hətta bəzən onların tarixi şairin şerlərində dəqiq əksini tapıb. Tərzi Gəncədə (burada o, Nizaminin qəbrini ziyarət edib), "Dəşti-ədəm" adlandırdığı Muğan düzündə, bir neçə dəfə Şamaxıda olub, dəfələrlə Ərdəbilə, Təbrizə gedib və bütün səyahətlərinin sonunda İsfahana qayıdıb. O dövrdə bir çox şairlər Hindistana köçdükləri halda, Tərzi İsfahanı üstün tutub, özünün dediyi kimi, "dünya malına görə" Hindistana getməyib.
  Tərzi, demək olar ki, bütün ömrünü maddi ehtiyac içərisində keçirmiş, lakin qürurunu sındırmayıb, öz yoxsulluğuna ironik münasibətini ifadə edən şerlər yazmışdır. Bu cəhətdən şairin yaradıcılığı daha bir maraqlı bioqrafik faktı əks etdirir: Tərzinin ağır maddi vəziyyətini görən Şah Səfi ona ayda 9 tümən məbləğində təqaüd kəsir. Şair bu 9 tüməni almaq üçün müvafiq idarələrə düz 9 ay ayaq döyür. (Burada 9 ağca təqaüdünü almaq istərkən övqaf idarəsinin süründürməçiliyi ilə qarşılaşan Füzuli yada düşür). Nəhayət, onuncu ay şair bu vəziyyəti açıqlayan bir rübai ilə Şah Səfiyə müraciət  edir və özünəməxsus hazır­cavablıqla artıq 9 tüməni 10 tümənlə əvəz etmək vaxtı çatdığını vurğulayır. Bu dəfə Tərzinin bəxti gətirir və o, ayda 10 tümən təqaüd almağa başlayır. Lakin o, bununla kifayətlənməyib tezliklə şaha daha bir rübai göndərir və təqaüdünün 12 tümən məbləğində müəyyənləşdirilməsini xahiş edir. Şair bu istəyini uğurlu bir tərzdə sitayiş etdiyi imamların sayı ilə əlaqələndirmiş və görünür, məqsədinə nail olmuşdu.
  II Şah Abbas Tərziyə qarşı daha lütfkar olmuş, şairin özünün yazdığı kimi, "sonsuz səfərlərinə son qoymaq üçün" onu evləndrmiş və sarayda işə təyin etmişdi.  Təsadüfi deyil ki, Tərzi II Şah Abbasa çoxlu şerlər həsr etmiş və onu minnətlarlıqla tərifləmişdir.
  Tərzi yaradacılığının ən mühüm və orijinal cəhəti onun özünəməxsus dili, ifadə tərzidir. Qeyd edək ki, şairin yaşadığı əsr, ümumiyyətlə, poeziyada yeni üslub axtarışları dövrü idi. Həmin axtarışlar son dərəcə intensiv, ardıcıl və şüurlu səciyyə daşıyırdı. Tərzinin müasirlərindən Kəlim Kaşani, Saib Təbrizi, Qəni Kəşmiri və b. şairlərin əsərlərində dönə-dönə işlətdikləri "tərz-e noy” və "tərz-e taze” ifadələri məhz bu məqsədin açıqlanmasına xidmət edirdi. Bu ifadələrə Tərzinin şerlərində də tez-tez təsadüf olunur. Lakin araşdırma göstərir ki, Tərzi yaradıcılığında həmin ifadələr nisbətən fərqli məna yükünə malik idi. Əksər adı çəkilən şairlərin poeziyasında yeni üslub yaradıcılığı daha çox tematik və estetik  istiqamətlərdə aparılır­dısa, Tərzi həmin işi sırf linqvistik planda həyata keçirirdi. Şairin irsinin ən qabarıq xüsusiyyətli – onun qeyri-adi söz yaradıcılığı da həmin seçimin bilavasitə nəticəsi idi. 
  Tərzinin söz yaradıcılığı, başlıca olaraq, fel kateqoriyasına aiddir. Belə ki, o, fars  dilindəki məsdər modelinə əsaslanaraq, analogiya üsulu ilə adlardan fellər düzəldir və həmin fellər yeri gəldikcə şəxslərə və zamanlara görə dəyişirdi. (Məsələn, "qəbu­lidən", "pulidən", "səfəridən", "aşkaridən", "tofəngidən", "meh­­ma­­­nidən", "qorbanidən" və s.). Bununla da "kərdən" və "şodən" ("etmək" və "olmaq") köməkçi felləri vasitəsilə adlardan mürəkkəb fellər düzəldilməsi yolu adlara bilavasitə məsdər şəkilçiləri artırmaqla yeni fellər yaradılması yolu ilə əvəz olunur.
  Şair hətta yer adları üzərində də bu əməliyyatı aparır (məsələn, "Təbrizidən", "Tehranidən", "Rəştidən", "Nəcəfi­dən" və s.). Maraqlıdır ki, eyni üsulla türk (Azərbaycan) sözlərindən də fellər düzəldilir və geniş şəkildə istifadə olunur ("kəsidən"  kəsmək, "minidən"  minmək, "içidən"  içmək, "qaçidən"  qaçmaq, "gəlidən"   gəlmək və s.). Ümumiyyətlə, Tərzinin farsca şerlərində Azərbaycan sözləri bol-bol işlədilir – burada istər ayrı-ayrı leksik vahidlərə, istərsə də bütöv ifadə  və cümlələrə rast gəlirik. Həmin sözlərin  toplanıb təhlil edilməsi ədəbi dil tariximiz üçün əhəmiyyət kəsb edə bilər. Burada həmçinin maraqlı onomastik material da mövcuddur. Məsələn, şairin Əfşarları məzəmmətlə yazdığı məsnəvisində və digər şerlərində Duraq bəy, Qarlı ağa, Yağmur, Çavğun, Gökcə, Yarmış, Daşdəmur, Atluxan, Yoloğlu, Qılınc bəy, Xəncər bəy və s. kimi şəxs adları işlənmişdir.
  Tərzinin divanında Azərbaycan dilində bütöv şerlər də vardır – bunlar bir qəsidə, bir qitə və üç rübaidən ibarətdir. Maraqlıdır ki, eyni tipli söz yaradıcılığını şair həmin şerlərdə də həyata keçirmiş, adlardan fellər düzəltmişdir. Misal üçün, Tərzinin II Şah Abbası Bağdadı osmanlılardan almağa təşviq edən qəsidəsindən aşağıdakı misralara nəzər salaq:
 
Pərvazlandı dil yenə Bağdadlanmağa,
Ol bürci-övliyaya qonub şadlanmağa.
Ol xaki-pak təki hanı bir sərzəmin dəxi
Qəm paybəndini qırıb azadlanmağa.
Rahi-fənada tuşeyi-təqva yetər mana,
Yox iştaham yolda mənim zadlanmağa…
Bağdadımız xərabdür, amma ümid var
Abbas əlilə əl verə abadlanmağa.
Ol baniyi-binayi ədalət ki,  dəhrdə
Bünyani-zülmü qoymadı bünyadlanmağa.
Şahənşəha, kəminə duaguyi-Tərziyəm
Mürşid dərinə gəlmişəm irşadlanmağa.
Nuşirəvani-vəqtsənü zilli-ədl ki,
Çoxlar gəlir ümmidlə imdadlanmağa.
Mən həm sitəmkeşideyi-zülmi- zəmanəyəm,
Yet dadə, qoyma bəndəni fəryadlanmağa…
 
  Tərzinin poeziyası obrazlar səviyyəsində də maraq doğurur. Üslubun demokratikləşməsi, obrazın "endirilməsi", xalq təfək­kürü arsenalından faydalanma və s. leksik-frazeoloji sistemdə olduğu kimi, obrazlar sistemində də özünü göstərir. Şairin Azər­baycan dilindəki qitəsindən götürülmüş aşağıdakı beytlər dediyi­mizi təsdiq edir:
 
Bizayiqə yanında yavan aşa oxşaram
Ağzı dadın  bilənlərə Gilan çiloviyəm.
Tərz ilə filməsəl öküzəm hər diyarda
Əfşar eli içində vəli ev buzoviyəm.
 
  Şairin aşağıdakı rubaisi isə onun heç bir eksperimentə əl atmadan, klassik harmoniya  qanunlarına və poetik normalara tam əməl etmək şərti ilə bədii nümunələr yaratmaq qüdrətini nümayiş etdirir:
 
Bir gül məni xarü zarü heyran etdi,
Könlümü həzin, didəmi giryan etdi.
Nərgisləri tək eylədi bimar məni
Zülfü kimi halimi pərişan etdi.
 
  Tərzi Əfşarın özünəməxsus "tərz"ində bir tərəfdən dövrün dil şəraitinin inikasını, digər tərəfdən isə mövcud poetik dilə yeni  nəfəs vermək cəhdini görmək lazımdır. Şair öz "mən"inin daha sərbəst ifadəsinə və uyğun nitq açılışına nail olmaq üçün dil təfəkkürünün ətalətini dəf etməyə və poetik dillə danışıq dili arasındakı ziddiyyəti aradan qaldırmağa çalışmışdır. Bu mənada, Tərzi Əfşarı XX əsrin futuristləri ilə müqayisə etmək olar.